XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 02:16

ABŞ QARA DƏNİZDƏ RUSİYAYA QARŞI CƏBHƏNİ GÜCLƏNDİRİR:Rumıniyadakı baza Türkiyədən asılılığı azaldacaqmı? - TƏHLİL

Birləşmiş Ştatlar 2021-ci ildə NATO-nun Rusiyaya qarşı hərbi potensialını artırmaqda davam edir.

Ovqat.com ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığına istinadən xəbər verir ki, Pentaqon Rumıniyanın Kımpiya-Turziy aviabazasına “MQ-9 Reaper” pilotsuz uçan aparatları və yüzə yaxın hərbçi yerləşdirib.

Ekspertlər bunu Vaşinqtonun Qara dəniz regionuna dair strategiyasının göstəricisi kimi qiymətləndiriblər.

Bəs bu strategiyanın mahiyyəti nədən ibarətdir və Rusiya üçün hansı riskləri daşıyır?

ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığının məlumatına görə, PUA-lar və hərbçilər bölgəyə “uzunmüddətliliyə” göndəriliblər. Fəqət bu müddətin konkret nə qədər çəkəcəyinə aydınlıq gətirilməyib.

Bu hərbi dislokasiyanın səbəbinə gəlincə, Komandanlığın rəhbəri general Ceffri Harrigian bildirib ki, PUA-ların sözügedən strateji yerdə yerləşdirilməsi “həm müttəfiqləri və tərəfdaşları ümidləndirir, həm də ortaya çıxa biləcək hər hansı bir təhdidin cavablandırılacağı barədə düşmənə konkret mesaj verir”.

General onu da qeyd edib ki, pilotsuz təyyarələrin və hərbçilərin bölgəyə yerləşdirilməsi Rumıniya hökuməti ilə razılaşdırılıb və Vaşinqtonun Avropada təhlükəsizliyin və sabitliyin qorunmasına “sadiqliyini” göstərir, “NATO müttəfiqləri və digər avropalı tərəfdaşlarla münasibətlərin möhkəmlənməsinə xidmət edir”.

Rumıniyaya yerləşdirilən “MQ-9 Reaper” PUA-nın xarakterik özəlilliklərinə gəlincə, bildirildiyinə görə, bu uçan silahın turbovint mühərriki var, onun sürəti saatda 400 kilometrdən çoxdur. Yüksəlmə hündürlüyü 13 min metrə çatır. Havada qalma müddəti maksimum 24 saat təşkil edir. Son zamanlar “MQ-9 Reaper” PUA-larından Yaxın Şərqdə fəal şəkildə istifadə olunur. Hətta İran generalı Qasım Süleymaninin də bu PUA-nın köməyi ilə qətlə yetirildiyi bildirilir.

Rusiyalı ekspertlər ABŞ-ın Rumıniyaya silahlı PUA-larını yerləşdirməsinin Moskva üçün ciddi təhdid olduğuna inanırlar.

Amerikalılar Qara dəniz regionunda pilotsuz uçan aparatlardan kəşfiyyat məqsədləri üçün fəal istifadə edirlər. Onlar da Ukraynanı ciddi şəkildə qoruyurlar. Nəzərə alsaq ki, son illər amerikalılar pilotsuz uçan aparatların, o cümlədən Kiyev bölgəsinin daha çox idarəetmə mərkəzləri yaradırlar, güman etmək olar ki, onlar Rusiyanın A2/AD zonaları daxilində məsələlərin həlli üçün istifadə olunacaq”, – deyə hərbi ekspert Aleksey Leonkov media açıqlamasında bildirib.

Bəs, Aleksey Leonkov A2/AD zonaları deyərkən nəyi nəzərdə tutur?

NATO hərbi terminologiyasına nəzər salsaq, son 20 ildə tez-tez A2 (Anti Access – Girişin qarşısını almaq) və AD (Area Denial – Bölgəni qorumaq) terminindən istifadə edildiyini görə bilərik. Bu terminlər uzaqmənzilli raketlərə, döyüş təyyarələri və gəmilərə, həmçinin sensorlardan ibarət çoxsaylı müdafiə sisteminə verilən addır.

A2-nin məqsədi – düşmən ölkənin qüvvələrinin dost zonaya girməsinin qarşısını almaq, AD-nin məqsədi isə düşmən qüvvələrinin dost ölkələrinin ərazisində sərbəst fəaliyyət göstərməsinin qarşısını almaq və müttəfiqin döyüş gücünü artırmaqdır.

Rus hərbi ekspertlərinin fikrincə, Vaşinqton və Brüssel baxımından Rusiyanın A2/AD bölgələri Kalininqrad, Murmansk, Sevastopol, Novorossiysk, Vladivostok , Petropavlovsk-Kamçatski, Moskva və Suriyadakı Xmeymim hava bazasıdır.

Eyni zamanda, NATO-nun A2/AD qoruma sistemlərinə ənənəvi olaraq S-300 və S-400 hava hücumundan müdafiə sistemləri, Bastion-P sahil raket sistemi və “İskəndər” əməliyyat-taktik kompleksi də daxildir.

Rusiyanın A2/AD bölgələrini “qırmaq” üçün amerikalılar Bolqarıstan, Rumıniya, Ukrayna, Polşa və Baltikyanı ölkələrdəki hərbi obyektlərdən, avadanlıqlardan və hərbçilərdən istifadə etmək niyyətindədirlər.

Leonkovun fikrincə, Amerika bu ərazilərdə təkcə anti-raket qurğuları deyil, həm də “Tomahawk” tipli qanadlı raketlər də yerləşdirir. Bu isə artıq müdafiə yox, hücum silahıdır.

“Bundan əlavə, bu ərazidə çox sayda təlim keçirilir ki, bu da Rusiyanın Qara dəniz Donanmasına və Krımda yerləşən hərbi qüvvələrinə qarşı təhdiddir”, -deyən eksperin fikrincə, Rumıniyaya yerləşdirilən pilotsuz təyyarələr amerikalılara kosmik kəşfiyyat yolu ilə qonşu ölkələrin orduları ilə qarşılıqlı əlaqə qurmağa kömək edəcək.

Hərbi ekspert PUA-larının Rumıniyada yerləşdirilməsini ABŞ-ın Türkiyədən asılılığını azaltması kimi qiymətləndirir.

“Amerikalılar burnumuzun altında bir müharibə teatrı qururlar. Bu da ABŞ və NATO-nun Qara dəniz bölgəsi planlarında Rumıniyanın Türkiyəni nəzərə almadan əsas rol oynayacağına bənzəyir”- deyə ekspert bildirir.

Bununla belə, rus ekspert silahlı PUA-ları super silah kimi qəbul etmir. Onun fikrincə, müasir hava müdafiəsi və elektron müharibə sistemləri hücum PUA-larının qarşısını sürətli və səmərəli şəkildə alır: Bizə Suriyadan, Liviyadan və hətta “ətyeyənlər”in fəal şəkildə istifadə olunduğu Dağlıq Qarabağdan gözəl görüntülər göstərilir. Lakin PUA-ların istifadəsinin nəticələrini öyrənməyə başlayanda hesabın hava hücumundan və elektron müharibə sistemlərinin xeyrinə getdiyi məlum olur. PUA-lar texniki cəhətdən inkişaf etmiş bir ölkəyə qarşı istifadə edildikdə praktik olaraq faydasızdır”, – Leonkov belə deyib. Halbuki rus hərbi ekspertinin “ətyeyən” adlandırdığı həmin PUA-lar Suriyada, İraqda və Qarabağda hansısa zəif ölkələrə deyil, rus hərbi texnikalarına qarşı istifadə olunmuşdu.

Valday Klubunun mütəxəssisi, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko da Krımın Rusiya ilə birləşməsindən sonra, ABŞ və NATO-nun Qara dəniz planının aydınlaşdığına inanır. Onun fikrincə, bu planın mahiyyəti Qara dənizi qarşıdurma xəttinə çevirməkdir. “90-cı illərdə Baltik dənizi planetin ən həssas yeri sayılırdı. İndi eyni proseslər Qara dəniz bölgəsində gedir”, – Tkaçenko belə deyib.

Professor etiraf edib ki, əvvəllər Kremldə Türkiyənin bölgədəki əsas düşmən olduğunu düşünürdülər: “Ancaq Ankara daxili səbəblərdən bu rolu oynamağı dayandırdı. Üç ay əvvəl İngiltərənin təşəbbüsü Türkiyədən geri aldığı görünür, çünki London Ukraynada layihələrini inkişaf etdirir. İndi isə regionda Vaşinqtonun bir nömrəli düşmən kimi çıxış etdiyi aşkardır”.

Tkaçenko ABŞ-ın Rumıniyadakı varlığını gücləndirmə prosesinin əslində yeni olmadığını, Obama dövründən başladıldığını da etiraf edib: “Əvvəllər Rumıniyadakı gəmilərdə, daha sonra isə ölkənin quru ərazisində ciddi silah növlərinin yerləşdirilməsindən bəhs olunurdu. İndi bu silahlara pilotsuz təyyarələr də əlavə olunur”.

Tkaçenko bu vəziyyəti Moskvanın maraqları üçün çətin bir problem kimi xarakterizə edərək deyib:“Qara dəniz bölgəsi bizim üçün çox vacibdir. Bunlar boğazlar, təhlükəsizlik və iqtisadi məsələlərdir. Qara dənizin köməyi ilə Suriya, Liviya və digər əhəmiyyətli Aralıq dənizi ölkələri ilə əlaqə qururuq. Yəni Qara dənizdəki infrastruktur bizim üçün strateji baxımdan vacibdir. Digər tərəfdən, Qara dəniz sahillərində son dərəcə çətin münasibətlər qurduğumuz dövlətlər var. Bunlar Bolqarıstan, Rumıniya, Ukrayna və Gürcüstandır. Qara dəniz bölgəsində Abxaziya xaricində müttəfiqimiz yox kimidir. Məhz bu səbəbdən Rusiya Krımda “Kalibr” daxil olmaqla yeni silah növləri və hərbi birləşmələr yerləşdirir, infrastrukturunu aktiv şəkildə modernləşdirir. Bu, təhlükəsizliyimizlə əlaqədar məsələdir”.

Ovqat.com