XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 21:44

ABŞ RUSİYA VƏ İRANI ÇİNDƏN QOPARA BİLƏCƏKMİ? –Bayden dönəmində Çinə qarşı təzminat davası açıla bilər

Ərgün Dilər

“Takvim”, Türkiyə, 06 yanvar 2021-ci il

 

Bu da ən az baş sındırdığımız “Bizi necə bir gələcək gözləyir?” sualının cavabı… Son iki böyük savaşa baxdığımız zaman səhnədə baş verənlərlə sonradan həyata keçirilənlər arasında böyük fərq olduğunu görürük. II Dünya Müharibəsinə baxan zaman Hitlerin çılğınlığını, lakin ardınca yeganə hakim güc olan dolları görürük. Savaşın səbəblərindən biri deyildi, amma ən önəmli nəticəsi oldu.

Dünya 2021-ci ilə girərkən, qapandı. Hər kəs evindəydi. Təyyarələr, avtobuslar, qatarlar görünmürdü. Küçələrlə insanlar arasına qırmızı bir lent çəkilmişdi. Azadlıq böyük ölçüdə azalmış, hərəkət qabiliyyətimiz isə minimal səviyyəyə enmişdi. Durum hər yerdə belə idi. Almaniya, İngiltərə, ABŞ, Türkiyə, Rusiya, Portuqaliya və Yeni Qvineyada da durum eyni idi, bir-birindən fərqli deyildi. Ölümlər və infeksiya davam edir, insanlıq özünü qorumağa çalışırdı. İqtisadiyyat tıxanır və şəkil dəyişdirirdi. Bütün bu mənzərə içində fərqli olan yeganə bir yer var idi. O da Vuhan idi. Yəni, Qərbin “virusun çıxıdığı mərkəz” adlandırdığı yer.

Covid-19 pandemiyasının mərkəzi kimi tanınan Çinin Vuhan şəhəri düz bir il sonra normal vəziyyətinə döndü. Küçəyə çıxma qadağalarının ləğv edilməsilə birlikdə küçə, meydan, restoran və gecə klubları doldu. Və “Reuters” Vuhanın infeksiyadan sonrakı canlı, parlaq gecə həyatını görüntülədi. Yeni ilin çılğın şənlik tədbirlərinin görüntüləri yayıldı.

Dünyanın qalan qismi isə özünə qapanmış, sanki çırpınırdı. Problemlərlə boğuşurdu. Bu nöqtəyə təkrar dönəcəyik. Ancaq öncə Körfəzə enək.

Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn 2017-ci ilin iyun ayında Qətəri “terrora dəstək verməkdə” ittiham etmiş, ardınca bu 4 ölkə Qətərə qarşı 13 maddəlik bir tələb siyahısı irəli sürmüşdü. Bunun rədd edilməsindən sonra Qətərə qarşı həm embarqo tətbiq edilməyə başlamış, həm də diplomatik münasibətləri kəsmişdilər. İrəli sürülən tələblər arasında Qətərdəki Türkiyə hərbi bazasının qapadılması, “Müsəlman qardaşları” üzvlərinin ölkədən çıxarılması, “Əl Cəzirə”nin fəaliyyətinin dayandırılması, İranla əlaqələrin zəiflədilməsi və Yəməndəki üsyançı husilərə dəstəyə son verilməsi də vardı. Qətər isə, təbii, cihadçı təşkilatlara dəstək verdiyini rədd edirdi.

Türkiyə embarqodan sonra Qətərə ən böyük dəstək verən ölkələrdən biri olmuşdu. Bu tarixdən sonra ABŞ ərəblərlə İsraili yan-yana gətirmək cəhdinə girişdi. Və bu məsələdə uğur əldə etdi. Körfəz məsələsində önə çıxan, bu tabloya uymayan yeganə güc Qətər idi.

İndi gəlinən nöqtədə Qətər də Səudiyyə Ərəbistanına, dolayısilə İsrailə yaxın hala gəldi. Anlaşmanın nə gətirəcəyi tam bəlli olmasa da, demək olar ki, təxmin edilə bilər. Çünki ABŞ və İsrailin Qətərlə problem yaşayan ölkələr vasitəsilə ona qarşı irəli sürdüyü tələblər bəllidir: Türkiyənin hərbi bazası olmasın, İranla əlaqələr durdurulsun və “Müsəlman qardaşları” ilə araya məsafə qoyulsun.

Qətərin Səudiyyə Ərəbistanına yanaşması müsbət dəyərləndirilsə də, bu, İran üçün sıxıntı qaynağı ola bilər. Onsuz da İranın nüvə proqramı əvvəldən hədəfə alınmışdı. Əgər pıçıtılara qulaq versəniz, Körfəzdə İranla bağlı fikir birliyinin təmin edildiyini duymaqda çətinlik çəkməzsiniz. İran rejimi üçün önəmli bir fiqur olan Qasım Süleymaninin öldürülməsindən sonra gəlinən bu nöqtə olduqca əhəmiyyətlidir.

İran ABŞ-ın qonşusu deyil. İran dünyada ABŞ-ın siyasi və iqtisadi rəqibi də deyil. Paylaşa bilmədikləri bir şey də yoxdur. Ancaq İran Çinin onunla eyni yolda yürümək istəyən dostudur. “İpək yolu” üçün də ciddi bir oyunçudur. Durum belə olunca, ABŞ baxımından 2 önəmli ünsür – Rusiya və İran önə çıxmaqdadır. “İpək yolu”na və Çinə nəzarət edilə bilməsi üçün bu iki ölkədən birinə zərər vermək istəyəcəklər. Məqsəd Çinin Avrasiya ilə bütünləşməsinə əngəl olmaqdır.

Pentaqon düz bir il öncə Qasım Süleymanini vuraraq öz məqsədinə aydınlıq gətirdi. Aradan ötən zaman ərzində Qətər də Körfəz koalisiyasına gəldi, qatıldı. Bəlkə də, ABŞ və NATO bu məqsədlə Ermənistan-Azərbaycan savaşı zamanı ortada çox görünmədi. İngiltərə və Türkiyənin önünə çıxılmadı, Qətər də aşağıda Körfəzdə bütünlüyü təmin etdi

İndi ABŞ-da “Süveyşin şərqi” strategiyasının masaya yatırılmış olması haqqında danışılmaqdadır.

Rusiya və İran Çinə görə hədəfdədir. Makron NATO ilə bağlı “Beyin ölümü gerçəkləşdi” desə də, reallıqda durum belə deyil. NATO, Polşa üzərindən Rusiyaya gözdağı vermək üçün böyük hazırlıq görür. Məqsəd Çini durdurmaq, ona nəzarət etməkdir, ancaq öncə onun Rusiya və İranla əlaqəsini kəsmək istəyirlər.

İrana qarşı silahdan istifadə etmək variantı masaya gələ bilərmi? Mən qəti şəkildə “Bəli” deyərdim. Körfəzdə birlik axtarışlarının səbəbi budur.

Dönək Çinə, Vuhana. ABŞ-ın sabiq müdafiə nazirlərinin çoxu respublikaçı olsa da, hamısı Qərbin Çinlə böyük koalisiya formasında mübarizə aparmasını tələb etməkdədir. Avropa onsuz da buna dirənə bilməyəcək. Hətta Merkel hazır görünür. Deyəsən, İngiltərənin də bir qolu bu işin içində olacaq.

Rusiya və İran hansısa bir formada Çinin orbitindən çıxarıldıqdan sonra iş gəlib təzminat məsələsinə dayanacaq. İndi Çin yaydığı fotoşəkillərin, görüntülərin gələcəkdə başına iş açacağını bilmir. Bütün dünyanın öz evinə sığındığı, iqtisadiyyatların tıxandığı, dəyən zərərin həcminin trilyonlarla dollara çatdığı, Qərbdə minlərlə insanın öz həyatını itirdiyi bir halda, bu əyləncə və “Normala döndük!” hissi aşılayan görüntülər məhkəmədə təzminat almaq üçün istifadə ediləcək.

Baydenin gəlişindən sonra (ola bilsin, gəlmədən belə) silahlı bir müdaxilənin edilməsi variantı masadadır. Bu, aydındır. Savaşın ritmindən, tezliyindən asılı olaraq, müəyyən müddətdən sonra növbə təzminata gələcək. Məqsəd də budur. Baş tutub-tutmayacağını görəcəyik.

Ancaq ABŞ-ın problemi düşmənini meydana gətirib gərginliyi zirvəyə çatdırdıqdan sonra həll etmə meylini də unutmamaq lazımdır. Xroniki hala gətirmədən heç bir problemi həll etməmişdir.

Bu virus da hansısa bir formada Harvarddan getdi. Dünyanı dəyişdirmək istəyənlər də ABŞ-dadır. Daha doğrusu, virusu hazırlayıb yayanlar da, Vuhanı işarət edib hədəfə qoyanlar da, vaksini hazırlayıb “ümid” olaraq satanlar da eyni komandanın üzvləridir. Bu, Cefri Epşteyndən Bill Qeytsə, Entoni Fauçidən professor Novaka qədər uzanan geniş bir şəbəkədir. Böyük oyunçuların çoxu ABŞ-dadır. Tezis də, anti-tezis də ABŞ daxilindədir.

“Virus” III Böyük Savaşın (III Dünya Müharibəsi nəzərdə tutulur – tərc.) adıdır. Bitən zaman yerdən kim nə toplayacaq? Və bizə kim, nəyi qəbul etdirməyə çalışacaq? Çin, çinlilər vasitəsilə bir model yaratmaq, sonra da bu modeli qəbul etdirib “bəxşiş” toplamaq istəyənlər eyni adamlardır.

Rəqəmsal qəlibləri Çin kimi idarə forması olan ölkələrdə yarada və yaya bilərsiniz. Sonra nə olacaq? Kassa qazanacaq.

Yaxşı, bəs, biz nə edirik? Harvardın kimya bölümü ilə, professor Martin Novakla, Çindəki kamera vasitəsilə qeydəalma və təqibetmə sistemi və vaksinlərlə deyil, Boğaziçi Universitetinə təyin olunan rektorla məşğul oluruq. Diskussiyalar da onun layiq olub-olmadığına görə deyil, partiya uniformasına görə aparılır. Yaxşı, bəs, bu doğrudurmu?

Tərcümə Strateq.az-ındır