XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 13:35

RUS-TÜRK BİRGƏ PATRULUNDAN NƏ SORAQ VAR? –Suriyalı qaçqınlar bir ifratdan digərinə sığınır

Həsən Ərfə

“Əl-Monitor”, 13.09.2020

 

2018-ci ilin sentyabrında Rusiya və Türkiyə Qara dəniz sahillərində Soçi müqaviləsini imzalayıb. Sazişin ən vacib bəndlərdən biri Suriyada rejim qüvvələri və müxalifət qruplaşmaları arasında qarşıdurmaları dayandırmaq üçün şimal-qərbdəki İdlib vilayətində hərbisizləşdirilmiş bölgə yaradılması idi.

Ancaq anlaşma uzun müddət davam etməyib. 2019-cu ilin aprelində Suriya hava qüvvələri (Rusiyanın hava örtüyü ilə) hücumu başlayıb. Rejim İdlib əyalətinin cənubundakı Məarat ən-Numana doğru irəliləməyi bacarıb və bu, müqavilənin 2-ci maddəsinin pozulmasıdır: “Rusiya Federasiyası İdlibə qarşı hərbi əməliyyatların və hücumların qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək və mövcud status-kvonu qoruyub saxlayacaq”.

Gərginləşmə 2019-cu ilin aprel və oktyabr ayları arasında 400 mindən çox insanın köçkün olmasına səbəb olub. 2020-ci ilin mart ayına qədər bu rəqəm 1,3 milyon nəfəri ötüb.

Martın 3-də Ankara və Moskva Suriyanın şimal-qərbində atəşkəs haqqında razılığa gəlib və tərəflər martın 15-dən ortaq patrul əməliyyatları keçirməyə başlayıblar. Rus-Türk patrulları Suriyanın şimalındakı Hələb şəhərini Latakiyaya bağlayan M4 magistral yolunda aparılır. Bu magistral yol rejimin nəzarətində olan iki böyük şəhər arasında həyati marşrut olduğundan Suriya rejimi və müttəfiqləri üçün çox vacibdir.

İstanbulda yerləşən və müstəqil bir qurum olan “Jusoor” Araşdırmalar və İnkişaf Mərkəzinin tədqiqatçısı Firas Fəham “əl-Monitor”-a verdiyi açıqlamada bildirib: “Birgə patrul dəstələri, əsasən, hava hücumları ilə yaşayış məntəqələrini hədəf alan və hərbi vəziyyəti artıran eskalasiyanı dayandırıb. Türkiyə sərhədinə doğru böyük yer dəyişdirmə axınını da. Patrullar zorakılığı tədricən azaldıb”.

Müxalifətə bağlı Milli Qurtuluş Cəbhəsinin sözçüsü Naci Mustafa deyib: “Atəşkəs razılaşması başlayandan bəri rejim qüvvələri tərəfindən pozuntuların şahidi olduq. Prezident Bəşər Əsədin milisləri və Rusiya qüvvələri atəşkəsə hörmət etməyib və Cəbəl əl-Əkrəddəki Həddadə oxunda və bir sıra kəndlərə doğru irəliləmə cəhdləri müşahidə olunub”.

Mustafa qeyd edib ki, “atəşkəs bombalama tezliyini azaldıb və bombardmanların mülki şəxsləri hədəfə alması dayandırılıb”. Bununla birlikdə, hücumlar və atışmalar davam etdikcə, ortaq patrullar bölgədəki sakinlərin və müxalif qrupların etirazını doğurub.

İdlibdə çalışan media fəalı Adnan əl-İmam bu sahədəki hadisələri yaxından izləyir. “Xüsusilə Cəbəl əl-Zəviyyə, Cəbəl əl-Ərbəin, Cəbəl Şahşabu və digər azad edilmiş bölgələrdə ortaq patrulların geniş bir şəkildə rədd edildiyini görürəm. M4 yolunda patrullara qarşı bir neçə etiraz aksiyasının şahidi olmuşam”.

Bəzi sakinlər rejimin hücumlarını dayandırmadığına inandıqları üçün Rusiya-Türkiyə patrullarına etiraz edir. Nəticədə, ortaq patrullar martın sonunda dayandırılıb və yalnız iyulun 22-də onların fəaliyyətini bərpa olunub. Ancaq aralıq dövrdə M4 magistral yolunda bir qrup gəncin təşkil etdiyi oturma aksiyası rus bölmələrini İdlibin cənub-şərqindəki Tərnaba bölgəsinə geri çəkilməyə məcbur edib.

Birgə patrullar bir çox çətinliklə qarşılaşıb, sonuncusu avqustun 25-də 2 rus hərbçinin yaralanmasına səbəb olan partlayış nəticəsində bir rus konvoyunun zədələnməsi ilə baş verib. Avqustun 18-də ortaq patrul naməlum bir qrupun hücumuna məruz qalıb.

Güc tarazlığı rejimə doğru əyilmiş kimi görünür. “Jusoor Center” 2019-cu ilin yanvarında Suriya rejiminin Suriya ərazisinin 60,3%-inə nəzarət etdiyini göstərən xəritəni yayımlayıb. May ayında yayımlanan yeni xəritədə, Məarat ən-Numan da daxil olmaqla, İdlibin bir neçə bölgəsinə tam nəzarət alması, ölkə ərazisinin 63,38%-inə nəzarət etdiyi məlum olur.

Bu, razılaşmaların və patrulların Suriya rejiminin şimal-qərbdə irəliləməsinə mane olmadığına dəlildir. Türk və rus qoşunları arasında qarşıdurmaların qarşısını almasının da.

Fəham bildirib: “Ortaq patrulların Suriyanın şimal-qərbində geniş yayılan türk ordusu ilə Rusiyanın dəstəklədiyi qüvvələr arasında birbaşa toqquşmaların qarşısını almaq üçün ilkin bir addım olduğunu söyləyə bilərik. Bu günə qədər müştərək patrul xidməti silahlı qruplar tərəfindən hədəf alınmaq daxil olmaqla, maneələrə məruz qalır”.

Avqustun 18-də patrula edilən hücumdan sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın silahlı təxribatlara görə M4 magistral yolunda türk qüvvələri ilə birgə patrul xidmətlərini dayandırdığını söyləyib. Ancaq patrullar avqustun 25-də yenidən başlasa da, bir daha hədəf alınıb.

Mustafa deyib ki, “Rusiyanın daima müxalif qrupların patrullara qarşı hücumuna dair yalanlar uydurduğunu görürük. Suriya rejimi tez-tez M4 magistral yoluna yaxın ərazilərə hava hücumları təşkil edir. Rusiya tərəfi müqaviləni pozmağa çalışır. Yalnız pozuntulara cavab veririk və buna haqqımız var”.

Hələlik sonuncusu avqustun 25-də baş tutan ortaq patrulların fəaliyyətində tutarlılıq yoxdur və insanların çoxu təhlükəsizliyinə tam əmin deyil.

Media fəalı İmam bildirib: “Əksər insanlar rejim qüvvələrinin bu yaxınlarda girdikləri ərazilərdən geri çəkilməsini və köçkünlərin öz evlərinə qayıtmalarını arzu edirlər. Bu olarsa, patrul yaxşı olardı, ancaq patrullar davam edərsə və rejim yeni bölgələrə nəzarəti ələ alarsa, insanlar hər zaman rejim qüvvələrinin yeni bölgələrə irəliləməyəcəyinə və köçkünlərin geri dönəcəyinə söz verən Türkiyəyə olan inamlarını itirəcək”.

Sözarası, Suriyanın şimal-qərbində minlərlə köçkün rejimin son illərdə nəzarətə götürdüyü bölgələrdən gələnlər, məsələn, Hums, Şərqi Quta və Rif Dimaşqda evlərini tərk etmək məcburiyyətində qalanlar indi radikalların məngənəsində yaşayırlar, yəni nəzarətindəki bölgələrdə azadlıqları məhdudlaşdıran “Heyət Təhrir əl-Şam”ın (HTS). Avqustun 17-də HTS İdlibdəki Mamaçılıq İnstitutunun direktoru Mustafa əl-Cəzini həbs edib. Həbs İdlibdəki vəziyyəti və münaqişə bölgələrində suriyalı qadınların və mülki şəxslərin mübarizəsini əks etdirən bir sərgidən sonra baş verib. Sərgi HTS-i hirsləndirib, amma Cəzi avqustun 22-də sərbəst buraxılıb.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə