XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 14:55

TRAMPIN UNUTDUĞU QAFQAZ VƏ 5 “…STAN”:Bayden administrasiyası postsovet məkanına nə təklif edə bilər? - TƏHLİL

“bne İntellinews”, 19.01.2021

 

Donald Trampın ABŞ prezidenti olduğu 4 il boyunca Cənubi Qafqazdakı Ermənistan, Azərbaycan və Gürcüstan, habelə Orta Asiyadakı 5 “stan” haqqında bir söz dilə gətirdiyini xatırlamaq çətindir. Dövlət katibi Mayk Pompeo bir neçə dəfə həmin bölgələrin yanından keçib və demokratiya qurmağın zəruriliyi barədə nəsə mızıldanıb. Lakin Trampın gətirdiyi qütbləşmələri nəzərə alaraq, bu sözlər mənasız səslənib.

Tramp hər yerdə güclülərlə dost və onlar üçün bir hədiyyə idi. Varisi Co Bayden həm ölkə içində, həm də xaricdə Amerikanın demokratik mövqeyini bərpa etmək üçün çox iş görməli olacaq. İlk gündən çox sayda böhranla üzləşəcəyini nəzərə alsaq, bu işlərin böyük bir hissəsinin Rusiyanın arxa bağçasına yönələcəyi şübhə doğurur, lakin onun xarici siyasət qrupu iş başında, həmçinin Sem dayının təsiri və nüfuzunun bərpası üçün müəyyən imkanlar olacaq.

Bayden bir neçə onillik boyu Vaşinqtonun ən görkəmli, peripatetik xarici siyasət xadimlərindən biri və Soyuq müharibə veteranı kimi bölgənin bir çox aparıcı simalarını şəxsən tanıyır. Xüsusilə, keçmişdə Gürcüstanın postsovet keçidinə çox vaxt ayırıb və senator olaraq 2008-ci ilin 12 günlük Rusiya-Gürcüstan müharibəsindən sonra ölkəyə 1 milyard dollarlıq yardım paketinin təşkilinə rəhbərlik edib. 2009-cu ildə, Barak Obama administrasiyasında ABŞ-ın vitse-prezidenti olan Bayden Gürcüstan parlamentində milli şair İlya Çavçavadzenin sözlərindən sitat gətirərək gürcü xalqını “ilhamverici” olaraq səciyyələndirib.

“Gürcü Arzusu” Partiyasının hakim olduğu, lakin keçən ilin payızında saxtalaşdırıldığı iddiası ilə müxalifət partiyalarının boykot etdiyi parlament seçkilərindən sonra Gürcüstan dərin parçalanma keçirir. Tənqidçilərin fikrincə, “Gürcü Arzusu” Moskvaya çox yaxın görünür, lakin onun siyasətçiləri Gürcüstanın gələcəyinin Avropa İttifaqı və NATO üzvlüyündə olacağı fikrini dəstəkləməyə meyllidirlər. Burada Vaşinqtondan azca dəstək üçün yer var, lakin Gürcüstan Bayden üçün heç vaxt əsas hərəkətedici məkan olmayacaq.

 3 əsas təyinat

“Eurasianet”-in rəyinə görə, Baydenin bu üç əsas təyinatına diqqət yetirilməlidir:

Andrea Kendall-Teylor Milli Təhlükəsizlik Şurasının (MTŞ) Rusiya və Orta Asiya şöbəsinin direktoru vəzifəsinə gətirilir. O, uzun müddət Azərbaycan və Qazaxıstan üzrə işləyib.

Amanda Slout, Qafqaz da daxil olmaqla, Avropa üzrə MTŞ direktoru olacaq.

Nensi MakEldouni – vitse-prezident Kamala Harris üçün milli təhlükəsizlik məsləhətçisi olaraq namizəd göstərilib. ABŞ-ın Bakı və Ankaradakı səfirliklərində missiya rəhbərinin müavini vəzifəsində çalışıb.

“Bayden vitse-prezident vəzifədən getdikdən sonra dünya çox dəyişib və bu insanlar, yəni Baydenin xarici siyasət komandasının üzvləri ABŞ-a etibarın zədələndiyini, daha çoxqütblü bir istiqamətdə irəliləyən dünyaya sahib olduğumuzu dərk edirlərmi? Yaşadığımız qarışıqlığı nəzərə alaraq, ABŞ-ın demokratiyanı təbliğ etməsinə təkan vermək çətindir”. Bunu Karnegi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya Proqramının baş elmi işçisi Pol Stronski yanvarın 13-də “Eurasianet”-ə verdiyi müsahibəsində deyib.

Trampın xarici dünyanın əksər hissəsi – İran, Çin, Venesuela, Şimali Koreya və bəzən Avropa İttifaqı ilə əlaqəni kəsməsi, “Twitter”-lə xarici siyasət yürütməsi ona “mehriban düşmənlər” qazandırıb. Keçən il sentyabrın sonlarında Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ anklavı ilə bağlı 44 günlük qanlı qarşıdurma da ondan yan keçib. Tramp  müharibənin Avropanın astanasında başlamasından bixəbər idi. Yalnız seçki kampaniyası mitinqlərindən birində erməni diasporu üzvləri tərəfindən qaldırılan erməni bayraqlarından məftun olmuşdu. İlham Əliyevin NATO üzvü olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəstəklənməsi və hərbi kampaniya Ağ Evdə narahatlıq doğurmurdu.

Baydenin komandası isə əslində, münaqişə ilə bağlı sərt bir açıqlama verib, lakin qismən Fransa və xüsusilə, münaqişə ilə maraqlanmayan Pompeonun səyləri ilə atəşkəs uğursuzluğundan sonra müvəffəqiyyətli atəşkəsdə vasitəçilik Moskvanın ixtiyarına keçib.

Bir neçə erməni mənşəli yüksək vəzifəli məmuru da ehtiva edən Bayden komandası Əliyevin Dağlıq Qarabağla bağlı müharibə dövründə artan istəklərini cilovlaya bilər, ancaq Bayden komandasını qarşıdurma sonrası danışıqlarda o cür təsəvvür etmək çətindir. Bayden barışığın pozulmasına səbəb ola biləcək istənilən müdaxilənin qarşısını almaqda Ərdoğana arxalana bilər, amma hələlik Rusiya 2000 sülhməramlı ilə bu bölgədə atəşkəsin yeganə ağasıdır.

Qırğızıstanda sabitlik (və ya sabitliyin yoxluğu)

“Stan”lara baxarkən, Qırğızıstan keçən ilin oktyabr ayında saxtalaşdırıldığı iddia edilən parlament seçkisi ilə əlaqədar baş verən təlatümdən sonra ölkəyə sabitlik gətirməli olan prezident seçkisi keçirib. Baxmayaraq ki, bir çox müşahidəçi yeni reallığın “rəngli inqilab” cəhdi olduğunu qəbul edir, yoxsulluqdan əziyyət çəkən ölkəni mütəşəkkil cinayətkarların prioritetlərinə və şıltaqlıqlarına məruz qoya biləcək populist, bəzən “Qırğızıstanın Donald Trampı” kimi tanınan Sadır Japarov hakimiyyətə gəlib.

ABŞ-ın Bişkekdəki səfirliyi bu yöndə xəbərdarlıqlar edib və məsələn, yardımın azaldılması təhdidindən istifadə edərək, Baydenin diplomatları müəyyən təsir göstərə bilər. Eyni zamanda, həm Moskva, həm də Pekin təzyiq göstərəcək ki, Japarov Qırğızıstanı onlara uyğunlaşdırsın.

Qırğızıstanın qonşusu Qazaxıstan da bəzi Bayden təsirlərinə açıq ola bilər. Demokratiyaya təkanlar 2019-cu ildə keçirilən növbədənkənar seçkilər zamanı təəccüblü dərəcədə böyük nümayişlər meydana gətirib və Tokayev rəhbərliyi o zamandan bəri açıq və gizli strategiyaları qarışdıraraq bunun təmin edilməsinə çalışıb.

Həqiqi çoxpartiyalı siyasətin heç nəyə yaramadığı təəssüratı ABŞ-ın nümayəndəli hökumət və insan haqları mövzusunda meyar kimi cazibəsini itirməsindən irəli gəlir. Qazaxlar iqtisadi və digər vacib şərtləri nəzərə alaraq, Moskva və Pekinlə daha işlək vəziyyətdədirlər.

Özbəkistan yeni prezident administrasiyası üçün maraqlı bir perspektivdir, çünki prezident Şavkat Mirziyoyev bazar iqtisadiyyatına yaxın bir şey yaratmaq üçün hələ də irəliləməyə çalışır, eyni zamanda, iqtisadi yenidənqurma işləri ilə bərabər, xalqına daha çox azadlıq vəd edir. Bu, ona manevr imkanı verir.

Uzaq Tacikistan və ucqar Türkmənistan “qapalı” respublikalarına gəldikdə, gəlin gözləyək, görək onlar da Baydenin səbətinə düşəcəklərmi?

Tərcümə: Strateq.az