XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

31 Mart 2016 - 15:02

Vaşinqtonun Azərbaycan mesajı –İkitərəfli münasibətlərin yeni formatı razılaşdırılıb

Obama-Eliyev-11

Bu il martın 18-də Azərbaycanla ABŞ arasında rəsmi diplomatik münasibətlərin qurulmasının 24-cü ildönümü qeyd edildi.

Bu 24 ildə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı dünyada və qlobal miqyasda baş verən hadisələr, eləcə də hər iki ölkədə cərəyan edən proseslərin təsiri ilə gah yüksəliş, gah da ziddiyyətli və gərginləşmə fazaları ilə yadda qalıb. Son 2 ildə isə ikitərəfli münasibətlərdə, ən azı zahiri olaraq, daha çox “soyuqluq” müşahidə edilirdi.  Ötən il ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın qalmaqallı müsahibəsindən sonra Bakı-Vaşinqton münasibətlərində hər iki tərəfdən tənqid ritorikası daha çox ön plana çıxmışdı.  

Hətta ABŞ Konqresinin Helsinki komissiyasının həmsədri Kristofer Smit tərəfindən ölkəmizə qarşı sanksiyaları nəzərdə tutan "Azərbaycan Demokratiya Aktı – 2015” adlı layihə hazırlanmışdı. Bundan əvvəlsə Azərbaycanda “Azadlıq” radiosunun yayımı dayandırılmış, radionun əməkdaşı Xədicə İsmayıl həbs olunmuş, QHT-lərin layihələrini maliyyələşdirilən bir sıra ABŞ təşkilatları ölkəni tərk etmişdilər…

Son aylar isə Bakı-Vaşinqton münasibətlərində “buzaların əriməsi” müşahidə olunur. Bu kontekstdə Azərbaycan prezidentinin Vaşinqtonda keçirilən 4-cü Beynəlxalq Nüvə Sammitinə dəvət olunması və ABŞ Dövlət katibi Con Kerri ilə görüşü çox əlamətdar hadisə sayıla bilər.

Prezident İlham Əliyev-Kerri görüşünün təfərrüatları barədə ətraflı informasiya olmasa da, səslənən açıqlamalar ikitərəfli münasibətlərdə yaxınlaşma perspektivindən əminliklə danışmağa kifayət edir.

Xüsusən Kerrinin açıqlamalarından sonra indiki mərhələdə Vaşinqtonun Azərbaycan siyasəti ilə bağlı müəyyən mülahizələr irəli sürmək olar. 

Kerrinin açıqlamalarına diqqət yetirdikdə, ilk növbədə Azərbaycanla əməkdaşlıqda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizə və təhlükəsizlik məsələlərinin xüsusi vurğulandığı nəzərə çarpır. Artıq əminliklə söyləmək olar ki, Vaşinqtonda Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı səyləri tam dəstək alıb. Vaşinqton bu məsələdə maksumum yardım göstərəcək.

Eyni zamanda Kerri Azərbaycanın mürəkkəb regionda yerləşdiyini də vurğulayıb.  Görünür, Bakının tarazlaşdırılmış siyasətin zəruriliyi ilə bağlı arqumentlərinə Vaşinqtonda qulaq asamağa başlayıblar. 

Bu arqumentlərə Vaşinqtonda ciddi əhəmiyyət verilməsinin nəticələri hiss olunmaqdadır. Bu günlərdə "Cənub Qaz Dəhlizi” QSC-nin dövlət zəmanətli istiqrazlarının 46%-i Birləşmiş Krallıq, 43%-i ABŞ investorları tərəfindən alınıb. Ümumilikdə bu istiqrazların yerləşdirilməsindən Azərbaycan 1 milyard dollar kredit cəlb edə bilib.  

Yada salaq ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalananda ABŞ şirkətlərinin ümumi investisiya payı 47 faiz təşkil edirdi. Bu, ABŞ-la münasibətlərin qurulmasında və xarakterinin müəyyən olunmasında Heydər Əliyev iqtidarı üçün çox ciddi arqument idi. Eyni zamanda Vaşinqtonun Heydər Əliyev iqtidarına dəstəyinin əyani nümyişi idi.

Bunun ardından 1997-ci ildə ABŞ Konqresinin tələbi ilə Dövlət Departamenti “İpək yolu – 97” strategiyasını təqdim etdi. 1999-ci ilin martında isə “İpək yolu strategiyası” qanunu qəbul olundu. Həmçinin, Cənubi Qafqaz və Xəzər hövzəsinin ABŞ-ın milli maraqlar zonasına daxil edildiyi bəyan olundu.

ABŞ-ın Cənub Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələri ilə bağlı siyasətinin əsaslarını müəyyən edən bu strategiyanın həyata keçirilməsində Azərbaycana xüsusi rol ayrılırdı. Azərbaycan regional inqterqasiyanın təmin olunmasında, Rusiyanın cənubunda və Cənub-Şərqində yerləşən bölgələrindən, Xəzər hövzəsindən Qərbə doğru istiqamətlənən kommunikasiyaların, nəqliyyat dəhlizlərinin yaradılmasında həlledici ölkə kimi nəzərdə tutlurdu. Sonrakı illərdə Vaşinqtonun Azərbaycanla bağlı təşəbbüsləri bu strategiya çərçivəsində həyata keçirildi. “Bakı-Tbilisi-Ceyhan” kəmərinin çəkilişinin dəstəklənməsi də bu strategiyanın prioritetlərinə cavab verirdi.

Bu strategiyanın həyata keçirilməsi ABŞ üçün ilkin vəzifələri həll etməyə və gələcəkdə Cənubi Qafqaz regionunda və Xəzər hövzəsində möhkəmlənməyə imkan verdi. Kremlin bütün səylərinə baxmayaraq, Cənubi Qafqazı tamamilə Rusiyanın təsir orbitinə salmaq mümkün olmadı. İranı məsafədə saxlamağa və Tehranın SSRİ-nin dağılması ilə gerçəkləşməsinə ümid etdiyi Xəzər hövzəsi və Cənub Qafqazla bağlı geosiyasi iddialarına qarşı adekvat tədbirlər görməyə imkan yarandı.

Ötən illər ərzində Azərbaycan “İpək yolu-97” strategiyasının həyata keçirilməsində üzərində düşən vəzifələri çox uğurla yerinə yetirdi. Baxmayaraq ki, Vaşinqtonun Qarabağ münaqişəsinin həllində, Ermənistanla konfliktdə dəstəyi bu səylərə adekvat olmadı. Buna təəccüblənmək və emosional yanaşmaq da düzgün olmazdı. İmperiyalarla əməkdaşlıq edən ölkələrin, onlar “strateji tərəfdaş” statusu alsalar belə, gözləntiləri çox nadir hallarda əhəmiyyətli dərəcədə doğrulur…

İndi isə ABŞ Cənub Qaz Dəhlizi layihəsinə dəstək verir. Yenə də yuxarıda qeyd edilən məsələlər Vaşinqton üçün aktualdır. Rusiyanın aqressiv siyasəti isə Cənub Qafaz, Xəzər hövzəsinə daha diqqətlə yanaşmağa məcbur edir. Belə bir şəraitdə Bakı ilə sıx münasibətlər ABŞ üçün də vacibdir.

Şübhəzi ki, tərəfdaş kimi ABŞ-dan Azərbaycanla münasibətlərdə müəyyən gözləntiləri var. Xüsusilə insan hüquq və azadlıqları, vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı sahələrdə Vaşinqton rəsmi Bakının daha mülayim siyasət yürütməsini istəyir.  

Son addımlar göstərdi ki,  Bakıda da Vaşinqtonun mesajlarını diqqətdə saxlayırlar.

Azərbaycan üçün isə Qərbə inteqrasiya siyasəti çərçivəsində ABŞ-la münasibətlərdə, ilk növbədə, dövlət suverenliyinin möhkəmləndirilməsi, Şimal və Cənubdan qaynaqlanan təhdidlərin neytrallaşdırılması, Qarabağ münaqişəsində və enerji resurslarının istismarında dəstək alınması əsas prioritetlər kimi çıxış edir.

Eyni zamanda, Bakı 1994-cü ildən bəri, ABŞ-la münasibətləri elə nizamlamağa çalışır ki, Şimal və Cənub qonşularıyla əməkdaşlığı mümkün edəcək manevr imkanlarına sahib olsun. Bu siyasət “tarazlaşıdırılmış”, “komplimentar”, “çoxvektorlu” məfhumlarla ifadə olunsa da, mahiyyət dəyişməz qalıb. Azərbaycan bütün hallarda manevr, çevik xarici siyasət imkanlarını qorumağa çalışıb. Uzun illərdir ki, Bakı bunun vacibliyinə Qərb tərəfdaşlarını və ələlxsüs, Vaşinqtonu inandırmağa nail olub.

Son olaraq, Vaşinqtondan səslənən açıqlamar göstərir ki, Bakı və Vaşinqton artıq ikitərəfli münasibətlərin yeni formatı baradə ümumu yanaşma ilə bağlı razılıq əldə etməyə nail olublar.

 

Zaur İbrahimli

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə