XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 12:14

RUS LİBERALLARI ERMƏNİSTANI NİYƏ MÜDAFİƏ EDİRLƏR? –Yevgeni Primakovun xəbərdarlığı 30 il sonra çin oldu

Aleksandr Sipko

(fəlsəfə doktoru, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi əməkdaşı)

“Nezavisimaya qazeta”, 09.12.2020

 

Rusiyanın Dağlıq Qarabağdakı müharibədən kənarda qalmaq siyasəti, həm İrəvan, həm də Bakı ilə mübahisədən yayınmaq istəyi Rusiyanın ekspert cəmiyyətində qızğın polemikaya səbəb olub.

Bəzi mütəxəssislər üçün Rusiyanın Qarabağdakı müharibədə yaxasını kənara çəkməs son zamanlarda nadir “təmkin nümunəsi” idi. Rusiyanın təmkinli siyasəti, nəhayət, öz maraqlarını, əhalisinin sabitliyini və rifahını qorumaq mənafeyini xarici siyasətin baştacı etməmənin dəlil idi.

“NG”-nin (12/11/2020 tarixli) redaksiya şərhində deyildiyi kimi, Rusiya “lazımsız və təhlükəli bir qarşıdurmaya sürüklənməsinə icazə verməməkdə” doğru hərəkət edib. Rusiya “30 ildir ki, nə İrəvan, nə də Bakı ilə mübahisəyə girib” və indi münaqişədən bərabər məsafədə durma siyasətini davam etdirməyi bacarıb. Ən əsası isə Rusiya Federasiyasının Prezidenti ilə Ermənistan və Azərbaycan liderləri arasında etibarlı münasibətlərimizi davam etdirə bildik.

Rusiyanın Dağlıq Qarabağdakı müharibədən uzaqda durma siyasətinə də əks münasibət var. Putinə müxalif olan liberal ziyalılar yekdilliklə bu siyasəti “xəyanət” adlandırıblar. Bir çox mütəxəssis Rusiyanın Dağlıq Qarabağdakı münaqişə zamanı Ermənistan tərəfində döyüşməkdən imtina etməsinin arxasında “Putinin məğlubiyyət hissləri” olduğunu düşünür. Liberal Avropa dəyərlərini dilə gətirən insanlar bu dəfə Rusiya rəhbərliyinin qanunun aliliyinə ciddi şəkildə əməl etməsinə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün qanuni haqqını tanımasına sevinməli və 1989-1994 müharibəsi dövründə Azərbaycanın 7 rayonunun Dağlıq Qarabağa birləşdirilməsini təkcə qanunsuz deyil, həm də insani cəhətdən əxlaqsız hesab etməli idilər.

 

Liberalizmin paradoksları

Amma yox. Liberalların mövqeyi qanunları və ərazi bütövlüyü prinsipini qəsdən inkar etmək, Avropa humanizminin orijinal prinsiplərini itirmək idi. Halbuki Vladimir Putin indi Donbassdakı müharibə dövründə olduğu kimi davransaydı, əsgərlərimiz Qafqazdan sink tabutlarda qayıdacaqdı.

2014-cü ilin “Rus Baharı” zamanı ruslar əqidə uğrunda ölürdülər, Vladislav Surkovun dediyi kimi, Ukraynanı Rusiya ilə dostluğa məcbur etmək mümkün və lazımlı idi. Eyni məntiqlə, bu gün rus əsgərləri Dağlıq Qarabağda Azərbaycandan qoparılan 7 rayonu öz əllərində saxlayaraq Ermənistan naminə öləcəkdilər. Halbuki Ermənistanın Dağlıq Qarabağın erməni statusunu qorumaq, bu bölgədə sülhü bərqərar etmək, Azərbaycana güzəştə gedərək həmin 7 rayonu qaytarmaq imkanı var idi. Ancaq Ermənistan bu münaqişəni Azərbaycanla sülh yolu ilə həll etmək fürsətini əldən buraxıb.

Bildiyiniz kimi, Yevgeni Primakov 1990-cı illərin əvvəllərində ABŞ və Avropa ilə bir razılaşma əldə edib: Ermənistan 7 rayonu Azərbaycana qaytarsa, onlar Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqdılar.

Yevgeni Primakov Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyana sövdələşmə barədə məlumat verib və xəbərdar edib: realist olun, “unutmayın ki, azərbaycanlılar nə qədər gözləməyi və necə işləməyi bilirlər. 10, 20, 30 il keçəcək, onlar güclənəcək və hər şeyi əlinizdən alacaqlar”.

Ancaq Ter-Petrosyanın Primakova dediyi kimi, Dağlıq Qarabağdakı səhra komandirləri atəşkəsin bu şərtləri ilə razılaşmayıblar: “təhlükəsizlik zonamızı” Azərbaycana versək, “küçə bizi süpürüb atacaq”.

Diqqət çəkən budur: liberal ziyalılarımızın bir çox nümayəndəsi Dağlıq Qarabağdakı münaqişəyə məhz 1989-1994-cü illər müharibəsinin səhra komandirlərinin gözü ilə baxırlar.

Yeri gəlmişkən, məni Qarabağda müharibənin başlamasının 10 illiyi münasibətilə İrəvana dəvət etmişdilər, bir çox erməni ziyalı nümayəndələrindən eşitdim ki, “Azərbaycanla yeni bir müharibə etməmək üçün güzəştə getmək lazımdır”. Ancaq, onların fikrincə, respublika parlamentindəki Qarabağ lobbisi buna hər şəkildə mane olur.

Görünən odur ki, özlərini qərbçi adlandıran politoloqlar Dağlıq Qarabağdakı müharibəni qiymətləndirərkən, 1989-1994-cü illərin müharibəsi zamanı torpaqlarını və evlərini itirən sıravi azərbaycanlıların faciəsi ilə hesablaşmalı olacaqdılar. Ancaq, məsələn, Andrey Piontkovski üçün azərbaycanlıların əzab-əziyyəti elə də faciəvi deyil: “Əlbəttə, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağın müstəqilliyini elan etdikdən sonra evlərini tərk etmək məcburiyyətində qalan azərbaycanlılar yazıqdır. Ancaq başqa bir şəkildə, azərbaycanlıların yaşadığı Azərbaycanın 7 rayonunun ilhaqı olmadan, Dağlıq Qarabağ erməniləri öz təhlükəsizliyini təmin edə bilməzdilər”.

Putinin avtokratiyasına qarşı liberal müxalifətin ən görkəmli nümayəndələrindən biri olan Piontkovskinin bu sözlərini eşidəndə, şok keçirdim: bu, necə mümkündür?! Belə çıxır ki, azərbaycanlılar, həqiqətən, insanlar deyillər, öz evlərini və torpaqlarını itirmiş insanların əzabları, erməni qonşularının özlərini qorumaq, özlərini qondarma Dağlıq Qarabağ respublikası ilə Azərbaycan arasında heç kimin yaşamadığı qondarma təhlükəsizlik zonası yaratmaq hüququ ilə müqayisədə heç bir şeyə dəyməz…

Liberal ziyalıların əhəmiyyətli bir hissəsinin Rusiyanı Dağlıq Qarabağdakı müharibədən uzaqlaşma siyasətinə etiraz etdiyi bu hekayət onların kim olduqları barədə həqiqəti ortaya qoyub. Qəfildən Qaydar komandasının dünyagörüşünü təyin etdiyi kimi, marksizmin onların da dünyagörüşünü müəyyənləşdirdiyini gördüm.

Liberal ziyalıların bütün nümayəndələri, Dmitri Bıkov kimi, Lenini getdikcə daha çox sevdiklərini söyləmirlər. Ancaq insanları təhlükəsizliyini təmin etmək hüququ olanlara və bu təhlükəsizlik adı altında əziyyət çəkməli olanlara ayırmalarına imkan verən də məhz marksizmdir. Burada irqçilik kommunizmdən daha pisdir. Kommunistlər üçün istismarçılar öldürülməli insan idilər. Andrey Piontkovski üçün azərbaycanlıların, ermənilərdən fərqli olaraq, təhlükəsizlik hüququ yoxdur. Leninin təbirindəki “kommunizmin qələbəsinə xidmət edən hər şey” mənəvi cəhətdən yalnız milli vətənpərvərlərimizin deyil, həm də özlərini “qərbçi” adlandıran liberal ziyalıların ruhunda yaşayır: rəğbət bəslədiyim insanların təhlükəsizliyinə gəldikdə cinayət yoxdur, insan əziyyəti yoxdur…

 

Dərin ateizm

Niyə bu gün bəzi liberal müxalifət nümayəndələri Dağlıq Qarabağdakı münaqişənin mahiyyətini qiymətləndirərkən, ermənilərin tərəfindədirlər?

Məncə, təkcə ona görə yox ki, ermənilərə azərbaycanlılardan daha çox simpatiya bəsləyirlər. Burada liberal ziyalılarımızın əksəriyyətinin səciyyəvi xüsusiyyətləri olan dərin ateizm özünü hiss etdirir. Azərbaycanlılar onlar üçün yarıinsanlardır, çünki onlar müsəlmanlardır, çünki İslam dininə əsaslanan dini fanatizm xristian klerikalizmi və fanatizmindən daha təcavüzkardır.

Məsələ burasındadır ki, ziyalılarımızın liberalizminin arxasında sadəcə ateizm deyil, ateist messianizm, müasir bəşər tarixinin din və tanrısızlığın qarşıdurması kimi qəbul edilməsi dayanır. Bu liberal messianizm, gec-tez dinin yox olacağına və bəşəriyyətin Kilsədən, dini ayinlərdən və ibadətdən imtina edəcəyi inamı ilə təzahür edir. Ən aqressiv formada bu ateist messianizm özünü Aleksandr Nevzorovun “Rus keşişləri” ilə yorulmaz mübarizəsində özünü göstərir.

Yuliya Latınina Rusiyanın Dağlıq Qarabağdakı müharibə nəticəsində strateji məğlubiyyətə uğradığına inanır, çünki onun nöqteyi-nəzərində “Rusiyanın içi də daxil olmaqla, İslam dini fanatizmi güclü bir təkan alıb”. Yuliya Latınina əmindir ki, Azərbaycanın 1994-cü ildə ermənilər tərəfindən işğal olunmuş bölgələri nəzarətinə geri qaytarması Rusiyanın dini fanatizmini artıracaqdır.

Düşünürəm ki, əksinə, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü təmin etmək haqqını dəstəkləməsi Rusiya Federasiyasındakı türk xalqları arasında təqdir olunacaqdır.

Şübhəsiz ki, Rusiya Ermənistan tərəfindən bu müharibəyə qarışsaydı, Allah göstərməsin, Rusiya Federasiyasının türk respublikalarında separatçı hisslərin artdığının şahidi olardıq. Şəkk doğurmayan həm də budur ki, Rusiya Azərbaycanla Ermənistan tərəfində mübarizə aparsaydı, SSRİ-nin keçmiş Orta Asiya respublikalarında anti-Rusiya hisslərinin artması qaçılmaz olardı.

Yuliya Latınina hesab edir ki, Putin Dağlıq Qarabağda ermənilərin tərəfində döyüşmək istəməyib, 1944-cü ilin avqustunda Varşava üsyanını dəstəkləməmək qərar verən Stalinin hərəkətini təkrarlayıb. Latıninanın nöqteyi-nəzərindən Azərbaycanın 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş ərazisini geri qaytarması nəinki haqlı ola bilməz, əksinə, almanlar tərəfindən Varşava üsyanının qanlı şəkildə yatırılmasına bərabər bir cinayətdir. Ancaq ən iyrənc şey: belə çıxır ki, ərazi bütövlüyünü bərpa edən azərbaycanlılar Polşa torpaqlarını öz əhalisindən təmizləyən nasistlərlə eyni canavarlardır.

Təəssüf ki, liberal-ateist messianizm şüurda hökm sürdükdə, artıq əxlaqa və elementar insanlığa yer qalmır. Özünüzü necə qərbli hesab edə və Avropa humanizminin əsaslarını inkar edə bilərsiniz? İnsanların əxlaqi bərabərliyi prinsipinin bu instinktiv şəkildə rədd edilməsinin bir izahı var: həqiqət budur ki, Avropa humanizmi və liberalizminin arxasında insanların, Tanrının övladları kimi, əxlaqi bərabərliyinə dair xristian təlimi var, axı İncildə deyilir: “Özünüzə rəva görmədiyinizi başqasına etməyin”.

Bəzi liberal ziyalı nümayəndələrinin aqressiv ateizmi ilə insanlığı ruhlarında qorumaq çətindir. Buna görə də, bolşeviklərin messianizmi ilə İslamı bəşər sivilizasiyasının əsas düşməni kimi görənlərin hamısının liberal messianizmi arasında ciddi fərqlər yoxdur.

2014-cü ilin “Rus Baharı”nda liberal müxalifət Putini xarici siyasətini Rusiyanın böyük dövlətçilik (“velikoderjavnost”) həsrətinə, Rusiya torpaqlarını toparlamaq fikrinə tabe etməkdə günahlandırıb. Putin, fikrimcə, o zaman, həqiqətən, Avropa hüquq prioritetindən uzaqlaşıb və xarici siyasətini “bir xalq – bir dövlət” prinsipinə tabe edib.

İndi paradoksa şahid oluruq. Rusiyanın Dağlıq Qarabağdakı münaqişəyə münasibətini formalaşdırarkən, Putin dövlətlərin ərazi bütövlüyü prinsipini rəhbər tutaraq, bu münaqişədəki həqiqətin azərbaycanlıların tərəfində olduğunu, çünki ərazilərini geri qaytardıqlarını, ərazi bütövlüyünü bərpa etdiklərini söyləyib. Birdən liberallarımız imperialist dövlət adamlarına çevrilib və onu “ilk dəfə postsovet məkanının bir hissəsini Türkiyəyə verdi” deyə tənqid etməyə başlayıblar. Yəni Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində “təhlükəsizlik kəməri” deyilən bir şeyin yaradılması üçün fəth edilməsi liberal müxalifətimiz baxımından ədalət prinsipinin təcəssümüdür. Ancaq azərbaycanlıların onlardan alındıqlarını qaytarması – cinayətdir.

İmperiya sindromu liberal ziyalılarımızı 2014-cü il “Rus Baharı” dövründə Rusiya rəhbərliyindən az yoluxdurmayıb. Ancaq nə qədər qəribə görünsə də, “dərin Rus xalqı” heç bir imperiya sindromundan əziyyət çəkmir, əksəriyyəti Putinin Dağlıq Qarabağdakı müharibədən uzaqlaşmaq qərarını fəal şəkildə dəstəkləyirlər. VSİOM sorğularına görə, rusların 72%-i keçmiş SSRİ xalqları olaraq ermənilərə və azərbaycanlılara bərabər münasibət bəsləyirlər. İndi “dərin Rus xalqı” sovet xalqı kimi düşünür: “Kaş müharibə olmayaydı”.

Bax belə. Belə görünə bilər ki, Kremlin Dağlıq Qarabağdakı münaqişə ilə bağlı təmkinli, düşünülmüş siyasətini dəstəkləməli olan liberallarımız olmalı idi. Başqa bir müharibəyə qarışmadığımıza, nəhayət, rus torpaqlarını toparlamaq arzusundan deyil, əhalimizin rifahını qorumaq, sabitliyi qorumaq istəyindən başladığımıza görə sevinməliyik.

Mövcud rus liberal ziyalılarının, ilk növbədə, azadlığa və fərdi hüquqlara hörmət ediləcəyi müasir bir milli dövlət yaratma qabiliyyətinə sahib olduğuna dair əsaslı bir şübhə var. Unutmamalıyıq ki, Rusiya müsəlman türklərin əhalinin əhəmiyyətli hissəsini təşkil etdiyi çoxmillətli bir ölkədir. Unutmamalıyıq ki, bütün etiraflara, bütün insanlara qarşı kökündən bərabər münasibət olmadan, yalnız demokratiya yaratmaq deyil, həm də ölkəmizdə barışı qorumaq qeyri-mümkündür…

Tərcümə: Strateq.az