XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 Sentyabr 2020 - 15:52

Süleyman Rüstəm: “İranda quldurluqla məşğul olan Atakişiyev dedi ki, Pişəvəri şübhəli adamdır”- XATİRƏLƏRDƏN SEÇMƏLƏR

Əziz Rzazadə

“Strateq”, 22.09.2020

 

Çağın oxucusu uzun-uzadı şərhləri oxumaqda maraqlı deyil, o, qısa qeydlərə meyllidir. Macal dardır, iş-güc də başdan aşır, sürət əsrində yazı xalçasının ilmələrini sökməyə heç kimin həvəsi yoxdur. Sosial şəbəkədə paylaşımlarımı da buna görə qısa etməyə çalışıram. Yaxın dostlar bu qeydləri toparlamağı tövsiyyə edir, mən də qulaq ardına vurmadım. Bəlkə, kitab halına saldım, fani dünya ilə vidalaşdıqdan sonra məndən bir xatirə olaraq qalsın qalsın deyə…

 

Fərah Pəhləvi “Yetim qız” kitabında Rza xan Pəhləvinin valideynləri haqqında yazır: “Rza şahın atasının şəklini görmək istəyirsinizsə və indiyə qədər heç kim onu tarixi kitablarda göstərməyibsə, Reydə, Şah Əbdül Əzim ziyarətgahının həyətində Nəsrəddin şahı qətlə yetirən Mirza Rza Kermaninin şəklinə baxın. Əslində, hamı bu fotonu görüb. Mirza Rza zəncirlənmiş haldadır, qara geyimli bir polisin ixtiyarındadır. Bu, Badkubədən (Bakıdan) İrana köçmüş və uzun müddət kazak ordusunda xidmət etmiş Rza şahın atasıdır”.

 

***

[Baş nazir] Əsədullah Ələmin “Şahla söhbətlərim” kitabından:

“… Dünyadakı ən vacib xəbərləri Sovet İttifaqında pərdə arxasında baş verənlərdir… Baxmayaraq ki, Leonid Brejnev vəziyyətə nəzarət edir… Moskvada 4 il əvvəl Şahla birlikdə onunla görüşdük. Yaxşı xatırlayıram ki, Brejnev bizə nə dərəcədə bilici olduğunu göstərmək istəyirdi. Uzun müddət idi ki, məni tanıyırdı və bir kənara çəkib qulağımda dedi: “Digər yoldaşlar səhv edir, mən qərar verməyimə qədər heç nə edilməyəcək”. Reallıq bu idi. Hələ eyni xətti izləyir. Stalindən fərqli olaraq, o, sərt və qisasçı deyil”.

 

***

Qəvvamüs-səltənəni 1946-cı ildə Moskva səfərində müşayiət etmiş Həmid Səyyahın xatirələrindən: “Uçuşdan təxminən bir saat sonra cənab Qəvvamüs-səltənə sükutu pozdu və bizə dedi: “Uğur qazanmasaq… nə edəcəyik? İrana hansı üzlə dönəcəyik?” Bu zaman hamımız ağladıq, Allahın köməyi ilə müvəffəq olacağımıza ümid etdik, amma heç də hamı çox ümidli deyildi. 2 saat və neçə dəqiqəlik uçuşdan sonra Badkubəyə (Bakıya) yetişdik.

İranın baş konsulu cənab Məcdinin müşayiəti ilə yerli məmurlar bizi qarşıladı, artıq hər kəs üçün otel otağı ayrılmışdı. Dedilər ki, Sovet Azərbaycanı Kommunist Partiyasının katibi [Mircəfər Bağırov] bizim Moskvaya səfərimizlə eyni vaxtda oradadır, buna görə də, Moskva xahiş edib ki, gecəni bu şəhərdə keçirək.

Şəhərə gəldikdən, oteldə dincəldikdən, çay içib səhər yeməyimizi yedikdən sonra bizi şəhərdə gəzintiyə, muzeyləri və Nizami Gəncəvinin heykəlini görməyə apardılar (Nizami Gəncədə yaşadığı üçün Sovetlər onu Qafqazlı və Qafqaz azərbaycanlısı hesab edirlər). Nahar etdikdən sonra çay içmək üçün İranın Baş Konsulluğuna getdik və axşam bizi türk dilində olan teatra apardılar. Ertəsi gün (30 bəhmən) eyni təyyarəylə uçduq, Stalinqradda qısa bir dayanmadan sonra günorta saat 4-də Moskvaya gəldik”.

 

***

Rus mənbələri yazır ki, Xomeyni Brejnevin təbrik teleqramlarının heç birinə cavab verməyib, halbuki 1980-ci ilə aid sənəd bunu təkzib edir:

“Leonid Brejnevə.

Allahın adı ilə.

İran İslam Respublikasının ilk ildönümü münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri cənab Leonid Brejnevin teleqramı alındı və təşəkkürə səbəb oldu. Ümid edirik ki, millətimizin suverenlik və müstəqillik hüququ, bütün millətlərin, xüsusən də İslam millətlərinin müstəqilliyi, arzuladığınız kimi, hər zaman sizin tərəfinizdən istəniləcək və hər kəs itirilmiş hüquqlarını qoruya bilməsi üçün müstəmləkəçilərin başqalarının işlərinə hər hansı bir müdaxilənin qarşısını alacaqsınız.

15 fərvərdin 1359-cu il”

 

***

Ötən əsrin 50-ci illərində Azərbaycanın daxili işlər naziri olmuş Ağasəlim Atakişiyev “Bağırovun işi” üzrə mühakimə olunanlardan biridir. 40-cı illərdə NKVD-nin İrandakı rezidenti kimi fəaliyyət göstərib. “Viki”nin rus versiyasında Atakişiyev həbsdən akademik Ziya Bünyadovun zəmanəti ilə vaxtından əvvəl azad edildiyi qeyd olunub.

Süleyman Rüstəmin İran xatirələrində (s. 280, 281) oxuyuruq: “Bir tamaşa zamanı teatrın foyesində gödəkboylu bir adam yanaşdı. Məni bir tərəfə çəkdi. Mən onu dərhal tanıyıb “Cavadzadə yoldaş” dedim. O: “Xeyr, mən Pişəvəriyəm”, – deyə cavab verdi. Mən onu Bakıda Qızıl Qələmlər İttifaqının fəaliyyəti vaxtından tanıyırdım. O zaman o, “Kəndli” qəzetinin redaktoru idi. Onunla bir neçə dəfə görüşümüz də olmuşdu. Pişəvəri məndən xahiş etdi ki, bizim məsul yoldaşlarla onu görüşdürüm. “Zindandan təzə buraxılmışam. Məqsədim Təbrizdə “Tudə”ni yaratmaqdır. Burada arzuma yetməsəm, Tehrana getməliyəm”.

Mən onun bu arzusunu bizim yoldaşlara çatdırdım. Yoldaşlarımız bu işə laqeyd baxdılar. Mən Pişəvərini (Cavabzadəni) yaxşı tanıdığımı, bizim adam olduğunu başa salmağa çalışırdım. Söhbətdən belə çıxdı ki, Təbrizdə olan məsul işçi yoldaşlarımızın bu böyük şəxsiyyət haqqında heç bir məlumatları yoxdur. Hətta bir nadan dedi ki, “onu zindandan bilərək buraxıb üstümüzə göndəriblər. Şübhəli adamdır. Biz onunla görüşmək istəmirik”.

Bunu söyləyən Cənubi Azərbaycanda xeyirxah fəaliyyət göstərmək əvəzinə silah alverilə, qadınlara sataşmaqla və ciblərini doldurmaqla məşğul olan Ağasəlim Atakişiyev (Səlim Petroviç) idi.

Nə isə…

Pişəvəri belə qəbuldan çox pərt oldu. Təbrizdə qalmayıb Tehrana getdi.

Yeri gəlmişkən, deyim ki, həmin Ağasəlim Təbrizdə və onun ətraf kəndlərindən silah yığmağı bir şübhəli adama tapşırmışdı. Həmin ailə vaxtilə Bakıda, bizim sabiq Spasskaya küçəsində yaşayırdı. Bir gün Mirzə İbrahimov mənə dedi ki, məni bir fəhlə ailəsi evinə qonaq çağırır. Gəl, bərabər gedək. Zavallı vaxtilə Bakıda fəhləlik edirmiş. İndi də burada ehtiyac içindədir. Gəl gedək, yoxsa könülləri qırılar…

Bərabər həmin ailəyə qonaq getdik. İçəri girən kimi diksindim. Kimi görsəm yaxşıdır, Kor Əlini. Ağasəlim Atakişiyev üçün silah toplayan gəncin atasını. Kor Əlini… Onlar da məni görən kimi özlərini itirdilər.

Kor Əli, əlbəttə, tamamilə kor deyildi. Bir gözünün qapağı yatıq idi. Bu Kor Əli Bakıda məşhur Qoçu Ağakərimin qardaşı idi. Məhlə onların əlindən göz açmazdı. Adam oğurlamaq, adam öldürmək onun əlində su içmək kimi bir şeydi.

Bəli, bu evdə mənim dəmirçi atamı, əmimi və anamı tanıdıqlarım və İrana gələndən sonra polis tərəfindən soyulduqlarını bizə nəql etdilər.

Bu evdən çıxandan sonra Mirzə İbrahimova “fəhlə” Əli kişinin kim olduğunu açıb deyəndə, mat qaldı. Atakişiyev və Kor Əli, görünür, ta Bakıdan çox yaxşı tanışmışlar. Atakişiyev biz ziyalıları yaman tərif edirdi. Amma əlaltdan xeyirxah, azadixah adamlarla görüşümüzə mane olurdu.

Bir dəfə mənim maşınımda Səttarxanın qardaşını yanımıza gətirdib onunla söhbət etdik. Bu münasibətlə Atakişiyev bizə min cür siyasi ləkələr vurmağa çalışırdı. Nəhayət, mən Ərdəbildə onun adamlarının qəbzlərini öz puluma dükanlardan geri alıb, Təbrizdə yığıncağimızda müzakirəyə qoydurdum. Onun adamları dükanlardan şey alanda pul verməzdilər. Əvəzinə bir barmaqla kağıza qol çəkib dükançıya təqdim edərdilər.

Bu hadisədən sonra Atakişiyev bizi bir qədər təqib etmədi”.

 

***

Süleyman Rüstəm (s.283, 284, 285) Pişəvəri hökumətinin üzvü Qulam Yəhyanın macərasından söz açıb: “Bir gün xəbər gəldi ki, Sərabın Dağ kəndlərinin birində sovet adamları xanı və oğlunu öldürüb izini itiriblər.

Əlbəttə, bu, düşmənlərin şayiəsi idi. O kənddə bir nəfər də sovet adamı olmurdu. Qubernator bizim qərargaha bu haqda etiraz bildirdi. Həmin kəndə Həsən Şahgəldiyevlə məni göndərdilər. Biz maşınla Səraba gəldik. Sərabda olduğumuz zaman bəzi yoldaşlarımız otaqdan, yaxud kənddən kənara çıxmırdılar. İdarə işiylə və dadlı yeməklər yeməklə məşğuldular… Bir paramız isə həyatın içərisində olmağı istəyirdik. Bizə nə tapşırıq verirdilərsə, dərhal icrasına başlayırdıq.

Budəfəki səfərdə Sərabda bir gün qalmalı olduq. Polis idarəsinə getdik. Dağ kəndinə onlarla birlikdə getməyi lazım bildik. Polis rəisi bizə əmniyyələr verməkdən imtina etdi. Dedi ki: “Kəndlərdə əmniyyələrimizi tutub silahlarını alırlar. Müqavimət göstərdikdən öldürürlər də. Siz zamin olsanız birlikdə gedərik”.

Biz zamin olduq ki, onların başından bir tük əskik olmayacaq. Atlara minməli olduq. Mənə bir xam at gətirdilər. Bəli, bu at bəlkə də minilməmişdi. Polis həyətinda at məni az qalmışdı yerə çırpsın. Bu atı mənə bilərəkdən vermişdilər. Digər bir at gətirdilər. Təəccüblü burasıdır ki, həmin ata nə əmniyyə rəisi, nə də əmniyyələr mindi. Üzü dağlara doğru hərəkət etdik. Atlarımızı sürətlə dağ yoluyla çapırdıq. Şahgəldiyev atı bir ayaq-bir ayaq sürürdü. Çox yerdə onu gözləməli olurduq…

İrəlidəki yollar bizi dağlara doğru aparırdı. Gedəcəyimiz kəndə az qalmışdı ki, əmniyyə rəisi və əmniyyələr atları qamçılayıb kəndə bizdan əvvəl girməyə can atdılar. Mən da atı çapdım. Onlar atları kənddə bir daxma qarşısında saxlayıb yerə endilər.

“Bu nə işdir, siz bizdən zaminlik istəyirdiniz. Necə olur ki, bizdən əvvəl kəndə girməyə cürət edirsiniz…” – dedim. Əmniyyə rəisi dedi ki, bax bu ev şurəvilərindir. Mən istədim ki, onları buradaca silahlı surətdə sizə göstərim.

Nə isə, Şahgəldiyev də gəlib çıxdı. Otaqda bir neçə adam vardı. Bunlar tudəçilərdəndi. Xan və oğlu haqqında sorğu-suala başlandı. Hamı bir ağızdan dedi ki, xan və oğlu qaçmışdır. Onları öldürən olmamışdır.

Xanın malikanəsinə getməli olduq. Evi qarət edilmişdi. Evin müəyyən yeri yandırılmışdı. Manqalın dalından bir nəfər yuxulu gözlərilə bizi süzdü. Bu, xanın qardaşı idi. Belə bir hadisəyə baxmayaraq, tiryək çəkməklə məşğuldu. Digər otaqdan iki qadın çıxdı. Biri xanın arvadı, digəri bacısı idi. Xanın bacısı örpəyini başından götürüb ayaqlarımın altına atdı. “Qardaşımın və oğlunun ya dirisini, ya ölüsünü bizə qaytarın!” – dedi.

Kənd ağsaqqallarına müraciət etdik. Qarət olunmuş şeylər bir saatın içində xanın evinə qaytarıldı. Kənd əhalisi meydançaya toplaşdi. Hamı bir ağızdan xanın və oğlunun qaçdığını söyləyirdi. Əmniyyə rəisi deyirdi ki, “bu yalandır, xanı öldürmüsünüz. Görünür, günahı varmış ki, öldürmüsünüz”.

Meydançaya toplaşanlar bir-bir xanın zülmündən, oğlunun qizların namusunu pozmasından xeyli danışdı. Bir gənc qadın başını aşağı dikərək xan oğlu tərəfindən zorlandığını danışdı. Bir qoca kürkünü qaldırıb belindəki xəncər yaralarını göstərdi. Dedi ki, xan oğlu nəvəmi zorlamaq istəyirdi. Mən harayına yetişdim. Xan oğlu həyatimdəki meyvə ağaclarını doğramağa başladı. Mane olmaq istəyəndə xəncərlə bir neçə yerdən məni yaraladı. Divana şikayət etdim. Səsimi eşidən olmadı.

Kəndlilərin arasında pəhləvan gövdəli birini tanıdım. O, (Qulam Yəhya) vaxtilə Bakı neft mədənlərində işləyirdi. Mən xəlvəti ona başa saldım ki, əmniyyə rəisi köhnə qurddur, onlardan şübhələnir. Sabah gecə Səraba, yanımıza gəlsinlər.

Gecəni kənddə xanın evində qalmalı olduq. Kəndlilər gecə yarısına qədər bizə suallar yağdırırdılar. Əmniyyə rəisi onlara belə deyirdi: “Əqlinizi başınıza yığın. Bu gün-sabah müharibə qurtaracaq. Bunlar öz vətənlərinə qayıdacaq. Yenə burada sizinlə biz qalacağıq”.

Mən kəndlilərə bir neçə şeir oxudum. “Durnalar” şerimi oxuyandan sonra soruşdum ki, bu şeir onlara çatdımı? Bir kəndli dedi: “Ağa, niyə, ürəyimin qulaği var, gözü var. Durnalar bizux da”. Bu söz sonra mənim bir şerimin sərlövhəsi oldu.

Kəndlilər evlərinə dağılışdı. Biz xalılar üzərində yatmalı idik. Əmniyyə rəisi və əmniyyələr biləklərini və ayaqlarının açıq tərəfini qaytanla bərk bağladılar. Biz təəccüb etdik. Sən demə, özlərini bitdən müdafiə üçün tədbir görürmüşlər. Sababı Səraba gəldik. Bir evdə rahatlanmaq istədik. Gecəyarı Qulam Yəhya bir yoldaşla yanımiza gəldi. Lampa işığında söhbətə başladıq. Onlar xanın və oğlunun həmin kənddə, otaqda boğdurulub yol üstündəki quyuya atıldığını bildirdilər.

Artıq bu adamların burada qalması təhlükəli idi. Səhər tezdən görüşməyi qərarlaşdırdıq. Lakin sübhə qədər yata bilmədik. Bədənimizi nə isə yeyirdi. “Bəlkə, qaşınma xəstəliyinə tutulmuşduq”, – deyə düşündük. Köynəklərimizi yoxladıq. Əllmizdə bitlər sıra-sıra düzülmüşdü. Dəhşətə gəldik. Sübh tezdən iki yoldaşı Ərdəbildən Təbrizə gedən hərbi yük maşınıyla yola salıb özümüz də orada qalmayıb hərəkət etdik. Mehmanxana həyətində soyunub paltarımızı yandırmağa verdik. Təmizlənib təzə paltar geydik.

Təbrizdə Q.Y. yoldaşın taleyi bizi çox nigaran qoymuşdu. Bizə xəbər çatdı ki, Q.Y. yoldaşı tutublar. Sərab əmniyyə rəisi Təbrizə telefonla xəbər çatdırıb ki, Q.Y. yoldaşı sovet maşınında yola salıblar.

Mən şairliklə yanaşı, bir fədaiyə dönmüşdüm. Ürəyim cənublu qardaşlarımızın çəkdikləri müsibətlərə, əzablara tamaşaçı kimi baxa bilmirdi. Təbriz ziyalıları, ətraf kəndlərin nümayəndələri yanıma gəlib dərdlərini danışırdılar. Mən də onların arzularını məndən rütbəcə böyük yoldaşlara çatdırırdım. Hər ailənin, hər adamın həyatı, güzəranı bir böyük kitaba sığmayan hadisələrlə doluydu.

Q.Y. yoldaşın taleyi ilə məşğul olduq. Mirzə [İbrahimov] ilə mənim yanıma iki adam tez-tez gəlib hər xahişimizi yerinə yetirməyə hazır olduqlarını bildirdilər. Bunlardan biri Milli Qəhrəman Səttarxanın kürəkəni idi. Çox ucaboy, pəhləvan gövdəli bu adam deyirdi ki, kimi istəyirsinizsə, gedib vurum. Mən bunlardan çox zülmlər çəkmişəm. Biz onu başa salırdıq ki, İran torpağına gəlməkdə məqsədimiz başqadır. Biz terror əleyhinəyik. Tək-tək adamları aradan götürməklə, xalqımın vəziyyəti yaxşılaşmaz.

Bir gün eşitdik ki, Qaradağda mülkədarlar öz nökərlərilə birlikdə onu facianə bir surətdə öldürüblər. İkinci adam isə [Əziz] Zəndi adli kürd idi. O zindandan təzəcə çıxıb Təbrizə gəlmişdi. Deyirdi ki, “Mən kürd ziyalılarındanam. Azadgah olduğumdan neçə ildi ki, zindanda yatırdım. Mən hazırda dəmir qəfəsdən çıxmış pələngə bənzəyirəm. Deyin, kimi aradan götürüm!” Biz Səttarxanın kürəkəninə dediklərimizi ona da söylədik. Mirzə ilə bir neçə kəlmə danışdıq ki, o bizi başa düşməsin… Kürd Zəndi bir neçə dil bilirdi. Mən ona Q.Y. yoldaşın başına gələnləri danışdım. Zəndi dedi ki, mən belə işlərin çarəsini yaxşı bilirəm. Nəhayət, öyrəndik ki, Q.Y. yoldaş xilas edilmişdir.

Bu həqiqətə nə qədər uyğundur, bilmirəm. Zəndi bizə dedi ki, qubernator Fəhminin kabinetinə girdim. Mauzeri gicgahına dayayıb Q.Y. yoldaşın dərhal azad olunmasını tələb etdim. Qoca qubernator canının qorxusundan telefonla dərhal Q.Y. yoldaşın buraxılması əmrini verdi. Sonralar Q.Y. yoldaşı hər dəfə görəndə bu hadisəni ona xatırlatmaq istədimsə də, bacarmadım”.




Yuxarı Əvvələ Ana Səhifə