XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 17:41

“LAÇIN DƏHLİZİ”nin GÖTÜRÜLMƏSİ PAŞİNYANIN OYUNUNU POZACAQ:Cənubi Qafqazın ortasındakı "çiban" deşilmək üzrədir - TƏHLİL

Kürşad ZORLU, professor

“Habertürk”, Türkiyə, 21 oktyabr 2020-ci il

 

Xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündən sonra elan edilən 2-ci atəşkəs çağırışına rəğmən, Ermənistanın hücumları durmadığı üçün Azərbaycan da irəliləməyə davam edir. Ermənistan tərəfinin vaxt qazanmaq üçün istifadə etdiyi atəşkəs metodu bu dəfə Azərbaycanın qərarlı duruşu ilə Paşinyanı daha da sıxışdırır.

Haqqında çox danışılmasa da, Bakının bu müddətdə bacardığı başqa bir önəmli şey də əldə etdiyi yeni mövqelərin heç birini geri verməməsidir.

Döyüş meydanındakı bu taktiki üstünlük, etibarlı – sabit bir görüntü və motivasiya təmin edir. Beləliklə, Ermənistanın hərbi anlamda bu savaşı qazana bilməyəcəyi haqqında rəy hər ötən gün güclənir.

Hazırda Azərbaycan işğal edilmiş 7 rayondan 3-ünü tamamilə geri almış, bir digərini də almağa çox yaxınlaşmışdır. Kəlbəcər-Qubadlı-Zəngilan xətti birləşəndə Laçın dəhlizinin nəzarət altına alınması da çox çəkməyəcəkdir.

Beləliklə, başda Şuşa olmaqla, Dağlıq Qarabağ ərazisi üçün gerisayım başlayacaqdır. Doğrusu, bu xəttin şimaldan və cənubdan qırılması halında, Dağlıq Qarabağın (hazırda bölgənin erməni işağlı altında qalan ərazisindən bəhs edilir – tərc.) ayaqda qalma şansı yoxdur. Hazırda Azərbaycan ordusu buraya sadəcə 30 km-lik məsafədədir.

Belə bir gedişat qarşısında Ermənistan üçün tək bir yol görünməkdədir: ərazisi təqribən 4400 km2 olan Dağlıq Qarabağın statusunu qorumaq və qısa müddətdə tanınmasını təmin etmək.

Bu məqsədlə erməni kilsəsindən Dağlıq Qarabağa xüsusi bir xaç gətirilib və baş yepiskop Parqev Martirosyan ermənilərin zəfər qazanması ilə bağlı öz diləyini ifadə edib. Ardınca katolik kilsəsi Dağlıq Qarabağın tanınması üçün hər şeyin edilməli olduğunu açıqlayıb.

Buna əlavə olaraq, Ermənistan Baş prokuroru Artur Davtyan, Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin baş prokurorlarının toplantısında Azərbaycan və Türkiyədən şikayətlənib.

RF Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçev isə Dağlıq Qarabağda gedən döyüşlərə Suriyadan qatılanların olduğunu və Rusiyanın hərbi müdaxilə etməsi üçün Ermənistanın rəsmi olaraq Moskvaya müraciət etməli olduğunu söyləyib.

Paşinyan da dünən və ondan öncəki gün bu kontekstdə iki önəmli açıqlama verib. O, “Dağlıq Qarabağdakı ermənilər həyati təhlükə ilə qarşı-qarşıyadır. Bugünədək tanınmamış Dağlıq Qarabağ torpaqlarıında yaşayan ermənilər Azərbaycanın nəzarəti altında həyatda qala bilməyəcəklər. Azərbaycanla ancaq bir şərtlə razılaşmanı müzakirə edə bilərik. O da Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə haqqının verilməsidir” deyib.

Ayrıca, Paşinyan bu mövzu ilə bağlı Putinlə danışıq apardıqlarını da bildirib.

Baxın, hadisələrin inkişafının gəlib düyünlənəcəyi yer də bu məsələ olacaqdır.

Görünən odur ki, 2008-ci ilin Madrid anlaşmasını qəbul etməyən Ermənistan meydandakı bugünkü güc balansını nəzərə alaraq, artıq 5 rayonu verməyə razıdır.

Bildirmək lazımdır ki, Madrid prinsipləri Ermənistanın Qarabağ ətrafındakı rayonlardan çəkilməsini nəzərdə tutsa da, Dağlıq Qarabağın yekun statusu gələcək illərdə keçirilməli olan bir referendumla müəyyən ediləcəkdi. Əslində, bu maddə Dağlıq Qarabağ Muxtar Administrasiyasının tanınmasını hədəfləyən bir arxa plana sahib idi. Buna rəğmən, Sarkisyan anlaşmaya əməl etmədi. Çünki anlaşmada öz yurdlarından qovulan insanların rayonlarına geri dönməsi haqqında da maddə var idi. Bunun zaman keçdikcə bütün Qarabağa, hətta Naxçıvan xəttinə uzanan bir təzyiq yaratması mümkündür.

Bu prosesin Paşinyan tərəfindən edilən tək bir həmləni önə çıxardığını söyləyə bilərik: Dağlıq Qarabağ verilməyəcək və hansısa bir yolla onun tanınmasının yolu açılacaq. Azərbaycan 7 rayonu birdən alsa belə, Dağlıq Qarabağ orta müddətdə tanınmış bir administrasiya olaraq, Cənubi Qafqazın ortasında çiban kimi qalmağa davam edəcək.

Dolayısilə, Azərbaycan bu oyuna gəlməməlidir.

Tərcümə Strateq.az-ındır