XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2020 - 10:20

ATƏT-in MİNSK QRUPUNA “ƏLVİDA!”? –Azərbaycan və Türkiyə iki alternativ irəli sürə bilər - TƏHLİL

Professor Kürşad Zorlu

“Habertürk”, Türkiyə, 12 oktyabr 2020-ci il

 

Moskvada razılıq əldə olunduğu açıqlanan atəşkəs çağırışına Ermənistanın əməl etməyəcəyi məlum idi. Mülki şəxsləri hədəf alan son hücumlar isə masa üçün meydan şərtlərini dəyişdirməyə və proqnozlaşdırılan kontekstdən çıxarmağa yönəlik alçaq bir ssenaridir.

Qarabağdakı döyüşlər 1994-cü ildə Bişkekdə əldə edilən atəşkəsdən bugünədək ilk dəfədir ki, bu qədər yüksək intensivliyə çatmışdır.

Baxın, görün, həmin dövrdə də atəşkəs eynilə bu gün olduğu kimi, necə işğala çevrilmişdir?

İlk dəfə 23 sentyabr 1991-ci ilBoris Yeltsin Nazarbayev bölgəyə səfər edir. Rusiyanın cənubundakı Jeleznovodsk şəhərində sülh danışıqları başlayır. Yeltsin və Nazarbayevin zaminliyində ilk atəşkəs anlaşması əldə edilir. Ermənistan lazım olan addımları atmır. Azərbaycan bölgəyə müşahidəçiləri dəvət edir. Ermənistan bu məqsədlə gələn helikopteri vurur və kimsə sağ qurtula bilmir (20 noyabr 1991, Qarakənd faciəsi – tərc.).

1992-ci ilin fevralında İran Xarici işlər naziri Əli Əkbər Vilayəti tərəflər arasında vasitəçilik etmək məqsədilə bölgəyə səfər edir. Atəşkəsin əldə edilməsi üçün işlərin aparıldığı dövrdə Xocalı soyqırımını həyata keçirirlər.

8 may 1992-ci il tarixdə Tehranda 8 maddəlik bir anlaşma imzalanır. Lakin Ermənistan ordusu eyni gündə Şuşanı, 17 mayda isə Laçını işğal edir.

26 avqust 1992-ci ildə Qazaxıstan Prezidenti Nazarbayev atəşkəs üçün yeni bir təşəbbüs göstərir. 27 avqust 1992-ci ildə Azərbaycan, Ermənistan və Qazaxıstan Xarici işlər nazirləri arasında Alma-Ata bəyanatı imzalanır. Ancaq Ermənistan qısa bir müddətdən sonra bu bəyanatı tanımadığını açıqlayır.

Əslində, bu gün də etmək istədikləri öncə Azərbaycanın irəliləyişini durdurmaq, sonra da de-fakto durum yaradıb torpaq itkilərini ən aşağı səviyyəyə endirməkdir. Doğrusu, bunu daha öncə də, Dağlıq Qarabağın statusunu ayrıca dəyərləndirməyi və onu əhatə edən rayonların qaytarılmasını nəzərdə tutan anlaşma layihəsini bir neçə dəfə rədd edərək, sınaqdan çıxarmışlar. Hədəfləri işğal olunmuş Dağlıq Qarabağın tanınmasını təmin etməkdir. Atəşkəsin əldə edilməsindən həmən öncə bəzi ABŞ konqresmenləri vasitəsilə Konqresə tanınma üçün müraciət etmişlər.

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrlik sistemi mövcud halı ilə öz funksiyasını və etibarını böyük ölçüdə sarsıtmışdır. Ümumiyyətlə, həmsədrlik institutunun yaradılmasında məqsəd Minsk qrupunun digər üzvlərini təsirsiz hala gətirmək idi.

Əgər indi, həqiqətən, bir müzakirənin başladılması istənilirsə, Türkiyə və Azərbaycan iki alternativi önə çıxarmalıdır.

Birinci alternativ, Minsk qrupunu təşkil edən bütün üzvlərin bərabər şərtlərdə prosesə daxil edilməsi, ya da Türkiyə ilə yeni bir ölkənin (Finlandiya təklif edilə bilər) həmsədrlərə əlavə edilməsidir.

İkinci alternativ isə Minsk qrupundan kənarda daha etibarlı bir vasitəçilik mexanizminin yaradılmasıdır.

Əks təqdirdə, mövcud oriyentasiya bölgəni uçurumun kənarına aparacaqdır.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə