XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 13:52

Odda yanmaz, suda batmaz Mirzə Cəlil personajı –NEFTİN MURDAR OLMASI BARƏDƏ FƏTVA VERMİŞ "AYƏTULLAH CİKAK"

Əziz Rzazadə

“Strateq”, 18.12.2020

 

“Ayətullah Mayk” ləqəbi ilə tanınan CIA casusunun bir oxşarı var – “Ayətullah Cikak”. Əsl adı Maykl D`Andrea olan Mərkəzi Kəşfiyyat İdarəsi əməliyyatçısının sələfi də kəşfiyyatçı olub. Bu iki şəxsi birləşdirən digər ümumi cəhət şayiə, ehtimal və təxminlərə bələnmələridir. Nə “Ayətullah Mayk”, nə də “Ayətullah Cikak” haqqında doğru-dürüst heç nə bilinmir.

Şərqə casusluq üçün yollanmış bütün digər qərblilər kimi, onun təxəyyül məhsulu olmadığını təsdiqləyən bir neçə rəsmi sənəd var. Onlar da xəsis məlumatlardır: ingilis ordusunun hərbçisi, mayor Cikak İranın cənub-qərbindəki neftlə zəngin Xuzistan vilayətində xidmət keçib və bir ara yad ölkədə sıradan bir məmur imiş.

Söz düşmüşkən, o dövrdə, yəni XX əsrin əvvəlində İranda maliyyə-kredit, gömrük və s. sahələrin Qərb modelini yaratmaq üçün xeyli əcnəbi muzdla işə götürlmüşdü. 1911-cı ildə İsfahan şəhərində xəzinədar vəzifəsini tutan Cikak yerli məmurlarla ümumi dil tapmaqda çətinlik çəksə də, əhalinin qəlbini ovsunlaya bilib. Əhvaz polisinin arxivində saxlanılan sənədlərə görə, mayor Cikak, həmçinin, İrandakı qəbilə və tayfa liderləri ilə yerli məmurlar arasında əlaqə yaratmaqla səlahiyyətləndirilib.

Beləliklə, Əhvaz polisinin iki sənədi istisna olmaqla, haqqında yazılı heç bir məlumat və ya foto olmayan mayor Cikak günlərin bir günü real həyatdan itib, onun aqibəti sanki sehrbazın çubuğu ilə, rəvayət və şayiə halqası ilə əhatələnib.

“Ayətullah Cikak”, yaxud “Seyyid Cikak” adlı insan barədə bir-birindən fərqli və əsrarəngiz hekayətlərin çoxu, ehtimal ki, xalq yaradıcılığıdır. Amma Ceyn Ruff Qartvit – “Bəxtiyari qəbiləsinin ictimai-siyasi tarixi” kimi tədqiqatın müəllifi onun haqqında bir kəlmə belə yazmasa da, kitabın farsca tərcüməsində “Seyyid Cikak”a dair səhifəaltı qeyd verilib. Bu qeydin müəllifi ingilis hərçi /məmuru barədə elə iddialar irəli sürüb ki, deyərsən, bütün ömrü boyu, beşikdən qəbrə kimi yanında, yaxud sadiq əlaltısı olub.

MI6 – ingilis əks-kəşfiyyatı əməliyyatçısının hekayəti belə başlayır: o, bir vasitə ilə Bəxtiyari qəbiləsinin arasına soxulub və 7 il lal-kar bir çobanlıq kimi tanınıb. Bəxtiyari mədəniyyətini və dilini dərindən öyrənib, sonralar “Məscidi Süleyman” adlı neftlə zəngin bölgədə Bəxtiyari tayfasının geniş rəgbətini qazanan din xadiminə çevrilib.

“Seyyid Cikak” buna necə nail olub?

Deyilənə görə, bəxtiyarilər arasında sehrli əməl və ya kəramət kimi qəbul olunan işlərlə diqqəti özünə çəkib. Lal-kar çoban əvvəlcə “ilahi möcüzə ilə” şəfa tapıb. Sonra, məsələn, bisavad və cahil köçərilərin gözü qarşısında iki (maqnit) çubuqdan istifadə edərək ayaqqabılarını cütləşdirirmiş.

Bir gün də xəyalən həzrət Əli (ə.)-la görüşdüyünü, onun insanlara neftdən uzaq olmağı tövsiyə etdiyini, nefti “nəcis” adlandırdığını iddia edib.

“Seyyid Cikak” insan əli şəklində bir kağız – trafaret kəsib çiyninə yapışdırır və günəş şüaları ağ dərisində ələm rəsmi çəkib, “şeyx” bunu “Əlinin əli” adlandırıb.

Həmçinin, bir şiə axundla mübahisədə “Ayətullah Cikak” bəhsə girdiyi şəxsin yalançılığını isbatlamaq üçün onun saqqalına od vurub və özü yanmaz bir saqqaldan istifadə edib.

Üstəlik, başına da odda yanmaz bir əmmamə qoyurmuş. Hətta özünün ilahi ilham almasını təsdiqləmək üçün başındakı əmmaməni tonqala atıb və əmmamə insanların gözü qarşısında yanmayıb.

…Mirzə Cəlilin “Pak neft və murdar neft” felyetonu (“Molla Nəsrəddin”, 1 sentyabr 1927, 36) kimin yadındadır?

“…neftin pak və ya murdar olduğu qədim söhbətdir: hələ Nəsrəddin şahın əsrində amerikalılar İrana gəlib neft mədənlərini tapanda və İran neftini çıxarmaq imtiyazını istəyəndə, müctəhidlər şaha ərz elədilər ki, dəxi bu neft murdar olub getdi…”

Mən uzun illər bu sətirlərin təxəyyül olduğunu düşünürdüm. Amma “Seyyid Cikak” barədə ya uydurma, ya da həqiqət olan məlumatları oxuyanda, “kəramətləri ilə” dillərə dastan olmuş “bəxtiyari şeyxi”nin də XX əsrin təxminən 40-50-ci illərində neftin nəcis olması fətvası verməsi və neft sənayesinin milliləşdirilməsinin əleyhdarı olduğuna dair sətirlərlə qarşılaşdım.

Bəxtiyari tayfalarını buna inandırmaq üçün yanmaz parçadan olan əmmaməsini tonqala atan və İngiltərə-İran Neft Şirkətinin bölgəyə gələn heyətinin işini pozmağa çalışan “Seyyid Cikak” hər cür fəndə əl atıb. O cümlədən yerli əhalini heyət üzvlərinin maşınını Bəhmən Şir körpüsündən çaya atmağa təhrik edib, lakin fitnə baş tutmayıb.

Nəhayət, İran hökuməti qondarma müctəhidin sabotajından və neft sənayesinin milliləşdirilməsi layihəsini pozmasından təngə gələrək onu ölkədən qovub.

O zamandan “Ayətullah Cikak”ın izi-tozu itib, amma yerini “Ayətullah Mayk”a verib – işini layiqincə davam etdirən xələfinə…




Yuxarı Əvvələ Ana Səhifə