Əziz Rzazadə
“Strateq”, 30.11.2020
İran nüvə proqramının atası kimi qələmə verilən Möhsün Fəxrizadə Mahabadinin qətli ən azı 2 səbəbə görə Azərbaycanın milli maraqlarına ziddir: birincisi, Dağlıq Qarabağ mövzusu qlobal gündəmdən çıxır; ikincisi, bu terror aktı, rəsmi Bakının İsraillə xüsusi münasibətləri nəzərə alınmaqla, Azərbaycanı hədəfə çevirmək istəyən qüvvələrə girəvə verir.
“Nüvə proqramının atasını öldürdüyünə görə dünya İsrailə təşəkkür etməlidir”. Bunu “New York Times” qəzetinə verdiyi açıqlamasında yüksək mənsəbli anonim bir İsrail rəsmisi deyib. O, əlavə edib ki, İranın nüvə iddialarını məhdudlaşdırmaq üçün İsrail bundan sonra da hərəkətsiz qalmayacaq.
“Keyhan” qəzeti israilli səlahiyyətli ilə eyni vaxtda davakar çağırış edib: “Hayfa limanına hücum vaxtı yetişib”. Hücumun miqyasını rəsmi nəşr bu cür təsvir edib: “Əslində, əhəmiyyətli liman şəhəri Hayfaya elə hücum etməliyik ki, obyektləri dağıtmaqla yanaşı, ağır insan tələfatına da səbəb olsun…”
Söz düşmüşkən, cinayətin cəzasız qalmamasını İranın Ali Rəhbəri Ayətullah Xamnəi də bəyanatında vurğulayıb. “Muzdulu qatillər cəzalandırılmalıdır”.
Məsud Əli Məhəmmədi, Məcid Şəhriyari, Firidun Abbasi, Dəryuş Rezanejad, Mustafa Əhmədi Ruşən… 2010-cu ildən uzanan iranlı alimlərə qarşı terror siyahısında Möhsün Fəxrizadə sonuncu şəxsdir.
Amma “The Atlantic” nəşri hələ (12 yanvar) 2012-ci ildə Yaxın Şərqdə İsrail kəşfiyyatının hədəfinə çevrilmiş alimlərin uzun siyahısını açıqlayıb: 1979-cu ilin aprelində İraqa göndərilməli reaktorun saxlanıldığı anbarda partlayış baş verib. Özünü “Fransa Ekoloji Qrupu” adlandıran, əvvəllər adı heç eşidilməmiş bir təşkilat məsuliyyəti üzərinə götürüb. 1980-ci ildə İraqın nüvə proqramının rəhbəri Yəhya əl-Məşad Parisdəki otel otağında öldürülüb. 1950-ci illərin sonlarında Misirdə başlayan ballistik raket proqramı da acı sonluqla bitib. 1962-ci ilin iyul ayında prezident Əbdül Nasir “Beyrutdan cənubda yerləşən” hədəfləri vura biləcəkləri ilə öyünərək hərbi paradda iki yeni ballistik raketi sərgiləyib. “Mossad” həmin paraddan 2 ay sonra proqramın iştirakçısı olan alimləri hədəfə alıb.
Möhsün Fəxrizadənin qətlində yenə də “Mossad”ın dəst-xətti oxunur. Bu rəydə olan Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı və hazırda Brukinqs İnstitutunun eksperti Bryus Ridel “New York Times”-a açıqlamasında bildirib ki, “öz əhalisi arasında farsca danışanlardan səmərəli istifadə edərək İsrail, İran daxilində insan resursu şəbəkələri və qonşu ölkədə – Azərbaycanda əməliyyat bazaları yaradıb”.
Yaxşı ki, İran rəsmiləri, Ridel kimi, bu cinayətdə Azərbaycanın adını hallandırmağa meylli deyillər. Onlar daha çox milli məxfi xidmət qurumlarının zəifliyini etiraf edirlər.
Ayətullah Xamnəinin hərbi məsələlər üzrə müşaviri general Hüseyn Dehqan terror aktı zamanı ciddi təhlükəsizlik qaydaları pozuntusunun olduğuna diqqət çəkdirib.
“Sepah”ın təqaüdçü zabiti Hüseyn Əlayi bildirib ki, “artıq 10 ildən çoxdur ki, İsrail İran daxilində, elm adamlarına qarşı sui-qəsd daxil olmaqla, müxtəlif əməliyyatlar keçirir. Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin qətl metodu İsrailin İrandakı əməliyyat qrupunun yüksək səviyyədə təchiz edildiyini və dəqiq məlumatlara güvəndiyini göstərir. İsrail bu günə qədər bütün kəşfiyyat, təhlükəsizlik, kiberəməliyyat və diplomatik imkanlarını İrannın nüvə proqramına qarşı istifadə edib və çox güman ki, bu davam edəcək. Ciddi mühafizə tədbirlərinə baxmayaraq, Möhsün Fəxrizadə kimi insanları öldürməsi İranın təhlükəsizlik aparatının nə qədər zəif olduğunu göstərir!”
2017-ci ilin dekabrında “İran səlahiyyətlilərinə heç bir təhdid yoxdur!” – deyən Ali Təhlükəsizk Şurasının katibi Əli Şəmxaninin bəyanatı indi başına qaxınc edilir. Üstəlik, “Mossad” hədəfi olduğu bilinən Möhsün Fəxrizadə barədə müfəssəl məlumatların, hətta qətlə yetirildiyi Absərd şəhərində bağ evinin olmasına dair videonun “You Tube”-da mövcudluğuna məntiqli izah axtarılır.
Bu mənada, Möhsün Fəxrizadənin ölümü, ilk növbədə, iranlı alimlərin təhlükəsizliyinə birbaşa cavabdeh olan “Sepah”ın (İİKK) nüfuzuna kölgə salır. “Iran Internasional” da daxil olmaqla, ölkə xaricindəki müxalif informasiya mənbələri əvvəlki uğursuzluqlara görə Əli Əsğər Gürcüzadə, Fəthullah Cəmiri, Əli Nəsiri kimi yüksək rütbəli İİKK zabitlərinin cəzalandırıldığını vurğulayırlar.
Təxminən il yarım əvvəl “Sepah”çılarla görüşdə “Sizdən 100 faiz razıyam, amma fəaliyyətinizlə kifayətlənməməlisiniz”, – demiş Ayətullah Xamnəinin İİKK-yə etimadı hazırda zədələnmiş görünür.
İranın qisasına gəlincə, Raz Zimmit – israilli analitik bunun tezliklə baş verməyəcəyi fikrindədir. “103FM Maariv”-ə açıqlamasında o, Tehranın 2021-ci ildə Vaşinqtonda keçiriləcək andiçmə mərasiminə qədər qətiyyətli addımlar atmayacağı fikrindədir.
“Haaretz” qəzeti, əksər ekspertlərə istinadla, Möhsün Fəxrizadənin qətli vaxtının 3 Noyabr seçkilərində Donald Trampı məğlub edən yeni seçilmiş prezident Co Baydenin Ağ Evə gəlişindən əvvəl baş verməsini əhəmiyyətli hesab edilir. “Baydenin Trampın İrana qarşı sərt sanksiya siyasətindən uzaqlaşacağı gözlənilir”. Yəni son terror aktı yeni administrasiya dövründə Tehran-Vaşinqton təmasları üçün əlverişli mühiti zəhərləmək məqsədi daşıyır.
Ehtimal olunan açıq və ya gizli təmasların asanlıqla baş tutacağı bir yana, ABŞ-ın 2015-ci ilin nüvə sazişinə qayıdışı yolu da qeyri-hamar, daş-qalaqlı olacaq. Hər iki ölkədə buna müxalif çevrələr riskləri artırır. Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif islahatçı cinahın “Entexab” saytına geniş müsahibəsində yetərincə aydın dillə ifadə edib.
Nazir bildirib: “İranı BMT-də təmsil etdiyim zaman Co Baydenlə peşəkar səviyyədə bir neçə dəfə görüşmüşəm. Bayden, şübhəsiz ki, xarici siyasət məsələsində Donald Trampdan çox fərqlənir. O, ABŞ-ın xarici siyasətində 1970-ci illərdən bəri iştirak edir və xarici siyasətlə Trampla müqayisədə, daha peşəkardır, lakin bu, onun mövqeyinin tam məqbul olduğu anlamına gəlmir. Hər halda, onun mövqeyi ABŞ hökumətinin yanaşmasını əks etdirir. Şübhəsiz ki, Bayden ABŞ-ın milli mənafeyi naminə hərəkət edir…”
Zərifin sonrakı qənaəti ilə də barışmaq lazımdır: “Bayden dövründə də ABŞ hökumətinin İslam Respublikası ilə qaçılmaz olaraq böyük problemləri olacaq. Ancaq Barak Obamanın dövründə də belə idi. Obamanın prezidentliyi dövründə Tehranla Vaşinqton arasında münasibətlər dost əlaqələri sayılmırdı və müəyyən səviyyədə fikir ayrılıqları mövcud idi…”
Rəsmi Tehran tərəfdaş kimi görünən Rusiya və Çinin vasitəçiliyinə də bel bağlamır. Yenə də Zərifin təbirincə, “Rusiya və Çin əvvəllər BMT Təhlükəsizlik Şurasının İran əleyhinə 6 qətnaməsinin lehinə səs verib… Əlaqələrimizə baxmayaraq, Rusiya və Çin İranın aşiqi deyil… Beynəlxalq münasibətlərdə ümumiyyətlə, dostyana əlaqələr olmur”.