XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 20:50

TÜRK MƏTBUATI RUSİYANIN KÖÇƏRYANA DƏSTƏK VERƏCƏYİNİ YAZDI:"Paşinyan bu müharibənin gedişində öz postunu itirə bilər" - TƏHLİL

Çətinər Çətin

“Habertürk”, Türkiyə, 05 oktyabr 2020-ci il

 

Dünya COVİD-19-un 2-ci dalğasilə böğuşduğu halda, arxa bağçasında, demək olar ki, elə də çox hiss edilməyən bir savaş davam edir. Ən azı, Orta Şərq qədər qarışıq olan bir coğrafiya sayılan Qafqazda Azərbaycanla Ermənistan arasındakı toqquşmalar artıq müharibəyə çevrilmişdir. Beynəlxalq hüquqa və BMT qərarlarına əsasən, Azərbaycan torpağı olan və son 30 ildən bu yana Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində hər iki tərəfin birlikləri savaş halındadır.

Ermənistanla Azərbaycan arasında münaqişəyə səbəb Qafqaz dağlarının cənubunda yerləşən Dağlıq Qarabağ bölgəsidir.

Qafqazdakı silahlı münaqişələr özlərilə birlikdə önəmli təhlükələr daşısalar da, indiyədək Avropa və ABŞ-dan yalnız səmimi olmayan sözlər eşidilmişdir.

Savaş meydanına çevrilən bu bölgə Rusiya və Türkiyənin gələcəklə bağlı gözləntilərinin olduğu bir yerdir.

Türkiyənin qardaş Azərbaycanın yanında olması təbiidir. Prezident Ərdoğan da bu məsələdə hər şərtdə dəstək verəcəyini açıqladı. Ancaq Türkiyənin prosesə birbaşa müdaxilə etməsi halında, qarşımıza Rusiyanın çıxacağı açıqdır. Erməni torpaqlarında, Gümrü hərbi bazasında, ən azı, 3000 hərbçisi olan Rusiya müttəfiqi Ermənistanın köməyinə gələcəkdir. Doğrusu, Moskva və Ankara Liviya və Suriyada onsuz da qarşı-qarşıya durmuşdur.

Dağlıq Qarabağda 1994-cü ilə qədər gedən müharibədə təqribən 30 min nəfər həyatını itirmişdir. Bu bölgə o zamandan bu yana, beynəlxalq hüquqa zidd olaraq, Ermənistanın işğalı altındadır. Toqquşmaların olmadığı dövrlərdə bu bölgə ATƏT-in kiçik bir qrupu tərəfindən izlənilir. Ancaq həmin heyətin bu günlərdə harada olduğu və necə bir hesabat hazırladığı məlum deyil.

Yeni düşmənçiliklər, Gücüstanda Abxaziya və Cənubi Osetiyada, Ukraynada Donbasda, Moldovada Dnestryanıda olduğu kimi, Rusiyanın da daxil olduğu yeni münaqişələr anlamına gəlir. Yəni, mənzərə çox qarışıqdır.

Dağlıq Qarabağda 8 gündür davam edən toqquşmalarda isə qırılma anı gəlib çatdı… Rusiya, ABŞ və Fransa döyüşən tərəflərdən hərbi əməliyyatları durdurmağı tələb etdi. Lakin bundan bir nəticə alınmayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev, “Durun, çalışacağıq, müzakirə aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asacaq durumda deyilik. Bunları dəfələrlə eşitdik. Daha 30 il gözləyəcək halımız yoxdur. Problem indi həll edilməlidir” deyərək, Minsk qrupuna açıq və aydın cavab verdi.

İndi diqqəti Qarabağ daxilində gedən prosesə verməliyik. Çünki ABŞ tərəfdarı kimi tanınan Ermənistan Baş naziri Nikol Paşinyan Moskva tərəfindən çox sevilən və müdafiə olunan biri deyil. Diasporanın zorla qəbul etdirməsiylə hakimiyyətə gələn Paşinyan, bu müharibənin gedişində öz postunu itirə bilər.

1998-2008-ci illərdə Ermənistanda hakimiyyətdə olan və indiki hökumət tərəfindən həbs edilən, lakin sonradan sərbəst buraxılan Robert Köçəryan ötən şənbə günü Qarabağda rus hərbçilərilə birlikdə göründü. Rusiya lideri Putin öz sosial media hesabında Köçəryanı ad günü münasibətilə təbrik etdi. Bu mənzərəyə çox böyük anlam yüklənə bilər…

Məsələn, Qarabağda hər an müstəqillik elan edilə və Köçəryan başa keçə bilər. Təbii ki, Rusiyanın dəstəyi ilə… Və ya Paşinyanın devrildiyi, Rusiyanın dəstəyi ilə Köçəryanın posta oturduğu bir proses baş verə bilər.

Görünən odur ki, problem daha da mürəkkəbləşə və Qarabağda savaşan tərəflər yenə uzun müddət ərzində sonu görünməyən müzakirələrə davam edə bilər.

Ermənistanın Türkiyəni meydana çəkmə oyunu

Ermənistan və Fransanın türk hərbi təyyarələrilə bağlı ortaya atdıqları fikirlər sübut olunmadı. Türkiyə Hərbi Hava Qüvvələrinin bu bölgədə fəaliyyət göstərməsi üçün ya bütün Dağlıq Qarabağ bölgəsini vurması, ya da Ermənistan və İran üzərindən raket hücumu həyata keçirməsi lazımdır. Bu, son dərəcə absurd görünür.

Bundan əlavə, Flightradar24 kimi uçuşları izləyən xidmətlər də türk hərbi təyyarələrinin belə hərəkətlərini təsbit etməmişdir. Ermənistanın bəhs etdiyi Bayraktar PUA-ları isə, eynilə İsrail PUA-ları kimi, Azərbaycan tərəfindən rəsmən satın alınmışdır. Bu PUA-ların “ortaya çıxması”, əlbəttə, Türkiyənin birbaşa müharibədə iştirak etdiyini göstərən dəlil hesab edilə bilməz. Ermənistan sadəcə “Türkiyə amili”ndən istifadə etməklə beynəlxalq dəstək əldə etmək niyyətindədir.

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə