XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2020 - 19:40

QAFQAZ-ORTA ŞƏRQ-ARALIQ DƏNİZİ:mühasirəni yarmaq üçün birgə atılan addımlar - TƏHLİL

Nedret Ersanel

“Yeni Şafak”, Türkiyə, 03 oktyabr 2020-ci il

 

Sualları cavablardan daha çox sevirəm. Azərbaycan-Ermənistan böhranı ilə bütün Qafqaza təsir edilməsi ABŞ, İsrail və yandaşlarının Orta Şərq geopolitikasını yenidən çızmaq üçün atdığı addımlardan ayrı və təsadüfi ola bilərmi?

Və ya başqa bir sual… Bu böhran İsrailin, Azərbaycan və Gürcüstan daxil olmaqla, bəzi region ölkələrindəki varlığından Rusiya, Türkiyə və İranın narahat olmasından bəslənmiş ola bilərmi?

Yaxud, Ermənistanın İsraildəki səfirini bu ölkənin Azərbaycana hərbi yardım göstərməsi səbəbilə geri çağırması, – mütəxəssislərin fərziyyələrinə görə, bura Ermənistanın Rusiya istehsalı olan 2 hərbi təyyarəsinin dağa çarpılması kimi “paranormal” hadisə də daxildir, – İran-İsrail rəqabəti baxımından nə anlama gəlir?

Bu suallar sadəcə bölgədə baş verən hadisələrin daxili mexanizmlərini və onların Orta Şərqlə əlaqələrini açmaqla qalmır, eyni zamanda “böhransonrası” dövr üçün potensial ssenarilər təqdim edir.

Döyüşlərin 6-cı günündə Cənubi Qafqazdakı gərginliyin səbəbini Türkiyə ilə Rusiyanın  siyasi maraqlarının toqquş(durul)masında görən şərhlər, ən azı, indilik, əriməyə başlamış görünür.

Əksinə, Rusiya və Türkiyənin, hətta İranın bu məsələ ilə bağlı bir-birinə yaxın durduqları hiss edilir. Sonrası məlum deyil, lakin mənzərə belə təsvir edildikdə, 4-cü, ancaq baş rolu oynayan oyunçu olaraq da Azərbaycan eyni kadra əlavə olunur.

İranın sərhəddə nə işlər çevirdiyilə bağlı videolar ortadadır və bu, onun Ermənistanla daima yaxın əlaqələr saxlamağa çalışmasının bir təzahürüdür.

Digər tərəfdən, Tehranın açıqlamalarının hamısı güclü şəkildə Azərbaycan torpaqlarının öz sahibinə təhvil verilməli olduğunu vurğulayır. Hətta Rusiya, Türkiyə və İranın bu problemin həlli üçün o məşhur üçlü formatı burada da qurmasını istəyir. Üstəlik, bu təklif Ermənistanın baş nazirinə də çatdırılmışdır. İran, Rusiya ilə müqayisə olunmayacaq dərəcədə olsa da, Yerevan üzərində təsiri olan bir ölkədir. Ən azı, Ermənistan xarici dünya ilə məhz İran vasitəsilə güclü əlaqə saxlayır.

İranla Türkiyənin İsrailin Qafqazdakı varlığı ilə bağlı duyğuları necə ola bilər? Rusiya öz arxa baxçasında ABŞ-ın uzantısı olaraq mövcud olan İsraili necə dəyərləndirir? İsrailin Orta Şərqdəki planlarına qarşı çıxan Ankara və Tehran bu 2-ci cəbhəni necə qiymətləndirir? Ümumiyyətlə, hər üçü (Rusiya, Türkiyə və İran – tərc.) birlikdə ABŞ-ın bu bölgədəki təsirini öz işlərini pozan amil kimi qəbul edirlərmi, yoxsa aralarında fərqli nüanslar vardır? Cavablar sualların içindədir.

Ermənistanı uçurumun kənarında göstərən mövcud strateji mənzərə, əlbəttə, doğrudur. Görünən odur ki, təslim bayrağını qaldırsa da, Paşinyan yıxılıb, – elə görünür, – yerinə yeni lider və hökumət gəlsə də, iqtisadi durğunluq, çöküş və asılılıq, ağır sosial durum və gərginliklər Yerevanın çətin toparlanacağını, çox ehtimal ki, biri əl uzadanadək məchulluğa doğru sürüklənəcəyini göstərir.

Lakin eyni Ermənistan, bu arada dayaqlarını zəiflətsələr də, hələ də Rusiyanın təsirinə, Fransanın dəstəyinə və bir “seçki dairəsi” olaraq, Amerikanın marağına sahibdir.

“Bu böhran Orta Şərqdəki cari proseslərdən müstəqil, əlaqəsiz ola bilərmi?” deməyimizin səbəbi bir az da budur. İraq da, Suriya da, Misir də getdi. Qalanları İsraillə bir qrupda birləşir. Türkiyə və İran Orta Şərqdə üstlərinə gələnlər haqqında nə düşünürlərsə (“Top general: UAE to be treated as enemy If Israel hurts Iran’s security”, 27/09, The İran Project), Qafqazda da eyni şeyi düşünə bilərlər.

İran prezidenti deyib ki (06/09/2020), “Türkiyə-İran münasibətləri bir çox regional problemin həllində müəyyənedici rola sahibdir. İki ölkə arasındakı sərhəd sülh və dostluq sərhəddidir. Son 7 ildə hər iki ölkə regional və beynəlxalq problemlərin həlli üçün əməkdaşlığa söykənən böyük cəhdlər göstərib…”

İranla Türkiyənin Rusiya ilə birlikdə Orta Şərqdə qurulması üçün çalışılan blokun özlərinə qarşı bir cəbhə yaratdığını düşünmələri təəccüblü ola bilərmi?

Qafqaz və Orta Şərq bir-birindən uzaq regionlar olsalar da, buralardakı rəqabət parametrləri eynidir.

Bunu 3-cü bir cizgi ilə üçbucağa çevirmək də mümkündür: Şərqi Aralıq dənizində yaşanan böhranla birlikdə, ABŞ-ın Yunanıstandakı varlığı – həm quruda, həm də dənizdə – daha açıq hala gəlib…

Bu rəsmdə ən yeni kadr ABŞ Xarici işlər naziri Maykl Pompeonun Afina səfəridir. Yunanıstan Baş naziri Miçotakisin evində qonaq olan Pompeonun tvitter mesayı belə idi: “Bizimlə ortaq strateji baxışı paylaşan kritik müttəfiqimiz Yunanıstana yenidən gəlməkdən xoşbəxtəm. İkitərəfli münasibətlərimiz bütün zamanların ən güclü səviyyəsindədir…”

Bu açıqlama adi diplomatik tələbdən də irəli gələ bilər. Ancaq ABŞ-ın ən böyük döyüş gəmilərindən birinin artıq “davamlı” olaraq Krit adasında, Dədəağacda (Aleksandrupolis) lövbər atacağı dərhal Pentaqon tərəfindən təkzib edilsə də, bu səfər zamanı “istehsal” olunan “Amerika, türkləri cəzalandırmaq üçün İncirliyi Yunanıstana köçürəcək” xəbəri üçün, ən azı, “Xeyirli olsun!” demək lazım gəlir…

Aralıq dənizi və Yunanıstandakı intensiv hərəkətliliyinin səbəbini ABŞ-dan soruşduğunuz zaman, “Səbəb Rusiyadır” deyir. İkinci səbəb də Çindir. Son Türkiyə-Yunanıstan böhranının ən isti anlarında yüksək səviyyəli bir Çin nümayəndə heyətinin Afinaya gəlməsi də bu həqiqətləri təsdiq edir.

Lakin yeganə həqiqət bu deyil. Həm Orta Şərqdə, həm də Qafqazda olan böhranın böyük rəsmi Aralıq dənizindəki ilə eynidir. Beləliklə, Türkiyə bu böhranlı üçbucağın ortasında qalmış olur.

Bu, yaxşıdır, yoxsa pis? Əksəriyyət “pis”, bir qismi də “nə yaxşı, nə pis” deyəcəkdir. Məncə, bu cavabların heç biri həqiqəti əks etdirmir…

Dünən bu yazını bitirmək üzrə olduğum zaman Prezident Ərdoğan belə dedi: “Suriyadan Aralıq dənizi və Qafqaza uzanan böhran nöqtələrini birləşdirdikdə, ortaya çıxan tablo Türkiyənin mühasirəyə alınmağa çalışıldığını göstərir. Ölkəmizin bütövlüyünü, millətimizin birliyini, dövlətimizin gücünü qoruyarkən, digər yandan da bu mühasirəni yaracaq addımlar atdıq”.

Yəni, “yaxşı” tərəfi də vardır. Hətta qısa müddətdə artıqlamasilə vardır.

“O addımlar nədir?” sualının, ən azı, bir cavabı da bu yazı daxilində olmuş ola bilər.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə