XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 April 2016 - 07:34

İlham Əliyev ABŞ-ın vitse-prezidentiCo Baydenlə görüşdü

ilham bayden

Prezident İlham Əliyev martın 31-də Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Co Bayden Əliyevlə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib.

O, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

ABŞ-ın vitse-prezidenti bütün sahələrdə, o cümlədən iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu bildirib. O, təhlükəsizlik sahəsində, sülhyaratma əməliyyatlarında iki ölkənin yaxşı əməkdaşlıq qurduqlarını deyib, Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakını və töhfəsini yüksək qiymətləndirib.

Co Bayden ABŞ-ın Azərbaycan ilə müdafiə sahəsində də əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb.

Vitse-prezident ABŞ-ın Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirib.

Prezident Əliyev ölkəsində bütün sahələrdə islahatların aparıldığını, fikir, mətbuat, sərbəst toplaşmaq, internet azadlıqlarının təmin olunduğunu diqqətə çatdırıb.

Dövləti başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verib. Prezident Əliyev münaqişənin həlli ilə əlaqədar Birləşmiş Ştatların qətiyyətli mövqeyinə görə minnətdarlığını bildirib, bu münaqişənin həll olunmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı həmsədr ölkə kimi ABŞ prezidenti Barak Obamanın mövcud status-kvonun yolverilməzliyi ilə bağlı mövqeyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev münaqişənin sülh yolu və danışıqlar vasitəsilə həll olunmasında ABŞ-ın rolunun mühüm önəm kəsb etdiyini bildirib.

O Azərbaycanın ABŞ ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Söhbət zamanı tərəflər iki ölkə arasında güclü və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri də iştirak edib.

ilham bayden02