XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 09:40

QARABAĞDA MÖVCUD MÜHARİBƏNİN RİSKLƏRİ NƏDİR? –Münaqişə haqqında kitab yazmış konfliktoloqun rəyi

Lourens Broers

“BBC”, 02.10.2020

 

Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında Cənubi Qafqazdakı mübahisəli Dağlıq Qarabağ ətrafında yenilənmiş bölgədə döyüş əməliyyatları davam edir.

Bazar günü başlayan döyüşlər miqyası və vüsət baxımından son illərdə artilleriya, tank, raket və pilotsuz təyyarələrin cəlb olunduğu dövri eskalasiyaları üstələyir.

İndiyə qədər mülki şəxslər və erməni döyüşçülər arasında 100-dən çox ölüm halı təsdiqlənib. Azərbaycan hərbi itkiləri barədə məlumatları açıqlamır, lakin yüksək olduğu güman edilə bilər.

Döyüşlər Sovet İttifaqının dağılmasından sonra Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərin bir hissəsini geri almaq üçün Azərbaycan qüvvələrinin təşəbbüsü ilə baş verir. 1992-94-cü illərdə yüz minlərlə etnik azərbaycanlı bu ərazilərdən didərgin düşüb.

Eskalasiya gərgin bir il – diplomatik qarşıdurma, davakar ritorika və iyul ayında Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəd bölgəsində toqquşmalardan sonra baş verib.

 

Təhlükələr

Ermənistan və Azərbaycan qüvvələri arasında əvvəlki eskalasiyalar bir neçə gündən sonra dayandırılıb. İndiki döyüşlərin intensivliyi bu dəfə bunun mümkün olmayacağını göstərir.

Mübahisəli Dağlıq Qarabağ ərazisindəki yaşayış məntəqələri 1990-cı illərdən bəri ilk dəfə raket zərbələri və bombardmanlara məruz qalıb. Ermənistanda və Azərbaycanda mülki hədəflər vurulub.

Hər iki tərəfin daha uzun bir qarşıdurma axtardığı görünür. Azərbaycan Ermənistanla danışıqları rədd edib və əvvəlki gərginliklərdən fərqli olaraq, güvənli Türkiyə dəstəyinə sahib olub. Təhlükə budur ki, daha uzun və sürəkli bir münaqişə xarici güclərin iştirakı ilə daha geniş regional müharibə riski daşıyır.

 

Türkiyənin rolu nədir?

Türkiyə, ənənəvi olaraq, qardaş türk millətinə və əsas geostrateji tərəfdaşı Azərbaycana mənəvi və diplomatik dəstək verib. İyuldakı qarşıdurmalardan sonra hər iki dövlətin müdafiə rəsmiləri arasındakı təmaslar intensivləşib və ortaq hərbi təlimlər başlayıb.

Bazar günü döyüşlər başlayandan bəri Türkiyə Azərbaycana qeyd-şərtsiz dəstəyini elan edib və görünür ki, azərbaycanlıları müxtəlif növ hərbi qabiliyyətlə təmin edir. Türk hərbi dron texnologiyasının tətbiq olunmasına şübhə yoxdur.

İrəvan, Ankaranı sentyabrın 29-da bir “SU-25” təyyarəsini vurmaqda günahlandırıb, Türkiyə bunu inkar edib. Bu cür iddialar əvvəllər də bildirilib və həqiqətə uyğun olmasa da, Türkiyənin Suriyadan muzdlu döyüşçüləri Azərbaycan uğrunda səfərbər etdiyi barədə təsdiqlənməmiş, lakin şişməkdə olan iddialar var.

 

Rusiyanın rolu nədir?

Rusiya münaqişədə müxtəlif, əksər hallarda ziddiyyətli rollar oynayır. İkitərəfli əlaqələr və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə Moskva Ermənistana təhlükəsizlik zəmanəti verir, lakin bunlar beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan Dağlıq Qarabağdakı döyüş bölgəsinə şamil edilmir. Moskva, eyni zamanda, hər iki tərəfə silah verir və münaqişədə vasitəçilik edən Minsk qrupunun həmsədrlərindən biridir.

Rusiya atəşkəs çağırışı edib, lakin əvvəlki geniş miqyaslı eskalasiyalardan fərqli olaraq, hələ də Ermənistan və Azərbaycan siyasi və ya hərbi rəhbərliklərinin toplantısını çağırmayıb.

Ermənistanın 2018-ci ildən sonrakı yeni lideri Nikol Paşinyanla Moskvanın naqolay münasibətləri var və İrəvan, şübhəsiz ki, eskalasiyanı mümkün qədər təkbaşına həll etməyə üstünlük verəcəkdir. Rusiya 1990-cı illərdə Dağlıq Qarabağda sülhməramlı qüvvələrini yerləşdirə bilməyib. Moskvanın köməyə gələcəyinə dair erməni şübhələri ucbatından o, Rusiyadan dəstək istəməyə ehtiyatla yanaşır.

Dağlıq Qarabağ və ətrafındakı ərazilər uğrunda mübarizə dayandırılmadığı müddətdə, tərəfsizliyini qorumaq optikası Moskvanın açıq şəkildə iştirakını mümkünsüz edir. Bununla birlikdə, Türkiyənin artan iştirakı ilə daha uzun bir qarşıdurma, imtiyazlı maraqlar sahəsinin bir hissəsi hesab etdiyi bölgədə Rusiyanın hökmranlığını təhdid edər və cavab dəvət edərdi.

 

Beynəlxalq birliyin təpkisi

Türkiyə xaricində digər regional və qlobal güclər təmkinli olmağa çağırıblar. İran, Gürcüstan və Qətər vasitəçilik təklif edib. BMT Təhlükəsizlik Şurasının 29 sentyabr tarixli iclasında Fransa, Rusiya və ABŞ-ın sədrlik etdiyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Minsk qrupunun Ermənistanla Azərbaycan arasında vasitəçilikdə əsas rolu təsdiqlənib.

Lakin diplomatiyanı yeniləmə və kifayət qədər beynəlxalq diqqət cəmləmə çətin olacaq. Çünki döyüşlər qlobal pandemiya, ABŞ seçkiləri kimi yayındırma dövrünə təsadüf edir və atəşkəsi razılaşdırmaq asan deyil.

 

Hadisələr necə inkişaf edə bilər?

İstər əhəmiyyətli bir ərazinin Azərbaycan tərəfindən geri alınması, istərsə də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əməliyyatlarının dəf edilməsi yolu ilə sürətli və möhkəmləndirilmiş hərbi müvəffəqiyyət atəşkəs üçün geniş imkanlar aça, lakin tərəflərin hər hansı birində gedişat daha pis olarsa, daxili qeyri-sabitliyi təhrik edə bilər.

Döyüşlər nə qədər uzansa və / və ya bir tərəfin daha uzun sürən mübarizədə məğlub olduğu görünsə, Rusiya və Türkiyənin daha çox müdaxilə mövzusunda çətin seçimlə qarşılaşması ehtimal olunur.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə