XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2020 - 23:05

RUSİYA ÜÇÜN GÖZLƏNİLMƏZ ŞUŞA ZƏFƏRİ:Moskvanın tələskən siyasəti Türkiyəni sürətlə Cənubi Qafqaza çəkir - TƏHLİL

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 14 noyabr 2020-ci il

 

Hal-hazırda yaşadığımız dövr real siyasi vəziyyəti daha açıq şəkildə izah edir. Güc iddia ilə mütənasib olduğu vaxt prosesləri dəyişdirmək mümkündür.

Uzun illərdir Qafqazda Qarabağ bölgəsi erməni-türk münaqişəsi üçün mərkəz rolunu oynayıb. İrandan və Orta Şərqdən köçülürən erməni əhalisinin son 200 il ərzində Qarabağa yerləşdirilməsi məqsədli və planlı olaraq tarixi mühəndislik məhsulu kimi qarşımıza çıxır.

Təəssüf ki, bir cəmiyyət kimi, yaranmış böhran dövrləri xaricində, bu problemlə məşğul olanlarımız, demək olar, yox səviyyəsindədir.

Məncə, indi hər kəs coğrafiya dərsindən yüksək qiymət alacaq qədər mövzunu və mövcud vəziyyəti çox yaxşı dərk edir.

Şuşanın işğaldan azad edilməsinin bölgənin taleyini dəyişəcəyini qeyd etmişdik.

Çünki indi anlaşılır ki, Rusiya da daxil olmaqla, AzərbaycanTürkiyə xaricində heç kəs Şuşanın yenidən fəth ediləcəyini hesablamamışdı!

Rusiyanın incə planlarına baxmayaraq, Şuşanın işğaldan azad edilməsindən sonra tələsik şəkildə sülhməramlı adı altında rus silahlı qüvvələrinin bölgəyə gətirilməsi heç də təsadüfi hadisə deyil.

Əlbəttə, Şuşanın işğaldan azad edilməsi Xankəndinin bir neçə gün ərzində təslim alınması demək idi. Digər tərəfdən, əgər Xankəndi də işğaldan azad edilsəydi, Moskvanın Yerevan üzərindəki siyasi təzyiqi də azalacaqdı.

Yəni bu şahmat oyununda yaranmış vəziyyəti Azərbaycanın lehinə çevirən amil Şuşanın azad edilməsi və Ordusunun möhtəşəm qalibiyyət hekayəsidirsə, Rusiyanın da bu vəziyyətin qarşısını almaq cəhdi ümumi mənzərəni daha yaxşı anladan sərlövhədir.

Rusiyanın bölgəyə gəlməsi uzun müddətdir, gözlənilirdi. Lakin vəziyyət “Lavrov planı” əsasında formalaşmadı. Görünür, rusların yeni vəziyyətə adaptasiya olması çox uzun çəkəcək. Çünki Şuşanın azad edilməsi Lavrovun bütün arzularını puç etdi.

“5+2 rayon”dan bəhs edilərkən, Şuşa, Hadrut, Xudafərin kimi hesaba alınmamış zəfərlər Rusiyanın sülhməramlı adı altında öz qüvvələrini bölgəyə gətirməsini tezləşdirdi.

“Rusiyasız olmurmu?” sualı verilirsə, cavabım budur: bəli, indilik olmur.  Burda Rusiyanın həzm etməsi gərəkən əsas məsələ Türkiyə Ordusunun da eyni şərtlərlə bölgəyə yerləşməsidir.

Bəziləri haqlı olaraq “Torpaqları tamamilə azad etməyimiz mümkün ikən, niyə dayandıq?” sualını verə bilər. Ancaq burda hesablanması vacib olan bir neçə nüans var.

Rusiya fərqindədir ki, Türkiyəsiz Azərbaycan torpaqlarında ona xoş sifət göstərən olmayacaq. Rusiya yaxşı bilir ki, Qafqazın çevrələrində yer alanlarla buraları paylaşmaq onun üçün sondur. Bu səbəbdən də Türkiyə ilə paylaşmaq daha ağıllı görsənir.

Rusiya onu da bilir ki, Zəngəzur sovet dövründə Ermənistana, sadəcə olaraq, hədiyyə edilib və fərqindədir ki, güzəştə getməsə, qarşılıq ala bilməyəcək.

Türkiyə ilə Azərbaycanı qurudan birləşdirən yol xəttini daha sonra müzakirə edəcəyik. Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın Qarabağda aldığı zərbələrə görə beynəlxalq hüquqa söykənərək, beynəlxalq məhkəmələrə müraciət edəcək. Bu, çox ciddi maddi təzminatın yer aldığı böyük zərərdir. Bütün bunlar barədə müzakirələrimiz olacaq və Azərbaycan həmin təzminat qarşılında Zəngəzur problemini qabarda biləcək.

Sual olunur ki, bəs, Laçın dəhlizinə nəzarət kimin əlində olacaq?

Türkiyə masada olduğu müddətcə, bütün şahmat gedişlərinə və qurulan planlara rəğmən, vəziyyət Azərbaycan və Türkiyənin lehinə çevrilməlidir. İndiki şərtlər bunu diqtə edir.

Çin Xalq Respublikasının qurucusu Mao Tszedunla ABŞ strateqidiplomatı Kissincerin 1970-ci ilin əvvəllərində bir neçə önəmli görüşləri olmuşdu. Yeri gəlmişkən, Kissincer ABŞ-Çin münasibətlərini normallaşdıran önəmli şəxsdir. Mao Tszedun, bu görüşmələrdən birində Kissincerə “Günlük hesablamaları bir tərəfə qoyaq, siz bizim müttəfiqimizsiniz, gəlin, dərin mövzulardan söhbət açaq” deyə bildirmişdi. Kissincer də Mao Tszeduna “Tamam, ancaq mənə sizin 1789-cu ildə baş vermiş Fransa inqilabı barədə fikirləriniz maraqlıdır” deyə öz marağından bəhs etdikdə, ÇXR-in rəhbəri belə bir cavab vermişdi: “Hələlik, bu tarixi hadisəyə fikir bildirmək çox tezdir”.

Görünən odur ki, 1970-ci illərdə belə, 1789-cu ildə dünyanın gedişatını dəyişdirən bir inqilab üçün  “buna fikir bildirmək hələlik çox tezdir” ifadəsi işlədilirsə, bu, uzunmüddətli və davamlı bir siyasətin mövcudluğunun isbatıdır. Yəni indi içində yer aldığımız tarixi hadisələrə tələsik şəkildə rəy bildirməyə çalışmamalıyıq. Qarabağın işğaldan azad edilməsi, ilahi ədalətin bir təzahürüdür.

Bu ədalətin bərpa edilməsində böyük qəhrəmanlıqlar, igidliklər göstərmiş, adı bilinən və bilinməyən bütün qəhrəmanlarımızı, eyni zamanda Türkiyə və Azərbaycan dövlətlərinin ordu, kəşfiyyat, diplomatik və təhlükəsizlik qüvvələrini təmsil edən hər bir nəfərin dözümlü duruşunu, milli şüuru zirvədə olan milləti və əlbəttə, Prezident Rəcəp Tayyib Ərdoğan və İlham Əliyevi milli yaddaş heç bir zaman unutmayacaq.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə