Borut Qrqic
“Əl-Cəzirə”, 23.11.2020
Bu ayın əvvəlində Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə bir neçə saat ərzində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsini dayandırmağa dair atəşkəs razılaşması imzalayıb. Bəyanat məzmunca inanılmaz dərəcədə qısa və açıqdır. Ermənistan tam məğlubiyyətdən xilas olub. Azərbaycanın qazancı böyükdür. Rusiya qalib gəlib.
Ermənistan tam geri çəkilməyə razılaşıb. Paşinyan “Facebook”-da millətinə hissiyyatlı bir mesaj göndərib, müharibənin bitməsindən kədərləndiyini və peşman olduğunu bildirib, ancaq bunun ən yaxşı məntiqi seçim olduğunu söyləyib. Təbii ki, elə bu cürdür. Erməni qüvvələri gündəlik olaraq bir çox kəndi itirib və Dağlıq Qarabağın paytaxtı Xankəndini (Stepanakerti) Ermənistana bağlayan dəhliz boyu strateji şəhər olan Şuşadan çıxarılıblar.
Prezident Əliyevin hesablamaları aydındır. Türkiyə tərəfindən dəstəklənən və Moskva ilə yaxşı münasibətdə olan Azərbaycanın ordusu sürətlə irəliləyirdi. Hərbi baxımdan, Azərbaycan müharibədən sonrakı qarışıq sülh danışıqlarından yayınmağa imkan verən tam hərbi qələbə qazana bilərdi. Ancaq Əliyev müharibə təhrikçisi deyil. O, realist və siyasi praqmatikdir.
İşğal olunmuş ərazilərin bir hissəsinin hərbi yolla azad edilməsi Əliyevə gələcək sülh prosesində üstünlük qazandırmaq və ölkəni birləşdirən lider kimi millətinin tarix kitablarına düşmək üçün kifayət idi. Yəqin o da bilir ki, Rusiya heç vaxt Ermənistanın tam məğlubiyyətinə yol verməyəcək və Putinin öz “qırmızı xətlər”i var.
Mahiyyət budur ki, Əliyev kartlarla yaxşı oynayıb və hərbi qüvvələri ilə strateji regional tarazlığı dağıtmayıb. Azərbaycan Ermənistan qarşısında bütün ərazilərdən tam geri çəkilmə və didərgin düşmüş azərbaycanlıların hələlik Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Dağlıq Qarabağa qayıtmasına dair məcburi bir öhdəlik yaratmağı bacarıb. Həmçinin, Naxçıvan Muxtar Respublikasını Ermənistan ərazisindən keçən dəhlizlə təmin edib.
Bakı İrəvana hərbi üstünlüyünü nümayiş etdirib və 1992-1994-cü illər müharibəsində Dağlıq Qarabağı itirərkən, Azərbaycanın Ermənistan silahlı qüvvələrindən aldığı ağır məğlubiyyətə bəraət verən qələbələrə imza atıb. Həm də yaxın müttəfiqi olan Türkiyəni gələcəkdə istənilən son razılığa dair tərəfmüqabili etməyi bacarıb.
Ermənistan bu münaqişədə məğlub tərəf olsa da, ən çox məğlub olan Avropa İttifaqıdır. Növbəti dəfə və möhtəşəm bir şəkildə onun Şərq periferiyasında müvafiq bir oyunçu və barış vasitəçisi olmaq cəhdi uğursuz olub.
Rusiyanın 2008-ci ildə Gürcüstanı işğal etməsi və 2014-cü ildə Ukraynanı darmadağın etməsinə çarəsizcəsinə baxan Aİ bir daha kənarda qalıb, çünki Putin bölgədə daha bir geostrateji qələbə qazanıb. Artıq Dağlıq Qarabağda olan Rusiya qoşunları ilə Putin özünü Avropanı Orta Asiya və İranla əlaqələndirən, Xəzər neft-qazının Avropa və dünya bazarlarına nəqli nöqtəsi olan Cənubi Qafqaz dəhlizinin faktiki qoruyucusu edib.
Dəhliz həmişə Avropa ilə Asiya arasında gedib-gələn mallar üçün müvafiq ticarət yolu olub. Hətta Makedoniyalı İsgəndər də bunu başa düşdü. Osmanlılar da onun kimi. Putin tarixə diqqət yetirib və kartlarını yaxşı oynayıb.
Döyüşlər başladıqdan sonra Avropa xarici siyasəti yalnız tərəfləri silahı yerə qoymağa və danışıqlar masasına qayıtmağa çağıran bir neçə açıqlama verməkdən o yana keçməyib. Aİ xarici siyasət idarəsinin rəhbəri Josep Borrell son 30 ildə münaqişəni həll edə bilməyən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının çətiri altındakı sülh prosesinin yenidən başlamasının zəruriliyi barədə danışıb. Fransa prezidenti Emmanuel Makron Azərbaycanı dəstəklədiyinə görə Türkiyə ilə mübahisələri unuda bilməyib, Almaniya kansleri Angela Merkel isə Bakı və İrəvana zəng etməklə, çarəsiz qalıb.
Heç kim Əliyevin müharibə başlayandan bəri nə dediyini eşitməyib: Azərbaycan torpaqlarını geri qaytarmayanadək və ya heç olmazsa, Ermənistan qüvvələrini tam geri çəkmək üçün bir cədvəl verməyənədək danışıqlar masasına geri dönməyəcək. Aİ Əliyevin qətiyyətini və Azərbaycan ordusunun hazırlığını səhv qiymətləndirib – bağışlanmaz yanlışlıq.
Aİ Cənubi Qafqazda birbaşa və praktik bir rol oynamaqdan imtina edərək Çinin Orta Asiyada dərin nüfuzuna qarşı çıxmaq fürsətini də əldən verir. Ancaq hər şey itirilməyib və Aİ-nin Gürcüstan vasitəsilə Cənubi Qafqazda yerini bərpa etmək şansı hələ də qalmaqdadır.
Brüssel Tbilisiyə müraciət etməli, Gürcüstanla mövcud iqtisadi və hərbi tərəfdaşlığını yüksəltməlidir. Şübhəsiz, nəzərə alınacaq Rusiya faktoru var, bu da Aİ-nin mübahisəli Abxaziya və Cənubi Osetiya bölgələri üçün son status danışıqlarına dair işə başlamasını fövqəladə prioritet halına gətirir.
Bu bölgələrin hüquqi statusuna laqeyd qaldığı müddətdə, Rusiyanın diktəsi ilə, Gürcüstanla münasibətlərin hər hansı bir dərinləşməsi çətin olacaq. Bununla birlikdə, Aİ həmin dondurulmuş münaqişələri həll etməklə, Rusiyanın təkcə Gürcüstanda deyil, Ermənistan və Azərbaycanda da təsir gücünü aradan qaldıracaq.
Avropa Dağlıq Qarabağın statusu ilə bağlı gələcək danışıqlarda rol oynamağa təkid etməlidir. Brüssel Azərbaycan və Ermənistanla məsləhətləşmələrə başlaya, həmçinin, Bakıya Dağlıq Qarabağ üçün Aİ-nin çətiri ilə müvəqqəti idarəçilik variantını təklif edə bilər.
Hazırda Aİ-nin Rusiyaya bir daha təslim olmaması vacibdir. Bu, onun strateji fəaliyyət göstərə bilməməsinə aid ilk hal deyil, amma dünyada uğursuzluğun rəmzi halına gəlməzdən əvvəl hələ də şans var.
Tərcümə: Strateq.az