XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 11:15

AYƏTULLAH XAMNƏİNİN SƏHHƏTİNDƏN NƏ XƏBƏR VAR? –Dünyanın ən yaşlı liderinin sağlamlığı ilə bağlı manipulyasiya davam edir

Ayətullah Xamnəinin səhhəti ilə bağlı yanıltıcı məlumat dövriyyəsi davam edir.

Strateq.az xəbər verir ki, xarici KİV-lər yeni-yeni informasiya və təhlilləri yaydıqca, İran daxilində onların təkzibinə yönəlmiş açıqlamalar ard-arda düzülür.

Artıq hakimiyyyət iyearxiyasında mühüm yer tutan Ekspertlər Şurası da İslam Respublikası rəhbərinin sağlamlıq vəziyyətində dair məlumat verib.

Ekspertlər Şurasının üzvü Haşim Haşimzadə Hərisi “Borna” agentliyinə bildirib: “Yalan xəbərdir. Ali liderlərin  səhhəti normaldır”.

Hərisinin açıqlamasından öncə Ekspertlər Şurasının iclası keçirilib. Bəzi KİV-lər bunu “fövqəladə iclas” və “Ayətullah Xamnəinin varisinin təcili seçimi” kimi dəyərləndiriblər.

Toplantının təcili olmadığını söyləyən Haşim Haşimzadə Hərisi bildirib ki, “Şurada müzakirə olunan məsələlərin Ali Rəhbərinin səhhəti ilə bağlı yayılan yalan xəbərlərlə əlaqəsi yoxdur. Ekspertlər Şurası müntəzəm olaraq, qrafikə uyğun toplanır”.

O əlavə edib ki, son iclasda gündəlik məsələlər müzakirə olunub.

“Fars” agentliyinin məlumatına görə, Ekspertlər Şurasının digər üzvü üzvü, Xuzistan əyalətinin nümayəndəsi Ayətullah Əbdülkərim Fərhanini də təkzibedici bəyanat verib.

O, öz adından Şurada guya “fövqəladə iclası”nın keçirilməsi barədə yayılan xəbərləri inkar və kiberməkanda bu sayaq məlumat yayan mənbələrin cəzalandırılmasını tələb edib.

“Mənim dilimdən buna oxşar heç bir şey deyilməyib. Allaha həmd olsun ki, Ali Rəhbər sap-sağlamdır… bu xəbəri qətiyyətlə inkar edirəm. Bu xəbərdən kimdən şikayət edəcəyimi bilsəm, inşallah FATA polisindən bu xəbərin mənbəyini tapmasını istəyəcək, onlarda şikayət vermək və təqib olunmaları üçün qanuni addımları atacağam”, – deyə Ayətullah Fərahani bildirib.

Dekabrın 8-də İran KİV-lərində Ayətullah Xamnəinin Şeyx Rza Nurini Şimali Xorasan əyalətinin və Bocnurdun imam-cüməsi təyin etməsi barədə fərmanı dərc olunub. Bundan əvvəl, dekabrın 6-da Ayətullah Xamnəinin hüccətül-islam Şükrini Şəhidlər və Qazilər Vəqfində Ali Liderin nümayəndəsi təyin etməsi barədə fərmanı açıqlanıb.

“Ayətullah Xamnəinin səhhətində problem yoxdur”. Bu açıqlamanı “Khabaronline” veb-saytına dekabrın 8-də “İranlıların səsi” Partiyasının baş katibi və “Diplomasi İrani” veb-saytının icraçı direktoru, keçmiş diplomat Sadiq Xərrazi verib.

Son günlər İran liderinin sağlamlığı ilə bağlı xarici KİV-lərin məlumatlarına təpki verən Xərrazi yayımlanan informasiyanı şayiə kimi səciyyələndirib.

O, sosial şəbəkə vasitəsilə paylaşılan açıqlamasında bildirib: “Ümumiyyətlə, Allah xatirinə susmağa çalışdım. Ali Rəhbərlik dəftərxanasının öz məlumat sistemi var və mənim kimi birinin şərh verməsi üçün bir səbəb yoxdur, amma mənimlə edilən çox sayda təmasa görə bu yazını dərc edirəm.

Bu gün Ali liderin ofisində keçirilən yığıncaqdaydım və orada nahar etdim. Həzrət Ağanın yaxınlarından biri ilə söhbətim oldu. Allaha şükür ki, sağ-salamatdır, cismi şövq və enerji ilə doludur. Şayiələrə və fərziyyələrə məhəl qoymayın. Bütün ssenari uydurma, şayiə və xarici yalançıların quramasıdır”.

Ayətullah Xamnəinin səhhəti ilə bağlı yanıltıcı xəbər axını “Newsweek” jurnalında dərc olunan bir məqalə ilə başlayıb. ABŞ-ın həftəlik nəşrində, “Tvitter”dəki bir şəxsi hesaba əsasən, Ayətullah Xamnənin ağır xəstə olması, prezident Həsən Ruhani ilə gizlicə görüşməsi və hakimiyyətini oğlu Müctəba Xamnəiyə təhvil verməsi iddia olunub.

Bundan sonra İsrailin “Jerusalem Post” qəzeti post-Xamnəi dövrünün əsas namizədləri barədə təhlil məqaləsi dərc edib.

“Twitter” hesabına istinadla dərc etdiyi məqalənin sonunda “Newsweek”  iddiasını müstəqil şəkildə təsdiq edə bilməyəcəyini yazıb. Çünki onun istinad mənbəyi olan şəxs hazırda Londonda yaşayan və İranda separatizmin tərəfdarı kimi tanınan ərəbdilli jurnalist Məhəmməd Əhvazədir.

Bununla belə, İran liderinin sağlamlıq durumu barədə şayiələrə son qoyulmayıb.

“Azadlıq Radiosu”nun farsdilli bölməsi olan “Radio Fərda” da mövzudan kənarda qalmayıb. Bu KİV Müctəba Xamnəinin hakimiyyətə gətirilməsi üçün “Sepah” daxilində xüsusi qrupun varlığını iddia edib və varislik keçidinin təmin olunmasından ötrü qvardiyanın fövqəladə vəziyyətə hazır olduğunu iddia edib.

Dövriyyədəki mövzuya ilk təpki Ayətullah Xamnəinin ofisində Nəşriyyat İşləri İdarəsinin müdir müavini vəzifəsini tutan Mehdi Fazaelidən gəlib. O, mövzu ilə bağlı tvit atıb.

Xəzaeli tvitində yazıb: “Ayətullah Xamnəinin səhhəti ilə bağlı şayiələr yaymaq Qərb mediasında uzun müddətdir davam edən və təbii ki, saxtakar bir layihədir. Əvvəllər layihəni Qərbdə hamıdan çox bu sayaq məlumatlar dərc edən Maykl Laden adlı bir şəxs idarə edirdi. Saxtalığının ortaya çıxması ilə bu saxtakarlıqlar üçün indi başqa mənbənin seçildiyi görünür”.

Mehdi Fəzaelinin sözlərinə görə, Ayətullah Xamnəi sağ-salamatdır və gündəlik işlərini proqramına uyğun şəkildə davam etdirir.

Sonda xatırladaq ki, koronavirus pandemiyası başlayandan bəri İran lideri ictimaiyyət arasında az görünür. Onun mühüm dini ayinlərdə iştirakı təkəm-seyrək şəraitdə baş verir. Hökumət rəsmiləri ilə son görüş isə bir neçə ay əvvəl olub və həmin toplantıda Ayətullah Xamnəi növbəti dəfə prezident Həsən Ruhanini müdafiə edərək, ona qarşı yönəlmiş təhqiramiz tənqidlərə son qoyulmasına çağırıb.




Yuxarı Əvvələ Ana Səhifə