XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2020 - 16:40

SON 15 İLDƏ 3-CÜ İNQİLAB- Qırğızıstanda nə baş verir; Keçmiş prezident Almazbek Atambayev hakimiyyətə qayıdır?

Qırğızıstan son 15 ildə üçüncü (2005, 2010, 2020) inqilaba şahidlik edir. Sentyabrın 4-də keçirilən parlament seçkilərinin nəticələrinə etiraz olaraq paytaxt Bişkekdə kütləvi aksiyalar başlayıb. Sentyabrın 5-də mərkəzi “Ala-Too” meydanında təxminən 2 min adam (parlamentə girməyən partiyaların tərəfdarları) toplanaraq seçkilərin nəticələrinin ləğvini və ikinci səsvermənin keçirilməsini tələb ediblər. Həmin günün axşamı nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Gecə saatlarında aksiya iştirakçıları Qırğızıstan parlamenti və prezident administrasiyasının yerləşdiyi Ağ Evin binasına, həmçinin dövlət televiziyasına soxulublar. Sonra Dövlət Milli Təhlükəsizlik Komitəsi istiqamətində hərəkət edərək respublikanın eks-prezidenti Almazbek Atambayevi həbsdən azad ediblər. Keçmiş baş nazir Temir Sarıyev, prezident administrasiyasının keçmiş rəhbəri Fərid Niyazov və keçmiş muxalifətçi millət vəkili Sadır Japarov də həbsdən azad olunub.

Almazbek Atambayev ötən ilin avqust ayında həbs olunmuşdu. Keçmiş prezident bir neçə ağır cinayətdə ittiham olunurdu – hakimiyyətin ələ keçirilməsini təşkil etmək, korrupsiya və qanunsuz varlanma, müqavimət zamanı tərəfdarları tərəfindən xüsusi təyinatlı əsgərin öldürülməsi, həmçinin kriminal avtoritet Əziz Batukayevin qanunsuz sərbəst buraxılması.

Keçmiş prezident 11,2 il müddətinə azadlıqdan məhrum edilmiş və əmlakının müsadirə olunması barədə hökm çıxarılmışdı. Dünən isə yerli məhkəmə Atambayevin barəsində seçilən həbs tədbirini ev dustaqlığı ilə əvəz edib.

 

Atambayevin qayıdışı… 

 

Bu arada, Atambayevin oğlunun Ağ Evə basqın zamanı etirazçıların yanında olduğu deyilir. Oğul Atambayevin etirazlarda hansı formada rol aldığı bilinmir. Hər bir halda indi sosial-demokratlar Atambayevin timsalında yenidən xarizmatik liderə sahib olacaqlar. Keçmiş prezident tərəfdarlarını səfərbər edə və etirazlar fonunda yenidən böyük siyasətə qayıda bilər.

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalarda bir nəfər ölüb, eyni zamanda, təxminən 700 nəfər yaralanıb ki, bunlardan da 200-ü təhlükəsizlik orqanlarının əməkdaşıdır.

Müxalifət hakimiyyəti ələ keçirdiyini iddia etsə də, prezident Sooronbay Jeenbekov baş verənləri çevriliş cəhdi kimi qiymətləndirib. Hazırda ölkədəki vəziyyətə kimin nəzarət etdiyi aydın deyil. Hələlik o bəllidir ki, parlament seçkilərinin nəticələrinə qarşı kütləvi etirazlar yeni bir inqilaba səbəb olub. Görünən odur ki, nümayişçilərin özləri də hadisələrin belə gedişatını gözləmirdilər.

Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi məlumatlara görə, parlament seçkilərində dörd partiya 7 faizlik baryeri aşıb. Yerli siyasi analitiklərin fikrincə, bunlardan üçü mövcud siyasi elita ilə sıx bağlıdır. Aparıcı müxalifət qüvvələrindən heç biri parlamentə düşməyib və seçkilərdə iştirak edən digər 12 partiya nəticələri tanımaqdan imtina edib.

Etirazlardan sonra dünən Qırğızıstan Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrini etibarsız sayıb və iki həftə içində təkrar səsvermə təyin edəcəyini bildirib.

 

İmpiçment təhlükəsi

 

Prezident Sooronbay Jeenbekov hələ vəzifəsindədir, ancaq əmrlərinin təhlükəsizlik qüvvələri və hökumət tərəfindən yerinə yetirilib-yetirilmədiyi məlum deyil. Etirazçıların təzyiqi altında parlament ölkənin Baş nazirini dəyişməli olub. Həbsdən azad edilən müxalifətçi Sadır Japarov ölkənin yeni Baş naziri olub. Həmçinin deputatlar müxalifət liderlərindən olan Mıktıbek Abdıldayevi parlamentin spikeri təyin ediblər.

Qırğızıstanın daxili işlər naziri dünən işə çıxmayıb. Onun ofisində müxalifət təmsilçisi işləyir. Ola bilsin ki, etirazçıların təzyiqi altında millət vəkilləri prezidentə impiçment elan etsinlər. Bu baş versə, ölkəyə parlament sədri rəhbərlik edəcək.

“Müxalifət liderlərindən heç biri küçə aksiyalarına və izdihama görə məsuliyyəti üzərinə götürməyib. Ona görə də siyasi qeyri-müəyyənlik hökm sürür”, – qırğız politoloq, siyasi elmlər doktoru Asel Doolotkeldiyeva bildirib.

Politoloqun sözlərinə görə, hazırda müxalifət qüvvələrində üç təsir qrupu var. Birincisi, ölkənin keçmiş prezidenti Almazbek Atambayevin tərəfdarları və digər azad edilmiş məhbuslar, ikincisi, ənənəvi müxalifət qüvvələrinin tərəfdarları və nəhayət, köhnə siyasətçiləri siyasi səhnədən getməyə çağıran yeni gənclik hərəkatı: “Təəssüf ki, üçüncü hərəkat çox zəif koordinasiyaya malikdir və indi biz əvvəlki çevrilişlərdə olduğu kimi, təcrübəli siyasətçilərin hərəkətə keçdiklərini görürük”.

Avrasiya Analitik Klubunun rəhbəri, politoloq Nikita Mendkoviç etirazlara səbəb olan üç əsas amildən birininin sosial problemlər olduğunu bildirib. Onun sözlərinə görə, respublikada həyat səviyyəsi koronavirus pandemiyasının fonunda kəskin şəkildə aşağı düşüb: “Tibbi böhran yaşandı, səhiyyə sistemi vəziyyətin öhdəsindən gələ bilmədi və sözün əsl mənasında iflic oldu. Sonradan köməyə rus həkimləri gəldi”.

 

Şimal-cənub savaşı…

 

Politoloqun fikrincə, hakimiyyət böhranının formalaşmasında ikinci amil Qırğızıstanın açıq-aşkar iki sosial-mədəni qütbə bölünməsidir. Belə ki, sovet dövründən bu yana yerli siyasətdə iki qol arasında rəqabət olub. Biri daha mühafizəkar, aqrar və inanclı cənub qolu, digəri daha çox şəhərləşmiş, sənaye və dünyəvi şimal qolu:

“Sovet dövründə Kommunist Partiyasının yerli katibləri həmişə cənublular və şimallılar prinsipinə uyğun olaraq növbələşirdilər. Müstəqillik illərində bu xətt davam etdirildi. “Şimallı” Əskər Akayevin yerinə “cənublu” Qurmanbek Bakiyev gətirildi. Ondan sonra da “şimallı” Atambayev prezident oldu. İndiki prezident Jeenbekov “cənublu ”dur. Kadr siyasətinin bir hissəsi olaraq o, sələfinin – “şimallı” Atambayevin ölkə həyatına təsirini aradan qaldırmaq üçün bir çox “cənublu”nu hökumət strukturlarına cəlb etdi. Və bununla da şimalı – Bişkekin coğrafi olaraq yerləşdiyi hissəni özünə qarşı çevirdi. Seçkinin nəticəsi olaraq iki partiya önə çıxdı. Onlara da “cənublu”lar (prezidentin qardaşı daxil olmaqla) və korrupsioner məmurlar rəhbərlik edir”.

 

ABŞ hakimiyyət dəyişikliyində maraqlıdır

 

Politoloq müxalifət qüvvələrinin Qərb ölkələri ilə əlaqəsinə işarə edərək Qırğızıstandakı etirazlarda mümkün xarici izə baxmağı təklif edir:

“Seçki kampaniyası dövründə ABŞ və Britaniya səfirlərinin etirazçıların liderləri ilə görüşdükləri və onları hökumətə qarşı birləşməyə çağırdıqları sirr deyil. İndi Bişkeklə Vaşinqton arasındakı münasibətlər ən aşağı səviyyədədir. Bu səbəbdən ABŞ hakimiyyət dəyişikliyində maraqlıdır. Lakin bu yaz koronavirus səbəbiylə səfirlik işçilərinin çoxu Qırğızıstandan təxliyyə olundu. Buna görə də ABŞ indiki etirazlarda hər hansı rol oynayıbsa belə, bu, məhdud səviyyədə olub. ABŞ səfirliyinin dünənki açıqlamasından da görünür ki, onlar son anadək müxalifətin real olaraq nəyəsə nail ola biləcəyinə şübhə ediblər”.

Mendkoviç Qırğızıstanda hakimiyyət dəyişikliyinin qaçılmaz olduğuna əmindir: “Lakin inqilabi dalğanın zirvəyə kimi gətirəcəyi barədə danışmaq hələ ki tezdir”.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə