XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 22:04

“BAYDEN QALİB GƏLSƏ, ÇİN ABŞ-IN AĞASI OLACAQ”- Tramp rəsmən namizəd oldu və çıxışında 40 dəfə rəqibinin adını çəkdi

Respublikaçılar Partiyasının Vaşinqtonda keçirilən Milli Qurultayında Donald Tramp növbəti prezident seçkilərində namizəd olmağa rəsmən razılıq verib. Bir çox müşahidəçilər bu yığıncağı Trampın qurultayı adlandırıblar. Belə ki, orada prezidentin dörd övladı, bir oğlunun həyat yoldaşı, bir oğlunun sevgilisi, həmçinin birinci xanım Melaniya Tramp çıxış edib.

Tramp çıxışını ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin tənqidi üzərində qurub. Və seçkidəki əsas rəqibini “sosializmin troyan atı” adlandırıb. Dediyinə görə, Bayden iş yerlərini ABŞ-dan başqa ölkələrə köçürüb və amerikalıları xaricdəki sonsuz müharibələrə cəlb edib.

“Bayden seçkilərdə qalib gəlsə, Çin ABŞ-ın ağası olacaq”, – deyə Tramp qalmaqallı bəyanat səsləndirib.

Demokratlardan danışan prezident onları “Amerika xəyalı”nı məhv etmək, ABŞ küçələrini anarxistlər və cinayətkarlarla doldurmaq istəyində ittiham edib:

“Bu seçkidə qərar verəcəyik – “Amerika xəyalı”nı davam etdiririk, yoxsa sosialist gündəmin dəyərli irsimizi məhv etməsinə imkan veririk. Sizin səsiniz müəyyən edəcək ki, qanuna tabe olan amerikalıları qoruyacağıq, yaxud da vətəndaşlarımızı təhdid edən zorakı anarxistlərə, təşviqatçılara və cinayətkarlara sərbəstlik verəcəyik”.

Prezidentin sözlərinə görə, demokratların qurultayında ABŞ irqi, sosial və iqtisadi bərabərsizlik ölkəsi kimi təqdim olunub və tənqid edilib. Tramp belə düşünən insanların ölkəni idarə etməyə layiq olmadığını deyib:

“Bu gün sizə çox sadə bir sual vermək istəyirəm – bütün vaxtını ölkəmizi məhv etməyə həsr edən demokratlar ABŞ-ı necə idarə edə bilər? Solların geridəqalmış düşüncəsinə görə, Amerika dünyada ən azad, ədalətli və müstəsna bir ölkə deyil. Onlara görə, ABŞ günahlarına görə cəzalandırılmalı olan bir ölkədir”.

Tramp çıxışı boyunca Baydenin adını 40 dəfədən çox çəkib. Bayden isə bir həftə əvvəlki çıxışında Trampı sərt tənqid etsə də, adını bir dəfə belə, dilə gətirməmişdi.

Bu arada, Trampın çıxışı zamanı müxaliflər, anti-irqçi “Black Lives Matter” (“Qaraların həyatı önəmlidir”) hərəkatının tərəfdarları Ağ Evin qarşısında etiraz aksiyası keçirirdilər.

Partiya qurultayının bağlanışını və Trampın çıxışını dinləmək üçün Ağ Evin həyətinə 1500 insan toplaşmışdı.

Prezidentin təşviqat heyəti Trampın tərəfdarlarına maska taxmağı və sosial məsafəni qorumağı tövsiyə etdi. Lakin stullar bir-birindən bir neçə santimetr aralı idi və qonaqların çoxu maskasız idi.

İyul ayında Vaşinqton bələdiyyəsi Kolumbiya dairəsində 50-dən çox insanın toplaşa biləcəyi tədbirlərə qadağa qoymuş və başqa ştatlardan gələn bütün ziyarətçilərin 14 günlük karantin qaydalarına riayət etməli olduğunu bəyan etmişdi.

Buna baxmayaraq, respublikaçıların qurultayının sonuncu günündə iştirakçılar bu qaydaların heç birinə riayət etmədilər.

Qonaqların qarşısında çıxış edən Donald Tramp seçkilərdə ABŞ prezidentliyinə namizəd olmağa razı olduğunu və ən yaxın gələcəkdə Amerikanın koronavirusa qarşı vaksin yaradacağını vəd etdi: “ABŞ ilin sonuna qədər, bəlkə də daha tez koronavirusa qarşı peyvəndi yaradacaq”.

Qurultaydan bir neçə saat əvvəl Co Baydenin təşviqat qərargahından demokrat-namizədin videomesajı yayımlanıb. Videomesajda Bayden Donald Trampın prezidentliyi dövründə ABŞ-ı kütləvi etiraz və nümayişlərin bürüdüyünü və onun Birləşmiş Ştatların onlarla şəhərində baş verən iğtişaşlara cavabdeh şəxs olduğunu xatırladıb.

“Donald Tramp sizi Co Baydenin Amerikasında təhlükəsiz olmayacağınıza inandırmağa çalışarkən ətrafınıza baxın və özünüzdən soruşun ki, Tramp Amerikasında özünüzü nə qədər təhlükəsiz hiss edirsiniz?”, – deyə Bayden bildirib.

Qeyd edək ki, 78 yaşlı Co Baydenin Vaşinqtondakı karyerası 47 il əvvəl senator vəzifəsindən başlayıb. 1973-2009-cu illərdə senator olan Baydenin ilk prezidentlik kampaniyası 1987-ci ildə olub. Hazırkı isə onun sayca üçüncü kampaniyasıdır. Bayden Barak Obama dövründə vitse-prezident postunu tutub. ABŞ-da növbəti prezident seçkilərinə iki ay qalır və hələ ki Co Bayden sorğularda liderdir…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə