XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

13 Noyabr 2020 - 11:19

ABŞ-ın Azərbaycandakı sabiq səfiri birgə bəyanatdan yazdı:"PUTİN ƏLİYEVİ İNANDIRA BİLİB" - TƏHLİL

Metyu Brayza

“Atlantic Council”, 11.11.2020

 

Azərbaycan və Ermənistan arasında noyabrın 10-da imzalanan sülh sazişi Qafqazın ən təhlükəli nöqtəsinə potensial davamlı həll üçün zəmin hazırlayaraq, Dağlıq Qarabağ münaqişəsinin siyasi cəhətdən həll oluna biləcəyini göstərir. Razılaşma dünyanın ən uzun sürən qarşıdurmalarından birini bitirməklə yanaşı, bölgədə sülhü, rifahı və sabitliyi bərpa edə biləcək digər diplomatik və iqtisadi müqavilələri də katalizasiya edə bilər.

Bəlkə də, paradoksal olsa belə, sülh ehtimalı Azərbaycanın hərbi qələbəsinin nəticəsidir. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin “diplomatik həlli” olmadığından heyfislənib, Azərbaycan və Türkiyəni Dağlıq Qarabağda erməni soyqırımı hazırlamaqda günahlandırmışdı. Daha sonra, noyabrın 8-də Azərbaycana Dağlıq Qarabağın paytaxtı Stepanakertə (və ya Xankəndiyə) nəzarət imkanı verən, həm ermənilər, həm də azərbaycanlılar üçün böyük mədəni əhəmiyyətə sahib, strateji cəhətdən vacib olan Şuşa şəhərini geri alıb.

Şuşadan Azərbaycan qüvvələri Stepanakerti asanlıqla atəşə tuta və Ermənistanı Dağlıq Qarabağla birləşdirən əsas yolu kəsə bilərdi. Ancaq şəhəri geri aldıqdan bir gün sonra Azərbaycan Prezidenti İlham Əliyev hərbi əməliyyatları dayandırıb və Paşinyanla danışıqları davam etdirib. Bir neçə saat içində Rusiya Prezidenti Vladimir Putin vasitəçilik edərək barışıq razılaşmasını imzaladıb.

Milliyyətçi azərbaycanlılar əsəbiləşib, Azərbaycan ordusundan Stepanakerti ələ keçirməsini, daha sonra da erməni qoşunlarının işğal etdiyi 3 əlavə Azərbaycan ərazisinin azad olunmasını tələb ediblər.

Bununla yanaşı, Əliyev sonrakı hərbi əməliyyatların hər iki tərəfdə minlərlə mülki şəxs və hərbçinin həyatını riskə atacağını və çox güman ki, Azərbaycana beynəlxalq əcinnə statusu qazandıracağını anlayıb. Bunun əvəzinə, şərtləri Azərbaycanın bütün siyasi hədəflərini – heç bir insan və ya maddi xərc tələb olunmadan – təmin edən atəşkəsə razı olub. Bunların arasında ən əsası – BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozaraq Ermənistanın 1990-cı illərin əvvəllərindən bəri işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Bakının nəzarətinə qaytarmaqdır. (Son 6 həftə ərzində Azərbaycan ordusu bunların dördünü onsuz da bərpa etmişdi, ancaq qalan üçü üçün amansız dağ döyüşləri lazım olacaqdı.) 1990-cı illərin əvvəllərindəki döyüşlər zamanı köçkün düşən azərbaycanlılar da əvvəlki evlərinə qayıda, Azərbaycanın erməni sakinləri indiki evlərində qala bilərlər.

Əliyev, həmçinin, heç olmasa kağız üzərində Dağlıq Qarabağın müstəqillik və ya rəsmi olaraq Ermənistana birləşmə mənasını verən hüquqi status alması ehtimalını da açıq şaxlayıb. Bu ehtimalların sadəcə perspektivi milyonlarla azərbaycanlını qəzəbləndirir; həm də Ermənistana simasını qorumaq şansı verir.

İlham Əliyevin yanaşması sentyabrın 27-dən bəri müharibə məqsədləri ilə, yəni münaqişədə vasitəçilik edən ATƏT-in Minsk qrupunun “Əsas prinsipləri”nə əsaslanan sülh razılaşması ilə uyğunlaşır. Bunlara daxildir:

– Bütün erməni qoşunlarının Dağlıq Qarabağı əhatə edən Azərbaycanın 7 rayonundan çıxarılması və bu bölgələrin Bakının nəzarətinə qaytarılması;

Azərbaycan, Ermənistan və Türkiyə arasındakı bütün tranzit yollarının yenidən açılması;

Dağlıq Qarabağın özü üçün “müvəqqəti hüquqi status” və ardından gələcək referendumla təsdiqlənmiş “yekun hüquqi status” (bu, 10 noyabr razılaşmasına açıq şəkildə daxil edilməyib);

Köçkün azərbaycanlıların qayıdışı;

Ermənistanla Dağlıq Qarabağ arasında etibarlı nəqliyyat əlaqəsi (məsələn, “Laçın Dəhlizi”);

– və Beynəlxalq sülhməramlılar.

Ermənistan və Azərbaycan “Əsas prinsiplər”i əvvəlcədən, 2009-cu ilin yanvarında qəbul edib, lakin heç vaxt onları yekun müddəa kimi təsdiqləməyib. Keçən il Paşinyan “sülh üçün torpaq” formulunu “yeni ərazilər üçün yeni müharibələr” yanaşması ilə əvəz edərək kursundan dönüb. Sonda Azərbaycanın müharibə zəfəri, Putinin sıx siyasi təzyiqi ilə birlikdə, Paşinyan 10 Noyabr sülh razılaşması şəklində “Əsas prinsiplər”i qəbul etməyə məcbur olub. Təəssüf ki, buna ölüm-itim olmadan, aylar əvvəl nail olmaq mümkün idi.

Rusiya, Türkiyə ilə birlikdə indi, Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında iyul ayında baş verən ciddi hərbi toqquşmalar zamanı ABŞ-ın hərəkətsizliyindən sonra yaranmış diplomatik boşluğu doldurur. Putin sülh müqaviləsini təmin etmək üçün Əliyevi Azərbaycan ərazisindəki rus sülhməramlılarını qəbul etməyə inandıra bilib. Gürcüstan və Moldovadakı dondurulmuş münaqişələrin stabilizasiyasında bu cür qoşunların çirkin rolu nəzərə alındıqda, bu, yüksək ödəncdir.

Ancaq 10 Noyabr razılaşması sülhməramlı əməliyyatda iştirak edə biləcəyi üçün Türkiyənin Rusiyanın regional təsirini tarazlaşdırmasına da yol açır. Həm Türkiyə, həm də Azərbaycanla tranzit yollarının barışıq sazişi çərçivəsində yenidən açılması ilə Türkiyə və Ermənistan münasibətlərini normallaşdırmaq üçün 2009-cu il müqaviləsi dirçələ bilər. Bu, eyni zamanda, iqtisadi böyüməni sürətləndirəcək, Türkiyə, Ermənistan və Azərbaycan vətəndaşlarının birlikdə firavan və dinc gələcək qurmalarına kömək edəcək ticarət və sərmayə üçün yeni imkanlar aça bilər.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə