XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2020 - 11:41

YENİ TEHRAN SAMMİTİ:bu dəfə Ruhani Əliyevlə Paşinyan arasında vasitəçi olmaq istəyir - TƏHLİL

Kavə Əfrasiyabi

“Asia Times” (Honq-Konq), 02.11.2020

 

Sentyabrın 27-də müharibə başlayandan bəri, İran Qafqazdakı qonşularını mübahisəni sülh yolu ilə həll etməyə çağırıb və Bakı ilə İrəvan arasında vasitəçiliyi təklif edib. Sərhədində hər iki ölkə ilə balanslı münasibətlər axtaran İran, əslində, müharibənin qışa yaxınlaşması və ermənilərin şiddətli müqaviməti vəziyyətində regional vasitəçi olaraq müdaxilə etmək üçün yaxşı mövqedədir. İranın xarici işlər naziri Cavad Zərif azərbaycanlı və erməni vəzifədaşları ilə telefon diplomatiyası aparır və yaxın gələcəkdə Bakı və İrəvana Zərifin “servis diplomatiyası”nın baş tutma ehtimalı var.

Müharibənin başlamasından düz bir ay sonra, oktyabrın 27-də İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyyid Abbas Əraqçi vasitəçiliyə doğru yol açmaq məqsədi ilə regional turneyə göndərilib.

Münaqişə coğrafiyasının genişlənmə qorxusunun olduğu, İran hərbi qüvvələrinin cəmləşdiyi Azərbaycanla həmsərhəd bölgələri ziyarət etməklə missiyasına başlayan Əraqçi ilk görüşünü Bakıda, xalqının qələbə gözləntilərini yüksəldən Azərbaycan prezidenti İlham Əliyevlə keçirib.

Bakıda İranın elçisi Azərbaycanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və “azlıq hüquqları və insan haqları”nın İran təşəbbüsünün dayanıqlı sülh üçün sütunlardan biri olduğunu söyləyib.

Xüsusi elçi oradan Ermənistanla qarşılıqlı müdafiə müqaviləsi bağlamış, lakin tanınmamış “Qarabağ Respublikası”ndan nisbi məsafə saxlayan Rusiyaya yollanıb.

Rusiya prezidenti Vladimir Putin Əraqçinin Moskvaya səfərindən bir gün sonra Qarabağ ermənilərinin öz təhlükəsizlik tamponu hesab etdiyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonlarının qaytarılması perspektivini barışıq formulunun bir hissəsi adlandırıb.

Putin vurğulayıb: “Bizim mövqeyimiz – Qarabağ bölgəsi üçün xüsusi rejimin və Ermənistanla əlaqənin təmin edilməsi ilə yanaşı, bu 5 və əlavə 2 rayonun Azərbaycana təhvil verilməsi ehtimalı ilə tamamilə açıqdır”.

Əraqçi İrəvanda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan tərəfindən də qəbul edilib.

 

Yeni Tehran sammiti?

İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin 1992-cü ilin may ayında ev sahibliyi etdiyi zirvə toplantısına bənzər Tehran sülh zirvəsi ehtimalı artmaqdadır. Bu sammitdə vicdanlı danışıqlarla Azərbaycan və Ermənistan liderləri davamlı atəşkəs vəd edən “Tehran Kommünikesi”ni imzalayıblar.

Həmin diplomatik nailiyyət İranın o zamankı diplomatlarından biri olan Mahmud Vaezinin, hazırda İran prezidenti Həsən Ruhaninin Aparat rəhbərinin “servis diplomatiyası”ndan sonra baş verib. Vaezi, eyni zamanda, bir neçə il əvvəl bu sətirlərin müəllif üçün akademik sığınacaq olan Tehran iqamətgahlı düşüncə qurumu – Strateji Araşdırmalar Mərkəzinin sabiq direktor müavinidir.

Mən Vaezi ilə Dağlıq Qarabağla bağlı apardığım geniş söhbətləri, Moskva və Vaşinqtonun son atəşkəs cəhdlərinə bənzər görünən “Tehran Kommünikesi”ndəki uğursuzluq səbəblərini xatırlayıram.

Vaezinin sözlərinə görə, “Tehran Kommünikesi” hər iki tərəfdən, sözün əsl mənasında, qəbul edildikdən bir neçə saat sonra, hər şeydən əvvəl də Tehranda hərbi əməliyyatları dayandırmağa razılıq verdikdən dərhal sonra daha çox Azərbaycan ərazisini ələ keçirən ermənilər tərəfindən ciddi şəkildə pozulub.

Beləliklə, bu gün Tehranın, – Bakı və İrəvan rəhbərliyinin barışığa rəsmi razılıqlarına baxmayaraq, – nəcib sülh səyinin qulaqardına vurulması barədə xatirələri hələ də öləziməyib. Son vaxtlara qədər yeni səylərin də tarixin təkrarlanması ilə sona çatacağı riski qalırdı. Ancaq indi Ruhani hökumətinin bölgədə barışdırıcı rol oynamaya dair açıq istəyi var.

 

Minsk qrupu yenilənir?

1990-cı illərdə İranın səyləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupu ilə əlaqələndirilirdi.

Minsk qrupu 2007-ci ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Dağlıq Qarabağdakı suverenliyini tanıyan qətnamələrə istiqamətlənən “Madrid prinsiplərini” qəbul edib. Ancaq keçən yaz Ermənistan baş naziri Nikol Paşinyan “Madrid prinsipləri”ni qətiyyətlə rədd edib və 1920-ci ildə Ermənistanın ərazi iddialarına əsaslanan, lakin heç vaxt qəbul olunmayan Sevr müqaviləsinə yönəlik yeni bir yanaşmaya istinadlanıb.

Bu cür geriyə sıçrayış təkcə Ermənistanın 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərindən bəri işğal etdiyi mübahisəsiz ərazilər üzərində deyil, həm də bütün Dağlıq Qarabağ üzərində tam suverenlik əldə etmək niyyətində olan Azərbaycan üçün tamamilə qəbuledilməzdir.

Paşinyan yalnız son vaxtlar hər iki tərəfi təsir edən fəlakətli müharibənin alovunu söndürmək üçün Ermənistanın “qarşılıqlı güzəştlərinə” eyham vurub.

Həqiqətən, baş nazir Paşinyan və Azərbaycan Prezidenti Əliyevi eyni sülh masası ətrafına gətirə biləcək yeni Tehran sülh sammitinin lehinə ağlabatan dəlillər gətirilə bilər.

Birincisi, İranın (a) həm Ermənistanla, həm də Azərbaycanla həmsərhəd olması, (b) hər iki ölkə ilə səmimi münasibətləri və (c) bu münaqişədə vasitəçilik rolunu oynamasına dair müqayisəli üstünlüyü var.

İkincisi, İranın balanslaşdırılmış yaxşı qonşuluq münasibətləri, digər beynəlxalq tərəflərin niyyətlərindən şübhələnən İrəvan və Bakının qarşılıqlı etimadı üçün möhkəm zəmin yaradır. Müqayisə üçün, məsələn, Vaşinqtonun gecikmiş vasitəçilik səylərinə ABŞ prezidentinin siyasəti kölgə salır. Moskva Əliyev tərəfindən ermənipərəst olmaqda günahlandırılarkən, Türkiyə qətiliklə Azərbaycanın arxasında durur. Bunun əksinə olaraq, Ruhani hökuməti ehtiyac duyulan aktiv neytrallığın təsirli vasitəçilik üçün lazımi örtüyünü proyektləşdirmə qabiliyyətinə malikdir.

Ancaq son nəticədə, Tehran zirvəsi üçün şərtlər cəbhədəki davamlı inkişaf, məsələn, Azərbaycanın qəti qələbəsi və ya dalana dirənməsindən asılı olacaq. İlk ssenaridə Bakının qazancı, sadəcə, mənalı vasitəçiliyi istisna edən daha uzun bir müharibəyə təkan deməkdir. Sonuncu ssenaridə Dağlıq Qarabağın güc yolu ilə geri alınmaması Bakı hökuməti üçün böyük məsuliyyətə çevriləcək və ondan maksimalist müharibə məqsədlərinə yenidən baxılması tələb olunur.

Rəsmi Bakının hərbi kampaniyanı dayandırma ehtimalı – qışın sürətli yaxınlaşması, zamanın mütləq şəkildə Azərbaycanın tərəfində olmadığı aşınma müharibəsi ilə üfüqdədir. Nəticədə, Bakı, bitişik 7 rayon istisna olmaqla, mahiyyət etibarı ilə xalq müharibəsini necə davam etdirmək məsələsi ilə qarşılaşacaq.

Bir sözlə, siyasi cəhətdən məqsədəuyğun olan şey mütləq şəkildə müharibə cəbhəsi üçün uyğun deyil.

Bundan sonra Tehran sülh sammiti yalnız Azərbaycanın tələblərinin ilkin yumşaldılması üçün digər tələblərin icrası halında uğurlu ola bilər. Cenevrədəki Minsk prosesi təsirli sülh prosesinə alternativ tanımır, amma hələ də bu dəhşətli münaqişəyə son qoymaq baxımından səmərəli deyil. İranın da daxil olduğu yenilənmiş Minsk qrupu və 26 il əvvəl Tehran zirvəsində mövcud əməkdaşlıq ruhu lazımdır.

Keçmişdəki təcrübəyə əsaslanaraq, yeni Tehran zirvəsi, azərbaycanlılar və erməni azlığın dinc yanaşı yaşamasında əsas rol oynayan ölkə kimi regional əhəmiyyətini vurğulayaraq, İran üçün faydalı ola bilər.

Tərcümə: Strateq.az