XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 15:45

Prezident İlham Əliyev Vaşinqtona nə ilə gedir? –Beynəlxalq Nüvə Sammitinin pərdəarxası

Obama-Eliyev-11

Nüvə təhlükəsizliyi üzrə Beynəlxalq Sammit 31 mart – 1aprel tarixlərində ABŞ paytaxtı Vaşinqtonda Sərgi Mərkəzində keçiriləcək.

İki il əvvəl Berlin səfəri zamanı ABŞ prezidenti Barak Obama sonuncu – 4-cü Nüvə təhlükəsizliyi üzrə Beynəlxalq Sammitin Vaşinqtonda keçiriləcəyini elan etmişdi.

Samittdə nüvə silahlarının azaldılması, yüksək səviyyədə zənginləşdirilmiş urandan istifadə, nüvə materiallarının təhlükəsizliyinin təmin edilməsi, nüvə silahının yayılmasına və nüvə terrorzminə qarşı addımlar atılması ilə bağlı müzakirələr davam etdiriləcək.

Ağ Evinin tədbirlə bağlı məlumatında qeyd olunur ki, "ABŞ beynəlxalq standartlara söykənən hərtərəfli nüvə təhlükəsizliyi arxitekturasının möhkəmləndirilməsi işində qəti mövqe tutur".

Qeyd edək ki, Nüvə təhlükəsizliyi üzrə ilk Beynəlxalq Sammit  2010-cu ildə Vaşinqtonda keçirilib.  Daha sonra Sammit 2012-ci ildə Seulda, 2014-cü ildə isə Haaqa şəhərində baş tutub.

Nüvə təhlükəsizliyi üzrə 4-cü Beynəlxalq Sammitdə ABŞ nüvə təhlükəsizliyi ilə bağlı məsələlərlə yanaşı, İŞİD-lə mübarizəni də gündəliyə çıxarmaq niyyətindədir. 22 martda Brüsseldə baş veren terror aktları ilə bağlı müraciətində ABŞ prezidenti bildirib ki, dünya liderlərinin Vaşinqtonda bir araya gəlməsindən istifadə İŞİD-ə qarşı mübarizədə səylərin birləşdirilməsinə nail olmaq niyyətindədir. O, bir daha bəyan edib ki, “İŞİD bütün sivil dünya üçün təhlükədir”.

Nüvə təhlükəsizliyi üzrə 4-cü Beynəlxalq Sammitdə Avropa İttifaqı ölkələri, Çin, Türkiyə, Azərbaycan, Ukrayna,  Ermənistan və digər dövlətlərin liderləri iştirak edəcək.

Qeyd edək ki, 2104-cü ildə keçirlən sammitə 58 ölkənin dövlət və hökumət başçıları qatılmışdı.

Dünyanın ən böyük nüvə arsenalına malik Rusiyanın dövlət başçısı isə sammitin işinə qatılmayacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 23 martda bildirib ki, Putinin qrafikində Vaşinqtona səfər nəzərdə tutulmayıb. Halbuki, Rusiya bundan əvvəl hər 3 sammitidə fəal iştirak edib.

Bütün bunlarla yanaşı, Beynəlxalq Nüvə Sammiti aktual beynəlxalq problemlərin müzakirəsi, ikitərəfli görüşlər üçün əlverişli platformadır. Eyni zamanda ABŞ üçün də tərəfdaşları ilə müəyyən məsələlərin bilavasitə müzakirəsi imkanını yaradır. Məsələn, Ukrayna prezidenti ölkəsinə yardımlar məsələsini Vaşinqtonda müzakirə etmək niyyətindədir. Gözlənilir ki, səfər ərəfəsində – martın 29-da Ukraynada yeni hökumət formalaşacaq və Vaşinqtonda Poroşenko yeni planları müzakirə edəcək.

Sammitdə həmçinin ABŞ prezidenti və Çin dövlət başçısının görüşəcəyi açıqlanıb. Prezident Obama və Çin Xalq Respublikasının sədri Si Cinpinin danışıqlarında əsas müzakirə mövzusu Şimali Koreyanın nüvə sınaqları məsələsi olacaq.

 

Bəs, Prezident İlham Əliyev Vaşinqtona nə ilə gedir?

 

Nüvə təhlükəsizliyi üzrə 4-cü Beynəlxalq Sammitə Azərbaycan prezidenti İlham Əliyev də dəvət olunub. Azərbaycan prezidentini amerikalı həmkarı dəvət edib. Hələ ki prezident İlham Əliyevin səfər proqramı ilə bağlı məlumat verilməyib. Güman edilir ki, prezident İlham Əliyev bir sıra ikitərəfli görüşlər keçirəcək.

Ermənistan KİV-ində Vaşintonda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutucağı ilə bağlı xəbər yayılsa da, hələlik bu xəbər təsdiqlənməyib.

Son zamanlar ABŞ-Azərbaycan münasibətlərində yenidən yaxınlaşma meyllərinin müşahidə olunması fonunda prezident İlham Əliyevin Vaşinqton səfəri böyük maraq doğurur.

Təhlilçilərin fikirincə, bu səfərin nəticələrindən asılı olaraq, Bakı ilə Qərb ölkələri arasında əlaqələrdə yeni səhifə açıla bilər.  Hələlik Azərbaycan prezidentinin Vaşintonda ABŞ rəsmiləri ilə bağlı hər hansı müzakirələri barədə məlumatlar verilmir. Ancaq açıqlanmasa da, bağlı apılar arxasında olsa belə,  Azərbaycan – ABŞ – Avropa ölkələri münasibətlərinin müzakirə olunacağı ilə bağlı ekspertlərdə əminlik var. Xüsusən, Vaşinqton səfərindən əvvəl beynəlxalq təşkilatların "siyasi məhbus" kimi qəbul etdiyi şəxslərin bir çoxunun əfv edilməsi, daha bir neçəsinin də həbsdən çıxarılması üçün hüquqi hazırlıqların görülməsi Bakının məxsusi siqnalı kimi dəyərləndirilir.

Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətə malik Cənub Qaz Dəhlizi layihəsinin mərkəz ölkəsidir.

Eyni zamanda Azərbaycan hazırda aktuallaşan beynəlxalq nəqliyyat dəhlizlərinin (Şimal-Cənub, Şərq-Qərb) əsas həlqələrindən biri kimi çıxış edir. 

Cənubi Qafqazda mövcud status-kvonun saxlanılmasında, Gürcüstana müvafiq iqtisadi, siyasi dəstək verilməsində də Azərbaycanın rolu çox mühümdür. 

Eyni zamanda Azərbaycanın Türkiyə ilə xüsusi münasibətləri və Ankara üçün Şərqə yol açması, bütün məsələlərdə həmrəylik nümayiş etdirməsi, İranla beynəlxalq nəqliyyat dəhlizləri və digər məsələlərdə əməkdaşlıq etməsi Bakının mövqeyinin diqqətdə saxlanmasını zəruri edir. 

Azərbaycan indiyədək balanslaşdırılmış siyasət yürüdüb, Moskva ilə Ermənistan və Belarus qədər yaxınlaşmayıb. Avropa İttifaqı ilə Assosasiya Sazişi imzalamasa da, Avrasiya İttifaqına da daxil olmayıb. 

Hazırda Rusiya ilə münasibətlər elə formada və çərçivədə qurulub ki, həm Bakı müəyyən manver imkanları əldə edə bilsin, həmdə Moskvanın əlavə təzyiqlərinə məruz qalmasın. 

Görünən budur ki, hələlik Rusiya ilə mövcud əməkdaşlıq formatı Qərblə işgüzar əlaqələrin qurulmasına mane olmur. Azərbaycan diplomatiyası, Qərblə hər nə qədər anlaşılmazlıq, problemlər müşahidə olunsa belə, əməkdaşlıq imkanlarını saxlaya bilib.

Eyni zamanda son günlər baş verən hadisələr, Vaşinqtondan səslənən açıqlamalar göstərir ki, Bakı Qərblə əməkdaşlıq formatını razılaşdıra bilib. Rəsmi Bakı dünyadakı, regiondakı reallıqlar kontekstində açıq təzyiqlərin ikitərəfli və çoxtərfli münasibətlərdə əsas arqument ola bilməyəcəyinə Vaşinqtonu inandırmağı bacarıb…

Bütün bunlar isə prezident İlham Əliyevin Vaşinqton səfərində Qərblə münasibətlərin yeni formatını razılaşdıra biləcəyinə inamı gücləndirib.

 

Zaur İbrahimli

Strateq.az

 




Yuxarı Əvvələ Ana Səhifə