XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2020 - 10:28

TÜRKİYƏ VƏ RUSİYA İDLİBDƏ YENİDƏN DALAŞA BİLƏR –Gərginliyin qarşısını almaq üçün yeni sövdələşməyə ehtiyac yaranır - TƏHLİL

İqor Subbotin

“Nezavisimaya qazeta”, 21.09.2020

 

Əksər ərazisi radikal qruplarla birlikdə, türkiyəli müxalifətin nəzarətində olan Suriyanın İdlib əyalətində vəziyyət Rusiya ilə Türkiyə arasındakı münasibətləri bir daha gərginləşdirə bilər. Ankaranın bölgədəki hərbi varlığını gücləndirdiyi görünür. Ərəb mediasının yazdığına görə, həftəsonu bölgə rəsmi Dəməşqə sadiq qüvvələrin sıx zərbələrinin hədəfi olub. Mütəxəssislər son vaxtlar Moskva və Ankaranın bəzi ərazilərin digərlərinə dəyişdirilməsinə dair yeni bir sazişin parametrləri barədə razılığa gələ bilmədiyinə diqqət çəkirlər.

İdlibdə türk varlığının güclənməsini İngiltərədəki Suriya İnsan Haqları Rəsədxanası (SOHR) elan edib. Onun məlumatlarına görə, Türkiyənin zirehli maşınlardan ibarət karvanı bir gün əvvəl cənub istiqamətində Kafr-Lusin keçid məntəqəsini adlayıb.

İzləmə qrupu xatırladır ki, bu ilin mart ayında Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlibdəki növbəti atəşkəs razılaşması əldə edəndən Türkiyə tərəfi 6 mindən çox zirehli və yük maşınını Suriya hökumətinin nəzarətində olmayan bu anklava göndərib. Müşahidəçilər bu artımın yüzlərlə əsgərin köçürülməsi ilə müşayiət olunduğunu söyləyirlər.

“Əl-Ərəbi əl-Cədid”nin mənbələri yalnız sentyabrın 20-də hökumət təyyarələrinin İdlibdəki mövqelərə bir neçə hücum təşkil etdiyini bildirib. Qəzet qeyd edir ki, bu, Rusiya ilə Türkiyə arasında mart müqavilələrinin imzalanmasından bəri vilayətin ən sıx bombalanmasıdır.

Suriya nizamlanmasının iki qarantı olan Moskva ilə Ankara arasındakı münasibətlərin yenidən kəskinləşə biləcəyi faktı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatlarından irəli gəlir. Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov sentyabrın 21-də agentliklərə verdiyi müsahibəsində İdlibdə çox sayda radikalın qaldığını qeyd edib: “Onlar həm suriyalılar, həm də varlığımız üçün hələ də böyük bir təhlükədirlər. Vəziyyət hələ də narahatlıq doğurur. Halbuki Türkiyə tərəfi İdlib bölgəsində təhlükəsizliyin təmin edilməsinə dair razılaşmalardan irəli gələn öhdəlikləri ardıcıl olaraq yerinə yetirəcəyinə zəmanət verir”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sentyabrın 17-də keçirdiyi müntəzəm brifinqdə bənzər qiymətləndirmələrlə, radikal strukturların fəaliyyətinin “türk hərbçilərinin İdlib bölgəsində olması və M4 magistral yolunda ortaq rus-türk patrulları ilə qismən məhdudlaşdığını” qeyd edib: “Bununla birlikdə, Ankaranın bu il martın 5-də imzalanan Rusiya-Türkiyə memorandumu çərçivəsində öhdəliklərini yerinə yetirməsi təxirə salınıb”.

Zaxarovanın sözlərinə görə, “Rusiya ordusunun Suriya torpağında beynəlxalq terrorizmlə mübarizədə qazanılan uğurlara baxmayaraq, ölkədəki vəziyyət hələ də sabit deyil”.

Rusiya XİN-in açıqlamalarından bir gün əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi İdlibdəki türk mövqelərinə hücum edildiyini bildirib. Məlum olduğu kimi, bu zonada rəsmi silahlı qüvvələrin 12 müşahidə məntəqəsi var. “İdlibdəki de-eskalasiya zonasında mülki kimilərə bənzəyən qruplar 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli müşahidə məntəqələrimizə yaxınlaşıblar”, – deyə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. – 7 saylı müşahidə postumuza hücum edilib və alınan tədbirlərdən sonra təxribatçılar qaçıblar”.

Eyni zamanda, Ankara təxribatçı qrupların Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr tərəfindən koordinasiya olunduğuna inanır.

Bu il Moskva və Ankara, Suriya nizami ordusunun təsadüfi olduğu ehtimal edilən zərbələrinə görə, yüksək səviyyəli kanalları aktivləşdirmək məcburiyyətində qalıb. İdlibin taleyi ilə bağlı son üz-üzə görüşlər sentyabrın 16-da Ankarada diplomatik qurumların nümayəndələri səviyyəsində baş tutub.

Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Verşinin, türk tərəfinə isə həmkarı Sedat Önal rəhbərlik ediblər.

Buna baxmayaraq, rəsmi şəxslərin açıqlamalarına əsasən, danışıqçılar Suriya vilayətinə dair dialoqda əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər. Mütəxəssis mühitinin inandığı kimi, bunun əsaslı səbəblər var.

Rusiya Beynəlxalq Məsələlər Şurasının mütəxəssisi Kirill Semyonov “NQ” ilə söhbətində deyib ki, Rusiya ilə Türkiyə arasındakı potensial sövdələşmənin parametrləri bu düstura uyğundur: şimal-şərq ərazilərinin bir hissəsi müqabilində İdlib: “Son Rusiya-Türkiyə məsləhətləşmələri zamanı bu barədə, demək olar ki, açıq şəkildə danışılıb: türk qüvvələrinin İdlibdəki M4 magistral yolunun cənubundakı bölgələrindən geri çəkilməsinin qarşılığında, Ankara Mənbic və Təl-Rifatın təslim olunmasını tələb edib. Türkiyənin niyə buna təkid etdiyini vurğulamaq vacibdir. Rusiya tərəfinin də qeyd etdiyi kimi, Türkiyə M4-dəki razılaşmaları yerinə yetirə bilməyibsə, o zaman Ankaraya görə, Moskva da Mənbic və Təl-Rifaatla bağlı öhdəliklərini yerinə yetirməyib”.

Bu yaşayış məntəqələri Ankaranın solçu radikal silahlılarla əlaqələndirdiyi və terrorçu hesab etdiyi “Kürd xalqının özünümüdafiə bölmələri”ndən təmizlənməli idi. Çox güman ki, Suriyanın nizamlanmasının qarantları İdlibi bölməklə bağlı danışıqlarda qiymətləri artıracaqlar – bazarlıq üçün daha əlverişli şərtlər yaranana qədər.

Tərcümə: Strateq.az