XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2021 - 13:36

Yeni status-kvo və nəqliyyat dəhlizləri:RUSİYA QAFQAZDA SİYASİ-İQTİSADİ NÜFUZUNU GÜCLƏNDİRİR

Fehim Taştekin

“Əl-Monitor”, 15.01.2021

 

Keçən il Dağlıq Qarabağda 6 həftəlik müharibədən sonra Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü açıq şəkildə göstərib ki, Rusiya Qafqazdakı hakimliyini yenidən bərpa edir və döyüş meydanında Azərbaycanın üstünlük qazanmasına kömək edən Türkiyə üçün azca yer saxlayır.

Rusiya prezidenti Vladimir Putin yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı qonaq çağırıb. Soyuq salamlaşan Əliyev və Paşinyan oval masa arxasında probleminə həllinə dair Putinin təlimatlarını dinləyiblər.

Türkiyədə sosial şəbəkələr regional münaqişələrdə “həm sahə, həm də masa arxasında” rol oynayan prezident Rəcəb Tayyib Ərdoğanın yoxluğunu qınayan şərhlərlə dolu idi.

Qafqazdakı münaqişələrin tarixi və təbiəti, habelə Ermənistan və Azərbaycanın Rusiya ilə siyasi-iqtisadi bağlarına, bölgədəki istənilən qarşıdurmada və barışıqda Moskvaya müstəsna roluna bələdlik bu kimi şərhləri mənasız edir.

Bununla yanaşı, İrəvan Türkiyənin müharibədən sonrakı prosesdəki iştirakını rədd edir, lakin Moskva da öz nüfuz sahələrinə Türkiyənin girişini qapadır.

Eyni səbəbdən Putin 1990-cı illərdə yaradılan Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanın rolunu azaltmağa çalışır. İki Qərb gücünün kənarda qalması Ermənistan üçün narahatlıq mənbəyidir, lakin Azərbaycan və Türkiyə üçün xoşagələn bir inkişafdır. Bununla belə, Dağlıq Qarabağda davamlı həll yolu ilə bağlı perspektivli danışıqlar son nəticədə Minsk çərçivəsinə keçə bilər, lakin hazırda bu gediş qeyri-müəyyən olaraq qalır.

Prosesə təsir etmək üçün Türkiyə ən böyük təsir vasitəsi olan Ermənistanla normallaşma istiqamətində cəsarətli bir addım ata bilər, lakin belə bir addım uzaq perspektiv olaraq qalır.

Dağlıq Qarabağdakı erməni işğalının sona çatması Ankara və İrəvanın 2009-cu ildə imzaladığı, lakin həyata keçirə bilmədiyi barışıq protokollarına Ərdoğanın qoyduğu şərt idi. Bu şərt artıq gərəksiz hala gəlib, təsir qazanmaq üçün normallaşma kartını oynamaq əvəzinə, Ərdoğan müharibədə Ankaranın hərbi-texniki dəstəyinə görə Əliyevin təşəkkürünə inanır.

Paradoksal olsa da, Türkiyənin Qafqazda nüfuzunu artırmaq səyləri Rusiyaya kömək edir. Dağlıq Qarabağdakı müharibə sülhməramlı missiya olaraq 2000 rus əsgərinin bölgəyə yeridilməsi ilə nəticələnib və bu, rus hərbi bazasının yaradılmasına yol aça bilər. Rusiya bölgənin son statusu həll edilmədiyi üçün Dağlıq Qarabağdakı hazırkı status-kvonu saxlamağa imkan verən mövqe qazanıb. Ermənilər indi Dağlıq Qarabağı Ermənistana bağlayan “Laçın dəhlizi”nin qarantı olaraq Rusiyadan asılıdırlar.

Əliyev atəşkəsdən bəri gülərüzlüdür, lakin tənqidi azərbaycanlı müşahidəçilər Bakının Dağlıq Qarabağ üzərində suverenliyini bərpa edə bilmədiyini və onu Rusiya sülhməramlılarının nəzarətinə verdiyini qeyd edirlər; üstəlik, didərgin düşmüş azərbaycanlıların anklava inamla qayıda bilməmələri və həlledici Ağdərə-Kəlbəcər avtomobil yolunun bağlı qalmasını…

Yeri gəlmişkən, Ermənistan müharibədə alçaldılması və Dağlıq Qarabağın statusunun təxirə salınması ilə bərabər, itkin düşənlər və əsirlərin dəyişdirilməsiylə bağlı müddəanın qüvvədən düşməsindən narazıdır.

Rusiya da, öz növbəsində, iki tərəfin bu mənzərəyə sakit baxmasını istəyir: müharibə bitib və 48.000 insan Dağlıq Qarabağdakı evlərinə qayıdıb. Moskva üçün proses davam edir, indi bölgənin iqtisadi bərpasına və yenidən qurulmasına diqqət yetirmə vaxtı gəlib-çatıb. İnfrastruktur layihələri və nəqliyyat əlaqələri Kremldəki üçtərəfli görüşdən əsas məqsəd olaraq ortaya çıxıb.

Birgə bəyanata görə, yanvarın 30-dək Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə ortaq işçi qrup yaradılacaq və qrup martın 1-dək bölgədəki nəqliyyat əlaqələrinin inkişafı üçün plan hazırlamalıdır.

Bəyanatda Türkiyənin adı belə çəkilməyib. Halbuki Türkiyə muxtar respublika olan Naxçıvanla kiçik, Ermənistanla uzun sərhədi bölüşür. Atəşkəs razılaşması, qaz və neftlə zəngin Xəzər hövzəsinə və Orta Asiyaya “strateji dəhliz” qazanma Türkiyənin arzularını coşdurub.

Əliyev nəqliyyat əlaqələrinin təkcə Azərbaycan, Ermənistan və Rusiyaya deyil, həm də Türkiyə və İrana fayda gətirəcəyini dəfələrlə söyləyib. Məsələn, yanvarın 7-də Azərbaycanın Naxçıvan vasitəsilə Türkiyə bazarına çıxış əldə edəcəyini, Türkiyə ilə Rusiya arasında dəmir yolu əlaqəsinin yaradılacağını və Ermənistanın Azərbaycandan keçməklə Rusiya və İrana dəmir yolu əlaqələri qazanacağını açıqlayıb.

Bu cür layihələr, şübhəsiz, müharibənin nəticələrini siyasi qarışıqlıqla, xüsusən, Ermənistanda çətinliklərlə üzləşdirəcək.

Nəqliyyat layihələri arasında əsas diqqət Ermənistanın Zəngəzur rayonundan keçən 42 km-lik Azərbaycan-Naxçıvana dəhlizinə yönəldilib. İllərdir azərbaycanlılar İrandan keçməklə Naxçıvana, Gürcüstan vasitəsilə Türkiyəyə getmək məcburiyyətində qalıblar.

Bunun müqabilində Ermənistan (Gürcüstan və Rusiya arasında yeganə sərhəd qapısı olan Yuxarı Larsda güclü qar, yağış və sürüşmə nəticəsində tez-tez pozulan mövcud əlaqəyə alternativ olaraq) Azərbaycan vasitəsilə Rusiyaya yeni quru yolu qazana bilər. Keçidin tez-tez bağlanması – yük trafikinin 80%-i bu marşrutla keçir – Ermənistana böyük iqtisadi zərər vurur. Rusiya, xüsusən də, Bakının razılığından asılı olaraq, hərbi daşınmalar baxımından alternativ bir yoldan faydalana bilər. Gürcüstan hazırda Rusiyaya Ermənistandakı bazalarına hərbi texnika göndərməyə icazə vermir.

Köhnə dəmir yolu əlaqələrinin canlanmasına da böyük ümid var. Əliyev artıq Naxçıvana gedən dəmir yolunda işlərin başlanmasına əmr verib və Bakını birləşdirən dəmir yolunun genişləndirilməsini düşünür: Gürcüstanın paytaxtı Tiflis; Naxçıvana birləşdirmək üçün Türkiyənin şərqindəki Qars şəhəri.

Dəmir yollarının əsaslı təmiri (bir çox hissəsi qırılıb, xarab olub və hətta minalanıb) Türkiyə, İran və Rusiyanın dəmir yolu şəbəkələrinin də birləşməsinə imkan yaradacaq.

Bütün bu planlar imperiya fəth və işğal yollarının canlanmasına səbəb olur. Tiflisdən Qara dənizə gedən dəmir yolu rusların 19-cu əsrin ikinci yarısında inşa etdiyi və daha sonra bu gün Türkiyənin Sarıkamış və Ərzurum şəhərlərinə uzanan Trans-Qafqaz dəmir yolunun bir hissəsidir.

1878-ci ildə imzalanan San-Stefano müqaviləsindən, osmanlıların Rusiya ilə 2 illik müharibədə məğlubiyyətini möhürləməsindən sonra Rusiya Qars bölgəsini 40 il özündə saxlayıb. 1921-ci ildə Qars müqaviləsi ilə o vaxt Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycan, Ermənistan və Gürcüstanla Türkiyənin sərhədi qurulub. Növbəti il imzalanan başqa bir razılaşma sayəsində Tiflislə Ermənistanın Gümrü şəhərini Qarsla birləşdirən dəmir yolu Sovet İttifaqının Qərbə açılan qapısı olub.

1993-cü ildə Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən sonra Türkiyə Azərbaycanla həmrəylik nümayiş etdirərək Ermənistanla sərhədini bağlayıb və dəmir yolu əlaqəsi pozulub. Naxçıvan və Ermənistan ərazisindən keçən 877 kilometrlik Qars-Bakı dəmir yolu xəttinin yenidən açılması planı 2009-cu ildə baş tutmayan Türkiyə-Ermənistan normallaşma sazişinin bir hissəsi idi. Nəhayət, Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tiflis-Qars marşrutunu canlandırmaq üçün birləşib.

Çar Rusiyasının dəmir yolu şəbəkəsi 1940-cı illərdə Bakıya qədər uzanan, Ermənistan ərazisindən keçməklə Naxçıvan-İran yolunu da əhatə edirdi. 2013-cü ildə İrəvan dövlətə məxsus “Rusiya Dəmir Yolları” şirkəti və Dubaya məxsus bir firma ilə İrana gedən yolun yenidən qurulması barədə müqavilə bağlayıb, lakin 3.5 milyard dollarlıq layihə maliyyə sıxıntıları üzündən həyata keçirilməyib. Azərbaycanla atəşkəs razılaşmasından sonra Paşinyan Naxçıvan yolu ilə İran marşrutundan istifadə ediləcəyinə ümidini bildirib.

Lakin nəqliyyat layihələri qeyri-müəyyənliklərlə doludur. Onların təhlükəsizliyi necə təmin ediləcək? Onları kim maliyyələşdirəcək? Ermənistan və Azərbaycan bərabər dərəcədə fayda götürəcəklərmi? Türkiyə və İran layihələrdə nə dərəcədə iştirak edəcək?

Əliyevin məsələyə yanaşması göstərir ki, iş asanlıqla problemlə üzləşə bilər. “Ermənistanın dəmir yollarının “Rusiya Dəmir Yolları”na məxsus olduğunu nəzərə alsaq, əlbəttə, tərəfdaşımız Rusiyadır”, – deyə Əliyev Moskvada keçiriləcək üçtərəfli görüşdən əvvəl deyib. Reallıqda “Rusiya Dəmir Yolları”nın törəməsi, 2008-ci ildə imzalanan 30 illik müqaviləyə əsasən, Ermənistanın dəmir yollarının istismar hüquqlarına sahibdir və bu, Ermənistanın suveren hüquqlarını istisna etmir.

Nəqliyyat layihələri, şübhəsiz ki, sülh quruculuğu üçün təşviqdir, lakin səyləri poza biləcək və ya yenidən açılan əlaqələrin bağlanmasına səbəb ola biləcək qarşıdurma potensialı mövcuddur. Rusiya yenə də təhlükəsizlik qarantı olacaq. Putinin sövdələşmələrin Rusiyanın maraqlarına xidmət edəcəyini söyləməsi səbəbsiz deyil.

Tərcümə: Strateq.az