XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 12:02

Nikol Paşinyanın istefaya getmək və yeni seçkilər bəyanatı:"ERMƏNİSTAN BAŞ NAZİRİ VAXT UDMAQ İSTƏYİR"

Pavel Tarasenko, Qalina Dudina, Kirill Krivoşeyev, Hayk Xalatyan

“Kommersant”, 26.12.2020

 

Hələ də etirazçılara güzəştə getməyə hazır olduğunu nümayiş etdirməyən Ermənistan baş naziri Nikol Paşinyan Cümə günü gözlənilməz bir addım atıb. O, 2021-ci ildə erkən parlament seçkiləri keçirməyə və bundan əvvəl ölkənin bütün siyasi qüvvələrini məsləhətləşmələrə çağırmağa hazır olduğunu bildirib. Eyni zamanda, cənab Paşinyan özü də əmindir ki, son dövrlərdə Dağlıq Qarabağdakı münaqişədə erməni tərəfinin ağrılı məğlubiyyətinə baxmayaraq, həmvətənlərinin əksəriyyəti onu dəstəkləyir.

Baş nazirin Cümə axşamı “Facebook”-da yayımlanan bəyanatından belə çıxıb ki, seçkilərdə müxalifətin qələbəsinə qətiliklə zəmanət vermir, üstəlik, “xalqın gələcəyə inamının təsdiqlənməsi halında, bu çətin dövrdə də Ermənistan rəhbərliyini davam etdirməyə” hazırdır.

Hələlik, Nikol Paşinyanın sözlərinə görə, müxalifətin baş nazirin istefası tələbi xalq tərəfindən dəstəklənməyib, əks halda, rəqiblərin maliyyə, texniki və media imkanlarını nəzərə alsaq, çoxdan etiraz aksiyalarını kütləvi şəklə gətirmişdi.

Eyni zamanda, cənab Paşinyan vurğulayıb: “Baş nazir kürsüsündən ikiəlli yapışmıram”.

O, “xalqın qərarı belə olarsa”, vəzifəsindən ayrılmağa hazır olduğunu söyləyib.

Bənzər bir resept bir neçə aydır Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən istifadə olunur və dəfələrlə “yalnız Belarus xalqı”nın onu hakimiyyətdən uzaqlaşdıra biləcəyini söyləyib.

Xatırladaq ki, geniş ərazilərin Azərbaycana verilməsini nəzərdə tutan Dağlıq Qarabağda atəşkəsə dair 10 noyabr razılaşması əldə edilən vaxtdan bəri Ermənistanda etiraz aksiyaları dayanmır. Onların iştirakçıları Nikol Paşinyanı milli maraqlara xəyanətdə ittihamlayır və dərhal istefasını tələb edirlər. Hətta baş nazir könüllü getməsə, onu buna məcbur edəcəkləri ultimatumunu irəli sürüblər. Ancaq o, bütün ultimatumlara məhəl qoymayıb. Səlahiyyətli şəxslər etirazları dağıtmaq üçün sərt metodlardan istifadə etməyib, lakin mövcud hökumətin ən fəal müxaliflərinə qarşı bir çox cinayət işi açılıb. Belə ki, Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsaqulyan ictimai zorakılıq çağırışlara görə məsuliyyətə cəlb olunub. İsaqulyanın “Nikolu kim vursa, ona milli qəhrəman adı və ya mükafat olaraq 1 milyon dollar verilməlidir” ifadəsi Ermənistan İstintaq Komitəsinin diqqətini çəkib.

Noyabrın 10-dan yalnız müxalifət partiyalarının nümayəndələri deyil, eyni zamanda, bir çox yerli məmur və ruhani mövcud hökumətdən açıq narazılıqlarını ifadə ediblər. Dekabrın 21-də cənab Paşinyan siyasi karyerasında ən biabırçı günlərdən birini yaşayıb: Sünik bölgəsinə gedib, burada Azərbaycanla yeni sərhədi müəyyənləşdirmək üçün iş gedir, lakin etirazçılar respublikanın cənubuna gedən yolu bağlayıblar, buna görə də, kortej İrəvana qayıdıb. Hökumət başçısı Sisian şəhərini də ziyarət edə bilib: yerli kilsədə şam yandırdıqdan sonra Nikol Paşinyan keşiş Parqev Zeynalyan ilə əl sıxmaq istəyib, ancaq keşiş baş nazirə onu Məşhərin hökmü gözlədiyini söyləyib.

Ertəsi gün etirazlar yeni bir mərhələyə qədəm qoyub. Əvvəllər baş nazirin əleyhdarları özlərini dinc yürüşlərlə məhdudlaşdırırdılarsa, indi müddətsiz milli tətilin başladığını elan ediblər.

İrəvanın Respublika Meydanında çadırlar qurulub. İnsanlar hələ də meydanda dayanıb metal çəlləklərdə tonqal yandırırlar.

Axşam saatlarında diqqət mərkəzi prezident iqamətgahının və parlament binasının yerləşdiyi Baqramyan prospektinə çevrilib. “Nikolsuz Ermənistan!” şüarını səsləndirən aktivistlər yolu bağlayıblar. Həbslər başlayıb. Erməni “Telegram” kanallarının xəbər verdiyi kimi, etirazçılarla toqquşma zamanı bir polis yaralanıb – yıxılaraq ayağını sındırıb.

İndi sual budur ki, Nikol Paşinyandan Cümə güzəşti hökumət başçısının dərhal istefasını tələb edən müxalifətçiləri qane edəcəkmi? Onlar hətta baş nazir vəzifəsinə öz namizədlərini irəli sürməyi bacarıblar – ölkə hökumətinin keçmiş başçısı Vazgen Manukyanı.

Erməni politoloq Hrant Mikaelyan seçkilərin keçirilməsi təşəbbüsünün baş nazirin özünün irəli sürməsi faktının təsadüfi olmadığına əmindir: “Paşinyan bilir: Ermənistanda seçkiləri udan onu keçirəndir. Yaxşı qurulmuş təbliğat maşını və inzibati resursları səfərbər etmə qabiliyyətinə sahib olduğundan Paşinyan seçkiləri udacağına güvənir. Buna görə də, iqtidarını 2026-cı ilə qədər saxlaması mümkündür”.

Eyni zamanda, cənab Mikaelyanın sözlərinə görə, “Nikol Paşinyan müxalifətin reytinqinin kifayət qədər aşağı olduğunu və seçkiləri uda bilməyəcəyini bilir”.

Yeri gəlmişkən, Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin Mikaelyanın fikirləri ilə razılaşmır: “İndiyə qədər Paşinyan əhalinin mandatına sahibdir, lakin populyar olmadığı üçün sonrakı seçkilərdə məğlub olacaq. Yəni onun üçün indi əsas vəzifə erkən seçkilərin rəsmi elanından əvvəl mümkün qədər çox vaxt qazanmaqdır”.

Ekspertin fikrincə, “tətillər üçün fasilədən əvvəl erkən seçkilərə mümkün razılığını elan etməklə, Nikol Paşinyan bununla da qərarın özünü yeni ilə qədər ləngidir və bəlkə də, bu mövzuda müxalifətlə danışıqları yanvar ayına, hətta fevral ayına qədər təxirə sala biləcək”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə