XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 10:10

İMZALADIĞI SAZİŞDƏN BİXƏBƏR PREZİDENT:Mariya Zaxarovanın kinayəsini Moskvanın təpkisi saymaq olar

Gennadi Sısoyev

“Kommersant”, 07.09.2020

 

Bazar ertəsi günü Brüsseldə Serbiya və Kosovo liderləri siyasi münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparacaqlar. Ötən Cümə günü isə tərəflər Vaşinqtonda siyasi normallaşmanı asanlaşdırmaq üçün hazırlanmış “İqtisadi Normallaşma” müqaviləsini imzalayıblar. Rəsmi olaraq, Belqrad və Priştina iqtisadi əlaqələr qurmağı vəd edib. Bununla birlikdə, “Kommersant”a müsahibə verən Balkan mütəxəssislərinin fikrincə, razılaşmanın həyata keçirilməsi ciddi geosiyasi nəticələrə səbəb ola, Serbiyanın Rusiya qazından asılılığını zəiflədə bilər. Üstəlik, bu, Belqrad və Priştinanın ABŞ rəhbərliyindəki təhlükəsizlik sisteminə bağlanmasını təmin edir.

 

“İsrail elementi”

Serbiya prezidenti Aleksandr Vuçiç və Kosovanın baş naziri Avdulah Hoti, həftəsonu anlaşmanı “vacib və tarixi” adlandıran ABŞ prezidenti Donald Trampın iştirakı ilə, Vaşinqtonda “İqtisadi Normallaşma” adlı sənədi imzalayıblar. Ağ Evin rəhbəri bildirib ki, “onilliklər boyu davam edən şiddət və faciə tarixdən, illərlə aparılan uğursuz danışıqlardan sonra, mənim rəhbərliyimlə (Serbiya ilə Kosovo arasında) fərqləri aradan qaldırmaq üçün yeni bir yanaşma təklif edilir, diqqət iqtisadiyyata yönəldilir”.

ABŞ planına görə, Belqradla Priştina arasında iqtisadi əlaqələrin qurulması, aralarındakı siyasi münasibətlərin normallaşmasına və qarşılıqlı tanınmağa zəmin yaradacaq.

Vaşinqtonda aparılan danışıqların formatı qeyri-adi olub. Aleksander Vuçiç və Avdulah Hoti razılaşmanın öz versiyalarını imzalayıblar. Hər iki variant da demək olar ki, tamamilə eynidir və yalnız son məqamda fərqlənir.

Ümumən sənəd 16 bənddən ibarətdir, ilk onluq iqtisadi, qalanları kifayət qədər siyasi xarakter daşıyır.

Əsas siyasi müddəalar sonuncu, 15-ci bənddə yer alır.

Kosovo beynəlxalq təşkilatlara üzvlüyə müraciət etməyəcəyinə dair 1 illik moratoriumla razılaşıb. Serbiya eyni dövrdə digər ölkələri Kosovonu tanımamağa və ya tanınmadan vaz keçməyə inandırmağa çalışmayacaq.

Əslində, sənədin Serbiya və Kosovo versiyalarını fərqləndirən son məqam da siyasi və daha da gözlənilməzdir. O, İsraililə münasibətlərdən bəhs edir. Serbiya səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcək, Kosovo ilə İsrail qarşılıqlı tanınma və diplomatik əlaqələrin qurulması barədə razılığa gəliblər. Bundan əlavə, həm Serbiya, həm də Kosovo “ABŞ-a hörmət göstərərək” “Hizbullah”ı terror təşkilatı kimi tanıyıblar.

“Yaxın Şərqdə sülh üçün başqa bir böyük gün”, – Donald Tramp “Twitter”-də yazıb. “Əksəriyyəti müsəlman olan Kosovo və İsrail münasibətləri normallaşdırmağa razı olublar. Digər İslam və ərəb ölkələri də bu yolla gedəcəklər”.

Belqradlı politoloq Vlatko Sekuloviçin sözlərinə görə, Serbiya və Kosovo liderlərinin imzaladığı sənəddə “İsrail elementi” Donald Trampın seçki şansını artırmaqla yanaşı, anlaşmanın özünü də gücləndirir. “İsrail və Kosovonun bir-birini tanımaq istəyi millətçilərin Vaşinqton sənədini tənqid etməsini çətinləşdirir”.

 

İqtisadi geosiyasət

Sənədin əsas hissəsi başlığı – “İqtisadi normallaşma” ilə uyğundur. Serbiya və Kosovo əvvəllər (yenə də ABŞ-ın himayəsi altında) razılaşdırılmış əsas infrastruktur layihələrini həyata keçirməyi vəd ediblər: Belqrad-Priştina sürətli avtomobil yolunun tikintisi və Adriatik sahilinə marşrutun uzadılması perspektivi ilə aralarında birbaşa dəmir yolu əlaqəsinin açılması.

Kosovo keçən il Serbiya, Albaniya və Şimali Makedoniyanın başlatdığı regional mini-Şengen bölgəsinə qatılacaq. Serbiya və Kosovo ABŞ-ın köməyi ilə birlikdə Qazivode sərhəd gölündən və bəzi sərhəd keçid məntəqələrindən istifadə edəcək. Belqradda “U.S. International Development Finance Corporation”-un ofisi açılacaq. Yerli və regional layihələri bu qurum maliyyələşdirmək niyyətindədir.

Bununla birlikdə, Serbiya və Kosovonun enerji və telekommuikasiya sahəsində götürdüyü öhdəliklər (geosiyasi baxımdan) daha vacibdir. Razılaşmanın bəndlərindən biri “enerji təchizatı mənbələrinin şaxələndirilməsini” nəzərdə tutur. “Tərəflər əslində, Rusiyadan qazdan asılılığı azaltmaq (Serbiya) və ya asılı olmayacaqlarını (Kosovo) vəd ediblər”, – deyən siyasi analitik Vlatko Sekuloviç “Kommersant”a açıqlamasında bildirib: “Bu, şübhəsiz ki, Rusiyanın bölgədəki siyasi təsirini azaltmaq cəhdidir”.

Serbiya və Kosovo da “etibarlı olmayan tədarükçülərin” 5G texnologiyalarından istifadə etməyəcəklərini və onsuz da istifadə olunanlardan qurtulacaqlarını bildirib. Vlatko Sekuloviçin rəyinə görə, söhbət Belqrad və Priştina arasında Çinin texnologiyalarından istifadə edilməməsi ilə bağlı razılaşmadan gedir.

Mütəxəssis həm terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə, həm də kiber təhdidlərə qarşı təhlükəsizlik sahəsində ABŞ-ın ən yeni texnologiyalarından istifadə etmək barədə razılaşmada yer alan öhdəliklərə diqqət çəkir. “Bu, Serbiya və Kosovonun ABŞ-ın rəhbərliyindəki təhlükəsizlik sisteminə qoşulmaq istəklərini ifadə edir”.

Bu qiymətləndirməni Belqrad Xarici Siyasət Mərkəzinin rəhbəri Draqan Cukanoviç də bölüşür. “Serbiyanın NATO ilə qarşılıqlı əlaqəsi üçün imkanlar Vaşinqtondakı danışıqlardan sonra genişlənir”.

Serbiya və Kosovo liderlərinin Vaşinqton görüşünün yalnız ikinci cəhddə baş tutması maraqlıdır. Başlanğıcda görüş iyunun 27-ə təyin edilmişdi, lakin Kosovadakı Haaqa Xüsusi Cinayətlər üzrə Prokurorluğunun Kosovo prezidenti Haşim Taçiyə qarşı müharibə cinayətləri ittihamı irəli sürməsindən sonra o, təxirə salınıb. Baş tutmayan görüş ərəfəsində Aleksandr Vuçiç Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla təmasda olub. Sonra Serbiya rəhbəri bildirib: “Məni prezident kimi narahat edən Kosovo böhranının həlli üçün plan və fikirlərin qiymətləndirmələrini aldım. Rusiyanın rəyinə görə, bu planlar bizə təqdim edildikdə, diqqətli olmalıyıq”.

Görünən odur ki, Rusiya Serbiya prezidentinə hazırkı Vaşinqton sənədində yer alan bəzi mövqelər barədə xəbərdarlıq edib.

Cümə günü Vaşinqtonda imzalanan müqaviləyə Moskva rəsmi təpki verməyib, ancaq ona Smolenskaya Meydanındakı münasibət qismən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Facebook” səhifəsindəki bir yazıda özünü göstərib. Donald Trampın Ağ Evdə, masası arxasında və əksində, ondan uzaq məsafədə, Aleksandr Vuçiçin stulda oturması incə bir şəkildə “istintaq dindirməsi kimi” şərh olunub (Zaxarova öz postuna “İbtidai instinkt” filmindən dindirmə fotosu qoyub. Həmin kadrda baş rolun ifaçısı, ayağını ayağının üstünə aşırmış şəkildə oturmuş Şeron Stoun əks olunubtərc.)

Vaşinqtondakı görüşdən sonra ABŞ prezidentinin milli təhlükəsizlik məsləhətçisi Robert O’Brayen Kosovonun tanınması və beynəlxalq təşkilatlara üzvlüyünə dair illik moratorium və Serbiya və Kosovonun Aİ-yə inteqrasiyası və qarşılıqlı tanınması da daxil olmaqla, siyasi mövzularda danışıqlara imkan veriləcəyini söyləyib. Onun sözlərinə görə, bu, Avropa tərəfdaşları tərəfindən dəstəklənir.

Bazar ertəsi günü Aleksandr Vuçiç və Avdulah Hotini normallaşma mövzusunda yeni bir danışıqlar üçün Brüsseldə gözləyirlər. Bu dəfə Aİ himayədarlıq edir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə