XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 18:13

Brüsseldəki partlayışlar siyasətdə necə əks-səda verəcək?- Təhlil

terror-belcika

 

Dünən Brüsseldə baş verən terror aksiyaları və partlayışlar bütün Avropanı və Qərb dünyasını silkələdi. Avropanın siyasi paytaxtında, mərkəzində baş verən partlayışlar siyasətdə necə əks-səda verəcək? İndi əslində hamını bu sual düşündürməlidir. Təhlükəsizlik tədbirləri gücləndiriləcək, miqrantlara nəzarət sərtləşəcək və artırılacaq, Avropaya qaçqınların girişi çətinləşəcək, deportasiya halları artacaq, millətçilik meyilləri güclənəcək və s.  Bütün bunlar aydındır və şübhə doğurmur ki, bu istiqamətdə addımlar atılacaq. Lakin bütün bunlar terrorun qarşısını almağa yetəcəkmi? Yaxud, bütün bunlarla terrorçuların qarşısını almaq olarmı? Terrora qarşı texniki tədbirlər görmək nələri dəyişəcək? Avropa və Qərb ölkələri Paris, İstanbul, Ankara və Brüsseldəki partlayışlardan hansı dərsləri çıxarmalıdır? Brüsseldəki partlayışların təkrarlanmaması üçün bu suallara dürüst cavab verilməsi çox vacibdir.

Terroru lənətləyənlərin xorunda, ara-sıra fərqli və haqlı sual verənləri də eşitmək gərəkdir. Stereotiplərdən kənara çıxaraq həqiqəti söyləməyə çalışanlar az deyil. Avropada və Qərb dünyasında getdikcə daha çoxları bütün dünyanı bürüyən terror dalğasının məhz böyük dövlətlərin geosiyasi layihələri, Yaxın Şərqdəki, Avrasiyanın cənub bölgəsindəki addımları ilə əlaqələndirirlər.  Tarixi xronologiyanı misal çəkənlər yaxın keçmişimizdəki hadisələri və Yaxın Şərqdəki, Avrasiyanın cənub bölgəsindəki nüfuz savaşını xatırladırlar. İndi dünyada xaos meyillərini, sərhədlərin yenidən çəkilməsinə səyləri, terrorun geniş yayılması, dini zəmində münaqişələrin artması və nəhayət, sivilzasiyalararası toqquşma nəzəriyyələrinin yenidən aktullaşmasını hələ də davam edən  savaş və oyunların  əks-sədası kimi qiymətləndirirlər.

Əfqanıstandan 1989-cu ildə sovet qoşunları çıxandan cəmi iki il sonra ABŞ-İraq müharibəsi başladı. İraq geri çəkildi və beynəlxalq izolyasiyaya salındı. İraqla ilk savaşdan 10 il sonra ABŞ və Qərb ölkələri koalisiyası Əfqanıstanda müharibəyə başladı. Əfaqanistanda hərbi əməliyyatların başlamasından sonra Səddam Hüseyn  rejimi ilə müharibə baş verdi. İraq diktatoru devrildi və asıldı. Bundan 8  il sonra isə Liviya bombalandı. 2014-cü ildən isə Suriya və İraq ərazisi bombalanır…

Bu əməliyatlar və havadan zərbələr, “rəngli inqilablar” hər nə qədər terrorçulara, diktatorlara qarşı mübarizə, ümumbəşəri ideyaların və humanizm dəyərlərinin bərqərar olması uğrunda savaş zərurəti ilə əsaslandırılsa da, bütün dünyada  bunun gerçəkdən də belə olması ilə bağlı əsaslı şübhələr ortaya çıxarıb. Xüsusən, bu addımlardan sonra yaranan mənzərə – ölkələrin viran qalması, yüzminlərin öldürülməsi, milyonların qaçqın və köçkün düşməsi bəyan olunan məqsədlərlə gerçəklik arasında çox böyük təzad yaradıb…

Artıq total təbliğat maşını və uğurla sınaqdan çıxarılmış “beyinlərin yuyulması” vasitələri belə,  həqiqəti gizlətməyə kömək etmir. Dünyanın yenidən bölüşdürülməsi, gələcəkdə də böyük güclərin diktatının davam etməsi üçün indidən qabaqlayıcı addımların atıldığı, dünyanın strateji nöqtələrində qüvvələr nisbətinin dəyişməsi üçün planların işə düşdüyü gerçəyini gizlətmək mümkün olmur.

Bu geosiyasi kombinasiyalarda bölgələr, dövlətlər, ölkələr poliqona çevrilib. Şübhəsiz, bu savaşlar və müharibələrin əks-sədası bütün dünyada hiss olunmalıdır. Avropanın böyründəki bir ölkə darmadağın edilirsə, böyük güclərin hərbi rəqabət müstəvisinə çevrilirsə, “qoca qitədə”də bu, hiss olunmalıdır. Axı Avropa ölkələrinin xeyr-duası və sükutu da bu hadisələrin baş verməsinin əsas səbəblərindən biridir. 1991-ci ildə İraqda doğulan körpənin indi 25 yaşı var.  25 illik həyatında o, faktiki paraçalanan, səfalətdə yaşayan ölkədən, qırğınlardan başqa heç nə görməyib. Bunun əsas günahkarı kimi isə ABŞ və Qərb ölkələrini görürür! İndi Avropa bu suala dürüst cavab verməldir: bu gənc nə dərəcədə haqlıdır?

Terrora qarşı effektiv mübarizə bu suala dürüst cavab verilməsindən sonra başlayacaq. Terrorçular üçün inkubator yaratdıqdan sonra, terrorçuların harada yetişdiyi sualnı vermək, əslində dünyanı ələ salmaqdır.

Brüsseldəki partlayışların siyasətdəki əks-sədası düşüncələri bu istiqamətdə dəyişəcəksə, bundan sonra terror dalğasını əhəmiyyətli şəkildə məhdudlaşdırmaq mümkün olacaq. 

Şübhəsiz ki, heç kim romantik xəyallara qapılaraq dünyada tam ədalətli düzən qurulacağını gözləmir. Amma dünyadakı ədalətsizlik və şiddət də hər gün keçdikcə artır. Dünya xaosa sürüklənir, açıq sərhədlər ideyası, arzusu, inteqrasiya planları göz-görə puça çıxır. Militarizim (silahlanma) görünməmiş vüsət alıb.

Bütün bunlar öz-özlüyündə baş vermir  və daha çox Qərb dünyasının geosiyasi layihələrinin məhsulu kimi meydana çıxır. Dünyanın öndə gedən, söz sahibi olan dövlətləri kimi, mümkün harmoniyanın bərpa olunmasında, xaos meyillərinin qarşısının alınmasında da əsas məsuliyyət onların üzərinə düşür.

Hegemonluq və diktat siyasəti bu cür davam edəcəksə, şübhəzi ki, terrordan heç cür qurtulmaq mümkün olmayacaq. Bu siyasətin sonu “qala dövlətlər, bölgələr” yaranması ilə nəticələnə bilər.

Avropanın siyasi mərkəzindəki partlayışlardan sonra məhz bu məsələlərlə bağlı müzakirələrin aparılması düzgün olardı. Əksinə baş verəcəksə,  Avropa və Qərb ölkələri doğurdan da “qalada yaşamaq” perspektivi üzərində ciddi düşünməli olacaqlar. Qalada yaşamaq isə heç də komfortlu deyil…

 

Zaur İbrahimli

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə