XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 12:48

“Bakıya gələndə, hamınızı ayaqlarınızdan asacağıq” –SOVET SƏFİRİNİN XATİRƏLƏRİ

Vladimir Vinoqradov keçmiş SSRİ-nin İrandakı son fövqəladə və səlahiyyətli səfiri olub. Onun uzun müddət “qayət məxfi” qrifi ilə gizlədilən xatirələri hazırda aşkarlıq tapıb. Vinoqradovun “Bizim Yaxın Şərq. Misir və İrandakı sovet səfirinin qeydləri” kitabından “Mərg bər Şurəvi” (farsca “Sovet İttifaqına ölüm”) fəslini “Strateq” oxucularına təqdim edirik.

Bundan əvvəl bəhs etdiyim 1980-ci il yanvarın 1-də sovet səfirliyinə basqından sonra Sovet İttifaqına qarşı hücumlar müxtəlif formalarda davam etdi. Həmin ilin yanvar ayının əvvəlində şiələrin matəmi – İmam Hüseynin 40 mərasimi – Ərbəin keçirildi. Belə günlərdə əza mərasimləri təşkil olunur. Bu ərəfədə rəsmi olaraq təsdiqlənmiş şüarlar nəşr olundu, bunların ən az yarısı antisovet məzmunlu idi, məsələn: “SSRİ və ABŞ, döyüşçülərimizin qanı pençələrinizdən damlayır!” Cəfəngiyat, ancaq… səlahiyyətlilər, yəni hökumət tərəfindən xüsusi olaraq düşünülmüşdü.

İran Xarici İşlər Nazirliyindən etirazımıza cavab verdilər: iranlılar, “xalq” (ah, yenə də kasıb insanlar! – VV) hisslərini ifadə etmək hüququna malikdir”. Bu şüarları tərtib edənin “xalq” olmadığı mübahisələri fayda vermir.

Təxminən bir həftə sonra qəribə bir tamaşa oynanılır, – bu hadisə başqa cür adlandırıla bilməz. “France Press”-ə istinadla, Meksika şəhərində (!) bir sovet diplomatının, “attaşe Rusov”un bəyanatı yayılır ki, Xomeyninin istəyi halında, ABŞ-ın təzyiqlərinə müqavimət göstərmək üçün Sovet İttifaqı, hərbi yardım da daxil olmaqla, İrana köməklik göstərəcəkdir.

Ertəsi gün Xomeyninin gurultulu açıqlaması yayımlanır: sovet diplomatının sözləri “təhqiramizdir” və s. Xomeyni İslam İnqilab Şurası (İİŞ) və Xarici İşlər Nazirliyindən sovet səfirliyinə Meksikadakı “sovet diplomatı”nın cəzalandırılmasını tələb edən bir nota təqdimat etməyi tələb edir.

Və təhdid: belə şeylər təkrarlanarsa, “Sovet İttifaqını peşman edən tədbirlər görəcəyik”.

Xomeyninin həmin açıqlaması bir çox antisovetçinin əl-qolunu açdı.

Gün kimi aydın idi: bu, Amerika xüsusi xidmət orqanlarının təxribatı, Sovet İttifaqının BMT Təhlükəsizlik Şurasında İran əleyhinə qətnamənin qəbul edilməsinə veto qoyduğu vaxtda, SSRİ-yə qarşı hissləri alovlandırmaq cəhdi idi. Xomeyniyə cavabımız xarici işlər nazirinin birinci müavini Xərrazi vasitəsilə çatdırıldı və o, səfirlikdən İran mətbuatı üçün də bir açıqlama verməyimizi istədi.

Gülməli çıxdı: əvvəlcə İran radio-televiziyası Xomeyni və İİŞ-in bəyanatını yayımladı, daha sonra səfirliyimizin bəyanatını, əvvəlki açıqlamalarda göstərilənlərin hamısının yalan olduğunu çatdırdı!

Belə hallarda, Xarici İşlər Nazirliyində səfirliyin fəaliyyəti ilə bağlı sıradan bir, texniki məsələlərə münasibət də kəskin şəkildə dəyişirdi. Məsələn, səfirliyin ehtiyacları üçün SSRİ-dən bizə göndərilən sovet filmlərinin qəbulu üçün icazə verilməsi gecikirdi. “Niyə bu qədər tez-tez filmlərə baxırsınız?”, “Niyə Moskvadan avtomobillər üçün bu qədər akkumulyator göndərilib?” və bənzər digər suallar sanki qəsdən yoldaşlarımıza verilir, icazə 4-5 aya qədər təxirə salınır və səfirlik yüklərin gömrükdə saxlanmasına görə ödəniş etməli olurdu…

Soyuq havalar başlayanda, bizə hər cür yolla benzin almağa icazə verilməsinə mane olur və səfirliyin ehtiyacları üçün Ənzəlidəki sovet gəmilərindən benzin almaya, yəni İran rəhbərliyi ilə əlaqə saxlamaq istəmədikdə belə, dərhal izahsız imtina cavabı alırdıq.

1980-ci ilin martında səlahiyyətlilər iranlı turistlərin Sovet İttifaqına səfərini qadağan etdilər. Bunu saymazlıqla etdilər: məsələn, Moskvaya işgüzar səfərə gedərkən, özüm SSRİ-yə turist gəzintisinə gedən 130 İran ermənisinin “Aeroflot” təyyarəsindən necə çıxarıldığının şahidi oldum, halbuki hamısı yola düşmədən 10 gün əvvəl pasportlarını “yoxlamaya” təhvil vermiş və hökumətdən rəsmi icazə almışdı.

Məsələn, baş nazir Rəcainin 1980-ci ilin noyabrında verdiyi açıqlamanın mahiyyəti nədir? Mitinqdə çıxış edərək demişdi: ABŞ İraqı İrana qarşı təcavüzə sürükləyib, beləliklə, İran “SSRİ-nin ağuşuna itələnib” (?!). O, KXDR səfirinə də “dərs vermişdi”: KXDR-in İranla əlaqələrini inkişaf etdirmək istəməsi yaxşıdır, amma “bizim üçün əsas şey KXDR-in Amerikaya bənzətdiyimiz şimal qonşumuzla necə davrandığıdır (!)”

Televiziyada reportaj gedir: təxminən 12 yaşlı bir oğlandan müsahibə alırlar. “Kimə qarşı döyüşürsən?” Cavab verir: “BƏƏS-çilərə, amerikalılara və şurəvilərə (sovetlərə) qarşı”. Müxbir qürurla TV kamerasının obyektivinə baxır. Yanında, yəqin ki, BƏƏS-çilərin və sovetlərin kim olduğunu bilməyən bir oğlan dayanıb… Məktəblilərin antisovet təşəbbüslərə cəlb edilməsi İslam təbliğatçılarının sevimli məşğuliyyəti idi. Bir neçə dəfə səfirliyimizin önünə saqqallı gənclərin əmri ilə gətirilən, meqafonlu müəllimin göstərişinə uyğun boğazlarını yırtan məktəbli qız və oğlanlara rast gəlmək olurdu: “Mərg bər Şurəvi!” (“Sovet İttifaqına ölüm!”)

1981-ci ilin gəlişi kampaniyanı dayandırmadı. Siyasi qrup olaraq onsuz da bir ayağı gorda olan burjua liberalları xüsusi fəqrlənirdilər. Yəqin ki, hökumətlə dil tapmağı düşünürdülər. Qulağı batıran cəfəngiyatla razılaşırdılar: Sovet İttifaqı guya “İrandakı İslam inqilabından qorxur!” (Yazırdılar ki: “Sovet İttifaqının dizləri titrəyir”.) Mən onlara cavab vermək istərdim: “Buna görə İran hökuməti Sovet İttifaqından olan müsəlmanları İrana, özününküləri isə SSRİ-yə buraxmaqdan qorxur?!” Amma bunu burada kim bilir? Buna görə kim cavab verməlidir?

İran səlahiyyətlilər tez-tez hər cür anti-İran cəfəngiyatını xaricə ötürən Amerika, Yaponiya, Qərbi Almaniya, İngiltərə və digər əcnəbi müxbirlərin İranda dolub-daşmasına üzülmədən sovet müxbirlərini ölkədən çıxarmaq üçün hər cür addımlar atdı. Səlahiyyətlilər heç bir sovet qəzetinin, habelə radio-televiziya müxbirinin qalmasına icazə vermədən yalnız TASS müxbirini ölkədə saxladılar.

Sorğumuzun cavabı ağ yalan idi: bizə deyilənə görə, qərar verilib ki, hansı ölkədə nə qədər iranlı müxbir varsa, həmin ölkədən də İranda o sayda müxbir olsun. Hər kəs ABŞ-da, Almaniyada, Yaponiyada, İngiltərədə və digər Qərb ölkələrində İran müxbirinin olmadığını yaxşı bilirdi və biz uzun müddət idi ki, biz İran müxbirlərini SSRİ-yə dəvət edir, amma İran hakimiyyəti onları göndərmirdi…

Təbii olaraq, mətbuatımızda İranla əlaqəli nəşrlərin sayı azaldıqda, İran liderləri Sovet İttifaqına qarşı “susqunluq sui-qəsdi” yaratmaqla bağlı absurd ittihamlar irəli sürməyə başladılar. Nə yazmaq lazım idi? Sol qüvvələrə qarşı kütləvi repressiyalardan, ölkə daxilindəki nizamsızlıqdan, ruhanilərin ölkədə normal həyat qura bilməməsindən, sərhədsiz antisovet kampaniyasından?

1981-ci ilin sentyabrında səfirliyin mədəniyyət şöbəsinin (o, ayrıca binada yerləşirdi) iranlı işçiləri baş nazirin yanına çağrıldı və onlar sovet qurumunda işi sona çatdırma barədə iltizam verməyə məcbur edildi, əks halda… Həbs və türmə ilə təhdid olundular. Səfirliyin etirazına baxmayaraq, Xarici İşlər Nazirliyinin “dəlillər” deyilən aşkar absurdluğu əsasında, İranın SSRİ ilə Mədəni Əlaqələr Cəmiyyətinin də istifadə etdiyi mədəniyyət şöbəsinin binası boşaldılmalı idi. Hökumətin istəyi ilə Mədəni Əlaqələr Cəmiyyəti fəaliyyətini dayandırdı, “dağıldı” və təşkilatın baş katibi, rus dilindən fars dilinə məşhur mütərcim (Tolstoy, Dostoyevski, uşaq kitabları onun tərcüməsi idi) Foruxani isə həbs edildi və güllələndi.

Payızda Sovet İttifaqına yayımlanan İran radiosunun rusdilli bölməsi fəaliyyətə başladı. İrandakı nizamın tərifini rus dilində eşitmək qulaqbatırıcı idi. Əlbəttə, burada da sovet dinləyiciləri üçün hazırlanmış antisovet təbliğatı vardı. Sovet İttifaqına qarşı etdiyi hərəkətlərdə və bu hərəkətlərin “əl xəttində” İran getdikcə Amerikanın siyasi hökmranlığı altındakı sıradan bir Qərb ölkəsinə bənzəyirdi.

Səfirliyimizdə hər hansı bir diplomatik tədbiri pozmaq üçün Xarici İşlər Nazirliyi qonaqların təhlükəsizliyinin təmin olunacağına inamının olmadığını bildirirdi.

İnqilabın üçüncü ildönümünü qeyd etmək üçün Sovet İttifaqından müsəlman nümayəndə heyəti (Zaqafqaziya Müsəlmanları İdarəsinin başçısı, Moskva və Leninqrad məscidlərinin imamları) hava limanına gəldiyi andan etibarən təhqir edildi, “İslam İnqilabı Keşikçiləri Korpusu”nda yaxşı təlim keçmiş cavanlar xorla qışqırdı: “Sovetlərə ölüm!” Sonra qonaqları oteldən buraxmamağa çalışdılar, təhdid etdilər… “əgər sovet hökumətinə qarşı çıxmasanız”… Müsəlmanlarımız, onlara münasibət dəyişmədiyi halda, dərhal İranı tərk edəcəklərini elan etdikdə, “bayram komitəsi”nin nümayəndələri açıq şəkildə bəyan etdilər: “Bakıya gələndə, hamınızı ayaqlarınızdan asacağıq”.

Ən həyasız antisovet hərəkət, əlbəttə, 11 fevral 1982-ci ildə edildi.

Həmin gün inqilabın ildönümü münasibətilə hərbi parad və digər tədbirlər keçirilməli idi. Xarici səfirlər parada dəvət olunmadı – yalnız hərbi attaşelər.

Səhər hərbi attaşeimiz, polkovnik Xrisanov həyəcanlı halda qaçaraq kabinetə girdi. Hərbi uniforma geymişdi, yəqin ki, paraddan gəlirdi. Xrisanov, həqiqətən, paraddan gəldiyini, başlanğıcdan tədbiri tərk etdiyini bildirdi. Qoşunların keçidi əsnasında Sovet İttifaqının böyük dövlət bayrağı əsgərlərin ayaqları altına sərilib və əsgərlər onun üzərindən keçiblər. Bayraq paradın təşkilatçıları tərəfindən əvvəlcədən hazırlanıb.

Xrisanov dərhal yerindən qalxıb və köməkçiləri ilə birlikdə tribunanı tərk edib, dərhal İran hərbi vəzifəlilərinə kəskin etirazını bildirib. Gedişlərinin qarşısını almağa çalışan iranlıları qətiyyətlə özündən uzaqlaşdıran zabitlərimiz səfirliyə qayıdıblar.

Həqiqətən, biabırçılıq idi. Necə təpinmək olar? Axı biz sürətli və təsirli davranmalıyıq. Sanki məqsədli şəkildə, elə həmin gün, axşam inqilabın ildönümü münasibətilə təbrikləri qəbul edən prezident Xamnəi ilə diplomatik korpuşun görüşü planlaşdırılmışdı. Beynimdən keçdi: axı mən bir diplomatik korpus adından çıxış etməli olacağam.

Artıq çıxışın mətnini İran Xarici İşlər Nazirliyinə və bütün səfirlərə göndərmişdim. Nə edim? Kimdən məsləhət alım? Vaxt tükənirdi.

Beynimdə qığılcımı parladı: qəbula getməmək. Onda sual yaranır: gözlənilməz yoxluğun səbəbini izah edək və ya izah etməyək? Əgər izah etmək istəsək, hadisəni bayraqla necə əlaqələndirək və ya başqa bir üzrlü səbəb göstərək: özünü pis hiss etmə (və ümumiyyətlə, bu həqiqət idi)?

Bayraq hadisəsi ilə əlaqələndirsək, bundan sonra məntiqi olaraq nə etməliyik? İranlılar necə davranacaqlar? Zəif sağlamlığı əsas gətirsək, həqiqət olmasına baxmayaraq, heç kim buna inanmaz.

Xeyr, bu, bir növ, qorxaq qərardır. Getməli olsam, necə davranmalıyam? Diplomatik korpusun rəhbəri və təhqirə məruz qalan ölkənin səfiri kimi? Hadisəni bütün diplomatik korpusların qarşısında açıqlamalıyam, ya yox? Həqiqətən də, diplomatik korpusdakı bir çox şəxs bu işi mahiyyət etibarilə bəyəndi, baxmayaraq ki, bəlkə də üsulu bəyənmədi.

Dövlətimizin şərəfini yerlə sürütməmək və eyni zamanda, İranın yüksək rəhbərliyinə həddini aşdığını və təbii olaraq İran tərəfinə kobud hərəkətinin bağışlanmayacağını necə eyham vura bilərik?

ardı var 

Tərcümə: Strateq.az