XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2020 - 12:53

RUSİYA ARTIQ AVROPANI DA İTİRİR –Putin hakimiyyəti hər tərəfdən basqı altındadır - TƏHLİL

Liliya Şevtsova

“Obozrevatel”, Ukrayna, 24 sentyabr 2020-ci il

 

Avropa Rusiyaya hava kimi lazımdır. Avropa Rusiya üçün iqtisadi resurs və texnologiya təchizatçısıdır. Avropa Qərb lobbiçilərilə birlikdə vətənin təbii ehtiyatlarını özəlləşdirmə mexanizmi yaradan rus hakim sinfi üçün evdir.

Rusiya üçün ən önəmli ölkə daima Almaniya olmuşdur. Kremlin 1970-ci ildə AFR-lə əldə etdiyi “boru və pul əvəzində qaz” anlaşması SSRİ-yə enerji dövləti olma imkanı vermişdi. Moskva bu anlaşmadan alman tərəfdaşlarına nisbətən daha uğurla istifadə etmişdir. Almanlar ümid edirdilər ki, iqtisadi əməkdaşlıq Rusiyanın transformasiyasına yardım edəcək. Alınmadı. Almanlar Putin Rusiyasına “Modernləşmə naminə tərəfdaşlıq” təklif edərək, eksperimenti təkrar etmək istədilər. Yenə də alınmadı.

Kansler Merkel uzun müddət ərzində inandı ki, Kremllə danışmaq lazımdır, dialoq qarşılıqlı anlaşmaya yardım edəcək. Lakin onun səbri daşdı və 2020-ci ilin mayında Merkel bəyan etdi: “Rusiya hibrid müharibə strategiyası həyata keçirir”.

Qucaqlaşmaq yolu ilə Rusiyanı sakitləşdirmək, yola gətirmək ideyasını Fransa Prezidenti Makron ələ keçirdi. Lakin “Navalnı faciəsi”ndən dəhşətə gələn Makron heç bir Qərb liderinin risk etməyəcəyi bir hərəkət etdi. Makron, Navalnını öldürmək üçün edilən cəhdin “üstünün açılmasını” tələb etməklə, Kremlə qarşı ultimatum irəli sürdü. Makron Moskvaya xüsusi simpatiya ilə bağlı fransız ənənələrini dağıdaraq, bəyan etdi: “Sürətli və qüsursuz aydınlıq gətirilməlidir, çünki biz elə edəcəyik ki, qırmızı xətlərə əməl olunsun”.

İndi siz soruşacaqsınız: “Yəni, zəif iradəli Avropa Rusiyaya cavab verməyə qadirdir?” Axı keçmişdə Avropanın qəzəblənməsi üçün çox sayda səbəblər olub. Lakin hər dəfə Avropa siyasi mazoxizmə şübhə yaratmaqla, Rusiyanı “anlamaq” cəhdlərinə doğru geri dönüb.

Ancaq əgər Kreml Avropa Parlamentinin bu yaxınlarda Rusiya və Belarusla bağlı qəbul etdiyi qətnamələrin sərtliyini görməzdən gələrsə, bu, səhv olacaqdır.

Avropa anlamağa başlayıb ki, onun Rusiyaya münasibətdə yumşaqlıq göstərməsinin ziyanı iqtisadi faydanı üstələyir. Moskvada aqressivlik yaratmaq qorxusu öz yerini (AB – tərc.) daxili dağılma qorxularına verir. Avropa dünya səhnəsində Rusiya sisteminin maraqlarının həyata keçirilməsi “sənayesi”ni dağıtmağa başlayır.

Belə ki, London çirkli pulların yuyulması ilə mübarizə aparmaqla, artıq rus elitası üçün “isti yer” olmaqdan çıxıb. Daima xidmət göstərməyə hazır olan Kipr, Rusiya elitasından “qızıl pasportlar”ı yığmağa cəsarət göstərib. Malta da eyni şeyi düşünür.

Aparılan araşdırmalar Avstriya, Almaniya, Hollandiya və Skandinaviyanın Rusiyanın yüz milyard dollarla ölçülən çirkli pullarının yuyulmasında iştirak etməkdə ittiham olunan nüfuzlu banklarının (“Danske Bank”, “Swedbank”, “SEB”, “Deutsche bank”, “Raiffeisen Bank” daxil olmaqla) etibarını zədələdi.

Hamı AB-nin 5-ci direktivinin Avropa Birliyi və Böyük Britaniyada necə həyata keçiriləcəyini gözləyərək, gərginlik içində donub qalıb. Bu direktiv bank hesablarının anonimliyi şərtini ortadan qaldırır. Bu direktiv şübhəli şəxslərin pulları ilə işləyən mühasiblərdən başlayaraq, hamı üçün keçərlidir.

Rusiya mənşəli kapitalın “təmizlənməsi” üçün sevimli sahə olan incəsənət bazarı uzun müddət bu yeni qanunvericiliyə qarşı müqavimət göstərdi. Artıq bundan sonra Avropa dövlətlərinin hərraclarından alıcıların kimliyinin müəyyən olunması tələb olunacaqdır.

Avropa maliyyə tənzimləyiciləri “siyasi cəhətdən əhəmiyyətli şəxslərə” – siyasətçilərə, məmurlara, onların qohumları və yaxınlarına xüsusi diqqət edəcək.

Avropa Rusiyadan gələn çağırışa özünün təmizlənməsilə və “yardımçılara” – Rusiya elitasının Avropa cəmiyyətinə inteqrasiya olunmasını təmin edənlərə qarşı mübarizə ilə cavab verir.

Avropalılar lənglik nümayiş etdirdikləri halda, amerikan maliyyə tənzimləyiciləri hazır vəziyyətdə gözləyirlər. Çirkli pulların axınını, hərəkətini tədqiq edən müstəqil jurnalist konsorsiumlarından (OCCRP kimi) və Transparency International-dən daha çox səs-küy gözləməyinə dəyər.

İroniya ondadır ki, Qərbin başlatdığı təmizlik Prezident Putinin “xarici dövlətin vətəndaşı, təbəəsi olan və ya xarici dövlətdə yaşama izni olan, həmçinin xarici maliyyə qurumularında, banklarında hesabı və ya əmanəti olan şəxslərin dövlət vəzifəsi tutmasının tamamilə qadağan edilməsi” tələbinə cavab verir. Maraqlıdır, bizim dövlət məmurlarımız bu ayrı-seçkiliyi necə qarşılayacaqlar? Axı digərləri “ehtiyat paraşüt”ə sahib olduqları halda, onlar sahib ola bilməyəcəklər.

Belarusdakı zorakılığa və Navalnıya sui-qəsdə qarşı öz cavabını formalaşdırmaq üçün praqmatizm artıq Avropaya əngəl deyil.

Belə ki, Brüssel yalnız Lukaşenkonu legitim prezident kimi tanımaqdan imtina etmədi, eyni zamanda Koordinasiya Şurasını “Belarusda demokratik dəyişikliklər tələb edən insanların müvəqqəti nümayəndəliyi” kimi tanıdığını bəyan etdi. İndi Rusiya üçün Koordinasiya Şurasını tanımamaqla, Lukaşenkodan yeni hakimiyyətə keçidə nəzarət etmək çətin olacaq.

Avropa, Rusiyanın Belarusun işlərinə “hibrid müdaxilə” etməsindən danışır. Əgər bunda iştirak edənlərin adı sanksiya siyahısına düşəcəksə, təəccüblənmək lazım deyildir.

Prezident Makron Rusiyaya meydan oxuyaraq, Belarusla bağlı bəyan edib: “Müdaxiləyə də, cinayətkarcasına susmağa da “xeyr”!”.

Avropa səfirləri Nobel mükafatı laureatı Svetlana Alekseyeviçin evində müdafiə mövqeyi tutaraq, onun həbsinin qarşısını aldılar. Əgər onlar bunu Moskvada tətbiq etməyə başlasalar, necə olacaq?

“Navalnı amili” Avropanı yalnız Rusiya boyu kimyəvi döyüş agentinin gəzməsi məsələsini qaldırmağa məcbur etmir. Avropa öz təhlükəsizliyi haqqında da düşünməlidir.

Kremlin Avropadakı tərəfdarları sual edirlər: “Axı nə üçün Kreml heç olmasa yalançı təhqiqata belə gedə bilmir?” Onlar anlayırlar ki, Rusiyanın mövqeyi onların nüfuzunu sarsıdır.

Avropa hələ də bir Rusiya resursu olaraq qalmaqdadır. Lakin Rusiya Avropa üçün təhdid amili olmaqdan ötrü hər şeyi edir. Hələ Belarus və Navalnı ilə bağlı hadisələr olmamışdan əvvəl avropalıların yalnız 31%-i Rusiyaya xeyirxahlıqla baxırdı. Onların arasında isveçlilər 12%, hollandlar 23%, britaniyalılar 26%, almanlar 35%, fransızlar isə 33% təşkil edirdi (avropalıların 27%-i Putinə etibar edirdi). Bu gün avropalıların nə qədərinin bizə simpatiya ilə yanaşdığını təxmin etmək olar.

Artıq əvvəlki kimi, “Avropalıların canı cəhənnəmə, hər şey unudulacaq” demək olmaz. Unudulmayacaq.

Yeni dövr haqqında düşünməyin vaxtıdır. Rusiya hakimiyyətinin, Avropanın “sistem möhkəmləndiricisi” qismində istifadə olunması da daxil olmaqla, xarici resursu tükənir.

Biz hələlik bilmirik ki, siyasi cırtdan olmağa üstünlük verən iqtisadi nəhəng nə zaman tam oyanacaq. Lakin onun Rusiyaya görə oyanmağa başladığına şübhə yoxdur. Kreml, Avropanı küncdən çıxmağa və öz genlərini xatırlamağa məcbur etməklə, ona başqa bir seçim qoymadı.

Rusiya Avropanı, ən azı, onun etimadını itirdi. Bunun öz ifadəsini konkret olaraq nədə tapacağını görəcəyik.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə