XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 23:18

QARABAĞ SAVAŞI UKRAYNANI CÜRƏTLƏNDİRİB:Kiyev hər an Donbasda hərbi əməliyyatlara başlaya bilər - TƏHLİL

Taha Dağlı

“haber7.com” Türkiyə, 21 dekabr 2020-ci il

 

Türk SİHA-ları (silahlı pilotsuz uçuş aparatları – tərc.) Suriyada, Liviyada və nəhayət, Qarabağda Rusiyanın hava hücumundan müdafiə sistemi olan “Pantsir”lərin kabusu idi. Növbəti ünvanın Ukraynadan ayrılmış Donbas bölgəsi olacağı iddia edilir.

Suriyanın İdblib bölgəsində Əsəd rejiminin əlində həmin Rusiya “Pantsir”ləri var idi. Həmin müdafiə sistemləri Liviyada qiyamçı Həftarı qorumaq üçün də istifadə edilirdi. Keçən fevral ayında həmin sistemlər Suriyada Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilərək dəmir yığınına döndərildi.

Aprel ayından sonra ölkənin qanuni hökuməti tərəfindən alınan SİHA-larla Həftara məxsus “Pantsir”lər məhv edildi.

27 senyabrdan sonra isə Azərbaycan Ordusu “Bayraktar” SİHA-larla Rusiyanın Ermənistana verib, Qarabağda yerləşdirdiyi “Pantsirlər”i hədəfə aldı.

Keçən həftə Türkiyə ilə Ukrayna arasında geniştərkibli hərbi müqavilə imzalandı. Ukrayna da SİHA-lardan satın aldı. Artıq bu müqavilə ilə birlikdə, gündəmdə yaranan sual bu oldu ki, görəsən, Ukrayna Donbası geri qaytarmaq üçün hərbi əməliyyatlara başlayacaqmı?

Rusiyada RIAC adlanan xarici siyasət mərkəzinin rəhbəri Andrey Kortunov bir neçə gün öncə Rusiyanın 2021-ci ildə mövcud ola biləcək böhran sahələrini işıqlandıraraq, siyahının başlığına Donbası qeyd etdi.

Rus mütəxəssis Ukraynanın Donbası geri almaq üçün hərəkətə keçəcəyini və və əlindəki ən böyük kozırın da Türkiyə SİHA-ları olduğunu vurğuladı.

Qarabağ 30 ildir ki, işğalda idi. Azərbaycan Türkiyə SİHA-larının böyük rol aldığı hərbi əməliyyatlarla Qarabağı işğaldan azad etdi.

Analoji vəziyyət Rusiya dəstəkli güclərin işğalı altında saxlanılan Ukraynanın qərbindəki Donbas bölgəsi və Rusiyanın ilhaq etdiyi Krımda da keçərli ola bilər. Türkiyədən SİHA-lar satın alan Ukraynanı işğal altında olan torpaqlarını qurtarmaq üçün cəsarətləndirən ən önəmli amilin Azərbaycanın Qarabağ zəfəri olduğu təxmin edilir.

2014-cü ildə Ukraynada Qərbin dəstəyi ilə iqtidar dəyişikliyi olmuşdu. Rusiya buna Ukraynanın qərbindəki Donbas və Krımı işğal edərək qarşılıq vermiş, qısa müddət sonra da Krımı ilhaq etmişdi.

Donbas bölgəsində Rusiya nəzarətində olan, ancaq beynəlxalq tanınması olmayan bir idarəçilik var. Rusiyanın muzdlu döyüşçüləri olan “Vaqner”lərin adını da ilk dəfə 2014-cü ildə Donbas münaqişəsində eşitmişdik.

Kənd təsərrüfatı və müdafiə sənayesi baxımından Ukraynanın ürəyi olaraq qəbul edilən bölgə 6 ildir Rusiyaya bağlı qruplar tərəfindən işğal edilir.

Rus mütəxəssis Kortunovun “Ukrayna Donbasla bağlı hərbi əməliyyatlara başlaya bilər” xəbərdarlığından bir gün sonra Ukrayna Prezidenti Zelenski “Donbasda Ukrayna suverenliyinin yenidən bərpa edilməsi xarici siyasətimizin əsas vəzifəsidir” deyə açıqlama vermişdi.

Zelenskinin bu açıqlamasından 24 saat sonra Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Müdafiə naziri Hulusi Akar Kiyevdə idi.  Çavuşoğlu Zelenski ilə görüşünün ardında açıqlamasında bildirdi ki, Donbasdakı problemin Ukrayna sərhədləri daxilində öz həllini tapmasını istəyirik.

Ukrayna ordusunun son 2 aydır Donbas bölgəsinə olduqca böyük hərbi daşınmalar apardığını nəzərə alsaq, qarşımızdakı qısa müddət ərzində bu bölgədə suların isinəcəyini deyə bilərik.

Bilinən budur ki, Ukrayna Donbasdakı Rusiya dəstəkli işğalı aradan qaldırmaq istəyir. Digər bilinən məsələ də odur ki, Rusiya bu planı başdan sona qədər izləyir.

Mövcud vəziyyətdə Ukrayna ordusu Donbasla bağlı hərbi əməliyyatlara başlasa, bölgəni xilas edə bilər. Donbasda Ukrayna ordusuna qalib gələcək güc yoxdur. Orada rusların yerləşdirdiyi “Pantsir”lər olsa da, onsuz da Ukrayna həmin SİHA-ları bu HHM sistemlərini ovlamaq üçün satın alıb. Rusiya hər nə qədər SİHA-lar qarşısında aciz qalan “Pantsirlər”i yeni radar sistemləri ilə gücləndirsə də, Ukrayna hərbi qüvvə baxımından Donbasdakı Rusiya dəstəkli qüvvələrdən daha üstün vəziyyətdədir.

Bütün bunlara qarşı Moskva necə bir hazırlıq görür? Rusiyanın Donbas xalqına uzun müddətdir ki, Rusiya vətəndaşlığı verdiyi bilinəndir. Eynilə daha öncə Osetiyada etdikləri kimi, Donbası da ruslaşdırırlar.

Beləliklə, keçiriləcək hər hansısa bir referendumda Donbas xalqının seçiminin Rusiya olması planlaşdırılır. Bunun xaricində mümkün olacaq hər hansısa bir hərbi əməliyyata qarşı da “rus xalqını qorumaq üçün Donbasa müdaxilə edirik” kartını əllərində saxlamaq istəyirlər.

Əlbəttə ki, bu vəziyyət sadəcə Donbas üçün keçərlidir. Rusiyanın ilhaq etdiyi Krımın Ukrayna tərəfindən geri alınması ehtimalı isə çox aşağıdır.

Rusiya Donbası əldən vermək istəməyəcək. Ancaq çətin vəziyyətdə qalsa, Krımdakı statusu qanuniləşdirmək adına Donbasdan əl çəkə bilər.

Rusların planı nə olursa-olsun, 2021-ci ildə yaranan hərəkətlilik Qara dəniz çevrəsindən baş verəcək.

Tərcümə Strateq.az-ındır.