XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 13:48

İsrail-Türkiyə münasibətlərində irəliləyiş:"SİZ BİR ADDIM ATIN, BİZ İKİ ADDIM ATAQ"

Dorian Cons

“VOA”, 21.12.2020

 

İsraillə Türkiyə arasında münasibətlər irəliləyiş ərəfəsində ola bilər. Türkiyə prezidentinin bir müşaviri ikitərəfli danışıqların getdiyini təsdiqləyərək tam diplomatik əlaqələrin mart ayına qədər bərpa edilə biləcəyini bildirib. Bir zamanların yaxın müttəfiqləri arasındakı münasibətlər, gərginliyin artması fonunda, Türkiyənin 2017-ci ildə öz səfirini geri çağırması ilə çöküb.

“İsrail bir addım atarsa, Türkiyə iki addım ata bilər”. Bunu İsrail ilə davam edən danışıqlara istinad edərək, Türkiyə prezidentinin xarici əlaqələr üzrə müşaviri Mesut Caşın deyib.

“Yaşıl işığı görsək, Türkiyə yenidən səfirliyini açacaq və səfirimizi geri qaytaracaq. Bəlkə, mart ayında yenidən tam diplomatik münasibətlərimizi bərpa edə bilərik. Niyə də olmasın?!”

Caşın bildirib: “Barış və təhlükəsizliyin qurulması İsrail və Türkiyə üçün çox vacibdir. “Mavi Marmara”dan sonra İsraillə bir daha gərginlik istəmirik”.

“Mavi Marmara” 2010-cu ildə Qəzzadakı fələstinlilər üçün humanitar yardım daşıyan 6 gəmidən ən böyüyü idi. İsrail qüvvələri gəmiyə basqın edərək 9 türkü öldürəndə, İsrailin Qəzza zolağındakı iqtisadi mühasirəsini sındırmaq istəyən Fələstin tərəfdarları gəmidə idilər. O vaxtdan bəri ABŞ-ın iki əsas regional müttəfiqi arasındakı əlaqələri bərpa etmək üçün mütəmadi vasitəçi səylərinə baxmayaraq, Türkiyə-İsrail münasibətləri heç vaxt tam sağalmayıb.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarı və İsrail təhlükəsizlik qüvvələrinin fələstinli etirazçılara basqını Türkiyə və İsrailin səfirlərini geri çağırması ilə nəticələnib.

Caşın, Co Baydenin ABŞ prezident seçilməsinin əlaqələri bərpa etmək səylərinə təkan sayıb: “Baydenlə yeni perspektivlər var, çox şey dəyişəcək”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Trampla yaxın münasibətləri var idi, lakin Bayden prezidentliyinin Ankara üçün daha çətin olacağı proqnozlaşdırılır.

Türkiyə-İsrail məsələləri üzrə analitik Selin Nasi bildirib: “Bayden rəhbərliyinin demokratiya və insan hüquqları məsələlərinə həssaslığını nəzərə alaraq, ən azından, qısa müddətdə Türk-Amerika münasibətlərinin çətin bir dövrə girəcəyi gözlənilir. ABŞ Konqresində antitürk düşüncəsini nəzərə alaraq, Türkiyə İsrailin müxalifəti təsirsiz hala gətirəcəyini və yenidən Vaşinqtonun qılığına girmədə köməyinə ümid edə bilər”.

Türkiyə və İsrail son vaxtlar mübahisəli, əsasən etnik erməni anklavı olan Dağlıq Qarabağla bağlı Ermənistan və Azərbaycan arasında baş verən son münaqişədə ortaq dil tapıblar. İsrail və Türkiyə pilotsuz təyyarələri və iki ölkənin dəstəyi Azərbaycanın İranın dəstəklədiyi erməni qüvvələri üzərində qələbəsində mühüm rol oynayıb.

Nasi deyib: “İsrailin [Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasında] motivasiyasını qavramaq daha çətindir, hərçənd Türkiyə və İsrailin Yaxın Şərqdə, xüsusən, İranın gücünü və təsirini azaltmaq baxımından yaxın maraqları olduğu doğrudur. İsrailin bir neçə müsəlman ölkəsi ilə münasibətlərini normallaşdırdığı bir zamanda, Türkiyəni siyahıya əlavə etmək beynəlxalq aləmdə barışdırıcı imicini yaxşılaşdıracaq”.

Türkiyənin qazancı

Türkiyə prezidentinin müşaviri Caşın İsrailin normallaşmadan çox şey qazanacağını iddia edib: “Türkiyə İsraildən çox sayda silah alıb. Bunu yenidən təşkil edə bilərik. Türkiyə ilə İsrailin müdafiə sənayesi birlikdə inkişaf edə bilər. İkincisi, enerji qaynaqları, onlar neft və qaz kəşf edirlər. İsrail 8 milyon insan deməkdir. Bu nefti və qazı hara sata bilərlər? Ən böyük bazar Türkiyə və Türkiyə boru kəməri ilə Avropa İttifaqı bazarı olacaq”.

İsrail-Türkiyə gərginliyindən ciddi əks-sədası İsrailin regional rəqiblər sayılan Misir və Yunanıstanla müttəfiq olmasıdır. Üç ölkə enerji və müdafiə əsaslı əməkdaşlığı inkişaf etdirir və bu, müşahidəçilərin fikrincə, Türkiyənin bölgədə getdikcə daha sərt mövqeyinə təpkidir.

Misir-Yunanıstan-İsrail üçbucağı

Analitiklər İsrailin Misir və Yunanıstanla son zamanlar dərinləşən əlaqələrini təhlükə altına salmamaq üçün, çox güman ki, ehtiyatlı olacağını düşünürlər.

İsrail-Türkiyə yaxınlaşması üçün potensial olaraq daha əhəmiyyətli bir maneə Ankaranın “Müsəlman Qardaşlar” və “Həmas”ı dəstəkləməsidir.

“Global Source Partners”-in analitiki Atilla Yeşililada bildirib: “İsrail baxımından, Türkiyə Qüdsün statusu ilə bağlı ajiotajı dayandırmalı və terrorçu saydığı qruplara dəstəyi dayandırmalıdır. Türkiyə “Həmas” və “Müsəlman Qardaşlar”la əlaqələrini kəsməlidir”.

Özünü qlobal müsəlman hüquqlarının müdafiəçisi kimi göstərməyi sevən Ərdoğan, İsrailin Qüdsün paytaxtı kimi beynəlxalq səviyyədə tanınması əleyhinə diplomatik səylərin başında durur. Eyni zamanda, Ankaranın “Müsəlman Qardaşlar”ı dəstəkləməsi bölgədəki türk diplomatiyasının özəyidir.

Türkiyə güzəştə getməyə hazırdır

Ankaranın Yaxın Şərq Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Hüseyn Bağcı Ankaranın güzəştə getməyə hazır olduğu fikrini irəli sürüb.

“Türkiyə “Müsəlman Qardaşlar”ı açıq şəkildə dəstəkləməyəcəyinə söz verdi. İbrahim Kalın Brüsseldə də, ehtimal ki, oxşar vədlər verib”.

Ancaq əlaqələrdəki hər hansı bir yaxşılaşma Ərdoğanla İsrail baş naziri Binyamin Netanyahu arasındakı düşmənçiliyin aradan qaldırılmasını tələb edəcək. “İki liderin qanı bir-birinə qaynamır”.

Hər iki lider müntəzəm olaraq təhqir mübadiləsi aparır, müşahidəçilərin onların seçici bazaları ilə yaxşı oynadığını söyləyirlər. İsrailin böyük ehtimalla yeni seçkilərə hazırlaşması ilə analitiklər gözlənilən anket nəticəsindən əvvəl hər hansı bir irəliləyişin elan ediləcəyini qeyri-mümkün sayırlar.

Tərcümə: Strateq.az