XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2020 - 11:57

Kiyevdə nə düşünürlər? –İKİNCİ QARABAĞ MÜHARİBƏSİNİN UKRAYNA ÜÇÜN DƏRSLƏRİ

Taras Kuzio

“Atlantic Council”, 18.11.2020

 

2 ölkə arasındakı son altı həftəlik müharibədə Azərbaycanın Ermənistan üzərində qazandığı qələbə Cənubi Qafqazda geosiyasi tarazlığı dəyişdirərək, on illərlə davam edən dalana son qoyub. Bu, Azərbaycana 25 ildən artıq bir müddətdə Ermənistanın işğalı altında olan bölgələrə yenidən nəzarət imkanı verib, eyni zamanda, Rusiyanı bölgədə artan Türk nüfuzunu qəbul etməyə məcbur edib.

Sentyabr ayının sonlarında Azərbaycanda geniş miqyaslı hərbi döyüş əməliyyatlarını yenilənməsi keçmiş SSRİ-nin 1990-cı illərin əvvəllərindən dondurulmuş münaqişələrindən birinin buzunu əridib. Müharibənin gedişi və nəticəsi Sovet İmperiyası xarabalıqlarında çoxsaylı kiçik müharibələrin ən sonuncusu olan Ukrayna üçün bəzi potensial əhəmiyyətli dərslər verir.

2014-cü ildən bəri Kiyevdə bir-birini əvəzləyən hökumətlər Şərqi Ukraynadakı 6 illik Rusiya işğalına son qoyacaq və bölgəni yenidən Ukraynanın nəzarətinə verəcək sülh yolu tapmayıb. Ukrayna və Cənubi Qafqazdakı vəziyyət birbaşa müqayisəyə gəlməsə də, Azərbaycanın uğuru Ukrayna siyasətçilərinin düşünməsi üçün bir sıra məqamları təmin edir.

Bəlkə də, ən açıq nəticə beynəlxalq səviyyədə dəstəklənən postsovet barışıq forumlarının artıq etibarlı olmadığıdır. 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ATƏT-in himayəsində yaradılan Minsk qrupu, Rusiya, Fransa və ABŞ-ın iştirakına baxmayaraq, heç bir irəliləyişə nail ola bilməyib. Onilliklərin diplomatik böhranından sonra hərbi qüvvələr bir neçə həftə ərzində məsələni həll edib.

Təsirsiz Minsk sülh prosesi ilə məşğul olan Ukrayna üçün burada açıq paralellər var. 2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında Belarus paytaxtında Ukrayna, Rusiya, Almaniya və Fransa tərəfindən imzalanan müqavilələr Ukraynanın şərqindəki münaqişənin həllinə dair yol xəritəsi rolunu oynayacaq şəkildə hazırlanıb. Minskdə razılaşdırılmış şərtlər hələ də tam olaraq həyata keçirilməyib.

Həmin sazişlərini imzalayan beynəlxalq təşkilatlar Ukraynanda heç vaxt sülh perspektivlərinə inam yaratmayıb. Moskvanın enerjisi, ilk növbədə, münaqişədə iştirakını inkar etmək və müşahidəçi statusu uydurmasını təşviq etmək üçün Minsk prosesindən istifadə etməyə yönəlib.

Söz düşmüşkən, Aİ-yə üzv olan 2 ölkədən biri, rəsmi Paris Rusiya ilə münasibətləri ən qısa müddətdə normallaşdırmaqda maraqlı olduğunu gizlətməyib.

Kiyevdə elan olunmamış müharibəsini həll etmək üçün daha geniş Qərb diplomatik səyləri ilə bağlı böyük gözləntilər də yoxdur. Ukraynalı siyasətçilər Qərbin Ukraynaya 2014-cü ilin əvvəlində Rusiyanın Krımı işğal etməsinə müqavimət göstərməməsini necə tövsiyə etdiyini yaxşı xatırlayırlar. Bu, Qərbin Moldova və Gürcüstanda keçmiş postsovet münaqişələrinə münasibətə də şamildir. Qərb kollektiv olaraq Rusiyanın başlatdığı münaqişələri “dondurmağa və unutdurmağa” çalışıb, bununla da, Kremli qonşularına qarşı hibrit müharibələrə başlamağa hazır olduğuna görə mükafatlandırıb.

Son müharibədən çıxan digər bir vacib nəticə Rusiyanın təzyiqlərinə müqavimət göstərmək istəyən xalqlar üçün geosiyasi ittifaqların həyati roludur. Azərbaycanın qələbəsi böyük bir şəkildə Türkiyənin güclü dəstəyi sayəsində mümkün olub ki, bu da Rusiyanı Ermənistana dəstək üçün birbaşa və ya dolayı müdaxilədən çəkindirən əsas amildir.

Azərbaycanın İsraillə sıx əməkdaşlığı da həlledici olub. Azərbaycan uzun müddətdir ki, İsrailin müsəlman dünyasındakı ən yaxın müttəfiqi kimi tanınıb. Bu ortaqlığın dəyəri, son münaqişə zamanı, ən azı erməni hədəflərinə qarşı böyük təsir göstərmək üçün yerləşdirilən İsrail pilotsuz təyyarələri ilə aydınlaşıb.

Bu, Ukraynanın öz regional münasibətlərinə daha çox əhəmiyyət verməsinə səbəb olmalıdır. Kiyev artıq Ankara ilə dərinləşən strateji tərəfdaşlığı davam etdirir. Türkiyənin Cənubi Qafqazdakı uğurundan sonra Ukrayna ilə iş birliyinin artması ehtimalı böyükdür.

Ukrayna və Türkiyə bir çox cəhətdən təbii müttəfiqdirlər. 2 Qara dəniz qonşusunun ciddi bir geosiyasi fikir ayrılığı yoxdur və Rusiyanın regional təsirinin azaldılmasında ortaq maraq var. Bundan əlavə, hər ikisi bir-birini tamamlayan hərbi texnologiyaları masaya gətirə bilər. Türkiyənin PUA-larda liderlik rolu bu yaxınlarda baş verən Azərbaycan-Ermənistan münaqişəsi zamanı təsdiqlənib, Ukrayna isə Ankaranın gözlədiyi aerokosmik təcrübəyə sahibdir.

Ukrayna artıq kiçik türk PUA donanması əldə edib və Kiyevdə indi daha çox dron almaq istəyi var. Hazırda Ukraynada yeni modellərin mümkün birgə istehsalı ilə bağlı danışıqlar aparılır. Ukrayna mühəndisliyi də Türkiyənin yeni nəsil qanadlı raketinin inkişafında əsas rol oynayacaq.

Bu güclənən təhlükəsizlik sektoru əməkdaşlığı Türkiyə Prezidenti Ərdoğan və Ukrayna Prezidenti Zelenskinin 2020-ci ilin oktyabrında Ankarada keçirilən görüş zamanı imzaladığı bir sıra ikitərəfli razılaşmalara uyğundur. Azərbaycandakı son hadisələrin işığında Kiyev bu yolda daha da davam etmək istəyəcək.

Ukrayna İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirərək, Azərbaycanın müdafiə siyasətini əks etdirməyin dəyərini də görə bilər. İsrailin Rusiya ilə strateji münasibətləri bir maneə olsa da, Ukraynanın İsraililə paylaşdığı tarix daha yaxın təhlükəsizlik əlaqələrini asanlaşdırmağa kömək edə bilər. İsrail əhalisinin əhəmiyyətli bir hissəsinin kökü ənənəvi olaraq Avropa yəhudiliyinin ən böyük mərkəzlərindən biri olmuş Ukraynadır. 2 ölkə bu yaxınlarda sərbəst ticarət müqaviləsi bağlayaraq daha güclü əlaqələrə yol açıblar.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə