XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 13:42

QƏRB AZƏRBAYCANDAKI BİRLİK RUHUNUN POZULMASINI İSTƏYİR… –Ermənistanda isə "yeni Paşinyan" üçün vaxtı udmağa çalışır - TƏHLİL

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə,  05 yanvar 2021-ci il

 

Müharibədə məğlub olmuş birinin sadəcə adına baxmamalıyıq. Həm də onu xüsusilə Qərb layihəsinin indiki mərhələdə Cənubi Qafqazda iflasa uğramasına səbəb olan ad kimi görməliyik.

Paşinyan iqtidara gələrkən ona Qərb müttəfiqlərinin əsas dəstəyi Rusiya sülhməramlı modelinin aktivləşdirilməməsini təmin edəcək şəxs olduğu üçün idi.

Sülhməramlılar haqqında, təxminən, 3 ildən artıq müddətdir ki, danışıldığını, arada nəbzlərin yoxlanılmasını bilirik. Sülhməramlıların Qarabağ kozırı üzərindən cəlb ediləcəyini mən özüm də bir neçə dəfə yazmışam. Əlbəttə, bu, Lavrovun uzun müddətdir reallaşdırmağa çalışdığı hadisə olduğundn üzərində düşünməyimiz təbii idi.

Ancaq hadisələr şahmat oyunu kimi formalaşdı. Oyunun qurucusu Qərb idi və Paşinyan üzərindən Qərb güclərinin Qafqazda əsas rolu alacağı hesablanmışdı. Lakin Rusiya bu oyunu Azərbaycanın müharibə başlatmasına qarşı sərgilədiyi susqunluğu ilə pozmuş oldu.

Paşinyanın gəlişi ilə həm də Qərb de-fakto olaraq Qafqaza gəlməli idi. Lakin tam tərsi oldu – Rusiya gəldi. Həm də NATO müttəfiqi olan Türkiyənin gəlməsinə, çətin də olsa, səs çıxarmayaraq. Ərdoğanın dahiliyi də burada idi. Şahmat oyunu qurdu və masada birbaşa tərəf nümayiş etdirdi.

Azərbaycan ictimaiyyəti, tək kəlmə ilə izah etsək, Türkiyənin yanındadır. Bəli, hələ də Rusiya, İran, Qərb səsləri də çıxmağa davam edir. Ancaq Türkiyənin dəstəkçisi olan ictimaiyyət dominant və əsas qüvvədir.

Rusiya sülhməramlı qüvvələri barədə çoxlu şübhələr mövcuddur. Hətta sosial mediada sülhməramlı qüvvələrin içindən əsgər və zabitlərin tərəfsizlik razılaşmasını pozaraq, ermənilərə açıq-aşkar dəstək verməsi barədə məlumatlar yayılır. Təbii ki, burada vəziyyəti təhrik etmək cəhdi də var. Çünki Qərb, Azərbaycan ictimaiyyətində kozırlarını itirib və indi birlik ruhunun pozulmasını çox istəyir.

Azərbaycan Prezidenti İlham Əliyevin cəmiyyətdəki dəstəyini sarsıtmaq üçün Rusiya sülhməramlılarına dair onsuz da mövcud olan mənfi rəyin dərinləşməsi Moskva üçün yox, Moskvanın Ermənistandan çəkilməsini istəyən Bayden Amerikası üçün maraq mövzusudur.

Rusiya üçün Qarabağ məsələsi üzərindən Paşinyan əleyhinə olan erməni qruplaşmalarını öz tərəfinə çəkmək cəhdi açıq-aşkar ortadadır. Bu vəziyyət anormal hesab olunmur. Çünki Qarabağ üzərindəki oyun Rusiya üçün Paşinyan əleyhdarlarını və ya anti-Qərb qüvvələrini Ermənistan daxilində birləşdirən yeganə kozırdır.

Əlbəttə, burada qrupların maraqları da nəzərə alınmalıdır. Diqqətimi çəkən budur – Rusiya daxilindəki ziddiyyət. Putin Rusiyasında dövlətin müxtəlif təbəqələrində liberal komandaların olduğu heç kimə sirr deyil. Lavrov da nə qədər sərt bir adam kimi təsvir olunsa da, liberal komandanın təmsilçisi və Amerika üçün münasib biridir.

Rusiya Ordusu daxilində bir neçə qruplaşma var.  Əlbəttə, keçmiş coğrafiya və şəxsi münasibətlər bu bölgədə həmişə müəyyənedici detal olmuşdur. Rusiya Ordusunun içərisindən Ermənistana yaxın adların olduğu göz qabağındadır. Zaman-zaman Qarabağ işğal altında ikən orada hansı qanunsuz əməliyyatların aparıldığını yazmışıq. Rusiyadakı hansı qrupların ermənilər birlikdə silah, narkotik ticarətində, terrorizmdə, hətta Kəlbəcər qızıl yataqlarının işlənməsində əllərinin olduğu suallarını cavabsız qoymamalıyıq. Başqa sözlə desək, burada önəmli mövzulardan biri də Rusiya dövləti yox, dövlət daxilindəki qruplaşmaların hansı maraqlar daxilində hərəkət etmələridir. Bu paraqrafı qeyd etmək və bütün məsələyə baxmaq faydalıdır.

İndi isə Paşinyanın siyasi hiyləgərliyindən söhbət açaq. Bayden gələnə kimi, vaxtı uzatmaq istəyir. Düşünür ki, əgər istefa etsə, həyatı təhlükə altna düşəcək. Ancaq seçki istəsə, bu, ən azından 6 ay vaxt qazancıdır. Özü seçilməsə belə, özü kimi Qərbyönümlü təmsilçilərdən birini prosesə cəlb edə biləcəyini hesablayır.

Bu, sadəcə olaraq Paşinyanın hesablaması kimi görünmür. Qərb ittifaqı üçün Paşinyandan sonra “yeni Paşinyan profili” yaratmaq lazımdır. Rusiya öz siyasi fiqurunu yavaş-yavaş göstərir. Əvvəllər FSB-də təhsil almış Artur Vanetsyan Moskvanın Baş nazir kimi gördüyü fiqurlardan biridir. Təbii ki, burada Paşinyan və bənzər isimlərin kimliyi də önəmlidir. Ermənistan görüntüdə asan görsənən, ancaq reallıqda çox ağır siyasi burulğanın içərisindədir. İstər-istəməz, bu burulğan Cənubi Qafqazla bağlı hər kəsi maraqlandıracaq. Rusiya ilə Türkiyə arasındakı əlaqələr və Türkiyənin Qarabağda görünən və görünməyən de-fakto varlığı hazırkı prosesi başqa mərhələyə daşıyır. Ərdoğan Türkiyəsi əleyhinə cəhdlərin digər bir variantı da bu səbəbdən olacaq, diqqətli olaq.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə