XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 22:33

YOL ÜSTƏ OLAN TRAMP ÇİNDƏN ƏL ÇƏKMİR –Çini soyqırımda ittiham etmək üçün araşdırmalara başlanıb

Professor Kürşad Zorlu

“Habertürk”, Türkiyə, 24 dekabr 2020-ci il

 

ABŞ Xarici İşlər naziri Mayk Pompeo, Çinin Şərqi Türküstandakı uyğurlara yönəlik olaraq davam etdirdiyi təzyiqin “soyqırımı” anlamına gəlib-gəlmədiyini müəyyən etmək məqsədilə bir araşdırma aparılması üçün əmr verib.

Ötən gün Foreign Policy”-də çıxan bir məqalədə yenidən gündəliyə gələn bu iddia bu dəfə daha ciddi görünür. Doğrusu, bu hadisə mövcud administrasiyanın öz vəzifəsini başa vurmadan öncə Çini “soyqırımı törətmək”lə ittiham edə biləcəyilə bağlı şərhlərə səbəb olub. Pompeo bu araşdırmanı Qlobal Cəza Ədaləti Bürosu və nazirliyin hüquq şöbəsi vasitəsilə aparır.

Bu, ABŞ-ın sabiq Xarici İşlər naziri Con Kerri dövründən (2016-cı il) bu yana irəli sürülən ilk “soyqırımı” ittihamı ola bilər. Bəzi təhlilçilər Trampın vəzifəsindən ayrılmasından (20 yanvar) öncə Çinə qarşı daha sərt tədbirlər alma yoluna getməsinin Co Baydeni ikitərəfli münasibətləri idarə etməkdə dalana dirəyəcəyini düşünürlər.

Əslində, bundan aylar öncə də, xüsusilə seçki kampaniyası dövründə bənzər bir diskussiya aparılmış və namizədlər bir-birinə Çinlə bağlı yönəltdikləri tənqidlərində Şərqi Türküstandan bir alət kimi istifadə etmişlər.

Xatırlayırsınızsa, Baydenin seçki kampaniyasına görə məsuliyyət daşıyan məsləhətçisi Endryu Beyts bir açıqlamada yazmışdı ki, “Uyğurların Çinin avtoritar rejimi altında məruz qaldıqları təsviri qeyri-mümkün olan təzyiq bir soyqırımıdır və Co Bayden buna ən sərt şəkildə qarşı çıxmaqdadır”.

Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton da öz kitabında yazmışdı ki, “Tramp Çin dövlət başçısı Si Cinpinə uyğurlara göstərilən rəftarın göstərilməsini bəyəndi”.

Həmin dövrdə ABŞ Xarici İşlər Nazirliyində olan baxış da “soyqırımı” ifadəsinin münasibətlərdə geridönməz qırılmalara səbəb olacağı yönündə idi. Üstəlik, bu, BMT TŞ-nin daimi üzvü olan Çin tərəfindən də qarşı həmlələrin edilməsi demək olacaqdı. Bu səbəblə, məsələni gündəliyə çıxararkən “insanlığa qarşı cinayətlər” və ya “etnik təmizlik” anlayışlarından istifadə etmək daha öncəlikli idi.

Konqres üzvlərinin bir qismi isə “soyqırımı” yönündə bir müəyyənləşdirmə aparmanın Çinə yönəlik sanksiyaları artırmağı və ya beynəlxalq məhkəmələrə müraciət etməyi asanlaşdıra biləcəyini düşünürdü.

Pompeonun verdiyi iddia edilən bu təlimatın necə nəticələnəcəyini demək mümkün deyil, ancaq bu mərhələdə “soyqırımı” terminindən istifadə edib-etməyəcəkləri, hansı məlumatlara, prinsip və qaynaqlara baş vuracaqları daha önəmlidir. Çünki Çin də bu iddialara qarşı lobbi və təbliğat fəaliyyəti aparmaqdadır.

Digər tərəfdən, Türkiyənin mümkün nəticələrə hazırlıqlı olması lazımdır. Ona görə ki, əgər Şərqi Türküstan məsələsi ABŞ-la Çin arasında ciddi bir diplomatik savaşın mərkəzinə oturarsa, məsələn, bu məsələ BMT-yə çıxarılarsa, Türkiyə necə mövqe tutacaqdır?

Bu və başqa ehtimallar Türkiyənin iqtisadi, siyasi və təhlükəsizlik həssasiyyətləri baxımından fərqli nəticələri bir arada daşımaqdadır. Dolayısilə, Türkiyənin Şərqi Türküstan məsələsinə yanaşmasını ciddi bir diplomatik başlıq olaraq ələ alması qaçınılmaz görünməkdədir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə