XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Yanvar 2021 - 21:34

BAYDENDƏN DÜNYAYA AÇIQ MESAJLAR:"Daha güclü, örnək və lider ölkə olacağıq" - VİDEO

Çərşənbə günü Vaşinqtonda koronavirus pandemiyası səbəbi ilə miqyası azaldılmış inaqurasiya mərasimində Co Bayden ABŞ-ın yeni prezidenti, Kamala Harris isə ilk qadın vitse-prezidenti olaraq and içiblər.

Strateq.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, mərasim ənənəyə uyğun olaraq, Kapitoli qarşısında yüksək rütbəli dövlət rəsmiləri və görkəmli siyasi xadimlərin iştirakı ilə keçirilib.

78 yaşlı Bayden 36 il senator, 8 il vitse prezident qismində fəaliyyət göstərdikdən sonra ölkə tarixində ən yaşlı prezident olaraq fəaliyyətə başlayır.

Soyuq yanvar günündəki andında Bayden ABŞ Konstitutsiyasına riayət edəcəyini, ölkəni bütün düşmənlərdən qoruyacağını bəyan edib.

Birlik notunda söylədiyi nitqdə Bayden “bütün amerikalıların” prezidenti olacağını, ölkədə qütbləşməyə son qoymaq üçün çalışacağını vəd edib.

Ondan az öncə isə Kaliforniya ştatını təmsil etmiş sabiq senator Kamala Harris vitse-prezident kimi and içib. O, iki əsrdən çox müddətlik ABŞ tarixində ən yüksək vəzifə tutan qadındır. Harrisin etnik mənşəyi Afrika və Hindistandan qaynaqlanır.

Öz inauqurasiya nitqində Bayden deyib: “Bu gün Amerikanın, demokratiyanın günüdür. Bu gün namizədin deyil, hədəflərin zəfərini qeyd edirik. Məqsəd demokratiyadır. Xalqın iradəsi dinlənildi. Yenidən demokratiyanın qiymətli, kövrək olduğunu anladıq. Və bu saat dostlar, demokratiya qalib gəldi”.

Bayden bildirib ki, hələ qarşıda görəcəkləri çox işlər var: “Önümüzə baxırıq. Vacib imkanlar var. Çox məsələləri yaxşılaşdırmalıyıq, yenidən inşa edib, qazanmamız lazımdır. Daha güclü olacağıq”.

Bayden daha sonra dünyaya səslənib: “Bütün dünya bizi seyr edir. Sərhədlərimizin kənarında olanlara səslənirəm: biz bir kəs daha müttəfiqlərimizlə birlikdə çalışacağıq. Dünənki deyil, bu günün və sabahın çətinliklərinə baxacağıq. Örnək olaraq liderlik göstərəcəyik, örnək bir ölkə olacağıq. Güclü və güvənilən tərəfdaş olacaq, sülh və rifah üçün hərəkət edəcəyik”.

Ölkədə son illərdə dərinləşən siyasi qütbləşməyə toxunan Bayden qeyd edib: “Siyasət öz yolundakı hər şeyi yandırıb yaxan alov olmalı deyil. Hər bir fikir ayrılığı total müharibə üçün əsas olmalı deyil. Və biz faktların manipulyasiya olunduğu, hətta uydurulduğu mədəniyyəti rədd etməliyik.”

Andiçmə mərasiminə Birləşmiş Ştatların üç sabiq prezidenti – Barak Obama, Corc W. Buş və Bill Klinton qatılıb. Vəzifəsini tərk etməkdə olan Donald Tramp 152 il sürən ənənədən ayrılaraq, varisinin andiçmə mərasmində iştirak etməyib. Vitse Prezident Mayk Pens isə mərasimdə olub.

Budəfəki inaqurasiya mərasimi, adəti üzrə olduğu kimi, Kapitolidən Milli Xiyabana qədər yüz minlərin izdihamı ilə müşayiət olunmayıb. Onun yerinə ABŞ-ın ştat və bölgələrini təmsil edən 200 min bayraq taxılıb.

Vəzifəyə başlamazdan əvvəl Bayden xalqa ABŞ-da 400 min insanın ölümünə və iqtisadiyyatda böhrana səbəb olan pandemiyanın qarşısında dayanmaqla bağlı birlik mesajını çatdırmışdı.

“Sağalmaq üçün bunu xatırlamalıyıq. Bəzən xatırlamaq çətin olur, lakin biz bu şəkildə sağala bilərik” – deyə, Bayden pandemiya səbəbindən həyatlarını itirənlərin xatirəsini anmaq üçün təxminən 400 işığın yandırıldığı Linkoln Memorialının qarşısında etdiyi çıxışı zamanı bildirib.

“Bunu bir dövlət olaraq etməliyik, bu səbəbdən bu gün buradayıq. Gün batandan gün doğana qədər qaranlıqda bu hovuz boyunca işıqları yandıraraq, itirdiklərimizin hamısının xatirəsini anaq,”- Bayden deyib.

“Bir millət olaraq qarşılaşdığımız böhranlarla mübarizə aparmaq üçün bir saniyə belə itirməməliyikr” deyərək, and içdikdən sonra dərhal işə başlayacağına söz verib

Bayden və həyat yoldaşı Cill, Kamala Harris və əri Doq Emhoff birlikdə çərşənbə günü Vaşinqtondakı “St. Matthew the Apostle” kilsəsindəki ibadətdə iştirak edib.

İbadətin başlandığı vaxt vəzifəsindən gedən prezident Donald Tramp Ağ Evi tərk edib və Floridadakı iqamətgahına yola düşüb.

Bir gün öncə Özünün Oval Ofisdə son tam günündə Prezident Donald Tramp varisi Demokrat Co Baydenə onun adını çəkmədən dualarını və xoş arzularını çatdırıb.

“Bu həftə biz yeni administrasiyanı inauqurasiya edirik və Amerikanı təhlükəsiz və firavan saxlamaq üçün onun uğuruna dua edirik,” – Tramp prezidentlik dönəminin bitməsinə 20 saat qalmış internetdə yerləşdirdiyi videoda deyib: “Biz həm də xoş arzularımızı çatdırırıq. Və biz istəyirik ki, onların bəxti gətirsin – çox mühüm sözdür.”