XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 12:32

“S-400”-ün ilk sınağı:ANKARA KİMƏ VƏ HANSI MESAJI GÖNDƏRİR?

Mətin Gürcan

“Əl-Monitor”, 19.10.2020

 

ABŞ-ın sanksiya təhdidlərinə baxmayaraq, keçən həftə Türkiyə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemlərinin ən azı bir raketini, sistemin işə salınması bəhanəsi ilə, sınaqdan çıxarıb. Ancaq Ankara güman ki, başqa niyyətlər güdür.

Ankara 6 saatlıq testi nə təsdiq, nə də təkzib etsə də, anonim bir ABŞ rəsmisi “Reuters” agentliyinə bunu açıqlayıb.

Türk səlahiyyətliləri qabaqcadan oktyabr ayının ortalarında Qara dəniz şəhəri olan Sinop yaxınlığında təyin olunmayan raketlərin atılacağı barədə aviasiya bildirişi verib. Oktyabrın 16-da həmin ərazidə raket buraxılışının görüntülərini təhlil edən mütəxəssislər mühərrikin alovlanma növü, əyilmə bucağı və 400 km-lik (248 mil) tüstü marşrutuna əsasən, 40N6E tipli “S-400” olduğunu təsbit ediblər.

Oktyabrın 19-dək eyni ərazidə daha iki sınaq keçiriləcəyi gözlənilirdi.

Təxminən 6 saat davam etdiyi bildirilən sınaq ABŞ-ın “qırmızı xətti”ni adlamaq deməkdir. 2019-cu ilin noyabr ayında Türkiyə ABŞ istehsalı olan “F-16” və “F-4” döyüş təyyarələrinin komponentlərindən istifadə etməklə, “S-400” sistemlərinin işə salınması yolundakı ən vacib mərhələni həyata keçirib.

İndi tam işə salmadan əvvəl “S-400”-ün operatorları təyin olunmalı və onlar Türkiyə hava qüvvələrinin döyüş quruluşuna yerləşdirilməlidir.

4 batareyanın harada yerləşdiriləcəyi bəlli deyil, ancaq bir batareyanın Ankarada saxlanılması məlumdur. Türkiyənin Egeydə və Aralıq dənizində hərbi əzələ nümayişini nəzərə alsaq, daha 2 batareyanın dənizi sularına yaxın bölgələrdə yerləşməsi ehtimalı var. Dördüncü batareya ya Suriya, ya da Ermənistan sərhədinə göndərilə bilər.

Mühüm sınaq Vaşinqtonun prezident seçkiləri ilə məşğul olduğu bir vaxtda təsadüf edib. Hələ 2019-cu ilin iyul ayında dövlət katibi Mayk Pompeo “F-35” qırıcı proqramından çıxarıldıqdan sonra Türkiyəyə “daha çox sanksiya” tətbiq və “S-400”-lərin aktivləşdirilməsinin qəbuledilməz olacağını vurğulayıb.

Dövlət Departamenti 16 oktyabr testini təsdiqləməyib, ancaq Ankaranın silahı işə salacağı təqdirdə “potensial ciddi nəticələr”in olacağı barədə xəbərdarlıq edib. Pentaqon sözçüsü bildirib: “Biz açıq şəkildə söylədik: “S-400” əməliyyat sistemi ABŞ və NATO müttəfiqi olaraq Türkiyənin öhdəliklərinə uyğun deyil. Türkiyənin sistemi satın almasına etiraz edirik və Türkiyənin istifadəyə verməsi barədə xəbərlərdən dərindən narahatıq”.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri respublikaçı Cim Riş “Türkiyənin “S-400”-lərdən imtina etməsinə dair güclü bir siqnal göndərməyə çağırıb.

NATO da, öz növbəsində, bildirib ki, “Türkiyədə “S-400” hava müdafiə sisteminin hər hansı bir sınağı təsdiqlənərsə, bu, təəssüf doğurur. Ankaranın alternativ həllər tapmaq üçün digər müttəfiqləri ilə çalışmağa davam etməsi vacibdir”.

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri və tərəfdarları bayram əhval-ruhiyyəsindədirlər. Hökümətyönlü media bu testi özünə inamlı bir Türkiyənin ABŞ-a qarşı duruşunun və ya Qərbdən müstəqil olaraq böyüməsinin əlaməti sayır. AKP-li millət vəkili Bülent Turan “Tvitter” hesabında yazıb: ““S-400” bu gün Sinopda sınaqdan keçirildi. Bu gözəl ölkənin ən böyük problemi – millətin dəyərləri ilə heç vaxt barışa bilməyən və dövlətinə heç vaxt güvənməyən “ziyalı” adlanan yazıqlar və milli məsələlərdə özünə yer tapa bilməyən dayaz [müxalifətçi] siyasətçilərdir”.

Müşahidəçilərə görə, testin vaxtı təsadüfi seçilməyib.

Prezident Donald Tramp Konqresin, xüsusən də Ərdoğanla münasibətinə görə tez-tez demokratların təzyiqlərinə baxmayaraq, Türkiyəyə qarşı daha çox sanksiya tətbiq etmək istəmir. Bir çoxları Ankaranın artıq noyabr seçkilərində Baydenin qalib gələcəyini nəzərə alaraq, manevr etdiyinə inanır. Dəlil Ankaranın “S-400” hesabına Suriya kürdlərinə qarşı mübarizə kimi mübahisəli məsələlərdə Vaşinqtondan güzəştlər qoparmasına əsaslanır. Ankara həmin güzəştlərlə “S-400”-lərin tam aktivləşdirilməsindən geri çəkilə bilər.

Digərləri isə Ankaranın “S-400”-ü işə salmaq qərarına gəldiyini və geri çəkilmək fikrində olmadığını düşünür. Başqa sözlə, test müstəqil regional güc olaraq özünü təsdiqləyən Türkiyənin yeni geosiyasi mövqeyi və özünə inamının simvoludur.

Testin hökumətin daxili problemlərinə yönəlməsi fərziyyəsi də mövcuddur. AKP-nin seçici bazasının əsas hissəsini təşkil edənlər aşağı gəlirli və orta təbəqə qruplarıdır və onlar dərin iqtisadi böhran keçirir. Beləliklə, Ankaranın millətçi hissləri oyatmağa və cəsarətli xarici siyasət riskləri ilə ictimaiyyəti yayındırmaya, beynəlxalq arenada “uğur hekayələri”nə ehtiyacı var. Türkiyənin müstəqilliyinin simvolu kimi göstərilən “S-400”-lər bu işə qəşəng şəkildə xidmət edir.

Nəhayət, bəzi müşahidəçilər sınaq buraxılışı ilə Türkiyənin Ukrayna ilə artan əlaqələrinə toxunur. Raketin sınaqdan keçirildiyi gün Ərdoğan ukraynalı vəzifədaşı Vladimir Zelenskini İstanbulda qəbul edib. İki tərəf müdafiə sənayesi əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa yönəlmiş hərbi əməkdaşlıq sazişləri imzalayıblar. Türk-Ukrayna strateji tərəfdaşlığı Qara dəniz bölgəsində geosiyasəti kökündən dəyişdirə bilər və şübhəsiz ki, bu, Moskvaya od qoyacaq.

Ümumən, 4 arqumentdən heç biri rədd edilə bilməz və bu amillərin hamısı Ankaranın müəyyən dərəcədə sınağı davam etdirəcəyini göstərir. Hər halda, həm Vaşinqton, həm də Moskva bu gün digər prioritetlərlə məşğul olduğundan Ankaranın gedişi fəndgir idi.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə