XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 10:56

İTAƏTKAR BELARUSLARI ETİRAZ ETMƏYƏ NƏ VADAR EDİR? –"Bütün günahlar Putindədir"

Nina Xruşşova

“Project Syndicate”, 25.08.2020

 

Aleksandr Lukaşenko 9 Avqust prezident seçkilərində saxtakarlıqla səslərin 80%-ini qazandığını iddia etdikdən sonra Belarusu böyük etirazlar bürüyüb. Ölkənin gələcəyi indi Rusiya prezidenti Vladimir Putindən asılı ola bilər.

Lukaşenko 1994-cü ildən bəri xalqın dəstəyi olmadan Belarusu idarə edir, hətta “Batka” (“Ata”) ləqəbi qazanıb. Ancaq son həftələrdə, fabrik işçiləri, həkimlər və jurnalistlər daxil olmaqla, bütün təbəqələrdən qəzəblənmiş vətəndaşlar nümayişlər və tətillər keçirir; gənc qadınlar birdən-birə müxalifətin üzvünə çevriliblər.

Əksəriyyətin qalib saydığı keçmiş müəllim Svetlana Tixanovskaya etiraz aksiyalarını özü təşkil etmir, lakin onun qətiyyəti geniş narazılığı yönləndirir.

Lukaşenkonun hakimiyyəti dövründə sabit olan Belarus Avropa ilə keçmiş Sovet İttifaqı arasında qalmış sehirli diyar kimi görünürdü. Ölkə Avropa İttifaqının 3 üzv dövləti ilə (Latviya, Litva və Polşa) həmsərhəddir, paytaxtı Minskdə təmiz küçələr və rahat kafelər var. Dükançılar hələ də Stalinin bürünc heykəllərini, çəkic-oraqla bəzədilmiş və üzərində “Yaşasın SSRİ” yazılmış fincanlar satırlar.

Keçən ay Nyu-Yorkdan Moskvaya gedərkən, yolüstü Minskdə oldum. Tixanovskayanın əri Sergey Tixanovski, milyoner və keçmiş “Belqazprombank”ın rəhbəri, rəy sorğularında ən yaxşı namizəd olmuş Viktor Babariko da daxil olmaqla, siyasi fiqurların həbsi barədə narazılıqlar var idi. Ancaq bir çox müşahidəçi dinc və itaətkar – bəzən öz hüquqlarını nümayiş etdirmək üçün işıqforda dayanan – belarusların kütləvi şəkildə etiraz etməyəcəyini düşünürdü.

2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviç mənə dedi: “Tixanovski və Babariko zərərsizləşdirildikdən sonra “Batka” hakimiyyətdə qalacaq”.

Aleksiyeviç indi küçələrə çıxan həmvətənlərini “tanımadığını” söyləyir. Bəs onları motivasiya edən nədir?

1994-cü ildə Lukaşenkonun seçilməsi qərbyönümlü, bazar iqtisadiyyatı tərəfdarı hökumətlərin qısa zamanda hakimiyyəti möhkəmləndirdiyi Mərkəzi və Şərqi Avropada hakim olan liberal tendensiyanı azaldıb. Lukaşenko əvvəlcə ölkəyə avtokrat-sosial-populist kimi rəhbərlik edib, dövlət üçün işləyən və özəl mülkiyyətdən qorxan sıravi sovet düşüncəli vətəndaşlara arxalanıb. Ancaq onun hakimiyyəti getdikcə bürokratik hala gəlib, sərvət paylanmasına məsul olan müasir peşəkar menecerlər qeyri-peşəkar prezidentlə çalışıblar.

Nəticədə, Rusiyadan fərqli olaraq, Belarusda az sayda oliqarx var və özəl kapital dövlət bürokratiyasına tabedir. Bu tənzimləmə mədəni və ideoloji köklərə malikdir. Lukaşenko sərmayəni sənaye, əkinçilik, infrastruktur və sosial proqramlara xərcləyib. Belarus (Sovet İttifaqı dağılanadək heç vaxt müstəqil pkə kimi mövcud olmayıb) həm Qərbdən, həm də Rusiyadan müstəqil qalmaq üçün möhkəm rəhbərliyə ehtiyacı olan gənc bir dövlət idi.

Son vaxtlara qədər belarusların əksəriyyəti iqtisadi cəhətdən təhlükəsiz sayılıb: ölkə zəngin deyildi, lakin yoxsulluq yoxudu. Lakin iqtisadi təhlükəsizlik əsas hüquq və azadlıqların hesabına başa gəlib. Üstəlik, iqtisadiyyatın ləngiməsi və bərabərsizliyin artması ilə hətta Lukaşenkonun siyasi bazası da onun zülmkar hakimiyyətindən getdikcə uzaqlaşıb. Lukaşenkonun bir vaxtlar “yırtıcı özəlləşdirmədən” qurtardığı fabrik və zavodlarda baş verən çoxsaylı tətillər əksər vətəndaşların azad seçkiləri dəstəkləməyə hazır olduğunu göstərir.

Seçkidən sonrakı çıxışlarında Lukaşenko Qərbin sakitliyi və sabitliyi təhlükəyə atdığını iddia edib. Bu iddialar etirazları vəhşicəsinə yatırmaqla birləşdirməsəydi, işləyə bilərdi.

Ancaq Belarusda baş verən hadisələri, Lukaşenkonun təkid etdiyi kimi, postsovet “rəngli inqilab”ıtək qəbul etmək səhvdir. Nümayişçilərin bir çoxu keçmiş Sovet İttifaqında bəlkə də ən ifrat Qərb həyat tərzi keçirir və paternalizmin sabitlik deyil, daha çox durğunluq demək olduğunu və şəxsi hədəflərinə çatmağa mane olduğunu qanırlar. Lukaşenko rejimi beləliklə, fərdiyyətçiliyə və seçim azadlığına əsaslanan dəyər sistemi ilə mübarizə aparır.

Lukaşenko vaxtında istefa etsəydi, sinqapurlu Li Kuan Yu kimi bir şəxsiyyətə çevrilə bilərdi. Əlbəttə, Lukaşenko Qərbi müxalifəti idarə etməkdə günahlandırıb, seçki nəticəsi açıqlandıqdan sonra Tixanovskayanın Litvaya qaçdığına işarə edib. Söz düşmüşkən, Aİ seçkiləri “nə azad, nə də ədalətli” olaraq səciyyələndirib və nəticəni tanımaqdan imtina edib. Aİ seçki saxtakarlığı və zorakılıqdan məsul olan Belarus rəsmilərinə qarşı fərdi sanksiyalar tətbiq etməyə başlayıb və müxalifətə maddi yardım təklif edib.

Bir çoxları Belarusun Qərblə Rusiya arasında ikili seçimlə üzləşdiyini iddia edir, baxmayaraq ki, etirazçılar bu iddianı irəli sürməyiblər. Kreml Lukaşenkonu qələbə münasibətilə təbrik edib, amma səssiz qalsa bilərdi.

Belarus “Batka”sı Rusiya üçün getdikcə daha çətin bir iqtisadi və siyasi ortağa çevrilir, bu da Putinin açıq şəkildə müdaxilə etmək istəməməsini izah edir. Ancaq Putin Lukaşenkoya ehtiyatla dəstək vermək əvəzinə, Qərb kimi, daha strateji davranmalı idi. Lukaşenko hakimiyyətə yapışmağı bacarsa da, legitimliyini itirib, çünki belaruslar rejimin etirazları boğması, döyülmələri, işgəncə verməni və hətta qətli unutmayacaqlar.

Kremlin susqunluğunu da unutmayacaqlar. Hər yeni etiraz günü Rusiyanın Belarusdakı uzunmüddətli maraqlarına qarşı işləyir və Kremlə qarşı inamsızlıq, düşmənçilik artır. Putin Belarus cəmiyyəti ilə açıq şəkildə həmrəyliyini ifadə etməlidir, çünki xalqın xoşməramı Lukaşenko rejimindən daha vacibdir.

İndi belə bir addım Qərbin Belarusu Kremlin orbitindən uzaqlaşdırmaq fürsətini azaldır. Belaruslar bu şansı qazanarsa, günahı yalnız Putinin özündə olacaq.

Tərcümə: Strateq.az