XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2020 - 14:43

Putinin təmkinli mövqeyinin sirri nədir? –QARABAĞ MÜHARİBƏSİNDƏ RUSİYANIN "BİTƏRƏFLİYİ" MƏQSƏDLİDİR

Hamid Məzərci

“Diplomacy Irani”, 09.10.2020

 

Dağlıq Qarabağ bölgəsində toqquşmaların başlamasından bir həftədən çox vaxt keçib. Hər iki tərəf bir-birini müharibəyə başlamaqda günahlandırıb. Bu bölgə uğrunda mübahisənin və mülkiyyət hüququnun tarixi müzakirəsi xaricində bəzi ölkələrin davranışı və mövqeyi barədə düşünməyə dəyər. Bir çox qlobal münaqişə ilə müqayisədə, ümumən bəzi ölkələrdə münaqişənin dayandırılması üçün çox ciddi bir fəaliyyət yoxdur.

Son bir neçə gündə Dağlıq Qarabağla bağlı hadisələr Rusiyanın davranışında dəyişiklik edə bilər. Görünən budur ki, Rusiya bu münaqişənin becid həllində o qədər də qərarlı deyil. Əlbəttə, “gözləmə siyasəti” demək olar ki, bir çox ölkənin siyasətində müşahidə olunur. Ancaq digər tərəfdən, hər zaman Birliyin (MDB) işlərinə müdaxilə etmək hüququnu özündə saxlayan Rusiyanın münaqişə bölgəsi ilə sərhədə yaxınlığını nəzərə alsaq, Kremlin bu cür davranışı qəribədir.

Azərbaycanın hərbi əməliyyatı Moskvaya məlumat vermədən həyata keçirməsi gerçəkdən çox uzaqdır. Moskva son illərdə sərhədlərini qorumağa çox həssasdır. Xüsusən, Ermənistan baş naziri Nikol Paşinyan Rusiyadan kömək istəyəcəyi düşünüldükdə, ən azı koordinasiya olmadan əməliyyatın icrası ağlabatmazdır. Paşinyanın bəyanatı isə Ermənistanın Rusiyanın mövqeyindən az-çox xəbərdar olduğuna və ya proqnozlaşdırdığına işarədir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq Ermənistan Rusiyanın hərbi müttəfiqidir və son illərdə Azərbaycanın qətiyyəti və iddialılığı Rusiya tərəfindən çəkindirilib. Məhz bu ittifaq sayəsində, Azərbaycan və Gürcüstanla müqayisədə, İrəvan Qərb ölkələri ilə daha ehtiyatlı əlaqələrə sahib olub. Amma hazırkı vəziyyətdə Rusiyanın Ermənistanın, ilk növbədə, bu ölkənin baş naziri Paşinyanın regional və milli səviyyədə mövqeyini zəiflətmə cəhdi və 2018-ci il “məxməri inqilabı”nın bəzi tərəflərini ləğv etmək üçün təzyiq göstərməsi görünür.

Bəlkə də, proses gələcəkdə Ermənistanın Rusiya ilə yaxınlaşma siyasətini daha da sürətləndirəcək.

Rusiya prezidenti Vladimir Putinin davranışını anlamaqdan ötrü Belarus nümunəsinə müraciət edək.

Lukaşenko seçkidən əvvəlki ildə azca müstəqillik göstərməyə çalışıb və Belarusda son prezident seçkilərinin nəticələri elan edilənə qədər Putin ona sərt təpki verməyib. Lukaşenko etirazçılar, Avropanın sanksiyaları və iqtidarının qeyri-legitimliyi ilə birbaşa qarşılaşmayana qədər Putin ona yaxınlaşmağa və açıq şəkildə dəstək verməyə tələsməyib. Məhz son məqamda Lukaşenko Rusiyanı qucaqlaya bilib. Rusiyanın qısamüddətli planında (yəni Azərbaycan və Türkiyənin tam hərbi təzyiqi, hökumətin zəifləməsi və xarici dəstəyə ehtiyac hissinə əsasən) Ermənistan üçün belə bir ssenari mümkündürmü? Zaman yetişdikdə, Rusiyanın Ermənistanla müttəfiqliyi yadına salması…

Əlbəttə, Rusiya öz siyasətində həmişə çoxməqsədli hədəflərə malik olub. Belarusdakı etirazların Rusiyaya yayılma ehtimalının qarşısı alındıqdan sonra sərhədləri yaxınlığında (idarə oluna bilən, lakin Rusiyanın iştirakı olmadan) müharibə də Rusiyada ictimai fikri üsyandan və ya bir inqilabdan yayındıracaq vasitə ola bilər.

Belarusdakı proseslərin davamı – Qarabağ müharibəsidir.

Rus müxalif siyasətçisi Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar, xüsusilə Avropa və İngiltərənin (o, Sergey Skripalın 2018-ci ildə zəhərlənməsi hekayətini hələ unutmayıb) kəskin tənqid və sanksiyaları Putin və ətrafının Qərb əleyhinə çıxışlarında başlıca mövzusudur. İndi zəhərlənmə insidenti, bölgədəki son hadisələrlə müqayisədə, solğun bir hadisə sayıla bilər.

Bəzi analitiklərin düşündüyü kimi, Rusiya prezidenti Vladimir Putin taktiki cəhətdən bacarıqlı siyasətçidir, lakin strateji cəhətdən daha zəifdir və iddialar doğrudursa, Putinin məqsədi reallaşmaya bilər.

Rusiyanın narahatlıqları arasında qısaca bəhs edilə bilən başqa bir məqam bu müharibədə iki yaxın müttəfiq olaraq Azərbaycanla Türkiyənin Qərb dünyası ilə məsafəni artırmasıdır. Bu, Rusiyanın çoxdan arzuladığı şeydir və NATO ölkələrinin birliyini pozmaq istəyindən irəli gəlir. Digər tərəfdən, Vladimir Putin özü bu dəfə, Makron və Trampla müqayisədə, praqmatik lider və (Gürcüstan, Ukrayna və Belarus nümunəsindən fərqli olaraq) təcavüzkar kimi deyil, vasitəçi olaraq ortaya çıxmaq istəyindədir. Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, yalnız rəmzi şəkildə barışığa çağırış məzmunlu açıqlamalar verib.

Beləliklə, Putin hazırda çox ehtiyac duyduğu etimad nüfuzu qazanıb.

Məsələnin iqtisadi ölçüsü Rusiya üçün siyasi ölçüdən az əhəmiyyət daşımır. Dünya silah ixracatının 20 faizi ilə Rusiya, koronavirus böhranının səbəb olduğu mövcud iqtisadi tənəzzül nəzərə alınaraq, silahlarının birbaşa alıcıları olan hər iki ölkə arasındakı qarşıdurmadan əhəmiyyətli iqtisadi faydalar əldə edir. Əlbəttə, yalnız Rusiya deyil, dünyanın digər silah ixracatçıları da təbii olaraq qeyri-sabitlik və qarışıqlıq mühitindən bəhrələnirlər. 2019-cu ilin statistikasına görə, Azərbaycan silahlarının yarıdan çoxu Rusiyadan və qalanların təxminən 40%-i İsraildən alınıb. Rusiyanın Ermənistana silah idxalı payı 90 faizdən çoxdur və hər iki ölkə ÜDM-nin 4,5 faizini silahlanma və müdafiə sahəsinə xərcləyir.

Enerji sahəsində Ermənistanla Azərbaycan arasındakı rəqabət olmasa da, Azərbaycanın enerji bazarındakı rolunu və gələcək mənfi nəticələri nəzərə alsaq (münaqişə davam edərsə), enerji qiymətlərinin artacağını gözləyə bilərik ki, Rusiya bundan da birbaşa faydalanır.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə