XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2020 - 15:09

Süleyman Rüstəmin Xamnədə nə işi vardı? –XATİRƏLƏRDƏN SEÇMƏLƏR

Əziz Rzazadə

“Strateq”, 21.09.2020

 

Çağın oxucusu uzun-uzadı şərhləri oxumaqda maraqlı deyil, o, qısa qeydlərə meyllidir. Macal dardır, iş-güc də başdan aşır, sürət əsrində yazı xalçasının ilmələrini sökməyə heç kimin həvəsi yoxdur. Sosial şəbəkədə paylaşımlarımı da buna görə qısa etməyə çalışıram. Yaxın dostlar bu qeydləri toparlamağı tövsiyyə edir, mən də qulaq ardına vurmadım. Bəlkə, kitab halına saldım, fani dünya ilə vidalaşdıqdan sonra məndən bir xatirə olaraq qalsın deyə…

 

İranlı tarixçi Əli Moradi yazır: “İranda “Ağ İnqilab” – islahatlar paketi ABŞ prezidenti Kennedinin diktəsi ilə həyata keçirilib. 1961-ci ilin yanvarında Ağ Evə sahib olduqda o deyib: “Dinc inqilabları həyata keçirməyənlər qanlı inqilabları gözləməlidir”.

Xruşşov bunu başqa cür ifadə edib: “İran gavalı kimidir, yetişəndə ətəyimizə (ovcumuza) düşəcək…”

Torpaq islahatı proqramı Azərbaycanda, Marağa yaxınlığındakı Vərcui kəndində başladı. Şah həmin kəndin sakinlərinə torpaq mülkiyyəti sənədlərini verəndə, qəribə bir hadisə baş verdi: kəndlilərə veriləcək mülkiyyət sənədləri hazır deyildi, amma [baş nazir Həsən] Ərsəncani zərflərə təmiz kağız qoymaq göstərişi vermişdi. Kəndlilər padşahın qarşısında diz çöküb hökmdarın ayaqlarını öpəndə, şah onlara, heç ağlına gətirmədiyi halda, içində ağ kağız olan zərfləri təqdim etmişdi!”

***

Əli Moradinin qeydlərindən: “[“İranda kommunizm” kitabının müəllifi] polkovnik Zibai yazır ki, 1320-cü ilin mehr ayında (1941-ci ilin oktyabrında) Tudə Partiyası Təsis Məclisinin 53 üzvündən 37 üzvünün iştirakı ilə ilk iclas keçirildi. Sovet səfirliyinin müvəqqəti işlər vəkili, fars dilində yaxşı danışan və Şərq görünüşünə sahib olan Əliyev iclasa qatıldı. İclasda iştirak edənlərin çoxu Əliyevi tanımırdı, tanıyan bəzi şəxslər isə (məsələn, Cəfər Pişəvəri) onu başqalarına tanıtmadılar. Bu görüşdə danışıqların mövzusu Kommunist Partiyasının qurulması idi. Əliyev, İranın şərtlərini nəzərə alaraq, bütün sinifləri əhatə edə bilməsi üçün mötədil və mülayim bir partiya qurulacağını iddia edib, bu ada qarşı çıxdı, buna görə də, “Kommunist Partiyası” adının mövcud vəziyyətdə İran üçün uyğun olmadığını bildirdi. Nəhayət, çoxsaylı müzakirələrdən sonra Əliyevin fikri qəbul edildi və yeni qurulan partiya üçün “Tudə Partiyası” adı seçildi…”

Tarixçi “İranda kommunizm” kitabındakı Əliyev soyadlı şəxsin, bəzi digər mənbələrdə də göstərildiyi kimi, nə Heydər Əliyev, nə də Rüstəm Əliyev olduğunu vurğulayır. Bəli, söhbət əslində, Əziz Əliyevdən gedir.

***

Pişəvərinin müavini Nüsrətullah Cahanşahlu Əfşar “Biz və yadlar” (s.129) kitabından: “O zamana qədər öz talanından çox da məmnun olmayan Qulam Yəhya [Zəncan əyalətinin kiçik şəhəri] Kərəfsdə Əfşar elinin mərkəzinə çatdı, cənab Əfşarın və qohumlarımızın evlərini qarət etdi və Əmir Əfşardan sağ qalması müqabilində çoxlu zinət əşyaları, qır-qızıl və bir neçə qutu əntiq əşyalar aldı. Mənmun idi. O cümlədən Mad (Midiya) padşahları dövründən qalma, üstü qiymətli daşlarla bəzədilmiş xəncəri də ələ keçirmişdi və onu [sovet KQB-nin zabiti] general Atakişiyevə hədiyyə verdi”.

***

“Biz və yadlar” (s.181) kitabından: “Bəli, xalqımız Tudə (Kommunist) Partiyasının qurucusunun və liderinin yad adam olduğunu və Azərbaycan Demokrat Partiyasının Mir Cəfər Bağırov tərəfindən Bakıda cənab Əbdülsəməd Kambəxşı aldatmaq üçün planlandığını bilmirdi”.

***

“Biz və yadlar” (s.191) kitabından: “Biz səhər tezdən Culfada İran-Sovet İttifaqı sərhədinə çatdıq. Hava çox soyuq idi. Sərhəd mərasimləri bir saatdan çox davam etdi. Başqalarının ağlında nə olduğunu bilmirdim. Ancaq mən gözlərimi vətənimdən çəkə bilmədim. Bu qısa müddətdə uşaqlıqdan yeniyetməlik və yeniyetməliyimdən gəncliyimə hər şey gözümün önündən bir film kimi keçib-getdi. Vətənimdəki həyatımın bütün acılıqları o vaxt mənə şirin görünürdü. Sakit xarici görünüşüm vardı, amma içimdə hər şey bir-birinə qarışmışdı”.

***

Seyyid Ziyaəddin Təbatəbai haqqında məqalədə deyilir: “1917-ci ildə Rusiyada Oktyabr İnqilabının qələbəsi ilə bolşeviklər mərkəzdə hakimiyyəti ələ keçirsələr də, Qafqaz üzərində nəzarətləri yox idi. Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi müsavatçılar Azərbaycan Respublikasını idarə edirdi. Rəsulzadə kommunizmi deyil, millətçi və regional meylləri üstün tutdu və Azərbaycan Respublikası ilə Şura hökuməti arasındakı fərqi vurğulamağa çalışdı. Baş nazir Vosuqüddövlə, Rəsulzadə ilə köhnə mətbuat həmkarlığına görə Seyyid Ziyanı danışıqlar üçün Azərbaycan Respublikasına göndərdi. Vüsuqüddövlənin İngiltərə hökumətinə yaxınlığı və Seyyid Ziyanın bu ölkənin maraqlarını nəzərə alması onun seçilməsində təsirsiz deyildi. Seyyid Mehdi Fərrux yazır: “Seyyid Ziyaəddin müsavatçılarla müqavilə bağlamaq üçün çox layiqli və ləyaqətli bir şəxs idi. Ancaq Badkubəyə (Bakıya) göndərilməsinin arxasında ingilis siyasəti dururdu”.

Rza Azəri Şəhrzayinin “Qafqaz Fövqəladə Heyəti” kitabı 1919-cu ildə gerçəkləşən səfər haqqındadır.

***

Seyyid Cəfər Pişəvərinin ailəsi ilə bağlı ziddiyyətli məlumatlar var, bəzi mənbələrə görə, oğlu Daryuş Pişəvəri SSRİ-dən Şərqi Almaniyaya köçüb, daha sonra Qərbi Almaniyaya qaçıb, orada xristianlığı qəbul edib, 1990-larda vəfat edib. Arvadı Cəvahir Azəri və iki uşağı – Fəramərz və Pərviz Cavadzadə Bakıda qalıblar.

Pişəvərinin arvadı Məsumə Rəhmani Əşrəf Pəhləvinin Sovet İttifaqına səfəri zamanı İranın Moskvadakı səfirliyinə gedib, İrana qayıtmaq üçün səfirlə görüşmək istəyib. Ancaq səfir Əşrəf Pəhləvinin qəbulu mərasimində iştirak etdiyi üçün görüş baş tutmayıb.

Nəhayət, 1346-da (1967-ci il fevralın 7-də) qardaşı ilə birlikdə Tehrana gəlib, Vəliyyi-Əsr meydanında yerləşən bacısının evində məskən salıb və rəsmi təqibə məruz qalmayıb. Məsumə Rəhmani 1997-ci ildə vəfat edib.

***

23 oktyabr 1978. Fərəh Pəhləvi Qurban bayramı ilə eyni vaxtda 2 günlük səfərlə İraqa yola düşür. Anası, 2 övladı və ofisinin rəhbəri Seyyid Hüseyni Nəsrlə birlikdə. İraq qəzetləri Fərəh Pəhləvinin Ayətullah Xoyi ilə gizli görüşü barədə xəbər dərc edir.

Nəsrin xatirəsi: “Hamımız Ayətullah Xoyinin yanında yerdə bardaş qurub oturmuşduq. Kiçik otaq çox təvazökar döşənmişdi. Salamlaşdıqdan sonra o, əvvəlcə şahbanuya bir üzük verdi və dedi ki, bu, şahı qorumaq üçündür. Daha sonra “Bu mənim mesajımdır”, – dedi və əlini əmmaməsinə apardı. Dedi: “Şaha deyin ki, biz, üləmanın əmmaməsi ilə İran hökuməti arasında bir ittifaq tapmalı və bütün sistemin dağılmasına imkan verməməliyik, əks halda, bu şiələr üçün, İraq üçün, İran üçün böyük bir fəlakət olacaq”. Bu Ayətullah Xoyinin mesajı idi. O, üzüyü şahbanuya verəndə, gördüm ki, üzərində yazılıb: “Yədullahu fəuqə əydihim” (“Allahın “əli” sizin üzərinizdədir”).

***

Şah İranının sonuncu Baş Qərargah rəisi general Abbas Qarabaği (“Generalın etirafları”, Tehran, 1358, səh.1) xatirələrində yazır: “…Atalarımız təxminən 175 il əvvəl Qafqazdakı Azərbaycan Qarabağından Təbrizə köç ediblər. Vətən sevgisi sayəsində 1207-ci hicri və ya 1243-cü il İran-Rusiya müharibəsindən, iranlıların məğlubiyyətindən və Qafqazın ruslar tərəfindən işğalından sonra Qarabağdan İran Azərbaycanına köçüblər və Təbrizdə “Qarabağlılar” adı ilə tanınan məhəllədə məskən salıblar. Mən hicri 1297-ci ildə, Qarabağlılar səmtindəki küçələrdən birində yerləşən evdə anadan olmuşam”.

***

Pişəvərinin müavini Nüsrətullah Cahanşahlu Əfşarın xatirələri: “… [SSRİ-nin Təbrizdəki konsulu polkovnik Nuru] Quliyev bizi kiçik bir otaqda qəbul etdi. Rusların nanəcib metodundan çox əsəbiləşən cənab Pişəvəri polkovnik Quliyevə tənə edərək dedi: “Bizi meydanının ortasına gətirdiniz və indi öz mənfəətiniz naminə qorxaqcasına atıb gedirsiniz, bizim sözümüzlə arxamızca gedən və fədakarlıq etmiş adamları ölümə sürükləyirsiniz. Deyin görək bütün bu başıpozğunluğun günahkarı kimdir?” Cənab Pişəvərinin cəsarətindən çox əsəbiləşən polkovnik Quliyevun dodaqları hirsindən titrədi, qapıya sarı getdi və üzünü ona tutaraq Azərbaycan türkcəsi ilə bircə cümlə dedi: “Səni “[hakimiyyətə] gətirən sənə “get” deyir…”

***

Süleyman Rüstəmin (Seçilmiş əsərlər. 2-ci cild, s.296, 297, 298) İran xatirələrindən: “Bizə xəbər verdilər ki, Xamnədə azəri ədəbiyyatının fəxri Mirzə Fətəli Axundovun nəslindən “Axundov” adlı bir müəllim yaşayır. Biz bu xəbərdən çox sevindik. Həmin müəllimi görmək arzusu bizi Xamnə səfərinə sövq etdi…

Budur Xamnədəyik. Uşaqlıq illərini bu yerdə keçirmiş Mirzə Fətəlı haqqında düşünürük. Bizim Xamnəyə gəlişimiz bir bayrama çevrildi. Adamlar axın-axın yanımıza gəlirdi. Cümə günü idi. Biz bir məktəbin həyətinə toplaşdıq. Axundzadə familiyalı müəllimi soruşduq. Onunla görüşmək arzusunda olduğumuzu bildirdik.

Boş vaxt keçirməyək deyə Xamnədəki kiçik örtülü bazara getdik. Bazarda kitablar bizi maraqlandırırdı. Zülfəli İbrahimov burada bir neçə qiymətli kitab aldı. Məktəb həyətinə qayıtdıq. Həyət əhali ilə dolu idi. Məktəb əlrafında damlarda al-əlvan geyinmiş qadınlar, qızlar, xırda uşaqlar vardı. Əhali ilə söhbətə başladığımız zaman həyətə bir zabitlə bir neçə ajan daxil oldu. Kəndlilərə “pedər süxtə”, ‘”bişərəflər” deyə şallaq, təpik vuraraq məktəbin həyətindən qovmağa başladılar. Bu ədəbsizlər sovet hökumətinin nümayəndələrinə, hərbi xidmətçilərinə salam belə vermədən, nə səbəbə gəldiklərini bilmədən kəndlilərə əzab verməyə başladılar. Söyüşlərin arası kəsilmirdi.

Mən buna dözə bilmədim. “Parabellum”u ayağa çəkib zabitin üstünə cumdum. Yunis Hacıyev “Süleyman, dayan, sən nə edirsən?” – dalımca çığırdı. Zabitlər və ajanlar donub qaldılar. Artıq onlar yaltaqlanmağa başladılar. Dedim: “Bizi görməyə gəlmiş bu kəndlilərin günahı nədir ki, onları şallaqlayırsınız, söyürsünüz!?”

Zabit cavabında: “Ağayi major (mayor), biz bunları sizin xatirinizə, sizə mane olmasınlar deyə qovalayırıq. Bunlar nadandırlar, həşəratdırlar. Bizi bağışlayin. Sizin istirahətinizi pozan bu adamları buradan çıxarmaq borcumuzdur”. Onlara dedik ki, bizim məqsədimiz kəndin bu hörmətli sakinləri ilə söhbət etməkdir. Burada bizim böyük ədibimiz dahi Mirzə Fətəli Axundov yaşamışdır. Eşitdiyimizə görə, burada Axundzadə adlı bir müəllim var. Bəlkə o müəllim həmin nəsildəndir. Bu bizim üçün çox maraqlı və mühüm bir məsələdir. Bunu aydınlaşdırmaq istəyirik.

Bu söhbət əsnasında Axundzadə müəllim də gəlib çıxdı. Zabit ona müraciətlə dedi ki: “Bu şurəvilər deyir ki, sən bunların Axundzadəsinin qohumusan. Bu doğrudurmu?” Müəllim özünü itirdi. Biz müəllimə dedik ki, yəqin ki, sizin böyük ədib Mirzə Fətəli Axundov haqqında az-çox məlumatınız var. O bu kənddə illər keçirmişdir. Əgər bu kənddə Axundzadə familiyalı adam varsa, şübhəsiz həmin nəsillə əlaqədar olmalıdır. Zabit gözlərini Axundzadə müəllümin ağzına zilləmişdi. Onun cavabını gözləyirdi.

Müəllim dedi ki, əlbəttə, Mirzə Fətəli haqqında məlumatım var. Lakin biz o nəsildən deyilik. Bizi heyrət bürüdü. Zabitin hədəli baxışları altında müəllim Axundzadə öz tərcümeyi-halı ilə bizi tanış etmədi…”




Yuxarı Əvvələ Ana Səhifə