XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2020 - 21:38

“MOSSAD”ın, YOXSA MKİ-nin ƏMƏLİYYATI? –İranın nüvə aliminə sui-qəsddə "Qaranlıqlar Şahzadəsi"nin də adı hallanır - TƏHLİL

Sərdar Turqut

“Habertürk”, Türkiyə, 30 noyabr 2020-ci il

 

Əvvəllər Amerikanın milli təhlükəsizlik icmasının çox önəmli bir parçası olan, sonra da bu icmanı çox yaxından izləyən bir amerikalı qaynağım İranın nüvə proqramının açar şəxslərindən sayılan Möhsün Fəxrizadənin sui-qəsdlə öldürülməsinin ilk baxışda klassik “Mossad” əməliyyatı kimi görünməsinin təbii olacağına, ancaq bu işin MKİ-nin “Qara əməliyyatlar” (Black Ops) bölməsinin rəhbəri və MKİ daxilində adından qorxuyla bəhs edilən Maykl DAndreanın da əmriylə həyata keçirilən əməliyyat ola biləcəyinə diqqət çəkib.

Mən bunu eşədən kimi, “Trampın ləğv etmiş olduğu nüvə anlaşmasını Baydenin canlandırmaq istədiyi bir dövrdə MKİ nə üçün belə bir işə girişsin?” deyərərk sual etdikdə, bu cavabı aldım: “Hakimiyyət daxilində İranla əlaqələri daha da yumşaltmaq tərəfdarları olanlarla sərt siyasətin güzəştsiz olaraq davam etdirilməsindən yana olanlar arasında ciddi anlaşılmazlıq və mübahisə davam edir. Hakimiyyət daxilində təkrar hakim mövqe əldə etmək istəyən neokonların da İrana qarşı sərt siyasət aparılmasından yana olduğu və İsrail dövlətiylə əlaqəli çalışdıqları məlumdur.”

İlk baxışda “Mossad” işi kimi görünür, amma…

Son sui-qəsd analiz edilərkən, bunun klassik “Mossad” əməliyyatı işarətləri daşıdığı görünür. “Mossad”ın sui-qəsdlərində həmin ölkənin öz vətəndaşlarından istifadəsi, xüsusilə avtomobillə hərəkətdəki hədəflərin yanına motosikletçi sui-qəsdçilərlə yaxınlaşma və sui-qəsdi həyata keçirmə yolunu seçdiyi məlumdur.

Bu son hadisədə də belə olduğu deyilir. İlk gələn məlumat belə idi, lakin daha sonra sui-qəsdçilərin bir SUV (Sport utility vehicle – idman modelli avtomobil) ilə yaxınlaşdıqları barədə xəbər gəldi. MKİ isə xüsusilə Obama dövründən etibarən, sui-qəsdlərini PUA-larla həyata keçirməyə üstünlük verir. Qasım Süleymanini də belə öldürmüşdülər.

Ancaq bu son sui-qəsd İran sərhədləri daxilində olduğundan, bu işi MKİ etsəydi belə, PUA-lardan istifadə etməyəcəkdi, çünki İran daxilində bundan istifadə müharibəyə səbəb olardı.

İndi milli təhlükəsizlik icmasında bu sui-qəsdin İranın sərt siyasət tərəfdarlarının təzyiqiylə sanki “Mossad”ın işiymiş kimi göstərilərək, MKİ tərəfindən həyata keçirildiyi danışılır.

MKİ-nin “Cənazədaşıyan”ı

Amerika dövləti içində İranla bağlı sərt diskussiyaların davam etdiyi bir vaxtda əgər sərt xətt tərəfdarları həqiqətən də dövrəyə girib son sui-qəsdi həyata keçirdilərsə, bu işin reallaşdırılması ilə bağlı çoxsaylı ləqəbləri arasında “Cənazədaşıyan” ləqəbli şəxsin yada salınmasının doğru olacağı söylənilir.

MKİ daxilindəki ən həssas işləri bilənlərin belə, adını yüksək səslə söyləməkdən çəkindikləri Maykl DAndrea adlı bir bölmə rəhbəri var. MKİ-nin “Qara əməliyyatlar” (Black Ops) adlı bölməsinin rəhbəridir. Bu bölmənin xarici ölkələrdə həyata keçirdiyi sui-qəsdləri və digər qeyri-qanuni işləri MKİ kimi məxfiçilik şəraitində çalışan bir təşkilatda belə, gizli saxlanılır. Bəzən bu əməliyyatlardan ABŞ prezidentləri belə, iş bitdikdən sonra xəbərdar edilir.

Qaynağım bunun ABŞ prezidentinin qanuni məsuliyyətdən qorunması üçün edildiyini söyləyir.

Bu bölmənin rəhbəri olan Maykl DAndrea, işçilərinin “şirkət” adlandırdıqları MKİ daxilində “Ayətullah Mayk”, “Qaranlıqlar şahzadəsi” və ya “Cənazədaşıyan” kimi tanınır.

Bizim region ölkələrindən olan bir xanımla ailə qurduqdan sonra özü də müsəlman olan Maykl DAndreanın MKİ-dəki iş otağında tez-tez namaz qıldığı yerdə göründüyü söylənilir. Nə bu adamla, nə də ailəsiylə bağlı açıq informasiya tapmaq mümkün olmadığından, böyük ehtimalla, arvadının İran əsilli olması səbəbiylə xəstəlik səviyyəsində İran düşkünlüyü olan Maykl D’Andreaya “Ayətullah Mayk” deyilməsinin səbəbi də budur.

Həyata keçirilən bu son sui-qəsdin onun bölməsi tərəfindən edilib-edilmədiyi, böyük ehtimalla, heç bir zaman ortaya çıxmayacaq.

Hazırda qəti olan yalnız budur ki, Bayden hələ Ağ Evə yerləşməmiş iqtidar daxilində İrana yönəlik siyasətlə bağlı sərtlik tərəfdarı olanlarla yumşalma tərəfdarı olanlar arasında gedən mübahisə şiddətlənmiş durumdadır.

Son günlərdə hakimiyyət daxilində hərəkətlənən neokonların da İsraillə əməkdaşlıq içində sərtlik tərəfdarı olanlardan yana mövqe tutduqları məlumdur. Və bu mühit üzündən, yeni prezidentin İranla bağlı başının xeyli ağrıyacağı söylənilə bilər.

Tərcümə Strateq.az-ındır