XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 14:55

Sabiq prezident köməkçisi Hadrut təxribatının mahiyyətini açdı, mühüm təkliflər verdi:"QUBADLIDA TÜRKİYƏNİN HƏRBİ BAZASI QURULMALIDIR"

Oqtay QASIMOV

 

Hadrutdakı son erməni təxribatı cəmiyyəti narahat edən bir çox sualları yenidən gündəmə gətirib. Atəşkəsdən sonrakı müddətdə işğaldan azad olunmuş Hadrut ərazisində ermənilərin ikinci təxribatı, 10 noyabrda bölgəyə gələn Rusiya sülhməramlılarını Xankəndində qarşılayan cinayətkar Arayik Arutunyanın Ermənistan rəhbərliyindən daha öncə Moskvaya baş tutan səfəri cavab axtarılan suallardandır.

Bu səfərdən sonra Paşinyanın adamı kimi qəbul edilən Arayikin Ermənistan hakimiyyəti ilə məsafə saxlamağa başlaması diqqətdən qaçmır. Seçkilərdəki rəqibi, Paşinyanla düşmən, Koçaryanın yaxın adamı, Xocalı qatillərindən biri, “meyid alverçisi” kimi tanınan Vitali Balasanyanın qondarma qurumun “Təhlükəsizlik Şurasının katibi” təyin etməsi də bu sıradandır.

Xatırladaq ki, “Qarabağ klanı”nın ən odioz fiqurlarından olan Balasanyanın yenidən əvvəlki vəzifəyə qaytarılması erməni ekspertlər tərəfindən “digər güc mərkəzləri ilə razılaşdırılan bu təyinatın adi kadr dəyişikliyi deyil, Qarabağdakı siyasi vektorun dəyişikliyi və Ermənistanın təhlükəsizliyin qarantı rolundan müşahidəçi roluna keçidi” kimi qiymətləndirilirdi.

“Dəyişiklik”in nəticəsi isə özünü çox gözlətmədi: Balasanyanın Qarabağdakı erməni silahlı dəstələrinin yenidən təşkili bəyanatından sonra, dekabrin 11-14-də Ermənistanın Şirak vilayətindən gətirilən təxribatçıların Hadrut və Şuşa rayonu ərazisində əsgərlərimizə qarş terror cəhdinin qarşısının alınaraq əksəriyətinin əsir götürülməsi Ermənistanda və Qarabağdakı xunta rejimində ciddi çaxnaşmaya səbəb oldu.

İlk cəhdi uğursuz olan Balasanyan İrəvanda Ermənistan İTV-yə müsahibəsində “Xalqımızı əmin etmək istəyirəm ki, sərhədlər dəqiqləşdiriləcək, Artsaxın statusu müəyyən olunacaq. Əsgəran, Hadrut  rayonlarını və digər əraziləri qaytaracağıq. Biz uduzmamışıq, diz çökməmişik” kimi ifadələrin yer aldığı bəyanatıyla növbəti terror aktılarının siqnalını verdi.

İrəvandan təlimatla qayıdan Balasanyanın Əsgərandakı çıxışında dediyi “Təcili sərhəd mühafizə xidməti yaratmaq, orduya yazılmaq və 7 günlük toplantıdan sonra döyüş növbəsinə başlamaq lazımdır. Xidmətə görə maaş veriləcək, yaş məhdudiyyəti yoxdur” kimi yekəxana iddiaların Ermənistanda Rusiya ilə ölkənin müstəqilliyini məhdudlaşdıran ittifaq dövlətinin qurulması və Zəngəzurda ikinci hərbi bazasının yaradılması məsələlərinin müzakirə edildiyi bir zamanda səslənməsi, təbii ki, təsadüfi deyil.

Bu terrorçunun məhz Moskvadan qayıtmış Koçaryanla İrəvandakı görüşdən sonra belə iddialarla çxış etməsinə daha çox diqqət yetirmək gərəkdir.

Koçaryanın Moskvada Putinlə telefon danışığı, Ermənistanın hökumət təmsilçiləri (ən son, Ermənistan DTX rəhbəri və Baş Qərargah rəisi) və siyasətçilərinin Moskvaya ardıcıl səfərləri, orada Rusiya rəsmi şəxsləriylə yanaşı Abramyan tipli revanşist diaspor təmsilçiləri ilə görüşlər, Balasanyanın Qarabağda əvvəlki vəzifəsinə qaytarılmasından sonra Qarabağda gərginliyin artması və terrorların baş verməsi, şübhəsiz ki, eyni planın tərkib hissəsi sayıla bilər.

Qarabağda daha çox hakimiyyət istəyən bu terrorçu, daşnaklarla birlikdə bəyanat yayaraq, digər terrorçu Arayiki “hökumətdə təmsilçiliklə bağlı vədini yerinə yetirməməkdə” ittiham edib.

Koçaryanın təlimatı ilə Qarabağda hakimiyyəti ələ keçirmək üçün fəaliyyətə başlayan Balasanyanın bəyanatları və erməni silahlı dəstələrinin hələ də bölgədə qalması gərginliyin davam edəcəyini göstərir.

10 noyabr anlaşmasının 4-cü bəndinə görə, Rusiya sülhməramlıları erməni silahlı qüvvələrinin çıxmasına paralel olaraq təmas xəttində yerləşməlidir. Keçən zaman ərzində, hələ ki, bu prosesi müşahidə etmirik. Ərazidəki sülhməramlılar isə, əsasən, təmir tikinti, ermənilərin geri qaytarılması, yeni il şənliyi hazırlamaq, məktəblərdə uşaqlarla görüşlər kimi humanitar məsələlərlə daha çox məşğul olurlar.

Qeyd edilən işlərin əksərinin sülhməramlı missiyaya aidiyyəti yoxdur. Görünən odur ki, Rusiya gərginliyin qalmasında maraqlıdır. Çünki bölgədə yerləşəndən sonra sülhməramlı missiyanı yerinə yetirmək əvəzinə, hərbi baza qurub, uzun müddət qalmağı hədəfləyən Rusiya təxribatların törədilməsi və vəziyyətin gərginləşdirilməsi ilə prosesə daha çox müdaxilə etmək istəyir.

Ona görə də Rusiyanın məsuliyyət zonasına aid olmayan ərazilərdə baş verən insidentlərə qarışmasına və orada yerləşməsinə yol verilməməlidir. Rusiyadan tələb sülhməramlı missiyasına uyğun olaraq, üçtərəfli anlaşmadakı öhdəlikləri yerinə yetirməsi olmalıdır.

Əsas öhdəlik isə erməni hərbi birləşmələrinin tərksilah edilərək münaqişə zonasından çıxarılmasıdır.

Bu öhdəliklər yerinə yetirilmədikcə, Qarabağdakı terrorçuların himayədarı görüntüsü davam etdikcə, Azərbaycan cəmiyyətində Rusiyaya inamsızlıq artacaq. Rusiya anlamalıdır ki, bölgədə onun maraqlarını qəbul etdiyimiz kimi, o da Azərbaycanın maraqlarına hörmətlə yanaşmalıdır.

Təəssüf ki, hələlik bu davranışı müşahidə etmirik. Rusiya Federasiya Şurasının sədri Matvienkonun Qarabağın statusu ilə bağlı fikirləri, Müdafiə naziri Şoyqunun bölgədəki hərbçilərə yeni kazarmalar (təxminən, 6 min nəfərlik) tikilməsi haqda həddi aşan bəyanatı Azərbaycanın maraqlarını heçə saymaqdır. Zatulin tipli deputat və bir çox siyasətçilərin Azərbaycana düşmən mövqeyi, Rusiya KİV-lərinin “Tanınmamış Qarabağ Respublikası” terminini davamlı tirajlamaları, üçüncü Qarabağ savaşının qaçılmazlığı təbliğatının aparılması isə ayrı mövzudur.

Ona görə də ATƏT Minsk Qrupunun üzərinə çox getməmək lazımdır, çünki nə zamansa Rusiyaya qarşı onlarla balans yaradılmasına ehtiyac duyula bilər.

Qarşıdakı dövrdə Azərbaycanın atacağı addımların nələrdən ibarət olması müəyyənləşməlidir.

Fikrimizcə, atılacaq əsas addımlardan biri terrorçuların sərbəst şəkildə Qarabağa gəlməsinə imkan yaradan Laçın yolunun Ermənistanla sərhədində keçid məntəqəsinın yaradılması, sərhədçilərimizin orada dayanması olmalıdır. Laçınla sərhəddən gələnlərə biz nəzarət etmədikcə, təhlükəsizlik məsələləri tam həll edilmiş sayılmayacaq. Qarabağ ərazisinin dağlıq-meşəlik coğrafiyası, ermənilərin PKK ilə ənənəvi yaxınlığı, onların taktikasından istifadə edilməsi haqda fikirlər erməni cəmiyyətində və diasporada geniş təbliğ edilir. Əgər Laçın rayonunun sərhədlərinin nəzarət məsələsi həllini tapmasa, qarşıdakı dövrlərdə daha çox terror hadisələrinə  şahid olacağıq.

Azərbaycan dövlətinin ona qarşı qurulan planlara qarşı qətiyyətinin göstərmək baxımından, digər addım Qarabağdakı “Artsax Müdafiə Ordusu” adlanan terrorçu təşkilatın Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş rəhbərlərinin, ilk növbədə, V. Balasanyan, A. Arutunyan, Arzumanyan, Karapetyan və beynəlxalq axtarışa verilən digər hərbi cinayətkarların xüsusi əməliyatlarla həbsi və ya zərərsizləşdirilməsi olmalıdır. Terror təşkilatının rəhbər heyətinin ortadan qaldırlması onun zəifləyib dağılmasına səbəb olacaq. Bu mənada, yaxın zamanlarda Qarabağda “keçiriləcək seçkilərdə hakimiyyəti ələ keçirməyi” planlayan Vitali Balasanyana “xüsusi diqqət” yetirilməlidir.

Savaşda həlak olanların meyidlərini axtaran erməni hərbçilərin nəzarətimizdəki ərazilərə buraxılmasına son verilməlidir. Bu adla gələn erməni kəşfiyatçıları ərazidəki mövqelərimiz və vəziyyət barədə lazımi məlumatlar toplayır, sonra isə hücumlar təşkil edirlər. Son terror hadisələri məhz bu məlumatlar əsasında baş verib.

Rusiyanın əleyhimizə olacaq fəaliyyətləri və  dəstəklədiyi ermənilərin təxribatlarının qarşısının alınmasının yolu Azərbaycan cəmiyyətinin birliyi, ordumuzun döyüş əzmi ilə bərabər, Türkiyə ilə hərbi müttəfiqlikdən çox asılıdır. Azərbaycan cəmiyyətinin əksəriyyəti ölkədə Türkiyənin hərbi bazalarının qurulmasına tərəfdardır. İki ölkə arasında imzalanacaq Hərbi Müttəfiqlik Sazişi əsasında Türkiyə Azərbaycanda rəsmi olaraq bazalarını qura bilər.

Hazırda məsələyə münasibət bildirən siyasilər və ekspertlər tərəfindən Tükiyə hərbi bazalarının qurulacağı yerlər kimi, müxtəlif bölgələrin adı keçir. Fikrimizcə, bu yerlərdən biri kimi, Qubadlı rayonunun ərazisi üzərində də düşünülə bilər.

Coğrafi mövqe və relyef baxımdan Ermənistanın Zəngəzur (Sünik) bölgəsi, İran sərhədi, Zəngilan, Laçın və yuxarı Qarabağa qonşu olması Qubadlının önəmini xeyli artırır. Naxçıvandan sonra, 250 km uzaqlıqdakı Qubadlı Türkiyəyə ən yaxın bölgələrdəndir. Nəzərə alınmalıdır ki, hərəkət və logistika baxımından əlverişli mövqeyinə görə sovet hakimiyyəti zamanı Qubadlının Xanlıq kəndində hərbi baza mövcud olub. Digər tərəfdən, Zəngəzurda Rusiya hərbi bazasının yaradılması haqqında Ermənistanda səslənən çağrışlar da bunu şərtləndirən amillərdən biridir.

Sabitləşdirici faktor olan Türkiyənin bölgədə hərbi mövcudluğunun reallaşması, erməni işğalçılarının niyyətlərinin durdurulması, sabitliyin bərqərar olması və təxribatların qarşısının anında alınması imkanlarını xeyli artıracaq.

Strateq.az