XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Yanvar 2021 - 22:40

TRAMPIN SON HƏMLƏSİ NƏ OLACAQ? –Konqresə basqın "Reyxstaq effekti" verə bilər

Ərgün Dilər

“Takvim”, Türkiyə, 12 yanvar 2021-ci il

 

Dünya SSRİ-nin yıxıldığı 1990-cı illərdən sonra təkqütblü hala gəldi və bu prosesdə ABŞ çox önə çıxdı. Özü də rəqəmsal texnologiyalardan kinoya, kosmik araşdırmalardan patent üçün müraciətlərədək, bütün sahələrdə. Ancaq ABŞ-ın bitməyən və bitməyəcək olan “yad” axtarışı da var idi. Dünən bu, SSRİ idi. Bəs sabah kim olacaq?

Hər kəs hadisələrə “Çin gəlir, ABŞ bitir” bucağından baxırdı. Demokratiya, insan haqları və texnologiyanı təmsil etdiyini iddia edən ABŞ bir tərəfdə, qapalı qapılar arxasında yaşayan bir dövlət görüntüsü verən, ədalət və hüququn sıxıntılı olduğu önə sürülən SSRİ digər yanda idi. Kapitalizm-kommunizm balansı şəklində xülasə edilə biləcək bir tarazlıq var idi.

Bu gün isə qarşımıza yenə bir tərəfdə ABŞ çıxsa da, digər tərəfdə Çin çıxır.

Yaxşı, Çinin SSRİ-dən, daha doğrusu, Qərbin daşıdığını iddia etdiyi dəyərlərdən uzaqlaşdığını görmək çətindirmi? Qapalı bir rejim olduğunu, demokratiya məsələsində sıxıntılarının olduğunu söyləmək çətindirmi? Məncə, deyil…

“Ekiz qüllə” hücumları ilə başlayan prosesdə ABŞ “yad” olaraq Çini hədəf aldı, böyütdü. II Dünya Müharibəsindən sonra masaya çağırdığı Çinə yol verdi. Yaponiyaya etdiyini ona bir az fərqli formada etdi. Texnologiya, informasiya və texniki infrastrukturu ona vermədi. “Sızdırdı”, adını da oğurluq qoydu. İndi bütün dünya oynanan bu oyunu izləməkdədir. Əlbəttə, mən də, başqaları da yazır. Arada savaşı, mübarizəni körükləyən simvolik şəxslər, hadisələr var. Olacaq da. Ancaq reallıqda savaş varmı? Varsa, miqyası necədir? Biləni görmədim.

İndi gələk Konqresə edilən basqına. Şənbə günü bu köşədə Trampın Kremllə, oradan başlayan şəbəkə ilə əlaqələrindən bəhs etdim. Məlum olmayan bir şey yoxdur. Sadəcə burada ona çox maraq yoxdur. O gün yazdıqlarım işin bir tərəfi, yəni medalyonun bir üzü  idi. Gəlin, bu gün də digər üzünə baxaq. Trampın səhər mitinq keçirməsi, ardınca Konqresə basqın edilməsi, təbii, bütün dünyada manşet oldu. Fövqəladə bir hadisə idi. İtkilər vardı. Reaksiyalar qar uçqunu kimi böyüdü. Təzyiq yüksəldi.

Çox önəmli bir şəxs olan professor Cozef Nay (Harvard Universiteti) isə durumu şirin dillə xülasə edirdi: “Ölkəmizin ciddi problemləri var, amma keçmişdə bizi xilas edən müqavimət və islahat potensialı da var. Hələ də diridir… 1960-cı illərdə şəhərlərimiz irqçi etirazlar üzündən yanırdı. Hər yeri alov bürümüşdü. Vyetnam savaşı ilə bağlı etirazlara ilişib qaldıq. Universitetlərdə və hökumət binalarında bombalar partladı. Milli Qvardiya mənsubları şəhərlərdə tələbələri öldürdü. Martin Lüter Kinq və Kennedi sui-qəsdlərinə şahid olduq. Və alovlar Corc Uolles kimi demaqoqlar tərəfindən körükləndi. Bunlara rəğmən, 10 il içində bir sıra islahat Konqresdən keçdi və Cerald Fordun dürüstlüyü, Cimmi Karterin insan haqları ilə bağlı siyasəti və Ronald Reyqanın optimizmi çəkiciliyimizi bərpa etməmizə yardımçı oldu. Daxildəki problemlərə rəğmən, Amerikanın cəzbetmə gücü var idi. Vətəndaş cəmiyyəti, özünütənqid və islahat potensialımız öndə idi. Bu da ABŞ-ın “yumşaq”, ancaq böyük gücü idi. Mədəniyyətimiz digər ölkələr üçün çəkici idi. İnsan haqları və demokratiya ilə bağlı vədimiz vardı. Legitim zəminlərdə güc götərmə qabiliyyəti ABŞ-ı “ABŞ” edirdi.

Bir sıra “yumşaq güc” qaynağı hökumətdən kənardadır və yalnış siyasətin aparılmasına baxmayaraq, onlar başqalarını ölkəmizə cəlb edə, çəkə bilirlər. Müstəqil qadınlar, etiraz edən azlıqlar, “Hollywood” , azad mətbuat, fondların fəaliyyəti, amerikan universitetlərində tədqiqat aparma azadlığı və kilsələr… Dinc etirazlar, əslində, “yumşaq güc” yaradır. Əlbəttə, Konqres binasındakı kütlə dinc olmaqdan uzaq idi. Trampın siyasi qütbləşməni şiddətləndirməsinin narahatedici bir tərəfi var idi. Amma bu, çevriliş deyildi. Əksinə, mərkəz tutuldu, qurumlar işlədi və Co Baydenin seçilməsinın təsdiq olunması davam etdi”.

Yəni, professor Cozef Nay, “Əlbəttə, Konqresə basqın edilməsi pis idi. Bəyənilə bilməz. Ancaq Baydenin prezident olmasının da rəsmən önünü açdı. Əks münasibət formalaşdı” deməkdədir.

Konqresə basqın edilməsini “rəngli inqilablar”a bənzədənlər də çoxdur. Şişirdilmiş olsa da, belə şərhlər vardır.

Ancaq medalyonun digər üzü – dediyim nöqtə önəmli idi. Konqresə basqın edilməsilə bağlı zorakılıq görüntüləri yayınlandı. Halbuki Tramp toplantını idarə edən müavini Pens və digər respublikaçılar vasitəsilə təsirli bir yol tapa, müqavimət göstərə bilərdi. Ancaq Konqresə basqın edilməsi respublikaçıların belə, tərəf dəyişdirməsinə səbəb oldu. Üsyan görüntüləri ən çox Trampı çətin vəziyyətə saldı. Baş verən hadisələrdən qazana bilməyən yeganə adam o idi. Baydenin prezidentliyi həmən təsdiqləndi. Trampın impiçmenti, vəzifədən uzaqlaşdırılması isə işıq sürətilə gündəliyə gəldi. Twitter”-dən “YouTube”-adək bütün mərkəzlər Trampı “sildi”. Kütləvi halda bir hücum, bir qırğın var idi. İtirən də Tramp idi. Və bir də namizəd ola bilməsinin önü kəsilirdi. Önəmli sual bu idi: “Konqres binasındakı xaosdan əslində kim yararlandı?” Bu şəxs qətiyyən Tramp deyildi. Basqını nəticələri etibarilə dəyərləndirmək üçün bir az geri getməkdə fayda vardır.

Reyxstaq, yəni Almaniya parlamenti 27 fevral 1933-cü il gecəsi yandırıldı. Hitler azlığın qurduğu hökumətdə idi. 05 mart 1933-cü ildə ümumi seçkilər var idi və Hitler təkbaşına iqtidar olmaq üçün əlindən gələn hər şeyi edirdi. Yanğın Hitlerə yalnız təkbaşına iqtidar olmaq deyil, sonsuz hakimiyyət də verdi. Berlin yandı, yalnız hollandiyalı 24 yaşındakı gənc inşaat işçisi Marinus van der Lyubbe tutuldu. Halbuki Berlini tanımayan Lyubbeni ora dəvət edən məktub polisdən göndərilmişdi. O da bu dəvətə əsasən getmişdi. Yanğından sonra Hitler səhnəyə çıxdı. O, komandası ilə birlikdə yanğının külləri üzərində mitinq keçirdi. Və nizamını qurdu. Xalq kütlələri həqiqəti öyrənən zaman isə artıq tarix yazılmağa başlanmışdı.

Trampın tənqid edilməli çox yönü olsa da, jurnalist kimi düzgün sualları qoymağa məcburuq. Basqın nəticəsində yeganə itirən Tramp idi. Baydeni istəyən böyük güc oyun qurmuşdu. Və bu ssenari yaxşı da işlədi. Çox adam indi, bilərək və ya bilməyərək, dünyanın gəldiyi yeri “rəqəmsal diktatorluq” kimi qiymətləndirir. Doğrudur, ancaq indi belə qiymətləndirir. Bəs, indi gec deyilmi?

Tramp, ya da arxasındakı güc bir həmlə edə bilməzsə, dünya heç gözləmədiyimiz bir sürətlə son şəklini alacaqdır. Hamı kimi, biz də yanğın öncəsi deyil, yanğın bitdikdən sonra danışacağıq.

Baxaq, görək, Konqresə basqın Reyxstaq yanğını effekti meydana gətirəcəkmi? “Rəqəmsal diktatorluq” qurulacaqmı? Nəticələri görüb dəyərləndirərik. Ancaq böyük oyun səhnəyə qoyulub. Aydın olan budur. İzləyək…

Tərcümə Strateq.az-ındır