XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 13:57

QARABAĞIN QIZIL YATAQLARI ÜZƏRİNDƏ MÜBARİZƏ:Azərbaycan təzminat tələbini hüquqi müstəvidə gerçəkləşdirə biləcəkmi?

Professor Gürşad Zorlu

“Habertürk”, Türkiyə, 28 yanvar 2021-ci il

 

Qarabağda 44 gün davam edən savaşdan sonra əldə edilən atəşkəsin texniki detallarından biri də (maddələrdə yazılmasa da) bölgədəki faydalı qazıntı yataqlarının necə istifadə ediləcəyi və keçmişdə əldə edilən haqsız – qanunsuz qazancların hansı metodla təsbit ediləcəyi xüsusudur.

Bu, hər şeydən öncə Azərbaycan dövlətinin suverenlik məsələsidir. Şuşanın alınmasından bir neçə gün öncə ziyarət etdiyimiz Azərbaycan Prezidenti İlham Əliyevin gündəliyindəki məsələlərdən biri də bu idi. Zəngilan, Kəlbəcər və digər yerlərdəki yeraltı qaynaqların necə istismar edildiyini bizə anlatmışdı. Və o tarixlərdə işğaldan azad edilən rayonlarda dəyən ziyanın təsbit edilməsi üçün mütəxəssislərdən ibarət bir heyətin qurulacağından bəhs etmişdi.

Son olaraq 6 yanvar 2021-ci il tarixdə də Əliyev bu yanaşmasını təkrarlamış və müvafiq erməni şirkətlərinin təzminat ödəməməsi halında beynəlxalq məhkəməyə müraciət edəcəklərini duyurmuşdu.

İllər boyu işğal altında qalan Dağlıq Qarabağ bölgəsində ən böyük gəlir mənbələrindən biri mədənlər idi. 2019-cu ildə bu qaynaqlardan əldə edilən gəlirin “Dağlıq Qarabağ”ın (“DQR” nəzərdə tutulur – tərc.) ÜDM-nin 13-14%-inə çatdığı təxmin edilir. Ayrıca, illər ərzində alınan vergilər də var.

Son savaşda geri alınan Kəlbəcər də daxil olmaqla, Qarabağ torpaqlarında qızıl, mis, sink və digər metal filizi yataqları mövcuddur. Bunların bir qismi təsdiq olunmuş ehtiyatlardır. Mütəxəssislər Xankəndi mərkəzli “administrasiya”nın bu üzdən məruz qalacağı vergi itkisinin ildə 80 milyon dolları aşacağını təxmin edirlər.

Azərbaycan Müdafiə Nazirliyi noyabrda əldə edilən atəşkəs anlaşmasından sonra ermənilər tərəfindən tərk edilmiş Kəlbəcərdəki Söyüdlü (Zod) yatağının görüntülərini yayınlamışdı. Ermənistan isə bu yatağın bir qisminin öz ərazisində olduğunu iddia etmişdi. Bu kontekstdə, təkrar geri alınan torpaqlarda illərdir ciddi gəlirlər əldə edən şirkətlərdən və əldə edilən gəlirlərdən alınan milyardlarla dollar vergidən söhbət gedir. Üstəlik, dərinləməsinə incələndiyində, bu şirkətlərin yalnız Ermənistanla deyil, Rusiya, Fransa, hətta Cənubi Kiprlə belə, dolayısilə əlaqəli olduğu anlaşılır.

Dünyada qızıl və mis qiymətlərində artım davam edərkən, Azərbaycanın bu yataqları yenidən istismar etməyə başlaması yalnız onun iqtisadiyatına deyil, onunla əlaqəli olan digər ölkələrin də müvafiq iqtisadi sektorlarına təsir edəcəkdir. Qarabağda olan yalnız qızıl ehtiyatlarının təxmini dəyərinin 8 milyard dollardan çox olduğu bildirilir.

Bu səbəblə, Azərbaycanın təzminat tələbləri çox yerindədir. Hazırda təkrar ələ keçirilən mədənlər Qarabağın öz qaynaqları halına gətirilir. Bundan əlavə, 28 il ərzində qanunsuz əldə edilən gəlirlərin hesabı da aparılır.

Bu prosesdə önəmli olan öncəliklər, birincisi, dəymiş ziyanın düzgün, obyektiv hesablanması, ikincisi, şəffaf və effektli xalq diplomatiyasının aparılması, üçüncüsü isə beynəlxalq təşkilatlar nəzdində hüquqi təşəbbüslərin edilməsidir.

Tərcümə Strateq.az-ındır