XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2020 - 09:42

QARABAĞ RUS-TÜRK ORTAQLIĞINI BƏRKİDƏN BAĞ OLACAQ:Əliyevi atəşkəs razılaşmasını qəbul etməyə Türkiyə razı salıbmış - TƏHLİL

Çətinər Çətin

“Habertürk”, Türkiyə, 16 noyabr 2020-ci il

 

Azərbaycanla Ermənistan arasında 44 gün davam edən Qarabağ savaşının həqiqi qalibi böyük ölçüdə Rusiya olduğu halda, Türkiyə də prosesdən qazanclı çıxdı. Rusiya və Türkiyə hərbi gücləri sayəsində Qafqazda regional nizam daxilində önəmli oyunçular halına gəldilər.

Minsk qrupu daxilində diplomat və siyasətçilərin dinc şəkildə 28 ildə edə bilmədiyini hərbi güc 6 həftədə etdi.

Regiona uzaq da olsa, Minsk qrupunun gücü və təsiri mübahisəsiz hiss edilən “böyük qardaş”ı ABŞ-ın isə yeni seçilən və hələ öz postuna oturmayan prezidenti Co Bayden dövründə necə bir xarici siyasət izləyəcəyi, hələ ki, bəlli deyil. Xüsusilə Çin, Rusiya və İranla bağlı necə bir yol izləniləcəyi öz qeyri-müəyyənliyini qoruduğu halda, Türkiyənin regional oyunçu olaraq yüksəlməsi qarşıdakı 25 ildə yenidən şəkillənəcəyi anlaşılan coğrafiyamızda önəmli bir amil olacaqdır.

Ermənistanla Azərbaycanın 09 noyabrda Moskvanın himayəsilə Qarabağ üçün imzaladığı “tam atəşkəs” anlaşması Azərbaycan ordusunun zəfərini elan etmiş oldu. Bu anlaşmanın şərtlərinə görə, Ermənistanın 1990-cı illərdən bəri işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı 7 rayondan zülmlə çıxarılan azərbaycanlılar öz yurdlarına geri dönə biləcəklər.

Bu anlaşmaya əsasən, təqribən 2 min rus hərbçisindən ibarət “sülhməramlı güc” Dağlıq Qarabağda yerləşdi və təhlükəsizliyi təmin edəcək. Azərbaycan hökuməti isə bölgənin bərpa edilməsi və təqribən 750 min azərbaycanlının yerinə-yurduna geri dönməsi üçün layihələrini hazırlamağa başlayır. İki mərhələli bir yol xəritələri olsa da, Türkiyənin dəstəyi olmadan bu prosesi davam etdirmələri olduqca çətindir.

Azərbaycan üçün zəfər olan Ermənistan üçün, əlbəttə, böyük bir məğlubiyyət idi. Həmin gün Ermənistanın paytaxtı Yerevanda qəzəbli kütlələr parlament binasına hücum etdi və Baş nazir Nikol Paşinyanı lənətlədi.

Diasporanın dəstəklədiyi Paşinyanı artıq çətin günlər gözləyir. Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu, Ermənistanın sabiq prezidenti Robert Köçəryan isə hazırlıqlarına başlamış durumdadır. Həmən onu da qeyd edək ki, Köçəryan məğlubiyyəti qəbul edən və anlaşma müddəalarına hörmətlə yanaşan, onları qəbul edən bir şəxs olacaq. Çünki məğlubiyyətin bütün hesabı tamamilə Paşinyanın üzərində qalmış durumdadır.

Dağlıq Qarabağdakı savaş və diplomatiya prosesi uzun müddət ərzində donmuş durumda qalmışdı, ancaq həll edilə bilməmişdi. Bu, Azərbaycan üçün bir travma olduğu halda, Türkiyə ilə Ermənistan arasındakı sərhəddin bağlı qalması üçün də bir təməl səbəb olmuşdu.

Azərbaycana zəfər gətirən 3 şey

Savaş, demək olar ki, qaçılmaz idi. Azərbaycan daha da zənginləşdi, özünə inamı bərpa olundu. Bugünkü uğurunda 3 ünsür təsirli oldu.

Birincisi, Türkiyənin artan qərarlılığı idi. Türkiyə gücdən istifadə etmə və Azərbaycana hərbi dəstək vermə istəyini nümayiş etdirdi. Prezident Ərdoğan və müxalifətin verdiyi dəstək açıq və aydın idi.

İkincisi, Rusiyanın Azərbaycanın irəliləməsini və Türkiyənin prosesə daxil olmasını qəbul etməsi idi. Çünki böyük çərçivədə baxıldığı halda, Türkiyə ilə Rusiya arasında daha geniş məkanların masaya yatırılması tələb olunurdu və ABŞ-ın respublikaçı prezidenti Donald Trampın əksinə demokrat Co Bayden üçün Rusiya problemi İrandan öncə gəlirdi. Yəni, Bayden postuna oturmadan öncə Putinin Türkiyəyə bir jest etməsi vazkeçilməz idi.

Əvvəllər Azərbaycan, Rusiyanın Ermənistanla bağlı müdafiə öhdəliyi olduğundan, genişmiqyaslı hücum etməkdən çəkinirdi. Ancaq Azərbaycan doğru bir hesab etdi: Putin Qərbin təzyiqləri qarşısında dik durmağa çalışan müttəfiqi Türkiyəyə daha çox önəm verirdi və Paşinyanın iqtidara gəldiyi 2018-ci ildəki dinc “rəngli inqilab”dan sonra artıq Ermənistan hökumətinin yanında yer almağa istəkli deyildi. Ankara-Bakı xəttindəki intensiv görüşlər Əliyevin doğru qərar verməsində təsirli oldu.

Üçüncü ünsür isə ABŞ-ın Tramp administrasiyası dövründə daha da sürətlənən bir şəkildə bölgədən mərhələli olaraq ayrılması idi. Beləliklə, Rusiya və Türkiyə, müəyyən mənada, öz anlaşmalarını şəkilləndirmək üçün baş-başa qaldılar. Elə bu da Bakının daha rahat hərəkət etməsi üçün imkan yaratdı.

Qafqazdan Asiyaya açılan dəhliz

Əslində, işin başqa bir tərəfi də var. Türkiyə Azərbaycanı anlaşmanı qəbul etməyə razı saldı. Savaşan iki tərəf və Rusiya tərəfindən imzalanan üçlü anlaşmada adı keçməsə də, Türkiyə bu anlaşmadan ən böyük fayda əldə edənlərdən biridir.

Türkiyə Azərbaycanın Naxçıvan bölgəsi vasitəsilə bir nəqliyyat dəhlizinə sahib olacaq və beləliklə, Orta Asiyaya və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə çıxış əldə edəcək. O da var ki, Türkiyə onsuz da “Bir kəmər, bir yol” təşəbbüsünə görə alternativ dəhlizlərdən biri olan “Orta kəmər” üzərində yerləşir.

Rusiya bu layihənin liderlərindəndir, ancaq uzun vədədə mövcud mövqeyini itirməsilə bağlı qayğıları vardır. Bu səbəblə, həmin dəhlizə nəzarət etmək istəyir və edəcəkdir də… Ancaq yekunda bütün tərəflər iqtisadi fayda əldə edəcəkdir.

Digər tərəfdən, ayrı bir yazı mövzusu olmaqla birlikdə, Çinin başlıca oyunçu olduğu bu şəbəkə sistemi daxilində Rusiyanı balanslı bir şəkildə yanında tutmaq Türkiyənin özünü etibarlı bir mövqedə tuta bilməsi baxımından önəmlidir.

Rusiya ilə Suriyadakı əməkdaşlığımız olduqca kövrəkdir, çünki böhranın əvvəlində istənməyən hadisələr baş verdi. Elə bu səbəblə, Qarabağ savaşındakı nailiyyətləri alqışlayıram, lakin öncəki yazımda işarə etdiyim ehtimalların (risklərin – tərc.) diplomatiyada və meydanda doğru, səmimi dəyərləndirilə bilməsinə ümid edirəm. Əks halda, Dağlıq Qarabağdan çıxmayan Rusiya Türkiyə üçün öncə dəstək, sonra əngəl ola bilər.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə