XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2020 - 15:31

İRƏVAN “İSKƏNDƏR” RAKETLƏRİNDƏN NİYƏ İSTİFADƏ ETMİR? –Rus ekspertlərin fikrincə, bu, İranı hiddətləndirə bilər

Dmitri Litovkin

“Nezavisimaya qazeta”, 07.10.2020

 

Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Azərbaycana güzəştə getməyə hazır olduğunu bildirib. Bu sözlər Azərbaycan qoşunlarının qondarma Dağlıq Qarabağ Respublikasının (“DQR”) “sərhədləri yaxınlığında”, şimal-şərq və cənub istiqamətlərində uğurlu hücumu fonunda səslənib.

Rusiya televiziyasına müsahibəsində Paşinyan deyib: “Münaqişələr qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ buna hazırdır, Ermənistan qarşılıqlı güzəştlərə getməyə hazırdır, buna Azərbaycan da hazır olmalıdır”.

Ermənistanın baş nazirinin narahat olacağı bir şey var. Birhəftəlik aktiv döyüşlər zamanı Bakı İrəvanın nəzarəti altındakı mübahisəli ərazilərin üçdə birindən çoxunu geri alıb. Məsələn, “respublika”nın şimal-şərqindəki mühüm Talış kəndi.

Azərbaycan Müdafiə Nazirliyinin yayımlandığı videoda hərbçilər Talışa bitişik yaşayış məntəqəsinin – Madagizin, habelə Cəbrayıl şəhərinin ələ keçirildiyi barədə də məlumat veriblər. Ancaq Azərbaycan ordusu ən ciddi uğurlarını İranla sərhəddə qazanıb, Cəbrayıl və Füzuli bölgələri istiqamətində irəliləmək üçün özünə strateji meydança yaradıb. Sonuncu bölgələrin ələ keçirilməsi “DQR”-in paytaxtı Stepanakertə və Şuşa şəhərinə yol açır.

Bənzər bir ssenarini “NQ”-yə verdiyi müsahibədə hərbi ekspert, “Arsenal Oteçestva” jurnalının redaktoru Viktor Muraxovski proqnozlaşdırıb. Onun sözlərinə görə, Qarabağda hücumun inkişafı üçün taktiki cəhətdən ən sərfəli sahə – İranla sərhəddə qondarma respublikanın cənubudur: “Bu, ağır artilleriya və raket silahlarının bütün imkanlarından aktiv şəkildə istifadə etməyə imkan verən nisbətən düzən ərazidir. Onun istifadəsi sayəsində Azərbaycan taktiki üstünlük qazanıb”.

Hərbi ekspert Pavel İvanov Azərbaycan ordusunun hərəkətlərini 1916-cı ilin may-sentyabr aylarında Avstriya-Macarıstan qoşunlarının müdafiə xəttini yarıb Bukovina və Şərqi Qalisiya bölgələrini işğal edə bilən general Aleksey Brusilovun adını daşıyan “Brusilov sıçrayışı” ilə müqayisə edib: “Bu cür taktikaların prinsipi sadədir. Düşmənin müdafiəsi ətrafı boyunca eyni vaxtda bir neçə güclü zərbə endirilir. Onları bağlamaq üçün qarşı tərəf bütün ehtiyatlarını istifadə etmək məcburiyyətində qalır, buna görə də, cəbhənin bəzi sektorları kritik anda dəstəkdən məhrum olur”.

Mütəxəssis belə bir kompleks hücum sxemini Bakının təsadüfən seçmədiyini vurğulayır.

Birincisi, Azərbaycan kadr və avadanlıq baxımından üstünlüyə malikdir.

İkincisi, ön xəttin uzunluğu qısadır, yəni qüvvələri ciddi şəkildə uzatmağa ehtiyac yoxdur.

Üçüncüsü, Dağlıq Qarabağın çətin dağ relyefi həm təcavüzkarlara, həm də müdafiəçilərə eyni dərəcədə pis təsir göstərir. “DQR”-in nəqliyyat infrastrukturu dağ yolları boyunca böyük silah və hərbi texnikanın sürətlə köçürülməsinə imkan vermir. Əməliyyat sürprizi əldə edilərsə, “DQR” silahlı qüvvələri vaxtında möhkəmləndirməkdə çətinliklərlə üzləşəcəklər.

Eyni zamanda, “DQR”-in silahlanma və hərbi texnika baxımından adekvat cavabı yoxdur.

“Azərbaycan hərbçiləri xüsusi təyinatlı qüvvələrdən istifadə edir, gecə helikopterinin enişini həyata keçirir, həmçinin, uyğun ehtiyatlara zərbələr endirir və pilotsuz təyyarələr, artilleriya zərbələri, eləcə də uzun mənzilli idarəolunan raket kompleksləri “Spike-ER” və “Spike-NLOS”-dan istifadə edərək müharibə meydanını bloklayır”, – Pavel İvanov əlavə edib.

Ermənistan dəfələrlə cavab olaraq ən ciddi kartından – “İskəndər” əməliyyat-taktiki komplekslərindən istifadə edəcəyinə söz verib. İxracat versiyasında sistem yarım ton ağırlığında yüksək partlayıcı və ya parçalanan döyüş başlığını 280 km məsafəyə qədər çatdırmağa qadirdir. Bu silahın zərbəsi qaçılmazdır, çünki kompleksin raketləri mürəkkəb kvaziballistik trayektoriya ilə uçur.

Bu sistemlərin niyə hələ də tətbiq edilməməsi müəmma olaraq qalır. Ya İrəvan həddindən artıq güc tətbiq etməklə, vəziyyəti çətinləşdirmək istəmir, ya da böyük ehtimalla İranın xətrinə dəyməkdən qorxur. Bunu Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın sözləri dolayısı ilə sübut edir: “Azərbaycan qoşunları İran sərhədində toplanaraq hücum hazırlayırlar ki, Dağlıq Qarabağ onları atəşə tutmasın”.

Bu əsnada Rusiyanın münaqişədə iştirakı ilə bağlı rəsmi mövqeyi ilk dəfə səslənib. Rusiya Federasiyasının hərbçilərini qarşıdurma zonasına göndərməyə hazır olub-olmadığına dair sualı cavablandıran Kremlin sözçüsü Dmitri Peskov bunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində “öhdəliklərdən irəli gəldiyini” vurğulayıb: “Hazırkı vəziyyətdə söhbət Ermənistandan gedir. Rusiya prezidenti Vladimir Putin bu iki məsələni açıq şəkildə dəqiqləşdirib və fərqləndirib: KTMT-nin öhdəlikləri Qarabağ üçün keçərli deyil”.

Peskovun sözlərinə görə, Ermənistan ərazisində hərbi əməliyyatların aparıldığı barədə məlumat təsdiqlənmir.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə