XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 16:46

Bakı Dəniz Ticarət Limanı:Ələt Dubayın analoquna çevrilə biləcəkmi?

Baki-deniz-limani

 

Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı 17 mart 2016-ci il  tarixli  Prezident  Sərəncamı xüsusi diqqət çəkdi və hazırda geniş müzakirə olunmaqdadır. Çünki dünya təcrübəsində azad ticarət zonalarının yaradılması  geniş yayılsa da, Azərbaycan üçün bu, yeni təcrübə olacaq.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov  bu məsələ ilə bağlı planlardan danışarkən bildirib ki, Ələt qəsəbəsində Azad ticarət zonası tipli xüsusi iqtisadi zona 2017-ci ildən tam fəaliyyət göstərə bilər. Onun zözlərinə görə, bununla bağlı Prezident sərəncamının imzalanması “hab” strategiyasının əsas tərkib hissəsidir. Bu sərəncam Bakı Limanının dünyanın məşhur liman mərkəzlərindən birinə çevrilməsinin hüquqi əsasını qoyub, bu işə təkan verib: “Bakı Limanı İqtisadiyyat Nazirliyi ilə birlikdə 6 ay ərzində beynəlxalq mütəxəssisləri cəlb etməklə, hüquqi baza hazırlayacaq. Bu zonanın gələn ildən tam fəaliyyət göstərəcəyinə ümid edirik. Bununla da Ələtdəki azad ticarət zonası tipli xüsusi iqtisadi zona dünyanın Dubay, Honkonq, Şanxay, Sinqapur kimi nəhəng nəqliyyat-logistika mərkəzinə çevriləcək”.

Həmçinin baş direktor bildirib ki, Limanın sahəsi 400 hektardır və bu ərazinin 100-115 hektarında azad iqtisadi zona yaradılacaq. Əgər bu zonanın yaradılmasında 100-115 hektar ərazi kifayət etməzsə, o zaman Bakı Limanının sahəsini genişləndirmək mümkündür.

Sözügedən Prezident Sərəncamında azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması məqsədi də qeyd olunub: “Azərbaycan Respublikasının logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması”.

 

Azad ticarət zonası nə ilə fərqlənir?

 

Adətən, rəsmilərin nikbin bəyanatlarına tərəddüdlə yanaşan sadə insanlar haqlı olaraq soruşular: Doğurdanmı, bu təşəbbüsün gerçəkləşməsindən ölkə üçün vəd edilən dividentlər  əldə olunacaq?

Bu suala cavab verməzdən əvvəl azad ticarət zonası tipli xüsusi iqtisadi zona anlayışını izah etmək gərəkdir. 

Tarixən xüsusi iqtisadi zonaların ilk forması azad limanlar (portlar) olub. Bu ərazilər kimi, ilk növbədə iri dəniz portu və ona yaxın ərazilər istifadə edilirdi. Azad limanlara xarici malların rüsumsuz gətirilməsinə və çıxarılmasına icazə verilirdi. Azad liman statusuna müxtəlif dövrlərdə müxtəlif dövlətlərin liman şəhərləri malik olublar. Məsələn, İtaliyada 1547-ci ildə Livorno, 1595-ci ildə Genuya, 1661-ci ildə Venesiya, Fransada 1669-cu ildə Marsel, Rusiyada 1817-ci ildə Odessa və s.

Gömrük prosedurlarının sadələşdirilməsi üçün 18 may 1973-cü ildə qəbul olunan Kioto Konvensiyasında göstərilib: "Azad zona (franko zona) dedikdə, ölkə ərazisinin hər hansı bir hissəsi başa düşülür ki, burada məhsullara milli gömrük ərazisindən kənarda olan bir obyekt kimi baxılır və buna görə də onlar gömrük nəzarətindən keçirilmirlər və vergiyə cəlb edilmirlər".

Başqa sözlə desək, azad zona xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir. Bu zonalarda təsərrüfat subyektləri xüsusi rejim altında fəaliyyət göstərirlər. Bu fəaliyyətin tənzimlənməsi gömrük tənzimlənməsini, vergiyə cəlbetməni, lisenziyalaşdırmanı, viza rəsmiləşdirilməsini və digər məsələləri əhatə edir.

Kioto Konvensiyasında azad zonaların 2 ümumi tipi qeyd olunub:

1. Azad ticarət zonaları – malların yalnız sonrakı satışı üçün idxal edildiyi və bu malların yenidən emalı və istehsalda istifadəsinin qadağan olunduğu zonalardır; 

2. Azad sənaye zonaları – burada idxalına icazə verilən mallar icazə verilmiş yenidən emal proseslərinə məzur qala bilərlər.

Ələt qəsəbəsində yaradılması nəzərdə tutulan Azad ticarət zonası tipli xüsusi iqtisadi zona məhz birinci tipə aid olacaq.

Azad ticarət zonaları daha çox ABŞ-da geniş yayılıb. Onların yaradılmasına 1934-cü ildə ABŞ-da qüvvəyə minən xüsusi qanunla başlanıb. Bunun da məqsədi ticarətin həvəsləndirilməsi, ticarət əməliyyatlarının sürətlənməsi, ticarət xərclərinin azaldılması olub. Qanunda göstərilir ki, hər bir rəsmi limanda heç olmazsa bir azad xarici ticarət zonası yaradıla bilər.

Maliyyə rejimi nöqteyi-nəzərindən azad ticarət zonalarına dövlət sərhəddindən kənarda yerləşən bir zona kimi baxılır. Azad ticarət zonalarına həmçinin güzəştli ticarət rejiminə malik ənənəvi azad limanları da aid etmək olar. Hazırda dünyada 600-dən çox azad liman və 4000-ə qədər azad ticarət zonası mövcuddur.

 

Bakı Beynəlxalq Dəniz Ticarət LimaDubayın analoquna  çevrilə bilərmi?

 

Bu gün dünyada azad ticarət zonası kimi çox uğurla fəaliyyət göstərən dəniz limanları mövcuddur. Sinqapur, Hamburq, Amsterdam, Kopenhagen, faktiki olaraq, azad ticarət zonası kimi fəaliyyət göstərirlər.  Bu limanlar Avropanı Yaxın və Ortaq Şərq, Afrika ilə biləşdirən dəniz nəqliyyat və yük marşrutlarının kəsişmələrində yerləşirlər.

Sinqapur dəniz limanı yükdaşıma dövriyyəsinə görə, yalnız Nyu-York və Şanxaydan geri qalır. Sinqapur dəniz limanı məhz azad ticarət zonası kimi uğur əldə etməyin numünəsi sayılır.

Hamburq dəniz limanı konteyner daşımalarına görə, Avropda birinci yeri tutur. Həmçinin qitədə əhəmiyyətinə görə, ikinci okean limanıdır.  Hamburq limanı Avropda ən liberal vergi rejimi təklif edir.

Mərkəzində dəniz limanlarının durduğu azad ticarət zonalarında bir çox güzəştlər təklif olunur. Gömrük,  vergi, aksiz, ƏDV, tranzit tarifləri, anbar xidməti, yükləmə və boşaltma, malların saxlanması, təmir xidmətləri və logistika ilə bağlı digər sahələrdə güzəştlər tətbiq eidlir.   Müəsissələrin qeydiyyatı, maliyyə xidmətləri və s.  sahələrdə asan prosedurlar tətbiq olunur.

Bütün bu addımlar azad ticarət zonalarına investisiyaların cəlb olunması və ticarətin stimullaşdırılmasına imkan verir.

Qeyd etmək lazımdır ki, dünya təcrübəsi bacarıqla tətbiq olunarsa, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bu baxımdan çox yaxşı perspektivi var. Liman Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Xüsusən, Şərq-Qərb dəhlizində əsas hələqələrdən biri kimi çıxış edir. Çindən Avropaya alternativ marşrut kimi yüklərin daşınmasında, eyni zamanda Avropadan Orta Asiyaya daşımalarda çox böyük əhəmiyyət kəsb edə bilər. Kompleks tədbirlər görüldüyü təqdirdə və çox yaxşı marketinq strategiyası tətbiq edildikdə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanını Orta Asiya, Cənub Qafqaz üçün Dubayın analoquna – “logistika-ticarət cənnəti”nə çevimək potensialı var.  Nəzərə almaq lazmdır ki,  Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Avropdan Orta Asiyaya və Çinə  yüklərin daşınması üçün çox əlverişli alternativ yol yaranacaq. Əlverişli şərtlər təklif etməklə alternativ kimi bu marşrutu çazibədar etmək mümkündür.

Digər tərəfdən hazırda bunun üçün  çox yaxşı geosiyasi kontekst də mövcuddur. Son 3 ildə dünyada baş verən hadisələr göstərdi ki, nəqliyyat və logistika məsələlərində alternativlərin olması çox vacibdir. Bu baxımdan Türkiyə, Çin, Avropa ölkələri, İran, Rusiya Şərq-Qərb və Şimal-Cənub istiamətlərində alternativ nəqliyyat dəhlizlərinin fəaliyyət göstərməsində maraqlıdırlar. Hətta bu zaman iqtisadi mənfəət belə, ikinci plana keçə bilir.

Azərbaycan üçün isə hazırda yaranmış fürsətləri, potensialı  yaxşı inkişaf imkanlarına çevirmək zamanıdır. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistik mərkəzə, “ticarət cənnəti”nə  çevrilməsi də realdır. Əgər doğurdan da strateji yanaşma olarsa…

 

Zaur İbrahimli

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə