XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 20:12

ABŞ VƏ RUSİYANIN RAZILAŞDIĞI “QAMIŞLI MODELİ”:Türkiyənin kürdlərə qarşı əməliyyatını önləmək üçün yeni müzakirələr başlayıb - TƏHLİL

Sərdar Turqut

“Habertürk”, Türkiyə, 22 dekabr 2020-ci il

 

İlk öncə bölgədən gələn xəbərlərə baxaq. Türkiyənin Ayn İsaya girmək niyyətində olduğunu düşünən bölgədəki kürd ünsürlər qəsəbənin, Rusiyanın istədiyi kimi, Suriyaya buraxılması ehtimalını müzakirə etməyə başlayıblar. Suriya Demokratik Gücləri (SDG) adlı çətir təşkilat içində təşkilatlanmış PYD/YPG, Türkiyənin gözlənilən əməliyyatını önləmək üçün Rusiya və Suriya ordusu ilə ortaq müşahidə nöqtələri qurmağı qəbul edərkən, eynilə Qamışlıda olduğu kimi, Ayn İsada da bəzi sahələrin Suriya hakimiyyətinə buraxılması ehtimalı müzakirə edilir.

Burada Qamışlı bölgəsindəkinə bənzər nizamlama açıqca ifadə edilməsə belə, mən hadisələrin bu istiqamətdə inkişafını görüncə, birbaşa “Qamışlı modeli”ni düşünməyə başladım. Çünki bu “Qamışlı modeli” layihəsinin Rusiya ilə Amerika arasındakı təmaslarda işlənib hazırlanması prosesini mən illər ərzində Vaşinqtonda “Habertürk” qəzetinin təmsilçisi olaraq olduğum günlərdə yaxından izləmiş və bu barədə xəbərlər yazmış, şərhlər də vermişdim.

Türkiyə bu “Qamışlı modeli” layihəsinin necə yarandığına və nə anlama gəldiyinə çox diqqət etməlidir. Mənim Vaşinqtondan bu mövzu ilə əlaqədar yazdığım onlarla yazı vardır. Arxivimə girib onları yenidən oxuduğum zaman hazırda Şimali Suriyada nə etmək istədiklərini aydın şəkildə bir daha gördüm. Mənə elə gəlir ki, “Qamışlı modeli”nin nə olduğunu və necə formalaşdığını yenidən anlatmalıyam.

Vaşinqtonda gizli diplomatiya

Fərat çayının şərqində muxtar kürd qurumunun yaradılması modeli təməldə Rusiyanın hazırladığı bir plandır. Bunu qələmə alan da, planı Vaşinqtonda birbaşa anlatmış olan da Putinin Orta Şərq üzrə məsləhətçisi və kürdoloq Vitali Naumkindir.

Moskva 2018-ci ilin fevral ayında keçirilən intensiv təmasların yekununda bu modeli, axır ki, Vaşinqtona da qəbul etdirdi.

Bu plana görə, Fərat çayının şərqində kürdlərə, mərkəzi Suriya rejimindən qopmamaq şərtilə, məhdud bir muxtariyyat veriləcək. Ruslar buna “Şimali İraq modeli” deyirlər və Amerika ilə keçirilən görüşlərdə də bu anlayışdan istifadə etdilər.

Bu qurum rəsmən Suriya dövləti içində yer alacaq, ancaq yerli siyasi qərarlar verə biləcək, mədəni və iqtisadi məsələlərdə qismən muxtariyyatı olacaq.

“Qamışlı modeli”

Vaşinqton-Moskva xəttində bu plan çərçivəsində ən intensiv müzakirə edilən mövzu, Türkiyənin reaksiyasını ən aşağı səviyyəyə endirərək, bu planın necə həyata keçirilə biləcəyidir.

Bununla bağlı o günlərdə israrla verdiyim suallara Vaşinqtonda dəqiq cavab ala bilmirdim, lakin administrasiyada bir “Qamışlı modeli” anlayışından bəhs edilməyə başlandığını görürdüm.

Bunun anlamının nə olduğu ilə bağlı bir çox qaynaqla danışdıqdan sonra ortaya çıxdı ki, kürdlər, Qamışlıda olduğu kimi, bölgənin idarəçiliyini rejimlə paylaşacaq, lakin rejim gücləri bölgəyə girməyəcək. Rejim gücləri bölgənin birbaşa xaricində, təsbit edilən sərhəddində yerləşəcəklər.

Vaşinqtonda bu modelə görə yerləşəcək rejim güclərinin simvolik səviyyədə də ola biləcəyini, lakin bunların, arxasında Rusiyanın müşahidəçi gücləri də olacağı üçün, təsirli olacağını söyləyirdilər.

Anlaşılan odur ki, muxtariyyat yaranacağı halda, onun Türkiyəyə bir təhdid yaratmasının qarşısının alınmasının təməldə Rusiya tərəfindən təmin edilməsi düşünülür.

ABŞ-la Rusiya Suriyanın gələcəyilə bağlı 2018-ci il içində ilkin anlaşma əldə etdi

Hər iki ölkə də Türkiyənin bu modelə razılıq vermədiyi təqdirdə, onun həyata keçirilmə ehitmalının olmadığını bildiyinə görə, ilkin anlaşmanın ən kritik mövzusu Suriya kürdlərilə bağlı oldu.

Rusların “Şimali İraq modeli”, amerikalıların isə “Qamışlı modeli” adlandırdıqları kürd muxtar qurum modeli bu prosesin gedişində formullaşdırıldı. Bu formula görə, kürdləri də əhatə edən federativ bir quruluş düşünülmürdü. Şimali Suriyada, sərhədlərimizdən uzaqda sərhədləri bəlli olan və sərhədlərində Suriya bayrağı dalğalanan, sərhəd mühafizəsi də Suriya ordusu tərəfindən təmin edilən bir sahədə YPG/PYD təsirinin azaldılacağı kürd qurumuna mədəni və məhdud idarəçilik muxtariyyatı veriləcək.

Rusiya ilə ABŞ arasında aparılan gizli diplomatik danışıqlarda Türkiyənin öncə buna reaksiya verəcəyi, amma sonra Şimali İraqda olduğu kimi, bu muxtar qurumla işləməyə başladığı təqdirdə, İraq Kürd Muxtar Bölgəsi Türkiyənin təsiri altına necə düşdüsə zaman içində Şimali Suriyada da bunun baş verəcəyi müzakirə edildi.

Gizli diplomatik danışıqlarda baş verənlər

Bu nəticəyə necə gəlindiyini Vaşinqtonda birbaşa özüm gördüm. Bu səbəblə, həmin prosesi ən yaxşı şəkildə anlada biləcək adamın da elə özüm olduğunu düşünürəm.

Rusların “Şimali İraq modeli” adlandırdıqları formulu amerikalılara anlatmaq üçün planın memarı olan Putinin Orta Şərq üzrə məsləhətçisi Vitali Naumkin 25 fevral 2018-ci ildə Vaşinqtona gəldi. 26 fevral 2018-ci ildə Corctaun Universitetində yalnız xüsusi dəvət olunanların iştirak edə bildiyi bir yeməkli toplantı keçirildi.

26 fevral gecəsi Vaşinqtonun xarici siyasət və milli təhlükəsizlik elitası Naumkinin Suriya planına qulaq asmağa gəlmişdi. Naumkin öz nitqində kürdlər və Suriyanın gələcəyilə bağlı Rusiyanın düşündüklərini açıqca anlatdı.

Ertəsi günü, 27 fevralda o günlərdə MKİ direktoru olan Pompeo, Prezident Trampla səhər toplantısını keçirmək üçün Ağ Evə bir az gec gəldi. Naumkinin Vaşinqtondan ayrılmasını gözləmişdi. Bu kontekstdə, Pompeonun nə üçün önəmli olduğunu da anlatmalıyam.

Naumkinin Vaşinqtona gəlməsindən bir həftə öncə MKİ direktoru Pompeo, gizli bir əməliyyat keçirmişdi. MKİ-nin FTX ilə əməkdaşlıq etdiyi bu əməliyyatla Rusiyanın xarici, daxili və hərbi kəşfiyyat təşkilatlarının rəhbərləri gizlicə Vaşinqtona gətirilmişdi. Halbuki onlara tətbiq edilən sanksiyalara görə, ABŞ-a giriş qadağaları var idi. Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov da gələn qrupda idi.

Pompeo onları MKİ-nin mərkəzində qəbul etdi və uzun bir toplantı keçirildi. Bu toplantıda Naumkinin bir həftə sonra Vaşinqtonda açıqlayacağı “Kürd planı və Suriyanın gələcəyi” mövzusunun detalları müzakirə edildi.

Bundan bir həftə sonra Naumkinin nitqini də dinləyən Pompeo, 27 fevralda prezidentə verilən gündəlik brifinqdə Fəratın şərqi ilə bağlı düşünülənləri Trampa anlatdı. Brifinqdən sonra Trampın Putinə zəng etməsi planlaşdırılmışdı.

Telefonda saat yarım danışdılar. Tramp, Putinlə telefon danışığında “Şimali İraq modeli”nə həmən razılıq verməsə də, bunun, ən azı, müzakirə olunması mümkün ola bilən bir təklif olduğunu söyləmişdi.

O gün Vaşinqtonda Suriyada İranın təsirinin azaldılması prosesinə Rusiyanın aktiv dəstək verməyə razılıq verəcəyi halda, “Şimali İraq modeli”nə dəstəyin artırılmasına qərar verildi. Vaşinqton bu modelə “Qamışlı modeli” adını verdi.

Elə həmin gün (27 fevralda) Vaşinqtonda günün birində ABŞ-ın bölgədəki 2200 hərbçisini geri çəkəcəyi halda, YPG/PYD ünsürlərinə “Siz Əsəd administrasiyası və Rusiya ilə koordinasiya içində çalışın” deyilməsinə də qərar verildi.

Modelin keçmişi və mahiyyətinin nə olduğu bundan ibarətdir. İndi bölgədən gəlməkdə olan hər bir yeni xəbərdə bu modelin həyata keçirilməsi cəhdinin olduğunu görürəm.

Bizi bu günlərə gətirib çıxaran prosesin pərdə arxasında yaşanan bunlardır. Bunlar mənim şərhlərim deyil, birbaşa yaxından müşahidə etdiyim və çox sayda tərəflə dəqiqləşdirdiyim, təsdiqinə nail olduğum hadisələrdir. Məsələ Orta Şərq, xüsusilə Suriya olan zaman heç bir hadisəyə qəti şəkildə baxılmamalıdır. Lakin yeni bir prosesin içində olduğumuz qətidir. Qəti olan başqa bir şey də bölgədə Türkiyənin, İraqda olduğu kimi, orta və uzun vədədə müəyyənedici olacağıdır.

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə