Nedret Ersanel,
“Yeni Şafak”, 28 oktyabr 2020-ci il
SSRİ dağıldıqdan sonra Moskva-Bakı münasibətlərində xeyli ciddi problemlər yaşandı. Yalnız Azərbaycan deyil, Qafqaz və müstəqilliyini əldə etmiş türk respublikaları iməkləmək dövründə özlərini idarə etməkdə çətinlik çəkdilər.
Bu ölkələrlə əlaqə qurmaq istəyən digər ölkələr də tərəddüd yaşadılar. Hər addımda bir gözləri Rusiyaya baxırdı. Türkiyə də bu qarışıqlığı yaşadı. O günlərə baxdıqda, ictimaiyyətin qovuşma həyəcanı ilə bu işin “səssizcə və sakit” görülməli olduğunu sürətlə qavraya bilmədiyi, ancaq dövlətin mümkün olduqca diqqətlə hərəkət etdiyi görünür.
Azərbaycanla hər dəfə masaya oruturarkən, “Rusiya bir şey deyərmi?” qayğısının yaşanması o hala gəlmişdir ki, bu bölgədə nisbətən rahat hərəkət edilə biləcək bu günlərdə belə, çiyin üzərindən şimala baxma reflekslərini görə bilirik.
Bu, hazırda Moskvanın bölgədə təsirinin qalmadığı mənasına gəlmir. Təsiri var. Hətta təxmin etdiyimizdən artıqdır. Azərbaycan-Ermənistan böhranı zamanı səssizliyini qoruyan ölkələrin o refleksi göstərdiyini görmədikmi? Ya da bu ölkələrdə yüksək səviyyəli vəzifəli şəxslərin işdən çıxarılması Rusiyadan asılı olmadan həyata keçirilə bilərmi?
Ancaq indiki şərtlər fərqlidir.
1991-ci ildən sonra öz müstəqilliyini elan edən ölkələr içərisində Rusiyanın daha diqqətlə təqib etdiklərindən biri Azərbaycandır. Azərbaycanın eynilə Gürcüstan kimi, Şimali Qafqazla əlaqəli, coğrafi baxımdan yaxın olması Kremldə tükləri tikan-tikan edən həssaslıq yaradır.
Burada həssaslığı artıran iki başlıca amil vardır.
Birincisi, Azərbaycanın Qərbin enerji şirkətlərilə əməkdaşlığı və anlaşmalar əldə etməsidir.
İkincisi, Cənubi Qafqaz dövlətlərinin Qərbin beynəlxalq təşkilatları ilə əlaqələr qurmasıdır. Məsələn, bu ölkələrin NATO ilə yaxınlaşması regionun geopolitikasında kəskin gərginliklərə səbəb olmuşdur. Şübhəsiz, həmin dövrdə həm Rusiya, həm də eynilə bu gün olduğu kimi bölgə ilə yaxından maraqlanan İran hakimiyyətinin xarici siyasət anlayışları daha sərt idi. Yeri gəlmişkən, Rusiya, artıq 1993-cü ildə “Yaxın xaric doktrinası”nı tətbiq etməyə başlamışdı.
Bu səbəblə, Azərbaycan Ermənistanın adi hal almış təcavüz aktlarına bu dəfə əlinin tərsilə cavab verincə və Türkiyə, “hər şey daxil olmaqla” Bakının yanında yer alınca, hər kəsin gözü yenə Moskvaya yönəldi.
Amma Kremldə o hava yox idi. Rusiyanın, demək olar ki, açıq şəkildə ağzının kənarı ilə Azərbaycana “Davam et!” dediyi qənaətinin hasil olduğu belə, dilə gətirildi. Durum bu anda da elə görünməkdədir.
Hətta ortaya “Türkiyə-Azərbaycan oxu” adlandırılan, sonsuz imkan və qabiliyyətə sahib olan bir ittifaqın çıxmış olmasına rəğmən, Kreml 1-2 kosmetik açıqlama verməkdən və 1-2 uğursuz vasitəçilik cəhdi göstərməkdən başqa, heç bir reaksiya vermədi.
Bu, yalnız coğrafiyaya qonşu ölkələrdə bir növ “iflic” halı yaratmadı, daha tez toparlansalar da, İran və ABŞ kimi ölkələrdə də qarışıqlıq yaratdı.
Nələrin baş verdiyini anlamayanlar arasında rus mediası da var idi. Adət halını almış reflekslər işə düşdü. Qısa müddətdə də işi Türkiyəni düşmən elan etməyə çatdırdılar. Regionda gedən prosesləri də Rusiyanın SSRİ-dən miras qalan baqajına sığışdırmağa çalışdılar.
Sonra bu iki hadisə baş verdi.
Putin, “Valday” toplantısında Türkiyə-Rusiya münasibətlərilə bağlı elə cümlələr qurdu ki, bu, başqa ölkələrlə bağlı ya nadir halda edilib, ya da heç edilməyibdir.
Putin iki ölkə arasında ciddi anlaşılmazlıq mövzusu olan sahələrdə belə, – məsələn, Krım kimi, – məsələnin üzərində heç durmamaqla birlikdə, rus xarici siyasətinin genetik kodlarında yazılmış olan “septik diplomatiya” üzündən Kremldən heç eşidilməmiş olan “güvənirik” kəlməsinindən belə istifadə etdi: “Türkiyə ilə işləmək güvənlidir. Türkiyə ilə olan görüş ayrılıqlarından qayğı duymuruq!”
Rusiya Türkiyənin Qafqaz və Orta Asiyada iştirakının artmasından, təbii ki, məmnun deyildir. Əslində, Ankara sadəcə bu mövcud böhrana görə aktivləşməyib. Müdafiə naziri Hulusi Akarın Pakistanla başlayan, Qazaxıstanla davam edən və Özbəkistanla başa çatan səfəri də bu kontekstdə dəyərləndirilməlidir.
Qazaxıstan Hulusi Akarı böyük qonaqpərvərliklə qarşıladı və müdafiə sahəsində nələrin edilə biləcəyi müzakirə olundu. Ancaq cəmi iki həftə öncə Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq anlaşması imzaladı. Bunun zamanı, əlbəttə, Xəzər ətrafındakı qabarma ilə bağlıdır.
İkinci hadisə isə Prezident Ərdoğanın “Bəzi amerikalılar qalxıb qardaşım İlhama zəng edir və deyir ki, biz sizin yanınızda kimin yer aldığını bilirik. Ərdoğan var, Türkiyə var. Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edərik. Bura bax, deyəsən, sən kiminlə rəqs etdiyini bilmirsən. Sanksiyan nədirsə, tətbiq et, yubanma…” deməsidir.
Gündəlik diplomatiyada belə açıqlamalara da tez-tez rast gəlinməz. İki ölkənin yüksək səviyyəli vəzifəli şəxsləri arasında keçirilən görüşün Türkiyəyə çatdırılacağını ABŞ-ın bilməməsi mümkün deyildir. Prezident Ərdoğanın da Prezident Əliyevə bunları ictimaiyyətə açıqlayacağını söyləmiş olmasını yüksək ehtimallı hesab edə bilərik.
Beləliklə, Ankara Vaşinqtonun məktubunu açmış və gözlərinin önündə cırmış oldu. Üstəlik, bu, Azərbaycanın da cırmış olması deməkdir. Zamanla Əliyevə zəng edən şəxs və komandası da ortaya çıxacaqdır.
Əliyevin amerikalı vəzifəli şəxslə telefon danışığı ABŞ-ın Azərbaycanla Ermənistan arasında atəşkəsin əldə edilməsini sınaqdan keçirdiyi vaxtda aparıldığından, Vaşinqtonun Türkiyənin bölgədə oynadığı roldan və Bakı ilə əlaqəsinin xarakterindən, strateji hədəfindən narahat olduğunu göstərir.
Bundan əlavə, həmin telefon danışığı, Putinin açıqlamaları ilə birləşdirilərsə, Rusiyanın nə üçün Türkiyəyə güvənməsilə birlikdə, bölgədə daha çox istəmədiyi ölkənin hansı ölkə olduğuna da işarə edir.
Tərcümə Strateq.az-ındır