XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2020 - 11:38

İRAN VƏ RUSİYA YOLDAŞ OLMAQDA İSRARLIDIR –Sergey Lavrov: "Cəhdlərimizin nə qədər uğurlu olacağını bilmirəm"

Marianna Belenkaya, Qalina Dudina

“Kommersant”, 24.09.2020

 

Rusiya və İran ABŞ-ın “beynəlxalq hüquq pozuntuları” ilə üzləşməyə hazırdır. İki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərifin Moskvada keçirdiyi görüşün əsas leytmotivi budur. Rusiya Vaşinqtonun İran əleyhinə sanksiyalarına, hərbi-texniki də daxil olmaqla, müxtəlif sahələrdə yeni ortaq layihələrlə cavab vermək niyyətindədir. Ancaq ABŞ da geri çəkilməyə hazır deyil. Rusiya və İran xarici işlər nazirləri danışıqlar apararkən, Vaşinqton Tehrana qarşı yeni sanksiyalarını elan edib.

 

Təhlükəsizlik Şurası ilə fasilə

Məhəmməd Cavad Zərif Sergey Lavrovla danışıqların başlanğıcında deyib: “Koronavirus belə mənim Moskva səfərlərimə müdaxilə etmir”. Cənab Zərif əvvəlki səfəri zamanı başladığı ənənəni davam etdirib və Rusiyaya etdiyi bütün səfərləri sayıb: iyun ayının əvvəlindən və ümumən 2013-cü ildə xarici işlər naziri təyin olunduğu gündən bu yana 31-ci səfəridir.

İyul ayında son nazirlər toplantısından sonra Moskva və Pekin BMT Təhlükəsizlik Şurasında İran uğrunda mübarizədə ABŞ-a qalib gələrək, oktyabrın 18-də bitən Tehrana silah tədarükü qadağasını ləğv edib. Buna görə cənab Zərif rus və çinli dostlarına minnətdarlığını bildirib.

Təhlükəsizlik Şurasında uğursuzluğa düçar olan Vaşinqton Bazar ertəsi günü İrana silah satmaq və ya əksinə, ondan silah almaq istəyənlərə sanksiya tətbiq edib. Tehrana “hər cür texniki təlim, maliyyə mənbələri, məsləhət” və silahlarla əlaqəli digər yardımların verilməsinə də məhdudiyyətlər qoyulur.

Bundan əlavə, Vaşinqton bir tərəfli olaraq Tehrana qarşı BMT Təhlükəsizlik Şurasının 5 üzvü və Almaniyanın 2015-ci ildə İranla nüvə sazişinin – Birgə Hərtərəfli Fəaliyyət Planın (JCPOA) imzalamasından əvvəl mövcud olan bütün beynəlxalq sanksiyaların bərpa olunduğunu elan edib.

Əksər ölkələr ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etmək qərarını tanımayıb. Ancaq bu, İrana qarşı mübarizə yolunda Vaşinqtonu dayandıra bilməyib. Cümə axşamı Sergey Lavrov və Məhəmməd Cavad Zərif görüşərkən, 2018-ci ildə hökumət əleyhinə nümayişlər zamanı Şirazda bir təhlükəsizlik işçisini öldürməkdə günahlandırılan 27 yaşlı güləşçi Nəvid Əfkarinin edamı ilə əlaqədar ABŞ-ın İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq olunduğu məlum olub.

Bunun fonunda İran xarici işlər nazirinin Sergey Lavrovla görüşü zamanı BMT Təhlükəsizlik Şurasında döyüşlərə hazır olduğunu elan etməsi təəccüblü deyil.

Rusiyalı nazir danışıqların əvvəlində deyib: “Çox təəssüf ki, JCPOA ətrafında vəziyyət kəskinləşir. Amerikalı həmkarlarımız BMT Təhlükəsizlik Şurasında dəstək tapmayan, qəbuledilməz, birtərəfli, qanunsuz fikirləri təbliğ etməyə çalışırlar. Bu vacib sənədə sadiq qalmış bütün JCPOA iştirakçıları ilə fəal şəkildə işləyirik”.

Lavrov “beynəlxalq hüququn əsaslarını sarsıtmaq üçün aktiv cəhdlər gördükdə”, iranlı həmkarı ilə “xarici siyasət cəbhəsində ortaya çıxan çox həyəcanverici tendensiyalara qarşı fikir mübadiləsinin vacib olduğu”nu sözlərinə əlavə edib.

Cənab Zərif, öz növbəsində, Rusiyanın oktyabr ayında bu quruma rəhbərlik etdiyi dövrdə Təhlükəsizlik Şurasının nüfuzunu qorumaq üçün əlindən gələni edəcəyinə ümid etdiyini bildirib.

İranlı həmkarı ilə danışıqlar və mətbuat konfransı arasında Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında videoəlaqə vasitəsi ilə danışıb. Nazirin çıxışı Rusiyanın sədrliyinin tonunu təyin etməli idi. Bu çıxışda ABŞ-a eyhamlar da var idi. Barışdırıcı bəyanatlardan (pandemiyanın bütün ölkələrin bir-birinə necə bağlı olduğunu və problemlərin təkbaşına həll edilə bilməyəcəyi) başlayaraq, cənab Lavrov bəzilərinin “fürsətçi fikir ayrılıqlarını kənara qoymağa” və problemləri birlikdə həll etməyə hazır olmadığını açıq şəkildə bildirib.

“Ayrı-ayrı dövlətlərin mövcud vəziyyətdən dar eqoist, ani mənafeləri təşviq etmək, istənməyən hökumətlərlə və ya geosiyasi rəqiblərlə hesablaşmaq üçün istifadə etməyə cəhdləri var”. Onun sözlərinə görə, “Böyük beşlik” zirvəsi –  BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında beynəlxalq epidemioloji vəziyyətin imkan verdiyi anda baş tutmalı olan üzbəüz söhbət – qlobal sabitliyi gücləndirməlidir.

 

Sanksiyalara baxmayaraq

“COVID-19 sonrası dövrdə qlobal idarəetmə” mövzusunda qısa çıxışdan sonra Sergey Lavrov iranlı həmkarı ilə birgə mətbuat konfransı keçirib. Hər iki nazir hüquq və dünya nizamı üçün mübarizə aparmağa hazır görünüblər. ABŞ-a cavablarını yalnız beynəlxalq platformalarda deyil, sanksiyalara baxmayaraq, “ticarət və investisiya əlaqələri” inkişaf etdirərək də vermək niyyətindədirlər.

Sergey Lavrov bildirib: “Əlbəttə, ABŞ-ın qanunsuz birtərəfli sanksiyaları və Tehranın iqtisadi təcridinə yönəlmiş  təzyiqlərlə qarşılaşırıq”. Ancaq o dərhal “nəqliyyat, sənaye, kooperasiya sahələrində, ilk növbədə, enerji sektorunda, o cümlədən nüvə enerjisi sahəsində böyük ortaq investisiya layihələrinin həyata keçirilməsinə davam etmək üçün” bir razılaşma əldə edildiyini vurğulayıb. Rus nazir “davam etmək” sözünü xüsusi vurğulayıb.

İki ölkənin xarici işlər nazirləri ilin sonuna qədər Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın (HK) iclasının keçirilməsinə dair razılığa gəlib. Tarix yenə də epidemioloji vəziyyətdən asılı olacaq, baxmayaraq ki, Məhəmməd Cavad Zərif Sergey Lavrovla danışıqlardan əvvəl HK-nın oktyabrda keçiriləcəyinə ümid etdiyini bildirib. Ancaq Moskvada tarixlə risk etməməyə qərar veriblər.

Moskva və Tehran hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Bir iranlı jurnalistin Rusiya və BMT Təhlükəsizlik Şurasının digər üzvlərinin ABŞ-ın Tehranın digər ölkələrlə bu sahədə əməkdaşlığına müdaxilə cəhdlərinə müqavimət göstərməyə hazır olub-olmadıqları barədə sualına cənab Lavrov belə cavab verib: Rusiya öz siyasətini başqalarının “qanuni qüvvəsi olmayan təcavüzkar tələbləri” əsasında qurmaq fikrində deyil.

Rusiya Xarici İşlər Nazirliyindəki danışıqlardan əvvəl də Zərif “Sputnik”ə verdiyi müsahibəsində Moskva və Tehranın “həm hərbi texnika satınalmada, həm də digər sahələrdə böyük potensiala sahib olduğunu” söyləyib. Rusiyadan silah almağın mümkünlüyü barədə suala cavab olaraq o bildirib ki, İran silahlı qüvvələrinin siyasəti özünü təmin etmək məqsədi daşıyır. “Ancaq bu, bütün silah ehtiyaclarımızı 100% təmin edə biləcəyimiz anlamına gəlmir”.

Tərəflər JCPOA uğrunda mübarizəyə və ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə əlavə olaraq, Suriya, Əfqanıstan və Yəməndəki vəziyyəti müzakirə ediblər.

“Müharibənin dayanmadığı” məhz bu üç ölkəni cənab Zərif İranın bölgədəki prioritetləri adlandırıb. Tehranın Suriyadakı hadisələrin inkişafına dair mövqeyini o, Sergey Lavrovla danışıqlardan əvvəl də ətraflı izah edib.

Beləliklə, nazir xüsusilə Suriya hökuməti ilə müxalifət arasında “Astana formatı” (Rusiya, İran, Türkiyə) çərçivəsində planlaşdırılan görüşü açıqlayıb, hərçənd indi bütün danışıqlar prosesi Suriya Konstitusiya Komitəsinin çalışdığı Cenevrədə keçirilir.

“Kommersant”ın sualını cavablandıran nazirlər Cenevrədəki danışıqları əvəz etmək niyyətində olmadıqlarını, ancaq konstitusiyadan başqa, rəsmi Dəməşq və müxalifətin müzakirə etməli olduğu bir çox mövzunun varlığını dilə gətiriblər.

Sergey Lavrov, BMT-nin bütün Suriyalararası dialoq cəhdləri uğursuz olduqda, Konstitusiya Komitəsinin fəaliyyətə başlamasını asanlaşdıran “Astana üçlüyü” olduğunu xatırladıb. “Biz yaratdığımız bütün qurumlara cavabdehik”. Sergey Lavrov BMT nümayəndələrinin də Moskvanın üçün belə bir rolunda maraqlı olduqlarını deyib.

Həm rusiyalı nazir, həm də iranlı həmkarı “Astana formatı”nın vacibliyini vurğulayıb və Türkiyə ilə işləməyə hazır olduqlarını təsdiqləyiblər.

Rusiya Xarici İşlər Nazirliyindəki danışıqlardan əvvəl cənab Zərif “Sputnik”ə verdiyi müsahibədə bölgənin təhlükəsizliyinə təhdidlər yaratmaqda günahlandıraraq Ankaranı sancıb. İranlı nazir Sergey Lavrovun yanında Türkiyəni tənqid etməyə cəsarət etməyib. Sergey Lavrov da Moskvanın “Astana formatı” üzrə tərəfdaşlarına olan bütün iddialarını danışıqlar çərçivəsindən kənarda qoyub.

Moskva və Tehranın ABŞ-ın beynəlxalq hüququ pozduğu saydığı ortaq bir təhlükə qarşısında birlik nümayiş etdirməyin daha vacib olduğu ortaya çıxıb. Lakin Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin vurğuladığı kimi, Moskva İrana qarşı sanksiyalar mövzusunda amerikalılarla dialoqu davam etdirir. “Biz onlarla fikirləşməyə və bu cür davranışın mütləq faydasızlığını beynəlxalq hüquqla izah etməyə çalışırıq”

Sergey Lavrov əlavə edib: “Düzdür, cəhdlərimizin nə qədər uğurlu olacağını bilmirəm”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə